Məhkəmə qərarları › İş №2-1(116)-518/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-518/2022

29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-518/2022 29.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Ucar Rayonu Boyat Bələdiyyəsinə qarşı "islahat zamanı iddiaçılara kəsr verilmiş pay torpaq sahəsinin əvəzi olaraq Boyat Bələdiyyəsinin mülkiyyətində olan və iddiaçıların faktiki istifadəsində olan 0,48 ha torpaq sahəsinin onların mülkiyyətlərinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Ucar Rayon Aqrar İslahat Komissiyasının 03.11.1997-ci il tarixli 14 nömrəli qərarına əsasən, X2, X3, İddiaçı1 və İddiaçı3 mülkiyyətinə 0,79 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş və bununla bağlı JN-119 kod 90403028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Sözügedən "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda İddiaçı1 adı "X4" kimi, İddiaçı3 adı isə "X5" kimi yazılmışdır. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Ucar Rayonu Boyat Bələdiyyəsinə ərizə ilə müraciət edərək, islahat zamanı onlara kəsr verilmiş 0,48 ha pay torpaq sahəsinin onların mülkiyyətlərinə verilməsini xahiş etmiş, lakin Boyat Bələdiyyəsi 05.11.2021-ci il tarixli 08 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, həmin pay torpağında İddiaçı1, anası Səlimova (Mahmudova) Sürmə Fəzayıl qızının və bacısı İddiaçı3 adları olmasına baxmayaraq həyətyanı torpaq sahəsində adları yoxdur. Müraciətdə qeyd olunan qaydada torpaq sahəsinin iddiaçıların mülkiyyətlərinə verilməsinin Bələdiyyənin imkanı xaricində olduğunu qeyd etmiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bundan sonra iddiaçılar hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. Onlar tələblərini belə əsaslandırmışlar ki, Aqrar İslahat Komissiyasının qərarı ilə onların ailəsinə 0,79 ha pay torpaq sahəsi verilmişdir. Həmin vaxt həyətyanı torpaq sahəsində 0,48 ha zəbt olduğu üçün pay torpağından həmin ölçüdə torpaq sahəsi çıxılmış, ancaq bu barədə "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda qeyd aparılmamışdır. Ona görə də kəsr verilmiş pay torpaq sahəsinin əvəzi olaraq Boyat Bələdiyyəsinin mülkiyyətində olan və onların faktiki istifadəsində olan 0,48 ha torpaq sahəsinin onların mülkiyyətlərinə verilməsini xahiş etmişlər. Cavabdeh iddiaya yazılı münasibət (etiraz) bildirməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, JN-119 kod 90403028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Ucar Rayon Aqrar İslahat Komissiyasının 03.11.1997-ci il tarixli 14 nömrəli qərarına əsasən, X2, X3, İddiaçı1 və İddiaçı3 mülkiyyətinə 0,79 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Sözügedən "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda İddiaçı1 adı "X4" kimi, İddiaçı3 adı isə "X5" kimi yazılmışdır. - İşdə olan, cavabdehin 04.11.2021-ci il tarixli 08 nömrəli imtina məktubundan görünür ki, həmin pay torpağında İddiaçı1, anası Səlimova (Mahmudova) Sürmə Fəzayıl qızının və bacısı İddiaçı3 adları olmasına baxmayaraq həyətyanı torpaq sahəsində adları yoxdur. Müraciətdə qeyd olunan qaydada torpaq sahəsinin iddiaçıların mülkiyyətlərinə verilməsinin Bələdiyyənin imkanı xaricində olduğunu qeyd etmiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin 27.01.2022-ci il tarixli **********74 nömrəli məktubundan görünür ki, Ucra rayonu Boyat kəndinin ("Füzuli" təsərrüfatı) həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarında İddiaçı1, İddiaçı3 və İddiaçı2 adları aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Həmin Qanunun 11-ci maddəsində deyilir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. (1-ci hissənin 1-ci abzası) Həmin Qanunun 13-cü maddəsində deyilir ki, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinə görə, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası rayonlarının (şəhərlərinin) sərhədləri daxilində torpaqlar istifadəçilər, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dürüstləşdirilir. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin perspektiv inkişafı nəzərə alınmaqla onların hüdudları müəyyən edilir. İslahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Göründüyü kimi, "Torpaq islahatı haqqında" Qanunda çatışmayan torpaq sahəsinin vətəndaşların mülkiyyətinə verilməsi öhdəliyi bələdiyyələrin üzərinə qoyulmamışdır. Belə olan halda, iddiaçıların cavabdeh Ucar Rayonu Boyat Bələdiyyəsindən torpaq tələbi əsassızdır. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Ucar Rayonu Boyat Bələdiyyəsinə qarşı "islahat zamanı iddiaçılara kəsr verilmiş pay torpaq sahəsinin əvəzi olaraq Boyat Bələdiyyəsinin mülkiyyətində olan və iddiaçıların faktiki istifadəsində olan 0,48 ha torpaq sahəsinin onların mülkiyyətlərinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar