Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-51/2021 17.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X9rşı "JN-033C nömrəli xx.xx.2006-cı il tarixli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi, mülkiyyətində olan evə və evin yerləşdiyi 850 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Oğuz Rayon AİK-in xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, Oğuz rayon Baş Daşağıl kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi X5 və X4 ümumi mülkiyyətinə verilmişdir. X10 xx.xx.2003-cü ildə vəfat etmişdir. Oğuz Rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2004-cü il tarixli alqısatqı müqaviləsinə əsasən, X3 rayon Baş Daşağıl kəndində 1673,2 kv.m torpaq sahəsində yerləşən yaşayış evini İddiaçı satmışdır. Həmin müqaviləyə əsasən, göstərilən yaşayış evi İddiaçı adına tam mülkiyyət hüququ əsasında xx.xx.2004-cü ildə qeydə alınmış və ona bu barədə 9-16 nömrəli "Qeydiyyat vəsiqəsi" verilmişdir. Oğuz Rayon AİK-in xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı ilə X5 və X4 ümumi mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi ilə bağlı xx.xx.2006-cı ildə onların adına JN-033C kod 40500018 nömrəli xx.xx.2006-cı il tarixli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X13 ərizə ilə müraciət edərək, həmin JN-033C kod 40500018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv olunmasını və 850 kv.m torpaq sahəsinin adına qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv olunması və torpaq sahəsinin iddiaçının adına qeydə alınması İdarənin səlahiyyətinə aid deyil, bundan başqa, torpaq sahəsinin iddiaçının adına qeydə alınması üçün JN-033C kod 40500018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" əsasında alqı-satqı aparılmalıdır. İddiaçı bununla razılaşmayaraq hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, evi satın aldığına görə həm ev, həm də evin yerləşdiyi həyətyanı torpaq sahəsi artıq onun mülkiyyətindədir. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli etirazında bildirmişdir ki, evin yerləşdiyi torpaq sahəsi alqı-satqının predmeti olmadığına görə torpaq sahəsi iddiaçının mülkiyyətində deyil. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. O, məhkəməyə verdiyi xx.xx.2020-ci il tarixli ərizədə iddianın təmin olunmasına razı olduğunu bildirmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-471/20202 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı məhkəmənin həmin qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(107)-335/2020 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-471/20202 nömrəli qərardadı ləğv edilmiş və inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Oğuz Rayon AİK-in xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarından görünür ki, Oğuz rayon Baş Daşağıl kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi X5 və X4 ümumi mülkiyyətinə verilmişdir. - İşdə olan, Oğuz Rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2004-cü il tarixli alqı-satqı müqavilədən görünür ki, X3 rayon Baş Daşağıl kəndində 1673,2 kv.m torpaq sahəsində yerləşən yaşayış evini İddiaçı satmışdır. - İşdə olan, 9-16 nömrəli "Qeydiyyat vəsiqəsi"ndən görünür ki, Oğuz Rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Oğuz rayon Baş Daşağıl kəndində 1673,2 kv.m torpaq sahəsində yerləşən yaşayış evi İddiaçı adına tam mülkiyyət hüququ əsasında xx.xx.2004-cü ildə qeydə alınmışdır. - İşdə olan, JN-033C kod 40500018 nömrəli xx.xx.2006-cı il tarixli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Oğuz Rayon AİK-in xx.xx.1998ci il tarixli 65 nömrəli qərarı ilə X5 və X4 ümumi mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi ilə bağlı xx.xx.2006-cı ildə onların adına "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. - İşdə olan, cavabdehin xx.xx.2019-cu il tarixli imtina məktubundan görünür ki, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv olunması və torpaq sahəsinin iddiaçının adına qeydə alınması İdarənin səlahiyyətinə aid deyil, bundan başqa, torpaq sahəsinin iddiaçının adına qeydə alınması üçün JN-033C kod 40500018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" əsasında alqı-satqı aparılmalıdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia qismən əsaslıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsinə görə, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinə görə, tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Həmin maddənin 3-cü bəndinin birinci və ikinci cümlələrinə əsasən, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 13.7-ci maddəsinə görə, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. İşdən görünür ki, Oğuz Rayon AİK-in xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, Oğuz rayon Baş Daşağıl kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi X5 və X4 ümumi mülkiyyətinə verilmiş, X10 vəfat etdikdən sonra X3 Rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında, 1673,2 kv.m torpaq sahəsində yerləşən yaşayış evini İddiaçı satmışdır. Göstərilən yaşayış evi İddiaçı adına tam mülkiyyət hüququ əsasında xx.xx.2004-cü ildə qeydə alınmış və ona bu barədə 9-16 nömrəli "Qeydiyyat vəsiqəsi" verilmişdir. Bundan sonra Oğuz Rayon AİK-in yuxarıda qeyd olunan xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına istinadən, xx.xx.2006-cı ildə 0,06 ha həyətyanı torpaq sahəsinin X5 və X4 ümumi mülkiyyətinə verilməsi ilə bağlı onların adına JN-033C kod 40500018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Məhkəmə hesab edir ki, ev barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə ev üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyinə, X8 özünə məxsus evi İddiaçı satdığına görə evin yerləşdiyi həyətyanı torpaq sahəsinə də mülkiyyət hüququ iddiaçıya keçməlidir. İddiaçı bu torpağın sahəsinin 850 kv.m olmasını bildirsə də, X5 və X4 adına olan JN-033C kod 40500018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də onların mülkiyyətinə verilən torpaq sahəsinin 611,5 kv.m olması göstərilmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddiaçı yalnız JN-033C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 611,5 kv.m həyətyanı torpaq sahəsinə iddia edə bilər. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddia qismən təmin edilərək, JN-033C kod 40500018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi, həmin sənəddə göstərilən koordinatlarda yerləşən 611,5 kv.m torpaq sahəsinə və evə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia torpaq sahəsinin qalan 238,5 kv.m hissəsinə aid hissədə isə təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. X5 və X4 adına olan JN-033C kod 40500018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi, həmin sənəddə göstərilən koordinatlarda yerləşən 611,5 kv.m torpaq sahəsinə və evə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X12 üzərinə qoyulsun. İddia torpaq sahəsinin qalan 238,5 kv.m hissəsinə aid hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-51/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-51/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver