Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-51/2023 06.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Hacı-X4 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “**********82-10301 reyestr nömrəli texniki pasportda X1 zəbtində qeyd olunmuş faktiki mövcud olan 350 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu İlisu kəndində yerləşən 0.0905 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-674/2022 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri, "xxxx" ASC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixl, 2-1(116)-51/2023 nömrəli qərardadı ilə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı iddiaçının nümayəndəsi tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, tələbini dəqiqləşdirərək “**********82- 10301 reyestr nömrəli texniki pasportda X1 zəbtində qeyd olunmuş faktiki mövcud olan 350 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı adına Qax rayonu, İlisu kəndində yerləşən 0.0905 ha həyətyanı torpaq sahəsinə texniki pasport və reyestrdən çıxarış verilməsilə əlaqədar cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan, DTXK-nın Qax rayon şöbəsi tərəfindən verilmiş 29 may 2008-ci il tarixli, A 045677 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş ölçülərlə faktiki ölçülər arasında uyğunsuzluğun olmasını, faktiki olaraq yerində 0.0434 ha torpaq sahəsinin olmasını, mülkiyyətçinin faktiki ölçülərə uyğun şəkildə yeni hüquqmüəyyənedici sənədin hazırlanması ilə əlaqədar razılıq ərizəsinin təqdim edilməməsini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, X11 verilmiş çıxarışla əlaqədar mövcud qanunvericiliyə uyğun olaraq ləğv edilmiş DTXK-nin Qax rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AN:045649 nömrəli, xx.xx.2008-ci il tarixli, A N:045680 nömrəli torpaq sahəsinin plan ölçüləri və xx.xx.2008-ci il tarixli, 596 nömrəli İlisu ƏİN-nin arayışı əsasında vətəndaş X11 qeydiyyat nömrəsi ********** nömrəli çıxarış verilmişdir. Verilmiş ********** qeydiyyat nömrəli çıxarış X13 tərəfindən Qax rayon Notariat Ofisində xx.xx.2008-ci il tarixdə 4Ə-651 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş “X18” əsasında X5 bağışlanılmışdır. Notarial qaydada təsdiq olunmuş əqd əsasında sözügedən fərdi yaşayış evinə X2 adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X7 ilə "xxxx" ASC arasında Qax rayon Notariat Kontorunda rəsmiləşdirilən 02 iyun 2015-ci il tarixli, 3M-71 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin xeyrinə ********** qeydiyyat nömrəli yüklülük çıxarışı verilmişdir. İddiaçının nümayəndəsi, məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, üçüncü şəxsin texniki pasportunda qeyd edilən torpaq sahəsindən uzun müddət istifadə etmiş, sonradan üçüncü şəxs qanunsuz sənədlər hazırlayaraq həmin torpaq sahəsini bağladıqda iddiaçıya məxsus torpaq sahəsinin üçüncü şəxsin adına hazırlanmış texniki pasporta daxil edildiyini öyrənmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sözügedən ərazidə torpaq sahələri iki dəfə artıq göstərilməklə plan-ölçü sənədləri tərtib edildiyindən iddiaçı ona verilməli olan torpaq sahəsini 905,79 kv.m hesab edir. Faktiki olaraq qeyd olunan ərazidə ümumiyyətlə həmin ölçüdə torpaq sahəsi mövcud deyil, üçüncü şəxsə məxsus texniki pasportda qeyd edilən zəbt torpaq sahəsinin isə ümumiyyətlə həmin plan-ölçü sənədinə aidiyyəti yoxdur. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - A045677 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərindən görünür ki, Qax RAİK-nın xx.xx.1998-ci il tarixli 04 saylı qərarı ilə X12 905,79 kv.m torpaq sahəsinə planölçü sənədi tərtib edilmişdir. - RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, 0,5 ha torpaq sahəsində yerləşən 48,9 kv.m fərdi yaşayış evi üzərində X1 mülkiyyəti hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2013-cü il tarixli 122 inventar nömrəli texniki pasportdan görünür ki, Qax rayonu İlisu kəndində sənəd üzrə 0.06 torpaq sahəsi, faktiki 0,0864 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti X6r. - RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, 0,5 ha torpaq sahəsində yerləşən 48,9 kv.m fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 434 kv.mdir. A seriyalı 045677 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 905.79 kv.m torpaq sahəsinin cizgiləri ilə naturada iddiaçının istifadəsində olan 434 kv.m torpaq sahəsinin cizgiləri arasında kəskin konfiqurasiya fərqi vardır. A seriyalı 045677 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 905.79 kv.m torpaq sahəsi ilə X1 istifadəsində olan və adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli 122 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsi üst-üstə düşmür. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, Qax rayon AİK-in xx.xx.1998-ci il tarixli, 04 nömrəli iclas protokolundan çıxarışa əsasən İlisu kolxozunun Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il 13 nömrəli protokolu, İlisu kəndində kompleks yerquruluşu işlərinin aparılmasına dair tərtib olunmuş layihə təsdiq olunmuşdur. - xx.xx.2002-ci il tarixli Qax rayonunun İlisu kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X10 adının qarşısında 0,09 ha torpaq sahəsi qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı DTXK-nın Qax rayon şöbəsi tərəfindən verilmiş 29 may 2008-ci il tarixli, A 045677 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə müvafiq olaraq faktiki istifadəsində olan 434 kv.m torpaq sahəsindən kənarda yerləşən, **********82-10301 reyestr nömrəli texniki pasportda X1 zəbtində qeyd olunmuş faktiki mövcud olan 350 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Yəni, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını iddia etdiyi torpaq sahəsi **********82-10301 reyestr nömrəli texniki pasportda X1 zəbtində qeyd olunmuş 350 kv.m torpaq sahəsidir. İddiaçı, sözügedən torpaq sahəsinin mülkiyyət hüququ ilə əslində özünə məxsus olmasını A 045677 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində özünə məxsus torpaq sahəsinin ölçüsünün 905.79 kv.m olması və iddia olunan torpaq sahəsinin əvvəllər özünün faktiki istifadəsində olması ilə əsaslandırır. Belə ki, Qax rayon AİK-in xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarına əsasən İlisu kəndində kompleks yerquruluşu işlərinin aparılmasına dair tərtib olunmuş layihə və subyektlər siyahısı təsdiq edilmiş, iddiaçının adına A 045677 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək torpaq sahəsinin ölçüsü 905.79 kv.m qeyd edilmişdir. Həmçinin torpaq payı almaq hüququ olan subyektlər siyahısından da iddiaçının adının qarşısında 0.09 ha qeydi icra edilmişdir. Lakin, iş materialları və mütəxəssis tərəfindən tərtib edilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu planından görünür ki, A 045677 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş torpaq sahəsinin iddia olunan 350 kv.m torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Mütəxəssis rəyindən görünür ki, A 045677 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatları faktiki mövcud olan 434 kv.m torpaq sahəsinin ətraf hissələrini əhatə edir və ümumiyyətlə həmin torpaq sahəsi iki hissədən verilməmişdir. Həmin plan ölçü sənədində qeyd edilən torpaq sahəsi ilə, iddia olunan 350 kv.m torpaq sahələri qonşu torpaqlar olsa da, yanaşı deyillər və 350 kv.m torpaq sahəsi A 045677 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının, **********82-10301 reyestr nömrəli texniki pasportda X1 zəbtində qeyd olunmuş 350 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmadığından cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “**********82-10301 reyestr nömrəli texniki pasportda X1 zəbtində qeyd olunmuş faktiki mövcud olan 350 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-51/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-51/2023
06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver