Məhkəmə qərarları › İş №2-1(116)-516/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-516/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-516/2021 25.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X19, "xxxx" QSC BOKT) “İsmayıllı rayon Kəlbənd kəndində yerləşən 1.42 ha əkin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 18.03.2020-ci il tarixdə verilmiş çıxarış üzrə 1.42 ha torpaq sahəsini plan və ölçüsünün hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayon Kəlbənd kəndində yerləşən 1.42 ha əkin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 18.03.2020-ci il tarixdə verilmiş çıxarış üzrə 1.42 ha torpaq sahəsini plan və ölçüsünün hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 21.01.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq islahatları zamanı iddiaçı və ailəsinin mülkiyyətinə İsmayıllı rayon Qubaxəlilli kəndi ərazisindən X21 komissiyasının müvafiq qərarına uyğun olaraq pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin bir hissəsini 06 dekabr 2004-cü il tarixdə İsmayıllı rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən fiziki şəxsə satmış, qalan 1,4693 hektar hissəsi isə iddiaçının mülkiyyətində qalmışdır. İddiaçı həmin torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 03.09.2020-ci il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin verilməsi tələbi barədə təkrar müraciətinə aidiyyəti üzrə baxılmışdır. İddiaçının mərhum əri X5 məxsus, JN-743 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın dublikatının verilməsi ilə bağlı 10 fevral 2020-ci il tarixli müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 1,4693 ha torpaq sahəsinə dair hüquqlar dövlət qeydiyyatına alınaraq, iddiaçının mərhum ərinin adına elektron çıxarış hazırlanmışdır. Bundan sonra iddiaçının təqdim etdiyi notarial qaydada təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 28 fevral 2020-ci il tarixli ərizənin məqsədi olaraq, 1,4693 ha torpaq sahəsinə dair hüquqlar dövlət reyestrində qeydiyyata alınaraq, elektron çıxarış hazırlanmışdır. Əlavə olaraq bildirilir ki, hər iki ərizəsində iddiaçı yuxarıda göstərilən torpaq sahəsinə yalnız hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarışın verilməsini qeyd etdiyi üçün “Torpaq sahəsinin plan və ölçüsü” sənədi hazırlanmamışdır. İddiaçının mmüraciəti ilə bağlı araşdırma aparılarkən məlum olmuşdur ki, təqdim etdiyi JN-743 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ında göstərilən torpaq sahəsinin koordinatları ilə digər vətəndaşa məxsus dövlət reyestrində qeydə alınmış torpaq sahəsinin koordinatları üst-üstə düşür. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 09.03.2021-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, İddiaçı İsmayıllı rayonu Kəlbənd kəndində yerləşən 1.42 ha torpaq sahəsinə plan və ölçü sənədinin hazırlanması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı təqdim etdiyi JN-743 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akı”nda göstərilən torpaq sahəsinin koordinatları ilə digər vətəndaşa məxsus dövlət reyestrində qeydə alınmış torpaq sahəsinin koordinatları üst-üstə düşür. Qeyd edilən torpaq sahəsi X16 adına dövlət qeydiyyatına alınmışdır. Hal-hazırda həmin torpaq sahəsi "xxxx" QSC BOKT-da ipoteka qoyulmuşdur. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Eyni zamanda qeyd edilir ki, iddia edilən torpaq sahəsi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan 18.03.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən 1.4693 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/3 hissəsi İddiaçı, 1/3 hissəsi isə X8 mülkiyyətindədir. İş materiallarında olan JN-0743 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı rayonu DNK-nın 06.12.2004-cü il tarixli 4Ə-1-179 saylı alqı-satqı müqaviləsi ilə 1.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11, X6, X2 və X3 verilmişdir. İş materiallarında olan JN-789 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, həmin aktda göstərilən alqı-satqı müqavilələrinə əsasən 348.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AA seriyalı 008752 nömrəli 13.04.2011-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, 45.8898 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 mülkiyyətinə verilmişdir. İş materiallarında olan MA seriyalı ******* nömrəli 13.04.2011-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, 45.8898 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 13.02.2013-cü il tarixli ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, X17 özünə məxsus olan İsmayıllı rayonu, Qubaxəlilli kəndi ərazisində yerləşən 45.8898 ha torpaq sahəsini hazırkı iş üzrə üçüncü şəxs X1. İş materiallarında olan RX seriyalı ******* nömrəli 22.05.2014-cü il tarixli çıxarışın və AA seriyalı 004546 nömrəli 22.05.2014-cü il tarixli ”Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, 45.8898 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 mülkiyyətindədir. İş materiallarında olan RX seriyalı ******* nömrəli 23.02.2018-ci il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən mülkiyyət hüququ əsasında X18 məxsus olan 45.8898 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 03.11.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən hazırkı iş üzrə üçüncü şəxs "xxxx" QSC BOKT-un xeyrinə hüquq yüklü edilmişdir. İş materiallarında olan mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, tələbdə göstərilən torpaq sahəsi Mərkəzin elektron məlumat bazasında öz əksini tapan İsmayıllı rayon Qubaxəlilli kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən kənd təsərrüfatı təyinatlı, uqodiyası əkindir. Sözügedən torpaq sahəsi X19 tərəfindən istifadə olunur. Hüquqlann Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən **********61 nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 1,4633 hektar torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqıda daşınmaz əmlakın Dövlət reyestri tərəfindən **********54 nömrəli çıxarışa əsasən üçüncü şəxs X13 mülkiyyətinə verilmiş 45.8808 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməklə 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki- hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda isə inzibati məhkəmələrdə baxılmalıdır.” Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının hüquqi marağı İsmayıllı rayon Kəlbənd kəndində yerləşən 1.42 ha əkin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 18.03.2020-ci il tarixdə verilmiş çıxarış üzrə 1.42 ha torpaq sahəsini plan və ölçüsünün verilməsinə nail olmaqdan ibarətdir. Lakin tələbdə göstərilən torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqıda daşınmaz əmlakın Dövlət reyestri tərəfindən **********54 nömrəli çıxarışa əsasən üçüncü şəxs X13 mülkiyyətinə verilmiş 45.8808 hektar torpaq sahəsi ilə üst-üstə düşür. **********54 nömrəli çıxarış 13.02.2013-cü il tarixli ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin əsasında verilmiş, sözügedən müqavilə ilə MA seriyalı ******* nömrəli 13.04.2011-ci il tarixli çıxarışda qeyd olunan torpaq sahəsi satılmışdır. MA seriyalı ******* nömrəli 13.04.2011-ci il tarixli çıxarış isə öz növbəsində JN-789 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının əsasında tərtib olunmuşdur. JN-789 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı (mübahisəli olan 45.8808 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissə) ləğv edilmədən iddiaçının mülkiyyətində olan sahəyə plan-ölçü sənədinin verilməsi mümkün deyil. Həmçinin iddiaçıya iddianın dəyişdirilməsi üçün də yardım edilməsini məhkəmə əhəmiyyətsiz hesab etmişdir. Belə ki, hətta iddiaçı iddianı dəyişib JN-789 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsələr belə, analoji tələblə ilk növbədə cavabdehə müraciət etmədiyi üçün iddiaçıya yardım edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara səbəbə olacaqdır. Bu səbəbdən icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçıya yardım edilməsindən imtina edilmiş, lakin bununla belə hüquqi maraqları nəzərə alınmaqla JN-789 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ləğv edilməsi barədə cavabdehə müraciət etmək hüquqları izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X19, "xxxx" QSC BOKT) “İsmayıllı rayon Kəlbənd kəndində yerləşən 1.42 ha əkin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 18.03.2020-ci il tarixdə verilmiş çıxarış üzrə 1.42 ha torpaq sahəsini plan və ölçüsünün hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 315 manat 69 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X23 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar