Məhkəmə qərarları › İş №2-1(116)-510/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-510/2020

02.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-510/2020 02.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi və Cavabdeh2 qarşı “RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və reyestr nömrəsi **********28-10301 olan fərdi yaşayış evinin texniki pasportunun etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və reyestr nömrəsi **********28-10301 olan fərdi yaşayış evinin texniki pasportunun etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qismində göstərdiyi Cavabdeh2 iddiaçının doğma qardaşıdır. İddiaçının qardaşı təxminən 25 il əvvəl köçüb Rusiya Federasiyasına getdikdən sonra həmin evdə iddiaçı ailəsi ilə birlikdə yaşamışdır və halhazırda da yaşayır. Ev köhnə və yaşamaq üçün yararsız olduğundan 2015-ci ilin ortalarında iddiaçı onu söküb əvəzində iki mərtəbəli ev tikmişdir. Tikinti başa çatdıqdan sonra DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə çıxarış almaq üçün müraciət etdikdə məlum olmuşdur ki, AİK-in qərarı ilə evin yerləşdiyi torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilib. Bu barədə cavabdehə bildirmiş və aralarında razılığa gəlmişlər ki, çıxarış Cavabdeh2 adına alındıqdan sonra cavabdeh etibarnamə ilə hüquqlarını yaxın qohumlarından birinə verəcək, sonra da iddiaçının adına bağışlanma ilə mülkiyyət veriləcək. Bu səbəblə iddiaçı müvafiq orqana müraciət edib RX seriyalı ******* nömrəli çıxarış alıb. Bir müddət sonra qardaşı ilə münasibəti pozulmuş və Cavabdeh2 Ucar rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edərək İddiaçı evdən çıxarılmasını tələb etmişdir. İddiaçı DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi üçün müraciət etmişdir. Cavabdeh isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edildiyini bildirmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın və **********28-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun etibarsız hesab edilməsi ilə bağlı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən vətəndaşın ərizəsinin icrası təmin edilməmişdir. JN-598A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Ucar RİHB-nın Lək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14.04.2016-cı il tarixli arayışı əsasında Ucar rayonu Lək kəndi ərazisində yerləşən 0.67 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş 163.8 kv.m yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, onun adına **********28-1301 reyestr nömrəli çıxarış verilmişdir. Cavabdeh2 etirazı onunla əsaslandırılmışdır ki, o, Ucar rayon məhkəməsinə iddiaçının evdən çıxarılmasına dair ərizə ilə müraciət etmişdir. Bunu görən iddiaçı məhkəmə çəkişməsini uzatmaq məqsədi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 20 ildən çoxdur ki, iddiaçı onunla birlikdə yaşayır, onun evdən çıxmasını uzun illərdir ki, tələb edir. Lakin bacı və qardaşlarının təkidi ilə onun evdən çıxartmamışdır. İddiaçıya məxsus olan həyətyanı torpaq sahəsi var, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmək üçün iddiaçıya o və ailə üzvləri bütün tikinti materiallarını alıb vermişdi. İddiaçı özünə məxsus olan həyətyanı torpaq sahəsində həmin tikinti materialları ilə ev tikib ora köçməli idi. Onun Rusiya Federasiyasına ailəliklə birlikdə işləmək üçün getdiyindən istifadə edərək həmin tikinti materiallarının çox hissəsini satmış və öz evini inşa etdirməmişdir. Bu səbəbdən bu günə qədər ona məxsus olan evdə yaşamağına icazə vermişdi. Hal-hazırda özünün və ailə üzvlərinin yaşamağı üçün evi olmadığından onun həmin evdən çıxarılmasını tələb edərək Ucar rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində göstərilən əsassız iddialar ancaq başqasının mülkiyyətinə sahiblənmək məqsədi daşıyır. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə, iddiaçını, cavabdehin nümayəndəsini dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan 15.04.2016-cı il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Ucar rayonu, Lək kəndində yerləşən fərdi yaşayış evi və 0.67 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına 15.04.2016-cı il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan cavabdehin imtinası və etirazından görünür ki, JN-598A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Ucar RİHB-nın Lək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14.04.2016-cı il tarixli arayışı əsasında Ucar rayonu Lək kəndi ərazisində yerləşən 0.67 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş 163.8 kv.m yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, onun adına **********28-1301 reyestr nömrəli çıxarış verilmişdir. İş materiallarında olan JN seriyalı 598A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Ucar rayonu Aqrar İslahat Komissiyasının 22 sentyabr 1998-ci il tarixli 24 saylı qərarı ilə Cavabdeh2 mülkiyyətinə Ucar rayonu Lək kəndi ərazisində yerləşən 0.67 ha torpaq sahəsi verilmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Hazırkı işdə mübahisə olunan çıxarışın verilməsinə səbəb olan JN-598A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməcar rayonu Aqrar İslahat Komissiyasının 22 sentyabr 1998-ci il tarixli 24 saylı qərarıəsasında verilmiş və həmin qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). İddiaçı fərdi yaşayış evinə və torpaq sahəsinə Cavabdeh2 mülkiyyətin hüququnun qeydiyyata alınmasından ən azından 2016-cı ildən bilməli olmuş, bu halda da 18.12.2019cu il tarixində poçt vasitəsilə məhkəməyə müraciət etməklə (iddia ərizəsi 25.12.2019-cu il tarixində məhkəməyə daxil olmuşdur) İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin məhkəmə əlavə olaraq qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməklə 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki- hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda isə inzibati məhkəmələrdə baxılmalıdır.” Sonda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində formal xətalar mövcuddur. Belə ki, iddiaçı hüquqların dövlət qeydiyyatından çıxarışın etibarsız sayılması tələbini iki cavabdehə qarşı yönəltmişdir ki, bunlardan da biri fiziki şəxsdir. Halbuki, bir tələbə bir inzibati orqan cavab verməli və fiziki şəxsə qarşı yönələn tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. İddiaçı fiziki şəxsi cavabdeh qismində deyil üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etməli olduğu halda bunu etməmiş və fiziki şəxsi cavbdeh qismində göstərmişdr. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, çıxarışın verilməsinə əsas olan sənəd qüvvədə olduğu üçün onun əsasında verilən çıxarış ləğv edilə bilməz. Həmçinin iddiaçıya iddianın dəyişdirilməsi, ona iddia ərizəsinin forma və məzmununa dair İPM-in 13-cü maddəsinin tələbləri baxımından yardım edilməsi üçün də yardım edilməsini məhkəmə əhəmiyyətsiz hesab etmişdir, belə ki, hətta o iddianı dəyişib şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə idi belə, analoji tələblə ilk növbədə cavabdehə müraciət etmədiyi üçün iddiaçıya yardım edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmala səbəbə olacaqdır. Bu səbəbdən icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçıya yardım edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi və Cavabdeh2 qarşı “RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və reyestr nömrəsi **********28-10301 olan fərdi yaşayış evinin texniki pasportunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar