Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-506/2025 05.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “JN-661 KOD 40103018 olan Dövlət Aktının 611B planşetində qeyd edilən 810 kv.m kənd təsərrüfatı təyinatlı, 641 kv.m həyətyanı təyinatlı torpaq sahəsi kimi mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN-661 KOD 40103018 olan Dövlət Aktının 611B planşetində qeyd edilən 0,1451 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və sərhədlərinin ölçüsü qüsurlu tərtib edildiyindən həmin hissədə dəyişiklik edilərək 0.07 ha həyətyanı və 751 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə yeni plan və ölçü sənədinin hazırlanması və çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “JN-661 KOD 40103018 olan Dövlət Aktının 611B planşetində qeyd edilən 810 kv.m kənd təsərrüfatı təyinatlı, 641 kv.m həyətyanı təyinatlı torpaq sahəsi kimi mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir İşin qısa məzmunu ondan ibarətdir ki, iddiaçının babası İbrahimov Mehdi və nənəsi X1 üzvləri olmuş və kolxozdan ev tikmək üçün həyətyanı torpaq sahəsi götürmüşdülər. İbrahimov Mehdi vəfat etdikdən sonra 1880-cı il təvəllüdlü nənəsi 1960-cı illərdən sonra təsərrüfatda tək yaşamışdır. İddiaçı nənəsi X3 ilə birlikdə, nənəsi vəfat edən 1987-cı ilədək bir təsərrüfatda yaşamaqla orda 1984-cü ildə inşa edilən evdə qeydiyyatda olmuşdur. Balakən rayon Qazma kənd “Moskva” kolxozunda keçirilən İslahat nəticəsində altı nəfər ailə üzvlərinin mülkiyyətinə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 08 may tarixli 06 nömrəli qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN: 611 KOD 40103018 olan Dövlət Aktı ilə 1.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həyətyanı torpaq sahəsinin verilməsinə dair Şəhadətnamə verilməmişdir. 2023-cü ildə Dövlət Aktında olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.07 ha həyəlynı torpaq sahəsi və üzərində yerləşən 1984-cü ildə inşa edilmiş yaşayış evinə Çıxarış götürmək üçün 18 saylı Zaqatala ərazi idarəsinə müraciət etmiş, Dövlət Aktında qeyd edilən 611 A planşeti üzrə 0.43 ha və 611 F üzrə planşetdə yerləşən 0.85 ha torpaq sahəsinə Çıxarış verilmişdir. Lakin 611 B üzrə planşetdə yerləşən 0.14 ha pay torpağına və 0.07 ha həyətyanı torpaq sahəsinə və orda inşa edilmiş yaşayış evinə Çıxarış götürə bilməmişdir. Araşdırmanın nəticəsi olaraq 18 saylı ərazi idarəsi bildirmişdir ki, 0.07 ha həyətyanı torpaq sahəsi və yaşayış evi texniki səhv olaraq 611 B olan planşetdə qeyd olunan kənd təsərrüfatı təyinatlı 0.14 ha torpaq sahəsi kimi Dövlət Aktına işlənmişdir. Ona görə də həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən yaşayış evinə Çıxarış verə bilmirlər. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirmişdir ki, ərizəçinin ərizəsi əsasında qeyd olunan məsələnin həlli ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından, onun ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2024-cü il tarixli, 3-21-3-47/2-İ-0010-8/2024 (**********02) nömrəli məktub ünvanlanmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. JN-661 KOD 40103018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə İddiaçı 1.43 ha torpaq sahəsi verilmişdir.
3. Şəki rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışı.
4. Şəki rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışı.
5. Şəki rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər.
6. Balakən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışı.
7. Balakən rayon Dövlət Arxivinin xx.xx.2024 il tarixli məktubu və ona əlavə edilmiş sənədlər.
8. 3624003468 qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən 0.6651 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır.
9. 3623022260 qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən 0.4306 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3- 60/2-2895/2024 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, Balakən rayonu Qazma kəndi üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsələrinjin verilməsinə dair siyahıdan görünür ki, İddiaçı adı qeyd edilmişdir.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-47/2-93/2025 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun : Maddə 3. İslahatın obyektləri və subyektləri İslahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Maddə 4. İslahatı aparan orqanlar İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən rayon aqrar islahat komissiyası rayon ərazisində aqrar islahatın aparılmasını təmin edir; Maddə 8. Yerli aqrar islahat komissiyası Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, icra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya: aqrar islahat haqqında izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir; islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir; ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Hazırkı iddia tələbinə əsasən hüquqi marağı JN-661 KOD 40103018 olan Dövlət Aktının 611B planşetində qeyd edilən 810 kv.m kənd təsərrüfatı təyinatlı, 641 kv.m həyətyanı təyinatlı torpaq sahəsi kimi torpaq sahələri üzərində iddiaçının və dövlət aktında göstərilən ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi verilməsindən ibarətdir. Cavabdehin imtinasının əsasını məsələnin həlli ərazi idarəsinin səlahiyyətləri daxilində olmaması ilə bağlıdır. İşin hallarından görünür ki,iddia olunan torpaq sahəsi bitişik olmaqla fərdi yaşayış evinin yerləşdiyi həyətaynı torpaq sahəsi və kənd təsərrüfatı təyinatlı torpaq sahələridir.Aqrar islahat nəticəsində fərdi yaşayış evinin yerləşdiyi 641 kv.m həyətyanı təyinatlı torpaq sahəsi səhvən JN 611 saylı Dövlət Aktının 611 B olan planşetində qeyd edilmişdir. Faktiki istifadə olunan torpaq sahəsinin xüsusiyyətlərini müəyyən etmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-4544/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, TEKUİS-ə əsasən qeydə alınması iddia olunan 0.07 ha torpaq sahəsinin 0.0641 ha cizgisi yaşayış məntəqələri torpaqlarına aid həyətyanı sahə və qalan 0.081 ha cizgisi isə kənd təsərrüfatı təyinatlı torpaqlara aid çoxillik əkmələr ərazisi kimi işlənilmişdir. JN 611B cizgisində göstərilən kənd təsərrüfatı təyinatlı 0.1451 ha torpaq sahəsinin cizgiləri TEKUİS məlumat bazasında öz əksini tapmamışdır. İddia olunan 0.07 ha torpaq sahəsində tikili var, nə zaman inşa olunması ilə bağlı məlumatların verilməsi idarəmizin səlahiyyətlərinə aid deyildir. Faktiki istifadə olunan torpaq sahəsinin hüdudları daxilinə JN 611 Kod 40103018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktın” da qeyd edilmiş 1.43 ha torpaq sahəsinin iddia olunan 611B cizgisində göstərilən 0.15 ha və 611F cizgisində göstərilən 0.85 ha torpaq sahələrinin cizgiləri düşür və qalan 611A cizgisində göstərilən 0.43 ha torpaq sahəsi isə başqa ərazidə yerləşir. İddia olunan və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi iddiaçıya aqrar islahat nəticəsində ayrılmışdır.Lakin,fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi əvvəldən də onların qanuni istifadəsində olduğu halda müvafiq hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.Buna baxmayaraq təsərrüfatbaşına kitab qeydləri həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması əsası kimi çıxış edir. Dövlət aktını hazırlayan səlahiyyətli orqanın səhvi nəticəsində islahatdan əvvəl inşa edilmiş və fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin təyinatının TEKUİS-ə əsasən faktiki təyinatına uyğunlaşdırılması hazırkı iş üzrə cavabdeh inzibati orqanın vəzifəsidir. İnzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Hazırkı vəziyyətdə cavabdehin iddiaçıya aqrar islahat komissiyasının qərarı və bələdiyyənin vasitəsi ilə təhvil verilmiş torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin verilməməsi dəlili əsassızdır.Yuxarıda qeyd olunan qərar mülkiyyət hüququnun qeydə alınması üçün əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə JN-661 KOD 40103018 olan Dövlət Aktının 611B planşetində qeyd edilən 810 kv.m kənd təsərrüfatı təyinatlı, 641 kv.m həyətyanı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, Maraqlı şəxs2, Maraqlı şəxs5, İbrahimova (Qurbanova) İlhamə Şadnus qızı, Maraqlı şəxs1 və X2 ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə