Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-518/2024 10.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı1 və X1 cavabdeh “barəsində tərtib olunmuş xx.xx.1955-ci il tarixli doğum haqqında akt qeydində soyad qrafasında Fətəliyev, ad qrafasında Əsədullah olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki Regional “Asan Xidmət Mərkəzi”ndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı “İddiaçı1 soyadının saxlanılması barədə qərar çıxarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 10 yanvar 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “barəsində tərtib olunmuş xx.xx.1955-ci il tarixli doğum haqqında akt qeydində soyad qrafasında Fətəliyev, ad qrafasında Əsədullah olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı düzəlişin edilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Lakin oradan mənə məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Cavabdeh iddiaçının ərizəsinə münasibətində bildirmişdir ki, vətəndaşın ərizəsinə əlavə etdiyi AZ-İ seriyalı 880332 nömrəli, xx.xx.2007-ci il tarixli doğum haqqında təkrar şəhadətnamədə və ********* nömrəli xaric pasportda atasının soyadı “Fətəliyev” adı “Əsədullah” yazılmış, lakin Şəki şəhər İHB-nın Baş Zəyzid kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1955-ci il tarixli 111 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında atasının soyadı “Mütdəlibov”, adı “Əsədüllah” kimi qeyd olunmuşdur. Həmçinin,bildirilir ki, Şəki şəhər İHB-nın Baş Zəyzid kənd İƏDS-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1955-ci il tarixli 111 nömrəli doğum haqqında akt qeydində uşaq və ana haqqında məlumat qrafalarında Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.1981-ci il tarixli, 45 saylı sərəncamına əsasən uşaq və ananın soyadlarına müvafiq olaraq “Fətəliyev”dən “Mütəllibov”a, “Məmmədova”dan “Mütəllibovaya”ya dəyişiklik edildiyi qeyd olunmuşdur. Doğum haqqında akt qeydində dəyişiklik edilməsi üçün kifayət qədər əsaslar olmadığından doğum haqqında akt qeydinə müvafiq dəyişikliyin aparılması qeydiyyat şöbəsində mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. 65№8089905 nömrəli ümumvətəndaş pasportunda iddiaçının adı Əsədullah,soyadı Fətəliyev, atasının adı Balabəy, doğum tarixi xx.xx.1955-ci il kimi göstərilmişdir.
2. AZ-İ 880332 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçının adı “Əsədullah”, soyadı “Fətəliyev”, atanın adı “Balabəy” doğum tarixi “xx.xx.1955-ci il” kimi qeyd edilmişdir.
3. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş,tələbin icrasından imtina edilmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-18/2-538/2023 nömrəli məktubuna əlavə edilmiş İddiaçı1 barəsində çıxarışdan görünür ki, iddiaçının adı “Əsədullah”, soyadı “Fətəliyev”, ata adı “Balabəy”, doğulduğu il xx.xx.1955-ci il, həyat yoldaşı X4, uşaqları X2, X3 və İddiaçı2 qeyd edilmişdir.
5. Şəki rayon qeydiyyat şöbəsində saxlanılan xx.xx.1955-cu il tarixdə tərtib edilmiş 111 №-li doğum aktı qeydinin surətindən görünür ki, iddiaçının adı “Əsədüllah”, soyadı “Mütdəbilov”, atanın adı “Balabəy”, doğum tarixi “xx.xx.1955-ci il” kimi qeyd edilmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, həmçinin iddia əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi : Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Həmin Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İddiaçının hüquqi marağı “Doğum haqqında akt qeydi” ndə “ad”, “soyadı” qrafasına düzəliş edilməklə adının “Əsədullah”, soyadının Fətəliyev” kimi qeyd olunmasından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 aid digər sənədlərdə adı “Əsədüllah” olaraq deyil, “Əsədullah”, soyadı “Mütdəlibov” deyil “Fətəliyev” olaraq qeyd edilmiş, həmin ad və soyadla təhsil almış, nikaha daxil olmuşdur. Göründüyü kimi ilkin sənəddə yanlışlıq iddiaçının adının orfoqrafik qaydalara uyğun qeyd edilməməsi ilə bağlı olmuşdur.İddiaçının soyadının “Mütdəlibov” kimi dəyişdirilməsinə əsas olaraq qeyd olunan Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.1981-ci il tarixli, 45 saylı sərəncamı aşkar olunmamışdır.Bu səbəbdən də onun yaratmış olduğu hüquqi nəticədə əhəmiyyətini itirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Şəki Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin üzərinə İddiaçı1 barəsində tərtib olunmuş xx.xx.1955-ci il tarixli doğum haqqında akt qeydində soyad qrafasında “Fətəliyev”, ad qrafasında “Əsədullah” olaraq düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə