Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-517/2024 30.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə qarşı "Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(117)-1844/2022 nömrəli qətnaməsi ilə İddiaçı ölkdən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(117)-1844/2022 nömrəli qətnaməsi ilə İddiaçı ölkdən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin qeydiyyat idarəsi tərəfindən xx.xx.2004-cü ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adı altında qeydə alınan hüquqi şəxs bina tikintisi ilə məşğul olmuş və həmin dönəmdə vergi öhdəlikləri yaranmışdır. Təsisçilərinin xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqitəşkilatı formasının dəyişdirilərək "xxxx" Mənzil Tikinti Kooperativinə (MTK) çevrilmiş və MTKnın sədri vəzifəsinə İddiaçı təyin olunmuşdur. Bununla bağlı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin qeydiyyat idarəsi tərəfindən verilmiş **********411200 nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış təqdim edilmişdir. "xxxx" MTK-nın davam etməkdə olan vergi öhdəlikləri səbəbiylə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1844/2022 nömrəli qətnaməsi ilə İddiaçı ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin qeydiyyat idarəsi tərəfindən verilmiş **********418800 nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, "xxxx" MTK-nın yeni sədri vəzifəsinə X2 təyin edilmişdir. Məlum olduğu kimi, vergi borcunun "xxxx" MTK-ya məxsus olmasına və MTK-nın sədri vəzifəsini başqa şəxs icra etməsinə baxmayaraq. "xxxx" MTK-nın vergi borcuna görə İddiaçı ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudlaşdırma hələ də götürülməmişdir.İddiaçı bütün bunlarla əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən müvafiq dəyişikliyin edilməsindən imtina edilmişdir. Cavabdeh vəsatət göndərərək, iddia müddəti keçdiyindən İddiaçı hazırkı iddia tələbi ilə bağlı iddianın mümkün sayılmaması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktuna əlavə edilmiş çıxarışdan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri hazırda X1r.İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativinin sədri olmuşdur.
2. RÜR” Mənzil Tikinti Kooperativinin vergi öhdəliyinə dair şəxsi hesab vərəqəsi;
3. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1844/2022 nömrəli qətnaməsi;
Əsaslandırma hissəsi:
İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İlk növbədə qeyd olunmalıdır ki, İddiaçı ölkədən getmək hüququ onun hüquqi şəxsin icra orqanının rəhbəri kimi vergi öhdəilklərini yerinə yetirmədiyi üçün Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1844/2022 saylı qətnaməsinə əsasən iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativinin sədri olmuşdur.O, hazırda "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbəri deyildir. Təqdim edilən şəxsi hesab vərəqəsindən görünür ki,hüquqi şəxsin borcu iddiaçının rəhbər olduğu dövrə deyil,daha əvvəlki dövrə aiddir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin əsasən 23.1.15-3-cü maddəsinə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Həmin Məcəllənin 24.1.2-1-ci maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanın vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 355-5.1 -ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin maddənin məzmunundan aşağıdakılar müəyyən edilir : 1). Vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2). Vergi borcu vaxtında ödənilməməlidir; 3). Hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri (qanuni təmsilçisi) olmalıdır. Göründüyü kimi iddiaçı hazırda "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbəri deyildir. Şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri vəzifəsindən azad olunması halında isə qanunvericiliyin qeyd olunan imperativ tələblərindən biri aradan qalxdığına görə məhdudlaşdırılmaya səbəb olmuş əsas da aradan qalxır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin üzərinə İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə qərarın qəbul edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə