Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-506/2021 20.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Qəbələ Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı “göndərişin (forma 88) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Qəbələ Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 2011-ci ildə ağır əməliyyat keçirmiş və onun bir böyrəyi əməliyyatla çıxarılmışdır. Belə ki, iddiaçının anadangəlmə bir böyrəyi inkişafdan dayanmışdır. İddiaçı bildirir ki, qanunla ona 2-ci dərəcə əlillik təyin edilməlidir. Bu səbəblə iddiaçının atası Dövlət Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etdikdə ona bildirilmişdir ki, İddiaçı səhiyyə müəssisəsi tərəfindən ətraflı müalicə və müayinə edildikdən sonra göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti iştirakı olmadan Komissiya tərəfindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib müvafiq qərar veriləcəkdir. İddiaçı xx.xx.2020-ci il tarixdə iş üzrə cavabdeh orqana ərizə ünvanlayaraq ona 88 nömrəli formanın verilməsini xahiş etmiş, lakin tələbində də qeyd etdiyi kimi onun ərizəsinə cavab verilməmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli 5/231 nömrəli məktubda qeyd edilir ki, İddiaçı Qəbələ Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə qarşı “müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə qaldırdığı iddiası icra edilərək, iddiaçıya xx xxxxxx 2021-ci il tarixdə müvafiq cavab ünvanlanmışdır. Sonuncu dəvətdən sonra İddiaçı Qəbələ RMX PHŞ-yə gələrək müvafiq müayinələrdən keçmişdir. Lakin o, aparılmış müayinələrlə razılaşmadığından, onun tələbi ilə müayinələrdən keçməsi üçün Bakı şəhəri Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına göndəriş verilmişdir. Əlavə olaraq qeyd edilir ki, iddiaçının müraciətinin icra edilməməsinin səbəbi onun xx xxxxxxxx 2020-ci il tarixdə şəxsən deyil, ərizə ilə müraciət etməsi, həmçinin dəvət olunmasına baxmayaraq müayinələrə gəlməməsi və yaxud müvafiq müayinə nəticələrini təqdim etməməsi olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddiaçı forma 88-n, yəni göndəriş verilməsi üçün müraciət etmiş, ona qeyd olunan göndərişin verilməsinin qaydalara əsasən verilməsi mümkün olmadığı üçün imtina olunmuşdur. Xəstəxana tərəfindən iddiaçıya münasibətdə hər hansı qanun pozuntusuna yol verilməmiş, göndərişin tərtibindən əsaslı olaraq imtina edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 423297 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.2001-ci il tarixdə anadan olmuşdur. X1, anası X3r. İş materiallarında olan iddiaçının ******* nömrəli hərbi biletinin surətindən görünür ki, o, hərbi xidmət keçməmişdir. İş materiallarında olan Milli Onkologiya Mərkəzinin xx.xx.2011-ci il tarixli protokolunun surətindən görünür ki, sol böyrəyin qanlanması abdominal aorta və sağdan olduqca gec başlamış və aşağı səviyyədə davam edir. Həmçinin sol böyrək deformativ görünüşdədir, ölçüsü kiçilmiş, konsentrasiyası və ekskresiyası nəzərə çarpacaq dərəcədə zəifləmişdir.s İş materiallarında olan X5 Mərkəzinin epikrizinin surəti və ******* nömrəli “stasionar xəstənin tibbi kartası”nın surətindən görünür ki, xəstə xx.xx.2011-ci il tarixdə Mərkəzə daxil olmuş, xx.xx.2011-ci il tarixdə əməliyyat olunmuş və öz xahişi ilə xx.xx.2011-ci il tarixdə ambulator müalicə üçün evə yazılmışdır. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 36/M-89/21 nömrəli məktubun təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Qəbələ RMX PHŞ-nin Poliklinika şöbəsinin müdiri həkim Səbuhi Şirinovun qəbulunda olmuşdur. Burada o, xəstəliyi ilə bağlı əlillik dərəcəsi təyin edilməsinin dəqiqləşdirilməsi məqsədi ilə böyrəklərin USM və laborator müayinələrinə cəlb olunmuşdur. Lakin müayinə nəticələrinə əsasən onda əlillik dərəcəsinin təyini ilə bağlı heç bir əsas aşkar olunmamışdır. Bu barədə iddiaçıya Səbuhi həkim tərəfindən məlumat verilmişdir. Əgər təkrar müayinə olunmaq və əlillik dərəcəsinin təyini ilə əlaqədar dəqiqləşdirmə aparmaq istəyirsə "Qəbələ RMX" PHŞ-yə müraciət edə bilər. İddiaçının nəzərinizə çatdırılmışdır ki, hər həftənin 2-ci və 4-cü günləri saat 14:00-da "Qəbələ RMX" PHŞ- də əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun təyin edilməsi ilə bağlı TSEK-ə Forma №88-in tərtib edilməsi üçün Həkim məsləhət komissiyası fəaliyyət göstərir. Bu barədə ərizədə iddiaçının qeyd etdiyi nömrə ilə (***-***-**-**) əlaqə saxlanılmış və məlumat verilmişdir. İddiaçıdan təkrar müayinə aparılması üçün Qəbələ RMX PHŞ-yə müraciət etməsi xahiş edilmişdir. İş materiallarında olan cavabdeh orqan tərəfindən verilən iddiaçının ultrasəs müayinə kartında sol böyrəyin nefrektomiya olunduğu qeyd edilmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2013-cü il tarixli, 253 nömrəli epikrizinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı müalicədən sonra əlillik təyini üçün HMK-ya göndərilmişdir. İş materiallarında olan cavabdehin 0240003AAC9K nömrəli, xx.xx.2015-ci il tarixli TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsinin təsdiq edilmiş surətində müayinəyə əsas verən diaqnoz N11 – “xroniki tubulointerstisial nefrit”, ağırlaşma Z98.8 - “digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyət” qeyd edimişdir. İş materiallarında olan cavabdehin poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli, 564 nömrəli göndərişinə əsasən İddiaçı “sol tərəfli nefrektomiyadan sonrakı hal” diaqnozu ilə Bakı şəhərinə, Mirməmməd Cavadzadə adına Respublikası Kliniki Uroloji Xəstəxanasına göndərilmişdir. İş materiallarında olan iddiaçıya verilən Mirməmməd Cavadzadə adına Respublikası Kliniki Uroloji Xəstəxanasının müayinə aktından görünür ki, iddiaçı 564 nömrəli göndəriş əsasında xəstəxanada xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ambulator müayinə olunmuşdur. İddiaçının xüsusi şikayəti olmamışdır. İddiaçının sol böyrəyinin cərrahiyyə əməliyyatı ilə götürüldüyü qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyi üçün hazırkı mübahisə yaranmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı tələbini “müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi ifadə etsə də, onun tələbi əslində göndərişin (forma 88) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Belə ki, iddiaçı qeyd olunan tələblə cavabdehə müraciət etmiş və onun tələbi təmin olunmamışdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunan normaya əsasən məhkəmə hesab edir ki, iddiaçının arzuladığı nəticə göndərişin verilməsi olduğu üçün onun tələbi müraciətin cavablandırılması olsa da, onun cavabdehə müraciətində yazdığı kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bəndinə əsasən Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-ci bəndinə əsasən Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bəndinə əsasən Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bəndinə əsasən Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bəndinə əsasən şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-ci bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-ci bəndinə əsasən peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bəndinə əsasən əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bəndinə əsasən Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-ci bəndinə əsasən Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-ci bəndinə əsasən Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bəndinə əsasən Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6-ci bəndinə əsasən Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. 2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir. 2.8-ci bəndinə əsasən Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.1.4. xroniki böyrək çatışmazlığının terminal mərhələsi (N18.1-N18.9); Əsasnamənin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14- N14.4, N18-N18.9); 2.4.2. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9, Q60, Z90.5); Əsasnamənin 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.5.22. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, birinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (Q60, N18-N18.9); Yuxarıda sadalananlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı xəstəxanada müayinələrdən keçmiş və onun əlillik təyin edilməsi üçün əsas olan yuxarıda qeyd olunan xəstəliklər aşkar olunmadığından göndərişin verilməsindən imtina olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Qəbələ Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı “göndərişin (forma 88) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-506/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-506/2021
20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver