Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-507/2022 27.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1976-1980-ci illərdəki əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “1976-1980-cı illərin pensiya stajı hesablanmasında nəzərə alınmasını” xahiş etmişdir. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək 1976-1980-ci illərdəki əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 26.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya 25.06.2021-ci il tarixdə avtomatlaşdırılmış qaydada 262.75 manat pensiya təyin edilmiş, daha sonra iddiaçının müracəti əsasında təyin olunmuş əmək pensiyası 01.01.2006-cı ildən 01.04.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 19320,19 manat pensiya kapitalına əsasən 25.06.2021-ci il tarixdən 266.46 manat məbləğində yenidən hesablanmışdır. Cavabdeh orqan İddiaçı sosial sığorta stajına 26.08.1981-01.01.2006-cı ilədək Orta Zəyzid kənd orta məktəbində işlədiyi dövr daxil etdiyindən iddiaçı, Orta Zəyzid kəndi “Lenin adına” kolxozda işlədiyi 1976-1979-cu illərin və analıq məzuniyyətində olduğu 1980-ci ilin sosial sığorta stajına daxil edilərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu əmək fəaliyyəti ilə məşğul olduğu müddətin və digər müddətin təqdim etdiyi sənədlərlə (arayış, doğum haqqında şəhadətnamə) sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazını iddia olunan dövrlərin əmək kitabçasında öz əksini tapmaması, həmçinin arxiv arayışında əmək günü minimumunun qeyd olunmaması ilə ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Respublika Dövlət Arxivinin Şəki Filialının 04.02.2016-cı il tarixli 63 №-li arayışından, 17.02.2022-ci il tarixli 38 №-li məktubundan və Orta Zəyzid kəndi Lenin adına kolxozun “əməyin ödənişi üzrə hesablaşma kitabı”ndan çıxarışlardan görünür ki, iddiaçı, Orta Zəyzid kəndi lenin adına kolxozda 1976-cı ildə 167 gün, 1977-ci ildə 294 gün, 1978-ci ildə 146 gün, 1979-cü ildə 198 gün əmək fəaliyyəti ilə məşğul olmuşdur. Staj kitabında iddiaçının minimum norması 160 gün qeyd edilmişdir. - 06.12.1984-cü il tarixdə tərtib edilmiş əmək kitbçasında iddiaçının əmək fəaliyyət müddəti 26.08.1981-23.08.1990-cı illər olaraq qeyd edilmişdir. - HB 955396 №-li diplomdan görünür ki, iddiaçı 1978-27.06.1984-cü il tarixlərdə Azərbaycan Dövlət Universitetində təhsil almışdır. - cavabdeh orqan tərəfindən təqdim edilmiş, iddiaçıya aid pensiya işindən və 01.04.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçıya avtomatlaşdırılmış qaydada 266.46 manat pensiya təyin edilmişdir. İddiaçı sosial sığorta stajına 26.08.1981-01.01.2006-cı ilədək Orta Zəyzid kənd orta məktəbində işlədiyi dövr daxil edilmişdir. - Vİ-ЖГ 397367 №-li “Doğum haqqında şəhadətnamədən” görünür ki, X1 və İddiaçı birgə nikahından 08.07.1979-cu il tarixdə X2 doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 16.07.1979-cu il tarixdə 85 № ilə qeydiyyat aparılmışdır. - DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 29.10.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin olunmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət baxımından da əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). İddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək 25.06.2021-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdır. İddiaçıya avtomatlaşdırılmış qaydada 25.06.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilib. Lakin, bu zaman iddiaçının 1981-ci ildən sonrakı əmək fəaliyyəti müddəti nəzərə alınıb. Yəni, iddiaçının Orta Zəyzid kəndi “Lenin adına” kolxozda işlədiyi 1976-1979-cu illər və körpə uşağa qulluq etdiyi 1980-ci il pensiya hesablanarkən sosial sığorta stajı kimi nəzərə alımayıb. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 1976, 1977 və 1979-cu illərdə minimum adam günü normasını (160 gün) yerinə yetirib və həmin illər tam əmək stajı kimi nəzərə alınmalıdır. 1978-ci ildə isə iddiaçı minimum adam günü normasından az işləyib və işlədiyi 146 adam günü 11 aya bərabərdir. Beləliklə iddiaçının Orta Zəyzid kəndi “Lenin adına” kolxozda işlədiyi 1976-1979-cu illər üzrə əmək stajı 3 il 11 aya bərabərdir. Bundan başqa iddiaçının 1979-cu ildə övladı doğulmuş və o, 1981-ci ildə əmək fəaliyyətinə başlayanadək analıq məzuniyyətində olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 67-ci maddəsinə əsasən iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; İddiaçı 1979-cu ildə və 1981-ci ildə əmək fəaliyyəti ilə məşğul olduğundan, onun işləmədiyi 1980-ci il körpə uşağa qulluq etdiyi müddət kimi nəzərə alınaraq sosial sığorta stajına daxil edilməlidir. Belə olan halda iddiaçının 1976-1980-cı illər üzrə sosial sığorta stajı 4 il 11 aya bərabər olur ki, cavabdeh orqan həmin müddəti iddiaçıya pensiya təyin edərkən və onun pensiyasının məbləğini hesablayarkən nəzərə almalı idi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinın 11 dekabr 2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 17 №-li qərarının 4.2.2-ci bəndinə əsasən yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Müvafiq qaydaları hazırkı işə tətbiq etdikdə müəyyən olunur ki, cavabdeh orqan iddiaçının 1981-2006-cı illərdə olan əmək fəaliyyəti müddətini, yəni 25 il müddəti nəzərə alaraq yaşa görə əmək pensiyasının məbləğini hesablayarkən 25 il tam stajı hər il üçün 306 manatdan hesablamışdır. Halbuki iddiaçının yuxarıda qeyd edilən sosial sığorta stajı nəzərə alınmaqla hesablanma aparıldıqda 29 il 11 ay müddət hər il üçün 306 manatdan hesablanmaqla sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı müəyyən edilməli idi. ((29 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 11 ay) =9154.5 manat). Göründüyü kimi hazırkı iş üzrə müəyyən edilmiş iddiaçının 4 il 11 ay sosial sığorta stajının nəzərə alınmaması onun fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalının düzgün müəyyən edilməməsinə, bu isə pensiya kapitalı indeksləşdirilərkən məbləğin az hesablanmasına gətirib çıxartmışdır. Odur ki, iddiaçı, pensiyasının yuxarıda qeyd edilən müddətlər nəzərə alınmaqla yenidən hesablanmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 1976-1980-ci illər üzrə əmək fəaliyyəti və körpə uşaqlara qulluq etdiyi müddəti nəzərə almaqla, ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-507/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-507/2022
27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver