Məhkəmə qərarları › İş №2-1(116)-509/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-509/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-509/2022 17.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-3950A KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “JN-3950A KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1560/2018 nömrəli, 19.12.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-137/2019 nömrəli 26.02.2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-137/2019 nömrəli 05.02.2019-cu il tarixli qərardadı ilə Mingəçevir şəhər bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 17.06.2020-ci il tarixli məktubu əsasında müəyyən edilir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1560/2018 nömrəli, 19.12.2018-ci il tarixli qərarı icra edilmişdir. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi məhkəməyə “yeni açılmış hallara dair” ərizə təqdim edərək Şəki İnzibati Məhkəməsinin 2-1(84)-1560/2018 nömrəli 19.12.2018 nömrəli iş üzrə inzibati məhkəmə icraatının təzələnməsini və işin mahiyyəti üzrə araşdırılaraq yenidən icraata qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 15.11.2021-ci il tarixli, 2-1(116)-1560/2018 nömrəli qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin “yeni açılmış hallara dair” ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-3950A KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,06 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə məhkəmə icraatı təzələnmişdir. Şəki İnzibati Məhkəməsinin 23.12.2021-ci il tarixli, 2-1(116)-1691/2021 nömrəli qərardadı ilə iş üzrə X1 üçüncü şəxs qismində icraata cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə ona 0,06 ha torpaq sahəsi verilməsini və bununla bağlı JN- 3950A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" hazırlanmasını bildirərək, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 05.11.2018-ci il tarixli **********57 nömrəli məktubla bildirmişdir ki, şəhadətnamə elektron baza xəritəsində, elektron adlı siyahıda və qeydiyyat kitabında öz əksini tapmamış, arxivdə saxlanılan şəhadətnamələr arasında iddiaçının adına JN-3950A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ikinci nüsxəsi mövcud deyil. Həmin torpaq sahəsi ümumi istifadədə olan torpaqlara aiddir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini JN-3950A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,06 ha torpaq sahəsinin mülkiyyətində olması ilə əsaslandırmış, cavabdeh orqan iddia tələbinə etirazını müraciətin təmin edilməsindən imtina edilməsi ilə məktubunda qeyd edilmiş, eyni məzmunlu dəlillərlə əsaslandırmışdır. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - JN-3950A kod ******* nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin surətindən görünür ki, müvafiq şəhadətnamədə Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli qərarı ilə 0.06 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə qeydiyyat aparılmışdır. - JN-3950A kod ******* nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, müvafiq şəhadətnamədə Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli qərarı ilə 0.06 ha torpaq sahəsinin X3 mülkiyyətinə verilməsi barədə qeydiyyat aparılmışdır. - cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 04.09.2018-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin olunmasından imtina etmişdir. - cavabdehin 25.02.2019-cu il tarixli məktubundan görünür ki, X3 və iddiaçının adına tərtib edilmiş JN-3950A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr şəhərin müxtəlif küçələrində bir-birindən 536 metr məsafədə yerləşirlər. - Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamından görünür ki, şəhər ərazisində həyətyanı sahələrin istifadəsinin qanuniliyini təsdiq edən sənədlərin DT və XK-nin mütəxəssisləri ilə birlikdə araşdırılmasının təmin edilməsi, sonuncudan qanuni istifadədə olan həyətyanı sahələrə mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin verilməsinin təmin edilməsi, qanuni istifadədən artıq olan və ya qeyri-qanuni istifadə olunan torpaq sahələrinin mövcud qanunvericiliyə uyğun sənədləşdirilməsi, məqsədəuyğun olmayan torpaq sahələrinin isə dövlət və ya bələdiyyə mülkiyyətinə qaytarılması barədə təkliflərin verilməsi və s.qərara alınmışdır. - Mingəçevir şəhər Prokurorluğunun 05.03.2021-ci il tarixli “sənədə baxış keçirilməsi haqqında” protokolundan və Mingəçevir şəhəri üzrə “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı kitabı”nın son səhifəsinin surətindən görünür ki, qeyd olunan tarixdə Mingəçevir şəhər prokurorunun müavini, ədliyyə müşaviri X2 icraatında olan ********* №-li cinayət işi üzrə istintaq zərurəti ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin istifadəsində olan Mingəçevir şəhəri üzrə “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı kitabına” və “dövlət torpaq kadastr planlarının qeydiyyatı kitabına” Mingəçevir şəhər prokurorluğunun inzibati binasında baxış keçirmiş, iç səhifəsində “şəhadətnamələrin qeydiyyatı kitabında” 3352 qeydiyyat nömrəsi ilə İddiaçı adına verilməsi kimi göstərilmiş JN-3950A seriya nömrəli şəhadətnamənin həqiqətən də həmin nömrə ilə kitabdan qeydiyyatdan keçibkeçmədiyini müəyyən etməkdən ötrü sıra nömrəsinə uyğun olaraq kitabın səhifələrinə baxış keçirilərkən məlum olmuşdur ki, kitabın sonuncu nömrəsi 2855-lə bitir və ümumiyyətlə JN-3950A nömrəsi ilə iddiaçının adına hər hansı şəhadətnamə verilməmişdir. - Mingəçevir şəhər Prokurorluğunun 04.05.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, qeyd olunan tarixdə Mingəçevir şəhər prokurorunun müavini, ədliyyə müşaviri X2 icraatında olan ********* №-li cinayət işi üzrə istintaq zərurəti ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin inzibati binasında, həmin idarənin istifadəsində olan “Elektron xəritə bazasına” (DWJ) və “Torpaq sahəsi ayrılan şəxslərin elektron adlı siyahısına” (DBF) baxış keçirilmişdir. Elektron baza məlumatlarına baxış keçirilərkən çap variantı İddiaçı adına olan JN-3950A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin baza məlumatları İddiaçı deyil, X5 adlı şəxsin adına işlənmiş və həmin şəhadətnamənin baza məlumatlarına əsasən Alay Quliyevin torpaq sahəsi Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşir. Baxış zamanı müəyyən edildi ki, başqa nömrə ilə İddiaçı adına ümumiyyətlə elektron xəritə bazasında hər hansı bir şəhadətnamənin işlənməsinə dair baza məlumatları mövcud deyil və onun adı torpaq sahəsi ayrılmış şəxslərin elektron adlı siyahısında mövcud deyil. İddiaçı adına torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamənin baza məlumatları olmasa da, alt sənəd kimi qəbul olunmuş, JN-3950A şəhadətnamənin çap variantına əsasən onun ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən 10.05.2019-cu il tarixli **********86 reyestr nömrəli çıxarış və plan-ölçü sənədi verilmişdir. Alay Quliyevin adına olan JN- 3950A nömrəli şəhadətnamənin baza məlumatlarında olan torpaq sahəsinin İddiaçı çıxarış verilən torpaq sahəsinin arasında hava yolu ilə 583 metr məsafənin olduğu müəyyən edildi. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.04.2021-ci il tarixli, 5/310 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, İddiaçı Sabit oğlunun adına olan JN-3950A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 2-ci vərəqindəki möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş, İddiaçı Sabit oğlunun adına olan JN-3950A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 3-cü vərəqindəki möhür əksi elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmişdir. Tədqiqata təqdim edilmiş, İddiaçı Sabit oğlunun adına olan JN-3950A nömrəli və X7 adına JN-2819A №-li Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin“ 2-ci vərəqində olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Minigəçevir şəhər şöbəsi” məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş, İddiaçı Sabit oğlunun adına olan JN-3950A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməsini 1-ci vərəqindəki “3352” əlyazma rəqəmlərindən birinci “3” rəqəminin yerində məzmuna aid olmayan əlavə cizgilər müşahidə olunur. Tədqiqata təqdim edilmiş, İddiaçı Sabit oğlunun adına olan JN-3950A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 2-ci vərəqindəki “Dövlət Yerquruluşu Layihə İnstitutu F.Cəfərov” yazılarının üzərində olan möhür əksinin yayılmış şəkildə əks olunması möhürün vurulması zamanı klişenin sürüşməsi nəticəsində əmələ gəlməsi ehtimal olunur. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştiraklarını mümkünsüz edən üzürlü səbəblər barədə sübutlar təqdim etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddia tələbinin əsassız olması onunla bağlıdır ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli qərarı ilə iddiaçıya ayrıldığı qeyd edilən 0.06 ha torpaq sahəsinə dair JN-3950A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin saxta olması, şəhadətnamənin elektron baza xəritəsində, qeydiyyat kitabında öz əksini tapmaması, arxivdə müvafiq şəhadətnamənin ikinci nüsxəsinin mövcud olmaması, “torpaq sahələri ayrılmış şəxslərin elektron adlı siyahısında” iddiaçının adının olmaması və həmin torpaq sahəsinin ümumi istifadədə olan torpaqlara aid olması iş materialları ilə müəyyən edilir. Belə ki, iddiaçının adına tərtib edilmiş JN-3950A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin saxtalaşdırılaraq tərtib edilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.04.2021-ci il tarixli, 5/310 nömrəli ekspert rəyi ilə sübut olunur. Həmin rəy işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə zidiyyət təşkil etmədiyindən iş üzrə mötəbər sübut qismində qəbul edilmişdir. Belə ki, müvafiq rəylə müəyyən edilir ki, İddiaçı Sabit oğlunun adına olan JN-3950A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 3-cü vərəqindəki möhür əksi elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, X3 adına tərtib edilmiş, JN-3950A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd olunan torpaq sahəsi isə Mingəçevir şəhəri 20 yanvar küçəsi 166 saylı binanın qarşısında yerləşir, elektron adlı siyahıda Alay Quliyevin adına JN-3950A nömrəli şəhadətnamənin olması barədə məlumat mövcuddur, həmçinin şəhadətnamənin ikinci nüsxəsi Ərazi İdarəsinin arxivindədir. Digər tərəfdən iddiaçının adına saxtalaşdırılaraq tərtib edilmiş şəhadətnamədə qeyd olunan torpaq sahəsi (Mingəçevir şəhəri, M.F.Axundov küçəsi 6 nömrəli binanın qarşısı) ümumi istifadədə olan torpaq sahələrinə aid olmaqla ümumiyyətlə xüsusi mülkiyyətə verilə bilməzdi. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1560/2018 nömrəli, 19.12.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərkən iddiaçının adına olan JN-3950A №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə iş üzrə mötəbər dəlil olaraq qəbul edilmiş və onun əsaslılığına dair heç bir şübhə olmamışdır. Odur ki, həmin sənədə istinad olunmaqla iddiaçının 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmuşdur. Hazırda isə iş materialları ilə müəyyən olunur ki, ilkin qərarın əsasını təşkil edən, iddiaçının adına tərtib edilmiş JN- JN-3950A №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin özü saxta yolla tərtib edilmişdir. Odur ki, iddiaçının adına tərtib edilmiş JN-3950A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə iş üzrə mötəbər sübut kimi qiymətləndirilə və iddiaçının mülkiyyət hüququnun mövcudluğunu sübut edən hüquqi sənəd kimi qəbul edilə bilməz. Beləliklə, iddia olunan torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi olduğundan, iddiaçının adı torpaq sahəsi ayrılmış şəxslərin adlı siyahısında olmadığından və həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən hər hansı mötəbər sübut mövcud olmadığından cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsi qanunauyğun olmuşdur, həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmamışdır. Buna görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-3950A KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Bu qərar Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1560/2018 nömrəli, 19.12.2018-ci il tarixli qərarını əvəz edir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar