Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-509/2020 03.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X5rşı "Zərdab Rayon Qoşaoba Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 12 nömrəli qərarı ilə satılmış 0,10 ha torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Zərdab Rayon Qoşaoba Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 12 nömrəli qərarına əsasən, İddiaçı xx.xx.2006-cı ildə bələdiyyəyə daxil olmuş ərizəsinin, həyətyanı sahə üçün ayrılmış 0,10 ha torpaq sahəsinin planının nəzərə alınması, şəhərin X8 ərazisindən 0,10 ha torpaq sahəsinin dəyəri ödənilməklə fərdi ev tikintisi üçün İddiaçı satılması qərara alınmışdır. İddiaçı tərəfindən Zərdab Rayon Qoşaoba Bələdiyyəsinin hesabına xx.xx.2006-cı ildə həyətyanı torpağın satış pulu kimi 140 manat pul ödənilmişdir. Azərbaycan Respublikası DTXK-nin Zərdab rayon şöbəsi tərəfindən "Zərdab rayonu Bəyimli qəsəbə sakini İddiaçı verilən həyətyanı torpaq sahəsinin sxeması" tərtib edilmiş, həmin şöbənin müdiri və Zərdab Rayon Qoşaoba Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. Bundan başqa, Zərdab RİH-in memarlıq və tikinti şöbəsi tərəfindən "İddiaçı ayrılmış həyətyanı torpaq sahəsinin planı" tərtib edilmiş, həmin şöbənin müdiri və Zərdab Rayon Qoşaoba Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixli 826-İİİQ nömrəli Qanununun İ hissəsinə görə, bələdiyyələrin birləşməsi yolu ilə Qoşaoba, Təzəkənd və Zərdab Bələdiyyələrinin əhatə etdiyi Zərdab şəhərində və Qoşaoba, Təzəkənd kəndlərində Zərdab Bələdiyyəsi yaradılmışdır. Bundan əlavə, 2017-ci ildə "Zərdab Rayon Zərdab Bələdiyyəsinin xəritəsindən çıxarış" tərtib edilərək bələdiyyənin xx.xx.2006-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin yeri göstərilmiş, həmin sənəd Zərdab Bələdiyyəsinin sədri və Zərdab RİH-in memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Zərdab şəhəri X8 H.Cavid küçəsi 13A ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2019-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçı təqdim etdiyi ərizəyə alqı-satqı aktının əslini əlavə etmədiyi üçün ərizənin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, Zərdab Rayon Qoşaoba Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 12 nömrəli qərarı ilə 0,10 ha torpaq sahəsi ona satılmış, lakin cavabdeh qanunsuz olaraq torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan imtina etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli məktubunda imtina məktubunun dəlillərinə əsaslanmışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Zərdab Rayon Qoşaoba Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 12 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2006-cı ildə bələdiyyəyə daxil olmuş ərizəsinin, həyətyanı sahə üçün ayrılmış 0,10 ha torpaq sahəsinin planının nəzərə alınması, şəhərin X8 ərazisindən 0,10 ha torpaq sahəsinin dəyəri ödənilməklə fərdi ev tikintisi üçün İddiaçı satılması qərara alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası DTXK-nin Zərdab rayon şöbəsi tərəfindən tərtib edilmiş "Zərdab rayonu Bəyimli qəsəbə sakini İddiaçı verilən həyətyanı torpaq sahəsinin sxeması"ndan görünür ki, həmin sənəd göstərilən şöbənin müdiri və Zərdab Rayon Qoşaoba Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. - İşdə olan, Zərdab RİH-in memarlıq və tikinti şöbəsi tərəfindən tərtib edilmiş "İddiaçı ayrılmış həyətyanı torpaq sahəsinin planı"ndan görünür ki, həmin sənəd göstərilən şöbənin müdiri və Zərdab Rayon Qoşaoba Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. - İşdə olan, Zərdab Rayon Qoşaoba Bələdiyyəsi tərəfindən 2017-ci ildə tərtib edilmiş "Zərdab Rayon Zərdab Bələdiyyəsinin xəritəsindən çıxarış"dan görünür ki, həmin sənəddə İddiaçı Zərdab Rayon Qoşaoba Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli qərarı ilə ayrılmış 1000 kv.m torpaq sahəsinin yeri göstərilmiş, sənəd Zərdab Bələdiyyəsinin sədri və Zərdab RİH-in memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. - İşdə olan, xx.xx.2006-cı il tarixli 58 nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı həyətyanı torpağın satış qiyməti pulu olan 140 manat məbləği Zərdab Rayon Qoşaoba Bələdiyyəsinə ödəmişdir. - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X6 xx.xx.2019-cu il tarixli **********55 nömrəli imtina məktubundan görünür ki, İddiaçı təqdim etdiyi ərizəyə alqı-satqı aktının əslini əlavə etmədiyi üçün ərisinin icrası mümkün olmamışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.3.1-ci maddəsində deyilir ki, xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına haqqı ödənilməklə verilir. Sadalanan normalardan görünür ki, bələdiyyə torpağı fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə verilərkən həmin torpaq sahəsinin haqqı bələdiyyəyə ödənilməlidir. İddiaçı torpağın dəyərini xx.xx.2006-cı ildə Zərdab Rayon Qoşaoba Bələdiyyəsinə ödədiyini bildirərək bunu təsdiq edən qəbzi məhkəməyə təqdim etmişdir. Cavabdeh qeydiyyat aparmaqdan imtinasını iddiaçı ilə Zərdab Rayon Qoşaoba Bələdiyyəsi arasında tərtib edilmiş xx.xx.2006-cı il tarixli "Torpaqların alqısatqısına dair akt"ın əslinin təqdim edilməməsi ilə əsaslandırmış və xx.xx.2020-ci il tarixli etirazında bildirmişdir ki, həmin sənəd "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə deyilir ki, bələdiyyə mülkiyyətində olan torpaqların alqısatqısı, girov qoyulması (ipotekası), nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir. İddiaçı məhkəməyə xx.xx.2006-cı il tarixli "Torpaqların alqı-satqısına dair akt"ın təsdiq olunmamış kserosurətini təqdim etdiyinə görə sənədin əslinin təqdim olunması məhkəmə tərəfindən ona təklif edilmiş, lakin iddiaçı məhkəməyə yazdığı ərizədə bildirmişdir ki, aktın əslini naməlum şəraitdə itirmişdir. Məhkəmə qeyd edir ki, 0,10 ha torpaq sahəsinin İddiaçı satılması barədə Zərdab Rayon Qoşaoba Bələdiyyəsi tərəfindən qərarın qəbul edilməsi, satılan torpaq sahəsinin sxemlərinin həm Azərbaycan Respublikası DTXK-nin Zərdab rayon şöbəsi, həm də Zərdab RİH-in memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilməsi, torpaq sahəsinin dəyərinin iddiaçı tərəfindən Bələdiyyəyə ödənilməsi təsdiq olunur və mübahisələndirilmir. Belə olan halda, "Torpaqların alqı-satqısına dair akt"ın əslinin mövcud olmaması tərəflər arasında artıq baş tutmuş əqdin nəticələrinin tanınmamasına əsas verə bilməz. İddiaçı ilə bələdiyyə arasında bağlanılmalı olan müqavilə mövcud olmasa da, alqı-satqı qanunvericiliyin tələblərinə uyğun aparılmış və artıq faktiki olaraq başa çatmışdır. Belə olan halda, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmamışdır. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Zərdab Rayonu Qoşaoba Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 12 nömrəli qərarı ilə İddiaçı satılmış 0,10 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X6 üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-509/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-509/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver