Məhkəmə qərarları › İş №2-1(116)-512/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-512/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-512/2023 25.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin üzərinə əlilliyinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə, məhkəmənin inzibati binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin üzərinə əlilliyinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və ödənilməmiş pensiyasının hesablanaraq ödənilməsinə məcbur edilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9842/2022 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdehin üzərinə iddiaçının əlilliyinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin qoyulması barədə” qərar qəbul edilməsini xahiş etdi və izahatında bildirdi ki, əlillik dərəcəsinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsinə dair iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1014/2022 nömrəli qərarından verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində xx.xx.2023-cü il tarixdə baxılacaqdır. İşdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1014/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Ağsu rayon Mərkəzi Xəstəxanası) qarşı “əlillik dərəcəsinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilərək iddia təmin edilməmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdə bir il müddətinə təyin edilmiş ikinci dərəcə əlilliyin müddəti xx.xx.2016-cı il tarixdə bitmiş, iddiaçının ikinci dərəcə əlilliyi cavabdeh tərəfindən avtomatik olaraq elektron təyinat əsasında eyni diaqnoz ilə beş il müddətinə uzadılmış və növbəti müayinə tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. 5 illik müddət bitdikdən sonra iddiaçının əlillik vəziyyəti Ağsu Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0225003AAKEQ saylı göndərişi əsasında qiymətləndirilmiş, “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xr.astmoid komponentli, diffuz bronxit, tez-tez kəskinləşmələr və boğulma tutmaları ilə. Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Hipoxrom anemiya. Ağ ciyərlərin emfizeması. Xr Tənəffüs çatmazlığı İİ dərəcə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb; 2009-cu ildən 2021-ci ilə kimi stasionar müalicəsi yoxdur, ətraflı müayinə olunmayıb. İxtisaslaşmış xəstəxanada ətraflı stasionar müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə icraatı gedişində Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının əlilliyinin müəyyən edilməsi məqsədilə cavabdehə 2574003AAM26 nömrəli göndəriş təqdim edilmiş, göndərişdə müayinə tarixi xx.xx.2021-ci il olaraq müəyyən edilmişdir. Cavabdeh həmin göndəriş üzrə “Səbəb; Əlavə ixtisaslaşmış müalicə təyin edilir. Müalicə potensialı tükənməmişdir.” səbəbi ilə əlillik təyin etməkdən imtina etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iddiaçının əyani müayinə olunması və əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının müraciətinin yenidən qiymətləndirilməsi üçün cavabdehə müddət verilmişdir. məhkəmənin göstərişinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə əyani müayinə olunmuş, iddiaçıya xx.xx.2021-ci il tarixdən “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. İddiaçı, cavabdehin ona xx.xx.2021-ci il tarixdən əlillik təyin etməsi ilə razılaşmamış və əlilliyin xx.xx.2021-ci il tarixdən bərpa edilməsini xahiş etmişdir. Göründüyü kimi hazırkı iddia tələbi ilə iddiaçının qaldırdığı məsələyə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1014/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə hüquqi qiymət verilmişdir və iddiaçının nümayəndəsi özü də məhkəmə iclasında verdiyi izahatında sözügedən qərarı apellyasiya qaydasında mübahisələndirdiyini bildirir. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prossesual Məcəllənin 45.5.1-ci maddəsinə əsasən iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Hazırkı iş üzrə iddia tələbi Bakı İnzibati Məhkəməsinin icraatında olmasına baxmayaraq, iddiaçı eyni tələblə yenidən həmin məhkəməyə müraciət etmişdir. İddiaçının sonuncu müraciəti üzrə inzibati iş aidiyyəti üzrə baxılması Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə izah edir ki, qaldırılan məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinin baxdığı inzibati iş üzrə məhkəmə icraatı apellyasiya instansiyasında davam edir (2-1(103)-220/2023). Odur ki, həmin icraat başa çatmadan iddiaçı eyni iddia ilə məhkəməyə müraciət edə və qaldırılmış iddia tələbi mümkün sayıla bilməz. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 15.4 və 15.6-cı bəndlərinə görə, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz, qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmə iclasında iddiaçının nümayəndəsinin iştirakı ilə müzakirə edilərək, iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin üzərinə əlilliyinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar