Məhkəmə qərarları › İş №2-1(116)-505/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-505/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-505/2024 04.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “İddiaçı 29 dekabr 1991-ci il tarixdə Qələbə kolxozunun müvəkillər iclasının qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinin təyinatında düzəliş olunaraq torpaq sahəsinin təyinatının həyətyanı kimi qeydə alınması və 0.20 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 29 dekabr 1991-ci il tarixdə Qələbə kolxozunun müvəkillər iclasının qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinin təyinatında düzəliş olunaraq torpaq sahəsinin təyinatının həyətyanı kimi qeydə alınması və 0.20 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, 29 oktyabr 1991-ci il tarixdə “Qələbə” kolxozunun müvəkillər iclasının qərarına əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində iddiaçıya 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Aqrar islahatlar həyata keçirilən zaman həyətyanı torpaq sahəsinin təyinatı texniki səhf olaraq kənd təsərrüfatı kimi qeydiyyata alınmışdır. 0.20 ha həyətyanı torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçı və ailə üzvlərinə verilmiş 0.57 ha torpaq sahəsinin daxilində yerləşir. İddiaçı DƏDRX-nə ərizə ilə müraciət edərək 29 oktyabr 1991-ci il tarixdə Qələbə Kolxozunun müvəkkillər iclasının qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinin təyinatında düzəliş olunaraq təyinatının həyətyanı kimi qeydə alınması və 0.20 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarımın DƏDRX-də qeydə alınaraq çıxarış verilməsini xahiş etmişdir.Cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, Müraciətdə qeyd olunan məsələnin həlli iddiaçının ərizəsinə əsasən ərazi idarəsinin səlahiyyətləri daxilində deyildir. Buna görə də ərizəçinin müraciətdə qaldırılan məsələ ilə bağlı bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi barədə xx.xx.2023-ci il tarixli, 3- 21-3-47/2- C-0011-8/2023 (**********96) nömrəli məktub ünvanlanmışdır. İddia tələbin "həyətyanı kimi qeyd olunması" ilə bağlı bildiririk ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”nun təsdiq edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 17 iyun tarixli, 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli, 1142 nömrəli Fərmanının 1-ci bəndi üzrə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu təsdiq edilmişdir. İddia tələbinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi ilə bağlı hissəsi isə mümkün deyildir. Belə ki, mübahisəli torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasınının 22 may 2004-cü il tarixli, 113 nömrəli qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir (buna dair müvafiq sənədlər əlavə olunur). Aqrar İslahat Komissiyasınının həmin qərarı qüvvədədir. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı Aqrar islahat Komissiyasınının həmin qərarı qanunla müəyyən olunmuş qaydada qeri çağrılmamış, ləğv edilməmiş və dəyişdirilməmişdir. Belə olan halda həmin qərar hüquqi cəhətdən etibarlı sayılır və mübahisəli torpaq sahəsinin verilməsinə əsas olan həmin qərar etibarlı olduğundan həmin qərar əsasında verilmiş torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi mümkün sayıla bilməz. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə etdiyi “Qəbələ” kolxozunun xx.xx.1991-ci il traixli müvəkkillər iclasının qərarının surəti.

3. Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2024-cü il tarixli 113 nömrəli qərarının surəti.

4. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2018-ci il tarixli 4/475 nömrəli məktubunun surəti.

5. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2018-ci il tarixli 62 nömrəli sərəncamının surəti.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş, Zaqatala rayonu Əliabad qəsəbəsi üzrə həyətyanı və pay torpaq sahəsinə dair subyektlərin siyahısından İddiaçı və onun ailə üzvlərinin adları qeyd edilmişdir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-609/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı Qələbə kolxozunun müvəkillər iclasının 29 dekabr 1991-ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış 0.20 ha həyətyanı torpaq sahəsinin xüsusiyyətləri ilə bağlı bildiririk ki. idarəmizin xidməti istifadəsində olan TEKUİS məlumat bazasında sözü gedən torpaq sahəsinin naturada ölçüsü 0.57 ha olmaqla kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisi kimi İddiaçı xüsusi mülkiyyətinə işlənilmişdir. İddia olunan torpaq sahəsi kənd təsərrüfatına yararlı olmaqla naturada faktiki istifadəçisi İddiaçı, onun ailə üzvləridir və torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi iddiaçıya ayrılan 0.20 ha torpaq sahəsi ilə üst- üstə düşür. iddiaçıya verilmiş 0.20 ha torpaq sahəsi və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür.

8. Zaqatala rayonu Əliabad bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 31 nömrəli məktubu;

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9 Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi

1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.

2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir.

3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarıştədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 113 №-li Fərmanına əsasən “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir (28 dekabr 2022-ci il tarixli 1922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286) ilə 2-ci hissəsinin beşinci abzasdan “7-ci maddəsinin ikinci hissəsində,” sözləri çıxarılmışdır və həmin abzasda “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir. Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi

1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.

2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri; [18] yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri.

3. Ərazi quruluşu və inzibati ərazi bölgüsü müvafiq qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçıların hüquqi İddiaçı 29 dekabr 1991-ci il tarixdə Qələbə kolxozunun müvəkillər iclasının qərarına əsasən verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.20 ha torpaq sahəsinin təyinatında düzəliş olunaraq torpaq sahəsinin təyinatının həyətyanı kimi qeydə alınması və 0.20 ha torpaq sahəsi üzərində iddiaçın mülkiyyət hüququnun qeydə alınmasına nail olmaqdır. İddiaçı tələbini sözügedən torpaq sahəsinin 29 oktyabr 1991-ci il tarixdə Qələbə Kolxozunun müvəkillər iclasının qərarına əsasən ayrılması ilə əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddia olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla cavabdeh inzibati orqan tərəfindən torpaq sahəsinin təyinatı elektron baza məlumatlarında doğru əks edilmişdir.Belə ki,mütəxəssis rəyindən də görünür ki,iddia olunan 0.20 ha həyətyanı torpaq sahəsi TEKUİS məlumat bazasında sözü gedən torpaq sahəsinin naturada ölçüsü 0.57 ha olmaqla (0,20 ha həmin torpaq sahəsinin daxilindədir) kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisi kimi İddiaçı xüsusi mülkiyyətinə işlənilmişdir. İddia olunan torpaq sahəsi kənd təsərrüfatına yararlı olmaqla naturada faktiki istifadəçisi İddiaçı, onun ailə üzvləridir. Həmin torpaq sahəsinə bitişik torpaq sahələrinə dair məlumatlar araşdırılmışdır.Müəyyən edilir ki,təyinatı mübahisələndirilən 0,20 ha torpaq sahəsi iddiçının özünün mülkiyyətində olan 0,37 ha torpaq sahəsi ilə yanaşı xx.xx.2024-cü il tarixli çıxarışla Məmmədəliyeva Fatimat İSrəfil qızının mülkiyyətində olan 0,2873 ha, xx.xx.2022ci il tarixli çıxarışla X1 mülkiyyətində olan 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bitişikdir.Həmin torpaq sahələri aqrar islahat zamanı vətəndaşların mülkiyyətinə kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri kimi verilmişdir. İş materiallarına əlavə olunan ərazinin qrafik təsviri və ortofoto məlumatlarından da görünür ki,ərazi tamamilə kənd təsərüfatı məhsulları,konkret olaraq fındıq bağları ilə əhatə olunmaqdadır. Zaqatala rayon İcra Hakmiyyəti Başçısının xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində “Qələbə” kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə torpaq sahələri verilmişdir.Həmin sərəncama əlavə olunan cədvəlin 6-7-ci qarafalarında həyətyanı və həyətyanıdan artıq zəbt torpaqlar ayrılmışdır. Yəni, iddiaçıya 0,57 ha torpaq sahəsinin verilməsi ilə bağlı siyahıda verilmiş torpaq sahəsi həyətyanı qrafasında deyil, zəbt torpaq sahəsində öz əksini tapmışdır.İddiaçı da 0,57 ha torpaq sahəsinin 0,37 ha hissəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu qəbul etməklə,onun 0,20 ha hissəsinin təyinatının yanlış təsbit edildiyini bildirməkdədir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 5-ci maddəsinin 5-ci hissəsinə əsasən Dövlət torpaq kadastrı hazırkı iş üzrə cavabdeh orqan tərəfindən aparılmalı olduğundan və həmin Qanunun 6-cı maddəsinin 9-cu hissəsində Dövlət torpaq kadastrının məlumatlarının ... məhkəmələrin qərar qəbul etməsi üçün əsas olması birmənalı müəyyən edildiyindən, iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinə dair yalnız cavabdeh orqanın məlumatları sübut qismində qəbul edilə bilər. İddiaçı, sözügedən torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları (məqsədli istifadə növünun həyətyanı) kimi qeyd olunmasını tələb etsə də, işdə olan mütəxssis rəyi ilə sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması müəyyən edilmişdir. Həmçinin cavabdeh orqan tərəfindən təqdim edilmiş mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış qonşu torpaq sahələrinə aid hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələrinin kateqoriyası da “kənd təsərrüfatı təyinatlı torpaqlar” qeyd edilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yalnız kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün müvəqqəti tikililərin və qurğuların quraşdırmasına yol verildiyindən, iddia olunan torpaq sahəsinin təyinatının yaşayış məntəqələrinin torpaqları (məqsədli istifadə növü həyətyanı) kimi qeyd olunaraq həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh orqan haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “İddiaçı 29 dekabr 1991-ci il tarixdə Qələbə kolxozunun müvəkillər iclasının qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinin təyinatında düzəliş olunaraq torpaq sahəsinin təyinatının həyətyanı kimi qeydə alınması və 0.20 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar