Məhkəmə qərarları › İş №2-1(116)-513/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-513/2021

22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-513/2021 22.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində tikinti işlərinin aparılmasına törədilən maneələrin aradan qaldırılması və tikinti işlərinin aparılmasına icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində tikinti işlərinin aparılmasına törədilən maneələrin aradan qaldırılması və tikinti işlərinin aparılmasına icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 0.0698 ha torpaq sahəsini iddiaçı xx.xx.2019-cu il tarixdə Mingəçevir bələdiyyəsindən (sədr X5) ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən almışdır. Bundan sonra torpaq sahəsi dövlət qeydiyyatına alınmış və iddiaçının adına çıxarış və plan və ölçü sənədi tərtib edilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmaq istəyən zaman cavabdeh orqan tərəfindən ona məktub göndərilərək torpaq sahəsi ilə bağlı yaranmış ziddiyyətlə bağlı prokurorluq tərəfindən araşdırma aparılıb qurtaranadək ərazidə tikinti işlərinin aparılmaması tövsiyyə edilmişdir. İddiaçı cavabdeh orqanın məktublarını nəzərə alaraq tikinti işlərini dayandırmışdır. Bir müddət keçdikdən sonra iddiaçı cavabdeh orqana yenidən müraciət edərək, araşdırma barədə məlumat almaq istəmiş, lakin ona bildirilmişdir ki, Mingəçevir Şəhər Prokurorluğuna müraciət etsin. İddiaçı prokurorluğa müraciət etdikdə ona bildirilmişdir ki, qeyd olunan ünvanda yaşayan bir qrup şəxslər prokurorluğa ərizə ilə müraciət edərək, heç bir şikayət və tələblərinin olmadığını bildirmiş və buna görə də müraciət baxılmamış saxlanılmış və hər hansı qərar qəbul edilməmişdir. İddiaçı təkrar cavabdeh orqana müraciət etdikdə ona bildirilmişdir ki, keçmiş bələdiyyə sədri C.Abdullayev tərəfindən hazırlanmış sənədlərin mötəbərliyi şübhə doğurduğundan şəhər prokurorluğuna müraciət edilmiş, hal-hazırda bu və digər şəxslərə qanunsuz olaraq torpaq sahələrinin verilməsi ilə əlaqədar yoxlama aparıldığı üçün həmin ərazidə tikintiyə icazə verilməsi mümkünsüzdür. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 331 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Mingəçevir şəhəri, V.Abdullayev küçəsi ev 8 mənzil 48-də yaşayan vətəndaş İddiaçı Şəki İnzibati Məhkəməsində iddia qaldıraraq mülkiyyətində olan Mingəçevir şəhərinin İxtiyar Qasımov küçəsindəki 15A ünvanında olan torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını tələb etmişdir. İddia ərizəsi ilə tanış olub, aşağıda göstərilənlərə əsasən həmin ərazidə tikinti işlərinin aparılmasına icazə verilməsini mümkünsüz hesab edirik: 1.İddia ərizəsinə əlavə edilmiş İddiaçı ayrılmış torpaq sahəsinin çizgisindən aydın görünür ki, həmin sahə bilavasitə küçəni və yolu bağlayır. 2.Həmin cizgidən görünür ki, cizgi Cavabdeh Memarlıq və Tikinti şöbəsinin müdiri - Baş memar E.Abdullayev tərəfindən təsdiqlənib. Lakin baş memar E.Abdullayev bildirmişdir ki, onun təsdiq etdiyi cizgiyə müdaxilə edilib. O, heç vaxt yolu kəsən cizgi təsdiqləməyib. 3.İddia ərizəsinə, eləcə də əvvəllər Cavabdehnə edilən müraciətinə vətəndaş B.X2 xx.xx.2007-ci il tarixli 31/5 nömrəli qərarının surətini əlavə etmişdir. Qərardan görünür ki, V.Abdullayev küçəsi ev 8 mənzil 48-də yaşayan şəhər sakini İddiaçı baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 700 (yeddi yüz) kv.metr torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir (qərar 31/5, İİ paraqraf, 4.1 -ci bənd). Lakin bu faktın təsdiqlənməsi üçün Mingəçevir Bələdiyyəsinə edilən sorğuya xx.xx.2020-ci il tarixli 69 nömrəli məktubla cavab verilmişdir ki, şəhərin İ.Qasımov küçəsində İddiaçı adlı şəxsə Mingəçevir Bələdiyyəsinin qərarı ilə hər hansı bir məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. Bu fakt onu sübut edir ki, Mingəçevir Bələdiyyəsinin qərarı saxtalaşdırılmışdır və etibarsızdır. Belə faktların araşdırılması məqsədi ilə şəhər Prokurorluğuna edilmiş müraciət nəticəsində Mingəçevir Bələdiyyəsinin keçmiş sədri Coşqun Abdullayev barəsində Prokurorluqda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ********* nömrəli cinayət işi açılmışdır, hazırda istintaq aparılır. 4.Vətəndaş İddiaçı iddia ərizəsində göstərir ki, İxtiyar Qasımov küçəsində yaşayan qonşuları şəhər Prokurorluğuna təkrar ərizə ilə müraciət edərək heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər, lakin buna baxmayaraq şəhər İcra Hakimiyyəti tərəfindən onun tikintiyə icazə verilməsi haqqında təkrar ərizəsinə də müsbət cavab verilməmişdir. Qeyd ediriik ki, şəhər ərazisində tikintiyə icazəni ərazidə yaşayan sakinlər deyil, Qanunvericiliklə şəhər İcra Hakimiyyəti verir. Şəhər İcra Hakimiyyəti isə heç bir zaman küçənin və yolun tutulması ilə nəticələnə bilən tikintiyə icazə verə bilməz. Bu halın Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edirik. 5.Vətəndaş B.X1 izahat verərək bildirmişdir ki, onun mülkiyyətinə verilmiş torpaq sahəsinin avtomobil yolu üçün nəzərdə tutulmuş hissəsini geri qaytarır və xahiş edir ki, müvafiq dövlət orqanlarının əməkdaşlarının iştirakı ilə torpaq sahəsinə yenidən baxış keçirilsin və avtomobil yolu çıxılmaqla torpaq sahəsinə yeni sənəd verilsin. Lakin vətəndaş İddiaçı bu sahədə hər hansı digər bir hərəkət etməyib, torpağın geri qaytarılması ilə bağlı və ona yeni sənəd verilməsi ilə bağlı Mingəçevir Bələdiyyəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəsmi müraciətlər etməmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, vətəndaş İddiaçı şəhərin İxtiyar Qasımov küçəsində küçənin və yolun bağlanmasına səbəb ola biləcək tikinti işlərinin aparılmasına icazə verilməsi mümkünsüzdür. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan X3 Şəhər Filialının xx.xx.2020-ci il tarixli, 78-Asan nömrəli arxiv arayışına əlavə edilən sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, Mingəçevir bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 31/5 nömrəli qərarı ilə şəhərin 98-ci məhəlləsindəki ərazidən 700 kv.m torpaq sahəsi İddiaçı verilmişdir. Bununla bağlı xx.xx.2007-ci il tarixdə Mingəçevir ŞİH Memarlıq və Tikinti şöbəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyləri alınmışdır. Rəylərə əsasən müəyyən edilir ki, Mingəçevir ŞİH Memarlıq və Tikinti şöbəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi torpaq sahəsinin iddiaçıya alqı-satqı yolu ilə verilməsinə etiraz etməmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən 0.0698 ha torpaq sahəsi bələdiyyə adından sədr X5 tərəfindən İddiaçı satılmışdır. Cavabdeh orqanın etiraz məktubuna əlavə edilən Mingəçevir bələdiyyəsinin Mingəçevir ŞİH-nə ünvanladığı məktubda qeyd edilir ki, İ.Qasımov küçəsində İddiaçı adlı şəxsə Mingəçevir bələdiyyəsinin qərarı ilə hər hansı bir məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. Məktuba əlavə edilən iddiaçının Mingəçevir Şəhər Prokurorluğuna verdiyi izahatda iddiaçı qeyd etmişdir ki, o, 2007-ci il tarixdə həmin torpaq sahəsini bələdiyyədən almışdır. Orada tikinti işlərinə başladığı zaman qonşular ona həmin ərazinin bir hissəsinin avtomobil və piyada yoluna düşdüyünü bildirmiş, iddiaçı isə torpaq sahəsini aldığını və torpaq sahəsindən çıxmalarını bildirmişdir. İzahatında iddiaçı qeyd etmişdir ki, aldığı torpaq sahəsinin avtomobil yolu üçün nəzərdə tutulan hissəsini geri qaytarır və xahiş edir ki, müvafiq dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə onun torpağına yenidən baxış keçirilsin və həmin avtomobil yolu çıxılmaqla geri qalan torpaq sahəsinə dair ona çıxarış verilsin. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********56 nömrəli məktubuna əlavə edilən xx.xx.2021-ci il tarixli, 074 nömrəli arayışda qeyd edilir ki, iddiaçının istifadə etdiyi torpaq sahəsi faktiki olaraq 698 kv.m-dir. Yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla xüsusi mülkiyyətə aid olan torpaq sahəsidir. İddiaçı tərəfindən istifadə olunur. Sahəsi və koordinatları sxemdə göstərilmişdir. Məktuba əlavə edilən sxemdən görünür ki, 0.0698 ha torpaq sahəsinin bir hissəsi yolun üzərinə düşür. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və onun vəkili məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının vəkili xx.xx.2021-ci il tarixdə məktub göndərərək iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixində saat 10:30-a təyin olunması barədə xx.xx.2021-ci il tarixli bildirişi üzrə SMS xəbərdarlıq iddiaçı və vəkilinə xx.xx.2021-ci göndərilmiş və onların həmin tarixdən iclas barədə məlumatları olmuşdur. Vəkilin məktubuna əlavə etdiyi Mingəçevir Şəhər Məhkəməsinin bildirişləri isə xx.xx.2021ci il tarixində yazılmışdır. Vəkilin iclasa gəlməyə vaxtı olmasa belə iddiaçının iştirak etməməsi üçün heç bir üzürlü səbəb barədə məlumat verilməmişdir. Məhkəmə iddiaçı və onun vəkilinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) (İPM-in 2.2.4 və 34.2-ci maddələri) qismində mümkün iddiadır. İPM-in 2.2.4-cü maddəsində müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia öhdəliyin icrası haqqında iddianın xüsusi bir növü kimi təsbit olunmuşdur. Bu iddia növünün konkret açıqlaması isə, həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrində əksini tapmışdır. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia inzibati orqanın inzibati akt olmayan əlverişsiz hərəkətlərini aradan qaldırmaq və ya onların qarşısını almaq məqsədi daşıyır. İPM-in 34.2-ci maddəsinə əsasən, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia inzibati orqanın hazırkı hərəkətinə, həmin Məcəllənin 34.3-cü maddəsində nəzərdə tutulmuş müstəsna qayda əsas götürülməklə qaldırılan müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia isə, inzibati orqanın gələcək publik-hüquqi davranışına yönəlir. Hazırki halda cavabdehin tikinti işlərinin aparılmasına icazə verilməməsində ifadə olunan hərəkəti iddiaçının hüquqlarına qanunsuz müdaxilə etdiyi üçün onun qeyd olunan iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır. Həmçinin iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 80.1-ci bəndinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci bəndinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3-cü bəndinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4-cü bəndinə əsasən Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.5-ci bəndinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 82.1-ci bəndinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum sifarişçiyə icazə barədə qərarı və xüsusi nişanı təqdim etdikdən sonra 3 iş günü ərzində bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. 82.2-ci bəndinə əsasən məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 1 ay ərzində tikinti layihəsinə irad olmadıqda, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum həmin müddətin bitdiyi vaxtdan 3 iş günü ərzində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. 1.3-cü bəndinə əsasən yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar. 1.4-cü bəndinə əsasən yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. 3.11.1-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir; 3.11.2-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir; Göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmaq hüququ və dövlətin üzərinə götürdüyü öhdəliklərin uzlaşması baxımından qeyrimütənasibdir. Nəzərə almaq lazımdır ki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə hüquqa müdaxilənin yol verilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazılığa da əməl olunmalıdır. İş materiallarında olan plan-ölçü sənədi, torpaq sahəsinin cizgisi və mütəxəssis rəyinə əlavə olunan sxemdən də göründüyü kimi iddiaçının mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsi ümumi istifadədə olan yolun üzərində yerləşir və həmin sahədə onun tikinti işləri aparması qeyd olunan ərazidə əhalinin hərəkətinə və yoldan istifadə imkanlara məhdudiyyət yaradır. İddiaçının maraqları ilə cəmiyyətin maraqları hazırki işdə toqquşduğundan və onun arzuladığı nəticə ilə dövlətin üzərinə götürdüyü öhdəliklərin uzlaşmaması səbəbindən cavabdehin tikinti işlərinin aparılmasına icazə verilməməsində ifadə olunan hərəkətləri qanuni və əsaslıdır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməli, mütəxəssis rəyinin verilməsinə görə xərc iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.4-cü maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.2-ci maddəsinə əsasən, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı prosessual xərcləri tələb etmədiyindən dövlət rüsumundan ibarət məhkəmə xərci iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində tikinti işlərinin aparılmasına törədilən maneələrin aradan qaldırılması və tikinti işlərinin aparılmasına icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 95 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X8 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB**********3701778 VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar