Məhkəmə qərarları › İş №2-1(116)-514/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-514/2020

04.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-514/2020 04.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi X2 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “əmək pensiyasının 5190,68 manat son haqq-hesab məbləği də nəzərə alınmaqla bütün dövr üzrə (xx.xx.2017-ci tarixdən) yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 31 mart 2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 10 saylı Ərazi Vergilər İdarəsindən pensiya yaşının (65 yaş) tamam olması ilə əlaqədar vəzifəsindən azad edilərək dövlət qulluqçusu kimi pensiyaya çıxmışdır. Pensiyaya çıxan zaman İsmayıllı DSMF-nin tələbi ilə qanunvericiliyə uyğun olaraq lazım olan bütün sənədləri (DSMF-yə məktub, son 24 ayın gəlirləri barədə məlumat, əmək kitabçasının surəti və s.) təqdim etmişdir. Gəlirləri barədə arayışda son 24 ayın (xx.xx.2015 xx.xx.2017) bütün gəlirləri (əsas əmək haqqı, fərdi rütbəyə və xidmət illərinə görə əlavə əmək haqqı, məzuniyyət pulu, mükafatlar və s.), həmçinin işdən çıxmağı ilə əlaqədar son haqq-hesab məbləği öz əksini tapmışdır. Lakin ona hesablanan son haqq-hesab məbləği pensiya təyin edilərkən cavabdeh tərəfindən nəzərə alınmamışdır. Belə ki, son haqqhesab daxil edilmədən son 24 ayın gəlirləri toplanaraq 24-ə bölünməklə orta aylıq əmək haqqı çıxarılaraq onun 80%-i orta aylıq pensiya məbləği kimi hesablanmaqla 685 manat aylıq pensiya təyin edilmişdir (20548,25 /24 x 80% = 685). Gəlirləri haqqında məlumatdan göründüyü kimi 5190,68 manat son haqq-hesab məbləği pensiya təyinatı zamanı nəzərə alınmamışdır. Ona hesablanan bütün gəlirlər üzrə gəlir vergisi və sosial sığorta ayırmaları hesablanaraq aidiyyatı üzrə hesablara köçürülmüşdür. Son haqq-hesab məbləğinə də gəlir vergisi və sosial sığorta ayırmaları (22% və 3%) hesablanaraq tamamilə aidiyyatı üzrə köçürülmüşdür. O, cavabdehə rəsmi qaydada yazılı müraciət edərək son haqq-hesabı da daxil etməklə təyin edilmiş aylıq pensiya məbləğini yenidən hesablamağı xahiş etmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli 45/23 №-li məktubla onun xahişini mümkünsüz saymışdır. Cavabdehin etirazının dəlilləri: İddiaçı pensiya yaşının çatması ilə əlaqədar xx.xx.2015-ci il tarixdə şöbəyə ərizə ilə müraciət etmiş və ona xx.xx.2015-ci il tarixdən yaşa görə 200,93 manat əmək pensiyası təyin olunaraq ödənilmişdir. Azərbaycan Respublikasının Vergilər naziri Fazil Məmmədovun xx.xx.2017-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdən xitam verilərək tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar İddiaçı xx.xx.2017-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək dövlət qulluqçusu kimi pensiya təyin olunmasını xahiş etmişdir. Vətəndaşın müraciətinə pensiya təyin edən komissiyanın xx.xx.2017-ci il tarixdə keçirilən iclasında Qanunun 20.11-ci maddəsinin şərtinə əsasən əmək fəaliyyətinin son 24 ayının (xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək) orta aylıq əmək haqqı nəzərə alınmaqla xx.xx.2017-ci il tarixdən ona dövlət qulluqçusu kimi 685,24 manat pensiya təyin olunmuş, Azərbaycan Respublikası Prezidentinin növbəti fərmanlarına uyğun olaraq pensiya məbləği artırılaraq xx.xx.2018-ci il tarixdən 784,76 manata, xx.xx.2019-cu il tarixdən isə 1101,25 manata çatdırılmışdır. Qanun 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlarda nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər li (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Ərizəyə əlavə olunmuş xx.xx.2017-ci il tarixli **********446000 nömrəli əmək haqqı barədə arayışda 2017-ci ilin aprel ayında 5190,68 manat son son haqq-hesab ödənilməsi qeyd olunmasına baxmayaraq əmək fəaliyyətinin son 24 ayının əhatə olunduğu dövrə təsadüf etmədiyi üçün həmin məbləğ orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınması Qanunun 20.11.-ci maddəsinin tələbinə ziddir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, İddiaçı əmək pensiyasını 5190,68 manat son haqq-hesab məbləği də nəzərə alınmaqla bütün dövr üzrə (xx.xx.2017-ci il tarixdən) yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.11-ci maddəsinin tələbinə zidd olduğu üçün qəbul edilə bilməz. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli X1 surəti, xx.xx.2017-ci il tarixli **********471600 nömrəli işdən azad etmə haqqında əmrin təsdiqlənmiş surəti, xx.xx.2017-ci il tarixli **********446000 nömrəli arayış, DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2018-ci il tarixli **********7 nömrəli məktubu, xx.xx.2018-ci il tarixli 45/23 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli **********2 nömrəli etirazı, xx.xx.2015-ci il tarixli Sığortaolunanın ümumi iş stajı barədə məlumat aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İşdə olan xx.xx.2017 tarixli **********471600 nömrəli işdən azad etmə haqqında arayışdan görünür ki, İddiaçı, Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinin Koordinasıya bölməsinin dövlət vergi müfəttişi ilə bağlanmış əmək müqaviləsinə 31 mart 2017-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «e» bəndinə və «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»nin 75-ci maddəsinin 8-ci hissəsinə əsasən xitam verilərək tuttuğu vəzifədən azad edilmişdir. Həmin əmrin 2-ci bəndindən görünür ki, iddiaçı ilə son haqq-hesabın və təhvil-təslim işlərinin aparılmasının təmin edilməsi 10 saylı Ərazi Vergilər İdarəsinin direktoruna tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 2-ci bəndinə görə, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Qaydaların 3-cü bəndinə görə, əmək pensiyasının təyin edilməsi üçün dövlət vacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən iddiaçıya dövlət qulluqçusu kimi müvafiq ayda aldığı məvacibindən hesablanmaqla pensiya təyin edilmişdir. İşin mübahisələndirilən halı iddiaçının işdən çıxdıqdan sonra aldığı son haqq-hesab məbləği nəzərə alınmaqla pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddiaçı pensiyaya çıxarkən onun sonradan son haqq-hesaba görə aldığı 5190,68 manat nəzərə alınmamışdır. İnzibati orqan buna səbəb kimi 5190,68 manatın iddiaçı işdən çıxdıqdan sonrakı dövrə aid olduğundan həmin məbləğin pensiya hesablanmaq üçün əsas götürülən orta aylıq əmək haqqına daxil edilməsinin mümkün olmadığını göstərmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqanın həmin məbləği nəzərə almaması əsaslı olmamış, nəticədə iddiaçının hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. Lakin inzibati orqan iddiaçının 24 ayda aldığı məbləği tam nəzərə almadan hesablama aparmaqla iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, son haqq-hesabın aprel 2017-ci ildə aprılması iddiaçının günahı səbəbindən olmamış, beləliklə də iddiaçı ilə 31 mart 2017-ci il tarixində əmək müqaviləsinə xitam verildiyi halda, ondan sonrakı ayda ona ödənilmiş son haqq-hesabın pensiya təyinatı zamanı nəzərə alınmaması qanunsuz olmuşdur. (analoji mübahisə üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019cu il tarixli 2-1(102)-2379/2019 saylı qərarında da qeyd olunan qiymət verilmişdir.) Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə İddiaçı əmək pensiyasının 5190.68 manat son haqq-hesab məbləği də nəzərə alınmaqla bütün dövr üzrə (xx.xx.2017-ci tarixdən) yenidən hesablanmasıöhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı əmək pensiyasının 5190,68 manat son haqq-hesab məbləği də nəzərə alınmaqla bütün dövr üzrə (xx.xx.2017-ci tarixdən) yenidən hesablanması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar