Məhkəmə qərarları › İş №2-1(116)-506/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-506/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-506/2022 21.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X1, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı Şəki rayon İnçə bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayon İnçə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 08 saylı qərarına və DTXK-nin Şəki rayon şöbəsinin verdiyi A seriyalı 424387 nömrəli plan və ölçü sənədinə əsasən 70290 kv.m torpaq sahəsi üzərində Şəki rayon İnçə bələdiyyəsinin mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Şəki rayon İnçə bələdiyyəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki rayon İnçə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 08 saylı qərarına və DTXK-nin Şəki rayon şöbəsinin verdiyi A seriyalı 424387 nömrəli plan və ölçü sənədinə əsasən İddiaçınə məxsus torpaq sahəsinə plan-ölçü sənədinin tərtib edilməsi və hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-506/2022 nömrəli qərardadı inzibati iş üzrə X6 üçüncü şəxs qismində məhkəmə icraatına adi cəlb edilmişdir. İddiaçının nümayəndəsi X2 xx.xx.2022-ci il tarixdə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Şəki rayon İnçə bələdiyyəsinin xx.xx.2012ci il tarixli 08 saylı qərarına və DTXK-nin Şəki rayon şöbəsinin verdiyi A seriyalı 424387 nömrəli plan və ölçü sənədinə əsasən 70290 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-506/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, İddiaçı xx.xx.2012-ci il tarixli 8№-li iclas protokoluna və A424387 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə istinad edərək İnçə bələdiyyəsinin hüdudları daxilində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan İddiaçı qərarında torpaq sahəsinin miqdarı 10 ha qeyd olunmasına baxmayaraq, İddiaçı ərazi idarəsinə müraciət məktubunda və torpaq sahəsinin planı və ölçüsü sənədində 8 ha qeyd edilməsini, qeydiyyata alınması istənilən torpaq sahəsinin ərazi idarəsində mövcud olan elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aid “kollu-örüş” ərazidə yerləşməsinə baxmayaraq, faktiki yerində çox hissəsi “əkin” kimi istifadə olunmasını, həmçinin ərazi idarəsində mövcud olan elektron baza məlumatlarına əsasən torpaq sahəsinin 3.72 ha hissəsinin, Şəki Layihə-Tədqiqat İdarəsinin ərazi idarəsinə verdiyi sərhəd xəritəsinə əsasən isə 0.9732 ha hissəsinin İddiaçı sərhədlərindən kənarda yerləşməsini, sözügedən torpaq sahəsinin 0.08 ha hissəsinin ərazidən keçən yüksək gərginlikli (110 KV-luq) elektrik xəttinin mühafizə zolağına düşməsini, habelə torpaq sahəsinin bir hissəsinin başqa vətəndaş tərəfindən istifadə olunmasını və torpaq sahəsi özərində mübahisə olmasını bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisı yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs izahat verərək iddia olunan torpaq sahəsinin örüş sahəsi olmasını və örüş torpaqların kəndin ümumi istifadəsində olmasını bildirərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - İddiaçı xx.xx.2012-ci il tarixli 8№-li iclas protokolundan görünür ki, İnçə bələdiyyəsinə məxsus ərazidən hərrac və müsabiqə yolu ilə 10 ha ərazinin örüş məqsədi ilə icarəyə verilməsi üçün DTXK-nin Şəki rayon şöbəsindən həmin torpaq sahəsinə kadastr plan ölçünün işlənməsi xahiş edilmişdir. - A424387 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd İnçə kəndində yerləşən 80 000 kv.m örüş məqsədli torpaq sahəsi ilə bağlı İnçə Bələdiyyəsinin adına İnçə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 08 saylı qərarı əsasında tərtib edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, A serialı 424387 nömrəli plan və ölçü sənədində qeyd edilmiş 80022 kv.m torpaq sahəsi, həmin torpaq sahəsinin Şəki rayon Dairə və Ərazi Vahidlərinin təsdiqlənmiş sərhədlərinə əsasən Şəki rayon Baş Göynük bələdiyyəsinin sərhədlərinin hüdudları daxilində yerləşən 9732 kv.m hissəsi, döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçıya məxsus A seriyalı 424387 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 80 022 kv.m torpaq sahəsinin coğrafi yerləşməsi ilə Şəki rayonu İnzibati Dairə və Ərazi Vahidlərinin təsdiqlənmiş sərhədlərinin naturada yerləşməsi arasında olan fərqin səbəbi DWG (mülkiyyətə verilən torpaqların kompleks yerquruluşu planı faylında göstərilən formanın naturadakı faktiki vəziyyətə uyğun gəlməməsi , sürüşmənin olmasıdır. A seriyalı 424387 nömrəli Torpağın Plan-ölçüsü sənədi ilə bağlı 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Hüquqların dövlət qeydiyyatı aparılmadığından ərazi idarəsinin arxivində, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İnçə Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 08 saylı qərarına əsasən tərtib edilən torpaq sahəsinin Plan-ölçüsü sənədində qeyd edilmiş ilkin məlumatlarda hər hansı dəyişikliyin olub-olmaması ilə bağlı məlumat yoxdur. A serialı 424387 nömrəli plan və ölçü sənədində qeyd edilmiş 80022 kv.m torpaq sahəsinin Baş Göynük kənd sakinlərinə məxsus **********92, **********37, **********91 nömrəli çıxarışlarla üst-üstə düşən hissələri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddiaçı tərəfindən tələbin həcmi azaldıldığından və A seriyalı 424387 nömrəli plan və ölçü sənədində qeyd edilmiş 80022 kv.m torpaq sahəsinin Baş Göynük kənd sakinlərinə məxsus **********92, **********37, **********91 nömrəli çıxarışlarla üst-üstə düşən hissələrində hüquq subyektlərinin müəyyən edilməsi və iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti aradan qalxmışdır. Cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyindən və ona əlavə edilmiş yerquruluşu planından görünür ki, A seriyalı 424387 nömrəli plan və ölçü sənədində qeyd edilmiş 80022 kv.m torpaq sahəsinin tələbdə qeyd edilən 70290 kv.m torpaq sahəsi faktiki olaraq İnçə bələdiyyəsinin hüdudları daxilindədir. Belə olan halda iddiaçı, “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını cavabdeh orqandan tələb etməkdə haqlıdır. Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci bəndi:

1. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə bələdiyyələrin siyahısı təsdiq edilsin (əlavə olunur). Bələdiyyələrin əraziləri bu siyahıya uyğun müəyyənləşdirilir. Bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsi:

1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrin, meydanların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı, habelə əhalinin malqarası üçün örüş sahələri, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların və ümumi istifadədə olan digər obyektlərin yerləşdiyi torpaqlar aiddir. Fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlara onların daimi və ya müvəqqəti (qısamüddətli və uzunmüddətli) istifadəsində, eləcə də idarəsində istifadəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısı:

49. Şəki rayonu 49.23. İnçə bələdiyyəsi - Aşağı Şabalıd və İnçə kəndləri Torpaq Məcəlləsinin 16-cı maddəsi:

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbləri baxımından hazırkı iş üzrə bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi örüş uqodiyalı torpaq sahəsi üzərində ümumi istifadədə olan və ehtiyat fondu torpaqları olaraq İnçə bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hər hansı qadağa yoxdur. Qanunvericilikdə belə torpaqlar üzərində mülkiyyət hüququnun qeydə alınmasına qadağa yalnız fiziki və hüquqi şəxslərə münasibətdə müəyyən edilmişdir. Eyni zamanda torpaq sahəsindən faktiki olaraq əkin məqsəd ilə istifadə edilməsi, digər vətəndaşla bələdiyyə arasında mübahisənin olması və torpaq sahəsi üzərindən yüksək gərginlikli elektrik xəttinin keçməsinə münasibətdə məhkəmə qeyd edir ki, sadalanan halların heç biri hazırkı iş üzrə iddiaçının müraciətinin təmin edilməsindən imtina üçün əsas deyil. Torpaq sahəsindən hər hansı hüquqmüəyyənedici sənəd olmadan üçüncü şəxsin faktiki istifadə etməsi iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmamalıdır. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 445/2021 nömrəli qərarında yuxarıda qeyd olunan hüquqi mövqe əks olunmuşdur). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki rayon İnçə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 08 saylı qərarına və DTXK-nin Şəki rayon şöbəsinin verdiyi A seriyalı 424387 nömrəli plan və ölçü sənədinə əsasən 70290 kv.m torpaq sahəsi üzərində Şəki rayon İnçə bələdiyyəsinin mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar