Məhkəmə qərarları › İş №2-1(116)-512/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-512/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-512/2025 07.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ümumi iş stajını nəzərə alaraq, xx.xx.2019-cu il tarixindən təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci ildən xx.xx.2003-cü il tarixədək Şəki şəhər Mərkəzi xəstəxanasının nəzdində Uşaq poliklinikasında tibb bacısı vəzifəsində çalışdığı dövr nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən dayandırılmış yaşa görə əmək pensiyasının bərpa edilməsi, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilən və geri qaytarılan pensiya məbləğinin yenidən ödənilməsi və pensiyanın dayandırıldığı xx.xx.2022-ci il tarixən bu günə qədər verilməyən pensiya fərqinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “ümumi iş stajını nəzərə alaraq, xx.xx.2019-cu il tarixindən təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinə əsasən, iddiaçı xx xxxxx 1958-ci ildə anadan olmuşdur. 1973-cü ildə Şəki tibb məktəbinə daxil olmuş, 12 iyul 1976-cı ildə tibb bacısı ixtisası üzrə fərqlənmə diplomu ilə tam kursu bitirmişdir. Təhsil alarkən eyni zamanda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək fəaliyyətinə 06 yanvar 1976-cı ildə başlamışdır. Həmin tarixdən 09 avqust 1978-ci il tarixədək Şəki mərkəzi rayon xəstəxanasında tibb bacısı vəzifəsində çalışmışdır. 09 avqust 1978-ci il tarixdən 01 aprel 1986-cı il tarixədək Şəki Mərkəzi rayon Xəstəxanasının 2 nömrəli poliklinikasında sahə tibb bacısı vəzifəsində çalışmışdır. 09 avqust 1978-ci il tarixdə eyni zamanda Şəki Mərkəzi rayon Xəstəxanasının 1 nömrəli poliklinikasına müvəqqəti olaraq doğum məzuniyyəti yerinə 1 oklad sahə tibb bacısı vəzifəsinə təyin edilmişdir. 01 aprel 1986-cı il tarixindən həmin poliklinikada sahə tibb bacısı vəzifəsindən statistik vəzifəsinə keçirilmiş və 01 iyun 1987-ci il tarixədək bu vəzifədə çalışmışdır. 01 iyun 1987-ci il tarixdən şəhər Mərkəzi xəstəxanasının nəzdində Uşaq poliklinikasında 0.1 oklad kardiorevmatalogiya kabinetinə tibb bacısı vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən 01 iyul 2003-cü il tarixədək qeyd edilən vəzifədə çalışmışdır. 01 iyul 2003-cü il tarixdən öz ərizəsi ilə vəzifəsindən azad edilmişdir. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Mudahəsı Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Ona 08 aprel 2019- cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilib. Lakin tərəfindən ünvanıma göndərilən məktubunda ona təyin edilmiş yaşa görə əmək pensiyasının 30 iyun 2022-ci il tarixindən dayandırıldığı bildirilmişdir. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün yetərli sığorta stajının olmaması əsas gətirilirək ona 220 manat yaşa görə sosial müavinət təyin olunub. Lakin 2 ilə yaxındır kı, 220 manat deyil, 178 manat məbləğində müavinət verilir. Ona təyin edilmiş yaşa göıə əmək pensiyasının ödənişi cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq dayandırılıb, ödənilmiş pensiya məbləği əsassız olaraq cavabdehə geri qaytarılıb. Buna görə də hazırki mübahisə yaranıb. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İş materiallarında olan AZE0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddaçı İddiaçı ünvanlanmış xx.xx.2024- cü il tarixli 3- 17-1/2-S-29586/2024 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin xx.xx.2019-cu il tarixdə qüvvədə olmuş tələblərinə əsasən İddiaçı həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzi Filial tərəfindən aparılan xidməti yoxlama zamanı İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş Şəki şəhər xəstəxanasının nəzdində Uşaq poliklinikasının 1987- 2003-cü illərə aid əmr kitabları və əməkhaqqı cədvəlləri aşkarlanmamış, eyni zamanda fərdi hesab (uçot) vərəqəsinə də rast gəlinməmişdir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajı kimi öz təsdiqini tapmadığından iddiaçının ümumi sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən sığorta stajı qanunla nəzərdə tutulan müddətə (25 ilə) tamamlanmadığından iddiaçının əmək pensiyası ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Bildiririk ki, iddiaçının sığorta stajı qanunla nəzərdə tutulan müddətə (25 il) tamamlanmadığından və fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı i! tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün hesab olunmur. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçının pensiya hüququ olmadığı üçün ona 01,01.2020-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. Nəzərə çatdırılır ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ona hüququ olmadığı halda 9150,13 manat ödənilmiş məbləğ artıq ödənilmiş vəsait hesab edilmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubla həmin vəsaitin büdcəyə qaytarılması məqsədi ilə iddiaçıdan artıq ödənilmiş vəsaitin ödənilməsi xahiş edilmiş, əks halda qaqnunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. “Şəki Rayon Xəstəxanası” PHŞ-nin xx.xx.2022-ci il tarixli, xx.xx.2024-cü il tarixli məktubları, xx.xx.2024-cü il tarixli 18-1-71/2-934/2024 nömrəli arayışı;

3. P 597493 nömrəli diplomun surəti;

4. İddiaçıya məxsus ИT ******* seriya nömrəli əmək kitabçasının surəti.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona xx.xx.2019-cu il tarixindən təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsinə nail olmaqdan ibarətdir.İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında xx.xx.2022-ci il tarixindən aparılmış tutulma ilə bağlı mübahisə açmadığını, həmin tarixdən etibarən aparılmış tutulmanın əsassız olduğunu və həmin tarixdən sonra tutulmuş vəsaitin ona qaytarılmasını xahiş etmişdir. Odur ki, inzibati işə iddia tələbi çərçivəsində qiymət verilməlidir. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdən İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra cavabdeh orqan iddiaçının tələb edilən 25 il sosial sığorta stajı olmamasını əsas gətirərək təyin edilmiş yaşa görə əmək pensiyası ödənişini xx.xx.2022-ci il tarixdən etibarən dayandırmışdır. Qeyd olunan faktiki hərəkətlər nəticəsində iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyası yaşa görə sosial müavinət ilə əvəz edilmişdir. Mübahisəyə dair iş üzrə materiallardan müəyyən edilir ki, iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı cavabdeh tərəfindən məhkəmələrə hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya pensiya təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə və etibarlıdır. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Bu baxımdan “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz. Cavabdeh orqan mübahisələndirdiyi dövrə dair əmr kitablarının və əməkhaqqı cədvəllərinin aşkarlanmaması, eyni zamanda fərdi hesab (uçot) vərəqəsinə də rast gəlinməməsi səbəbi ilə sözügedən dövrlərin sığorta stajı kimi öz təsdiqini tapmadığını qeyd etmiş və bu dövləri iddiaçının ümumi sığorta stajına daxil etməmişdir. Məhkəmə bu dəlili əsassız hesab edir.Belə ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 1987-2003-cü illərdə Şəki Şəhər Xəstəxanasının nəzdində Uşaq poliklinikasının tibb bacısı vəzifəsində çalışmışdır. Həmin dövrə dair əmr kitabları və əmək haqqı cədvəllərinin aşkarlanmaması və arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının təqsiri hesab edilmə bilməz. İddiaçı əmək kitabçasından görünür ki, 01 iyun 1987-ci ildən 28 iyun 2003-cü ilədək Şəki şəhər xəstəxanasının nəzdində Uşaq poliklinikasının tibb bacısı vəzifəsində çalışmışdır.Əmək kitabçasındakı qeydlərin mötəbərliyini təsdiq digər hal iddiaçının mütəmadi olaraq ixtisasartırma kurslarına cəlb olunmasından ibarətdir.Belə ki,iddiaçı xx.xx.2002-ci il tarixindən xx.xx.2002-ci il tarixinə kimi sonuncu dəfə funksional diaqnostika üzrə ixtisasartırma kursuna göndərilmişdir.Bundan əlavə iş materiallarına əlavə edilən X4 xəstəxanası tərəfindən verilmiş 18 iyul 1994-cü il tarixli (5 il müddətində etibarlı olduğu göstərilmişdir) 346 nömrəli vəsiqədəndə də iddiaçının əmək fəaliyyətinin hər hansı şübhə doğurmadığı müəyyən edilmişdir. İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdeh inzibati orqan nə inzibati icraat çərçivəsində, nə də hazırkı inzibati məhkəmə icraatında iddiaçıya təyin olunmuş pensiyanın ödənişinin dayandırılmasının “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinin tələbləri baxımından zəruriliyi və əsaslılığı ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı hərəkətləri qanunsuzdur. Odur ki, İddiaçı ümumi iş stajını nəzərə alaraq, cavabdehin üzərinə xx.xx.2019-cu il tarixindən təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi qoyulmalıdır. Faktiki hərəkətin qanunsuzluğunun müəyyən edilməsi onun yaratmış olduğu nəticələrin də aradan qaldırılmasını ehtiva edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2019-cu il tarixindən təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar