Məhkəmə qərarları › İş №2-1(116)-513/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-513/2020

07.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-513/2020 07.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi X5 qızının katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “1966-1992-ci illərdə olan iş stajının dövlət qulluğu stajına daxil edilərək, onun dövlət qulluqçusu kimi pensiyasının xx.xx.2019-cu il tarixindən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1940-cı ildə anadan olmuşdur. xx.xx.1996-cı il tarixdən xidmət illərinə görə, xx.xx.2002-ci il tarixdən isə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Onun Şəki şəhər Statiska idarəsində olan 26 il iş stajı Dövlət Qulluğu stajı kimi nəzərə alinaraq xx.xx.2005-ci il tarixdən Dövlət Qulluqçusu kimi qulluq stajına görə əlavə hesablanmış və ödənilmişdir. İddiaçı xx.xx.1966-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək Nuxa-Şəki maşın hesablaşma stansiyasında, X4 məlumat hesablama stansiyasında, Şəki rayon məlumat hesablam mərkəzində, Şəki şəhər Statistika idarəsində mexanik, büro müdiri, mühəndis-elektronik vəzifələrində işləmişdir. Bu illər dövlət qulluğu stajına daxil edilərək ona dövlət qulluqçusu kimi pensiya təyin olunmuşdur. 2019-cu ilin may ayında pensiya məbləği azaldığı üçün cavabdehə müraciət etmiş, ona 1966-1992-ci illərdə işlədiyi illərin dövlət qulluğu stajına daxil edilmədiyi bildirilmişdir. İddiaçı 1966-1992-ci illərdə olan iş stajının dövlət qulluğu stajına daxil edilərək, onun dövlət qulluqçusu kimi pensiyasının xx.xx.2019-cu il tarixindən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuş ərizəsi ilə tələbini dəqiqləşdirərək, “2019-cu ilin may ayından əmək pensiyasından tutmanın dayandırılması, 1966-1992-ci illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi, 2019-cu ilin may ayından hazırki vaxtadək əmək pensiyasından tutulmuş pulların geri qaytarılması və dövlət qulluqçusu əmək pensiyasının xx.xx.2019-cu il tarixdən bərpa edilib ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında protokol qaydasında ərizənin qəbulundan imtina olunması qərara alınmışdır. Cavabdehin iddia qarşı münasibətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdən xidmət illərinə görə, xx.xx.2002-ci il tarixdən isə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Vətəndaşın Şəki şəhər Statiska idarəsində olan 26 il iş stajı Dövlət Qulluğu stajı kimi nəzərə alinaraq xx.xx.2005-ci il tarixdən Dövlət Qulluqçusu kimi qulluq stajına görə əlavə hesablanmış və ödənilmişdir. 2019-cu ilin aprel ayında şöbədə aparılmış növbəti audit araşdırması zamanı vətəndaşın Şəki şəhər Statiska idarəsində işlədiyi vəzifələr dövlət büdcəsindən maliyyələşdirilmədiyi üçün Dövlət Qulluğuna daxil edilmədiyi aşkar olunmuşdur. Nəticədə əsassız olaraq qulluq stajına görə əlavə ödəniş həyata keçirilmişdir. Hal-hazırda vətəndaşa 35 il 6 ay sosial sığorta stajı nəzərə alınmaqla ümumi əsaslarla yaşa görə əmək pensiyası hesablanmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin surəti, DSMF-nin xx.xx.2019-cu il tarixli **********4 nömrəli imtina məktubu və xx.xx.2005-ci il tarixli xx/xx-3565 nömrəli, xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubları, xx.xx.1960-ci il tarixli Əmək kitabçasının surəti, Azərbaycan Respublikası X3 xx.xx.2020-ci il tarixli 04/xx-xx/0823 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri ilə bağlı məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. İşdə olan xx.xx.2020-ci il tarixli 04/xx-xx/0823 nömrəli X3 məktubundan görünür ki, iddiçının işlədiyi müddət dövlət qulluğunda qulluq stajına daxil edilmir. “Əmək Pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. “Dövlət qulluğu haqqında” Qanunun 23.1, 23.2 və 23.4-cü maddələrində təsbit edilmişdir ki, dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi iddiaçıya pensiya təyin edilərkən 5 il olmuşdur. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli 290 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə xx.xx.1991-ci il tarixədək dövlət, sovet və partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələr Təsnifatı Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısında qeyd olunan vəzifələrdə xidmət etmiş şəxslər dövlət qulluqçusu kimi pensiya təminatı hüquqlarına malikdirlər. Qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi şəxsin dövlət qulluqçusu kimi pensiya hüququnun olması üçün onun 5 il daimi dövlət qulluğunda xidmət etməsi kifayətdir. İddiaçı 1966-1992-ci illərdə Şəki şəhər Statistika İdarəsində işləsə də onun işlədiyi müddət qüvvədə olan qanunvericiliklə dövlət qulluqçusu stajına aid edilməmişdir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının dövlət qulluqçusu olaraq pensiya alması üçün qanunla nəzərədə tutulmuş xidmət illəri olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “1966-1992-ci illərdəki iş stajının dövlət qulluğu stajına daxil edilərək dövlət qulluqçusu kimi pensiyasının xx.xx.2019-cu il tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar