Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-513/2024 31.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Şəki Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı “xx.xx.1998-ci il tarixli 91 nömrəli doğum haqqında akt qeydində (İddiaçı ilə bağlı) iddiaçının adının “Qıztamam” adından “Aytac” adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1998-ci il tarixli 91 nömrəli doğum haqqında akt qeydində ( İddiaçı ilə bağlı) iddiaçının adının “Qıztamam” adından “Aytac” adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1988-ci ildə Şəki rayonu Kiçik Dəhnə kəndində anadan olmmuşdur. İlkin olaraq doğum haqqında akt qeydində adı “Qıztamam” olaraq qeyd edilmiş, lakin barəsində tərtib edilmiş doğum haqqında şəhadətnamədə adı Aytac olaraq qeyd edilmişdir. Barəsində olan bütün sənədlərdə adı Aytac olaraq qeyd edilmişdir. İddiaçı doğum haqqında akt qeydində adına düzəlişin edilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh ona ərizənin icrasından imtina edilməsi ilə bağlı məktub təqdim etmişdir. Cavabdeh iddiaçının ərizəsinə münasibətində bildirmişdir ki, doğum haqqında akt qeydində dəyişiklik edilməsi üçün əsas olan doğum haqqında ilkin şəhadətnaməni təqdim edə bilmədiyindən, həmçinin vətəndaşın adının “Qıztamam”dan “Aytaca” a dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin sərəncamı aşkar edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş,tələbin icrasından imtina edilmişdir.
2. A seriyalı 432696 nömrəli atesstatın surətindən görünür ki, iddiaçının adı “Aytac”, soyadı “Süleymanova”, ata adı “İlqar” kimi qeyd edilmişdir.
3. A seriyalı 363775 nömrəli ümumi orta təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının adı “Aytac”, soyadı “Süleymanova”, ata adı “İlqar” kimi qeyd edilmişdir.
4. C seriyalı 036983 nömrəli diplomun surətindən görünür ki, iddiaçının adı “Aytac”, soyadı “Süleymanova”, ata adı “İlqar” kimi qeyd edilmişdir.
5. AZ-İ seriyalı 417494 №-li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının adı “Aytac”, soyadı “Süleymanova”, ata adı “İlqar” kimi qeyd edilmişdir.
6. Şəki Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat qeydiyyat şöbəsində saxlanılan xx.xx.1998-ci il tarixdə tərtib edilmiş 91 №-li doğum aktı qeydinin surətindən görünür ki, iddiaçının adı “Qıztamam”, soyadı “Süleymanova”, ata adı “İlqar”, doğum tarixi “xx.xx.1998-ci” kimi qeyd edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-18/2- 467/2023 nömrəli məktubuna əlavə edilmiş İddiaçı barəsində çıxarışdan görünür ki, iddiaçının adı “Aytac”, soyadı “Süleymanova”, ata adı “İlqar”, doğulduğu yer Şəki rayonu Kiçik Dəhnə kəndi, doğulduğu il xx.xx.1998-ci il, ünvanı Şəki rayonu Kiçik Dəhnə kəndi qeyd edilmişdir.
8. Şəki rayon dövlət arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş təsərrüfatbaşına kitabda iddiaçının adı “Aytac”, soyadı “Süleymanova”, ata adı “İlqar” kimi qeyd edilmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi : Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Həmin Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İddiaçının hüquqi marağı “Doğum haqqında akt qeydi”nin “ad” qrafasına düzəliş edilməklə adının “Aytac” kimi qeyd olunmasından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı aid digər sənədlərdə adı “Qıztamam” olaraq deyil, “Aytac” olaraq qeyd edilmiş, həmin adla təhsil almışdır.İddiaçının adı ilkin olaraq “Qıztamam” kimi yazılmış,sonradan valideynlərinin müraciəti əsasında onlara övladının “Aytac” adına dəyişdirilmiş,yeni Doğum haqqında Şəhadətnamə təqdim edilmişdir.Lakin,yeni sənədi tərtib etmiş inzibati orqan natamam inzzibati icraat apardığından adın dəyişdirilməsinə dair müvafiq sənədləri saxlamamışdır.Nəticə etibari ilə iddiaçının adının dəyişdirilməsinə dair təqdim edilmiş AZ-İ seriyalı 417494 №-li Doğum haqqında şəhadətnamə faktı təsdiq etmişdir. Odur ki,hazırkı mübahisənin həlli zamanı yuxarıdakı hallar nəzərə alınmaqla ilkin qeydə düzəliş edilməsinə dair iddia uğurlu hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Cavabdeh Şəki Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin üzərinə İddiaçı barəsində tərtib edilmiş xx.xx.1998-ci il tarixli 91 nömrəli doğum haqqında akt qeydinin “ad” qrafasına “Qıztamam” adından “Aytac” adına düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə