Məhkəmə qərarları › İş №2-1(116)-511/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-511/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-511/2024 02.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət kadastrı və reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 10, mənzil 2 ünvanında yerləşən mənzilə mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət kadastrı və reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum X2 vərəsəsi olaraq ünvan 2 ünvanındakı mənzilimizə dair Yevlax şəhər XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli, 15 nömrəli orderə və digər sənədlərə əsasən çıxarış və texniki pasport verilməsini istəyir. Bu məqsədlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubuna əsasən tələbi təmin olunmamışdır. Cavabdeh etiraz məktubunda qeyd etmişdir ki, təqdim edilən orderdən (surəti) göründüyü kimi sözügedən mənzil X3 DSU 4-ün müdiriyyəti və həmkarlar komitəsinin xx.xx.1981-ci il tarixli qərarı əsasında Yevlax şəhər XDS İcraiyyə Komitəsi tərəfindən tərtib olunmuş xx.xx.1981-ci il tarixli, 15 nömrəli orderə əsasında verilmişdir. Mənzilin X3 verilməsinə dair əsas olmuş orderin və ya sözügedən protokolun mövcud olması barədə məlumat verilməsi üçün Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax rayon Filialına müvafiq sorğu edilmiş və alınmış cavabda Yevlax şəhəri, Q Quliyev küçəsində yerləşən 10 nömrəli evin 2 nömrəli mənzilinə dair qərarın aşkarlanmadığı bildirilmişdir. Ona görə də hörmətli məhkəmədən iddia tələbinin rədd olunması barədə qərarın çıxarılmasını xahiş edirik. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında idiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı çıxışında həmin mənzildə uzun müddətdir ki yaşadıqlarını, həmin mənzilin mərhum atasına verildiyini, lakin ona dair orderin və orderin verilməsinə əsas olan qərarın aşkar olunmadığını bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2022-ci il tarixli, 321/10 nömrəli arxiv arayışı.

3. Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2023-cü tarixli məktubundan görünür ki, Yevlax Rayon Xalq Deputatları sovetinin İcrakom İclas protokolları izlənilmiş, X2 adına Q.Quliyev küçəsi ev 10,2 nömrəli mənzilin qərarı aşkar edilməmişdir.

4. Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 10, 2 nömrəli mənzilinə dair tərtib edilmiş xx.xx.1981-cu il tarixli 15 nömrəli orderin surətindən görünür ki, order Yevlax şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli qərarı əsasında verilmişdir. 5.Yevlax ŞİHB-nin 1 nömrəli sahə İƏD üzrə nümayənədliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X5 və onun arvadı X1 vəfat etmişdir;

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İddiaçının hazırkı iddia tələbinə əsasən hüquqi marağı Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 10, mənzil 2 ünvanında yerləşən mənzil üzərinə mülkiyyət hüququnun qeydə alınaraq reyestrdən çıxarışın verilməsindən ibarətdir.İddiaçı iddia tələbinin əsası olaraq Yevlax şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli qərarı əsasında verilmiş orderə istinad edir. Məhkəmə araşdırması zamanı təqdim edilən orderin mötəbərliyinin yoxlanılması məqsədi ilə sorğular verilmişdir.Təqdim edilən arxiv məlumatına əsasən X2 adına Q.Quliyev küçəsi ev 10, mənzil 2 ünvanına dair qərar,o cümlədən orderin arsxiv nüsxəsi aşkar edilməmişdir.Digər tərəfdən iddiaçı tərəfindən təqdim edilən orderdə X2 adı qeyd olunmuş, ailə üzvləri barədə qeyd aparılmamışdır.Orderdə adı qeyd olunmuş X5 vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun yuxarıda göstərilmiş 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Qanunvericiliyə görə özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyektidirlər. Kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri bu hüquqdan istifadə edə bilmələri üçün əlavə olaraq özəlləşdirilmə üçün müraciət edilən anda həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşamalıdırlar. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda həm kirayəçinin, həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir. Qanunun 5-ci maddəsinin strukturunda “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1538/2023 saylı xx.xx.2023cü il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyekti hesab olunurlar. Bundan əlavə, kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvlərinin bu hüquqdan istifadə edə bilmələri üçün onların həm də özəlləşdirmə üçün müraciət edilən anda kirayəçi ilə birlikdə həmin mənzildə faktiki olaraq yaşaması tələb olunur. Beləliklə,hazırkı iş üzrə iddiaçının mərhum atası X2 iddia olunan mənzilin özəlləşdirilməsi ilə bağlı hər hansı iradə ifadəsi olmamışdır. O sağlığında qanunvericiliyin ona verdiyi hüquqdan yararlanmamış və özəlləşmədə iştirak etmək istəyinə dair cavabdeh orqana müraciət etməmişdir. Qanunvericiliyin şərh olunan müddəalarının hazırkı işin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, orderin mötəbərliyi tısdiq olunmadığından və orderin verilmiş olduğu şəxs mənzilin özəlləşdirilməsi hüququndan istifadə etmədiyindən cavabdehin özəlləşdirməni aparmaqdan imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət kadastrı və reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar