Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-512/2020 10.12.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zərdab rayon filialına qarşı “ona yaşa görə əmək pensiyasının hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zərdab rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü il tarixdə Zərdab rayonunda anadan olmuşdur. 1964-cü ilin əvvəlindən 1996-ci ilədək tam 27 il Zərdab rayonu, “Şirvan” kolxozunda işləmişdir. İş stajı nəzərə alınmaqla əmək pensiyası ilə əlaqədar iddiaçı ona pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, İddiaçı özünün məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, guya 1969-1973 və 1975-1996-cı illərdə Zərdab rayon Şirvan kolxozunda əmək fəaliyyəti ilə məşğul olmaqla ümumilikdə 25 il sığorta stajı toplamışdır. Lakin iddiaçının iddia tələbi ilə bağlı hüquqi əsas mövcud deyil. Belə ki, iddiaçının adına heç vaxt əmək kitabçası olmamışdır və o, bununla bağlı heç bir instansiya qarşısında tələb irəli sürməmişdir. Halbuki işçinin əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən əsas sənəd onun əmək kitabçasıdır. Bundan əlavə Zərdab rayon Dövlət Arxivi tərəfindən verilmiş 26.04.2018-ci il tarixli arxiv arayışında olduqca ziddiyyətli məqamlar aşkar edilmişdir. Belə ki, arxiv arayışında 1969, 1970, 1973-cü illər qrafasının qeyd hissəsində İddiaçı adı deyil, Mamedov Elxan yazılmışdır. 1971, 1972, 1975, 1976, 1977, 1978, 1979, 1985, 1987-ci illər qrafasının qeyd hissəsində İddiaçı adı deyil, Məmmədov Elxan yazılmışdır. 1981 və 1983-cü illər qrafasının qeyd hissəsində İddiaçı (Elxan), 1984 və 1986-cı illər qrafasının qeyd hissəsində Məmmədov Elxan (Ağacan) yazılmışdır. Bütün bu faktlar həmin arxiv arayışının etibarlılığına əsaslı şübhələr yaradır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Zərdab Rayon Dövlət Arxivinin 29.08.2018-ci il tarixli 214 nömrəli arxiv arayışından müəyyən edilir ki, iş üzrə İddiaçı 1969-1973 və 1975-1996-cı illərdə Zərdab rayonu “Şirvan” kolxozunda işləmişdir. Arxiv arayışının qeyd sütununda 1969-1979, 1985, 1987-ci illərin qarşısında “Mamedov Elxan”, 1981, 1983-1984, 1986-cı illərin qarşısında “Məmmədov Elxan (Ağacan), 1988-1996-cı illərin qarşısında “İddiaçı” qeyd edilmişdir. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 20.12.2018-ci il tarixli, 2(035)- 1086/2018 nömrəli qətnaməsi ilə Zərdab rayon Dövlət Arxivi tərəfindən verilmiş 26.04.2018-ci il tarixli, 243 saylı arxiv arayışlarında göstərilən Mamedov Elxan, Məmmədov Elxan ilə AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən İddiaçı eyni şəxs olması faktı müəyyən edilmişdir. İş materiallarında olan cavabdeh orqanın 16.03.2020-ci il tarixli ********** nömrəli məktubunda qeyd edilir ki, İddiaçı yaşa görə pensiya hüququ 18.03.2018-ci iltarixdə yaranır. İddiaçının mübahisələndirilməyən Zərdab rayon Dövlət arxivi tərəfindən veriliş 26.04.2018-ci il tarixli 243 saylı arxiv arayışı üzrə 23 il 02 ay qəbul olunmayan sığorta stajı vardır. Sabiq “Şirvan” kolxozunda kişilər üçün minumum adam günü norması 1969-1982-ci illər dövrü 240, 1983-1996-cı illər dövrü 200 adam günü olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.12.7-ci maddəsinə əsasən vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı tələb olunur. Məlumat üçün bildirilir ki, vətəndaş İmişli regional “Asan xidmət” mərkəzi vasitəsilə filiala əmək pensiyası təyin olunması üçün müraciət etmiş və tələb olunan sığorta stayı olmadığı üçün filialın əmək pensiyası təyin edən komissiyasının qərarı ilə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İş materiallarında olan 12.02.2020-ci il tarixli Aktda qeyd edilir ki, iddiaçının 1969- 1971, 1973, 1975-1996-cı illər dövrü sığorta stajına daxil edilən əmək stajı yerində qarşılıqlı yoxlanılmış və Zərdab Rayon Dövlət Arxivinin 26.04.2018-ci il tarixli 243 nömrəli arxiv arayışında göstərilənlərin doğru olması müəyyən edilmişdir. İş materiallarında olan 53 nömrəli 07.07.1972-ci i tarixli Attestatın təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı 01.09.1971-ci il tarixdən 07.07.1972-ci il tarixədək “Mirbəşir” 31 nömrəli texniki peşə məktəbində bənna sənəti üzrə təhsil almışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, Zərdab rayon Dövlət Arxivinin 26.04.2018-ci il tarixli 243 nömrəli arxiv arayışının surəti, 53 nömrəli 07.07.1972ci i tarixli Attestatın təsdiq edilmiş surəti, cavabdehin 11.04.2019-cu il tarixli**********8 nömrəli, 02.07.2019-cu il tarixli **********1 nömrəli, 04.07.2019-cu il tarixli **********1 nömrəli imtina məktubları, cavabdehin 16.03.2020-ci il tarixli ********** nömrəli məktubu, 12.02.2020-ci il tarixli Akt, cavabdehin 13.11.2020-ci il tarixli etiraz məktubu, Zərdab rayon Məhkəməsinin 20.12.2018-ci il tarixli, 2(035)-1086/2018 nömrəli Qətnaməsi aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə 09.12.2020-ci il tarixdə teleqram göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Belə ki, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə iddiaçının ona təqdim etdiyi arxiv arayışında qeyd olunan əmək fəaliyyəti dövrlərini, yəni 23 il 02 ay müddəti mübahisələndirmiş və 25 il sığorta stajının tamamlanmadığını əsas gətirərək müraciətdən imtina etmiş və beləliklə tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Cavabdeh orqan arxiv arayışında iddiaçının ad və soyadının bəzi illər üzrə fərqli qeyd edildiyini əsas gətirərək arayışda qeyd edilənlərə şübhə ilə yanaşaraq onu nəzərə almamışdır. Ancaq iş materiallarında olan məhkəmə qətnaməsindən də göründüyü kimi arxiv arayışında qeyd olunan şəxslə hazırkı iş üzrə iddiaçının eyni şəxs olması faktı öz təsdiqini tapmışdır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən iddiaçının arxiv arayışına görə 23 il 02 ay sığorta stajı olması müəyyən edilmiş olur. Həmçinin iddiaçının 10 ay 6 gün təhsil müddətini də əlavə etdikdə onun cəmi sığorta stajı (23 il 02 ay + 10 ay 6 gün = 24 il 6 gün) 24 il 06 gün təşkil edir. Göründüyü kimi iddiaçıdan tələb olunan 25 il sığorta müddəti tamamlanmamışdır. Lakin məhkəmə qeyd edir ki, iddiaçının pensiya hüququ 17.03.2018-ci il tarixdə yaranmış, 01.01.2018-ci il tarixdən 2018-ci ildə pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalı 16742,88 manat təşkil etmiş və 2018-ci ildə 01.01.2006-cı il tarixədək qazanılmış iş stajının hər ili üçün 701,48 manat pensiya kapitalı hesablanır. Bu da onu deməyə əsas verir ki, iddiaçının pensiya kapitalının müəyyən edilməsi üçün onun iş stajı 701,48 manata vurulmaqla pensiya kapitalı müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçının cəmi 24 il 6 gün sosial sığorta stajı müəyyən olunur ki, bu da tələb olunan 16742,88 manat pensiya kapitalı məbləğini tamamlamış olur (701.48x24 il 06 gün=16847.21). İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İddiaçı tələbində “ona yaşa görə əmək pensiyasının hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” qeyd etsə də, məhkəmə hesab edir ki, onun arzusu ona yaşa görə əmək pensiyasının təyin olunmasından ibarətdir. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Ona görə məhkəmə hesab edir ki, cavabdehin üzərinə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar verilməsi iddia tələbindən kənara çıxma kimi qəbul olunmamalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıdan tələb olunan 25 il sosial sığorta stajı tamamlanmasa da, tələb olunan pensiya kapitalı kifayət etdiyindən iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zərdab rayon filialının üzərinə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-512/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-512/2020
10.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver