Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-512/2024 29.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin pensiyasının yenidən hesablanma ilə bağlı əvvəlki qərarın ləğv edilməsi, fərdi hesabın sığorta hissəsində qeydə alınan sığorta kapitalı nəzərə alınaraq əmək pensiyasının yenidın hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı ərizə ilə məhkəməyə müraciət edərək pensiya artımının düzgün hesablanması və xx.xx.2022-ci il tarixdən səhv hesablanmış pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdehin pensiyasının yenidən hesablanma ilə bağlı əvvəlki qərarın ləğv edilməsi, fərdi hesabın sığorta hissəsində qeydə alınan sığorta kapitalı nəzərə alınaraq əmək pensiyasının yenidın hesablanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı 2016-cı ilin may ayından zərərli işə görə xüsusi şərtlərlə pensiya alır. “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq 6 il işlədikdən sonra 2022-ci ilin may ayında pensiyanın artırılması üçün Mərkəzi Filiala müraciət etmişdir. Bundan sonra iddiaçı xx.xx.2023-cü ildən pensiyasının 150,5 manat artırılması məlum oldu. Halbuki 14448 manat sığorta kapitalına 200,66 manat artırılmalı idi. İddiaçı bu məsələ ilə bağlı cavabdehə mürciət etmişdir. Cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddia tələbinə etirazını belə əsaslandırmışdır ki,İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətə baxılaraq onun yaşa görə əmək pensiyası yenidən hesablanmış və müraciət zamanı 416,62 manat olan pensiya məbləği müvafiq artımlar üzərinə gəlinərək 567,12 manata yüksəldilmişdir. 01 06.2022-ci il tarixədək işləyən əmək pensiyaçısı kimi qazandığı 14448,00 manat sığorta kapitalına görə əmək pensiyası 16 iyun 2022-ci il tarixdə “Əmək pensiyası haqqında” qanunun 37.3.1 -ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (14448,00:96 ay (65 il - 63 il = 24 ay + (144 ay - 72 ay)) = 150.50 manat) (416,62 + 150,50 = 567,12 manat) hesablanmışdır. Daha sonra isə İddiaçı işləyən əmək pensiyaçısı kimi ödənilməli olan, lakin ödənilməyən məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində sonradan qeydə alındığından əmək pensiyası xx.xx.2022-ci il tarixdən yenidən hesablanaraq 567,12 manatdan 571,98 manata artırılmışdır. "Əmək pensiyaları haqqında” qanununun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 588.64 manat, 29.1ci maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar olaraq 675,17 manata çatdırılmışdır. Belə ki İddiaçı iddia ərizəsində ona pensiya təyin olunarkən (xx.xx.2016-cı il) kişilər üçün yaş həddinin 63 olduğunu və buna görə də pensiya məbləğinin yenidən hesablanması zamanı (65 il - 63 il = 24 ay)-ın doğru olmadığını bildirmiş və hesablamanın (14448,00:72 ay = 200.66 manat) formasında aparılmalı olduğunu qeyd etmişdir. Hesab edirik ki. cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu.
2. İddiaçıya məxsus 056993 nömrəli xx.xx.2017-ci il tarixli əlillik vəsiqəsi.
3. ИТ seriyalı ******* nömrəli Əmək kitabçasının təsdiqlənmiş surəti,
4. İddiaçı barədə ətraflı qiymətləndirmə məlumatlarından görünür ki, iddiaçıya “ümumi” xəstəlik səbəbi ilə xx.xx.2022-ci il tarixdən 5 illik ikinci dərəcə əlillik təyin edilmişdir.
5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialının Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********7 nömrəli və xx.xx.2022-ci il tarixli **********5 nömrəli Qərarları.
6. Azərbaycan Respublikası Alı Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)-1286/2018 nömrəli qərarı.
7. KB seriyalı 017682 nömrəli Diplomun surəti;
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.İddiaçının 6 ildən çox işlədikdən sonra müraciəti əsasında əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən əmək pensiyası yenidən hesablanarkən yığılan pensiya kapitalı məbləği 96-ya bölünməklə hesablanmışdır. Hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və pensiyanın yenidən hesablanmasına nail olmaqdır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub: şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub: şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan hazırkı norma iddiaçıya şamil edilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2- 1(102)-2668/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe) İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zaman qüvvədə olmuş “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsində qeyd edilmişdir ki, yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir; “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - “bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə aylıq pul ödənişidir. Həmin qanunun hazırda qüvvədə olan 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; Həmin qanunun 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunun keçid müddəaları : 2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 2.2. Bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 5.3. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X2 Azər Mənaf oğlunun pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilir, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının pensiya təyin olunduqdan sonrakı dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə