Məhkəmə qərarları › İş №2-1(116)-519/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-519/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-519/2025 27.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1977-1998-ci illərdə kolxozda tütün işləməyi və 2002- 2006-cı illərdə pay torpağından istifadə edərək sosial sığorta stajı hesablanması üçün ödədiyi sığorta haqqları nəzərə alınaraq iddiaçıya 55 yaşdan yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki 3 il üçün ödənilməli olan pensiya məbləğinin tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1977-1998-ci illərdə kolxozda tütün işləməyi və 2002-2006-cı illərdə pay torpağından istifadə edərək sosial sığorta stajı hesablanması üçün ödədiyi sığorta haqqları nəzərə alınara iddiaçıya 55 yaşdan yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraiət tarixindən əvvəlki 3 il üçün ödənilməli olan pensiya məbləğinin tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1960-cı ildə Şəki rayonu Dərəcənnət kəndində anadan olmuşdur, hazırda 64 yaşı vardır. İşlədiyi illər və işlədiyi sahə də nəzərə alınmaqla əvvəlki Qanunvericiliyin tələbləri əsas tutularaq ona hüququnun yarandığı 55 yaşdan yəni xx.xx.2015-cİ ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Belə ki, onun adına açılmış əmək kitabçasından və X4 filialından verilən Arxiv arayışına əsasən o, 1977-1998-ci illərdə kolxozda tütün sahəsində işləmişdir (xx.xx.1977xx.xx.1998). Bu sahədə 20 il 25 gün sığorta stajı vardır və bu stajtn 10 ildən çoxu ağır və zərərli sahədir. Bundan əlavə islahat vaxtı ailələrinə verilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində işlməklə 2002, 2003, 2004, 2005 və 2006-cı illər üçün sosial sığorta üçün qəbz əsasında pul ödəmişdir. Ümumilikdə onun 2006-cı ilədək 25 ildən çox sosial sığorta stajı vardır və bunun da 20 ildən çox hissəsi ağır və zərərli sahə hesab edilir. Cavabdeh orqan məhkəyəmə təqdim olunmuş iddia tələbinə etirazı: Bildirilir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə - 52 yaşına xx.xx.2012-ci il tarixdə çatmışdır. Beləliklə, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: • xx.xx.2006-cı il tarixədək 20 il ümumi is stajı; • xx.xx.2006-cı il tarixədək tütünçü kimi 15 il güzəştli is stajı. Bildirilir ki, iddiaçıya məxsus ИТ-1 ******* nömrəli əmək kitabçasının surətində xx.xx.1977-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının kolxozda işlədiyi qeyd olunmuşdur. X4 Filialının iddiaçıya dair 17 oktyabr 2023-cü il tarixli arayışında isə xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının əməkhaqqı almağı ilə bağlı məlumat qeyd edilmədiyi üçün həmin müddətdə iddiaçının əmək fəaliyyəti ilə məşğul olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 20 ildən az (16 il 8 ay (xx.xx.1977-xx.xx.1993-cü il tarixləri arasındakı dövr)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, idiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16794,12 manat təşkil edir. Eyni zamanda İddiaçı iddia ərizəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etməklə gəlir əldə etdiyini və torpağa görə məcburi dövlət sosial sığorta haqlarını xx.xx.2005-ci il, xx.xx.2006-cı il və xx.xx.2007-ci il tarixli mədaxil qəbzləri ilə ödənişlər həyata keçirdiyini, lakin sözügedən ödənişlərin onun fərdi hesabında öz əksini tapmadığını qeyd etmişdir. Bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən cavabdeh orqana müraciət etdiyi (xx.xx.2024-cü il) tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının ümumi və güzəştli iş stajı qanunvericiliyin tələblərinə əsasən kifayət etmədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Cavabdeh orqan etirazına əlavə də, İddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məsələsinin Fond daxilində araşdırılması zamanı Fondun 2 saylı Şəki - X3 tərəfindən 3 iyul 2024-cü il tarixli 3-17-1/3-1-51567/2024 nömrəli məktubda İddiaçı tərəfindən 2006-cı il üzrə 4,60 manat və 2007-ci il üzrə 8,10 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının Fondun keçmiş Şəki Şəhər Şöbəsinin yığım hesabına daxil olması barədə qəbzlərin aşkar olunduğu (ödəyici qismində İsmayılova Yasəmən, Şərqiyyə qeydi) bildirilmişdir. Məhkəmənin diqqətinə çatdırılmışdır ki, sığortaedən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs kimi fəaliyyət göstərən İddiaçı tərəfindən 0900 fəaliyyət növünə görə 2006 və 2007-ci illər üzrə ödənilmiş cəmi 12,70 (oniki manat yetmiş qəpik) manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının İddiaçı və Ş.İsmayılzadənin fərdi şəxsi hesablarında əks olunması Nazirliyin tabeliyində “DOST X1” MMC tərəfindən təmin edilmişdir Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahatlar verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu;

2. 3022019130 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarış,

3. İddiaçıya məxsus ******* nömrəli Əmək kitabçasının təsdiqlənmiş surəti;

4. İddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi;

5. X4 filialının xx.xx.2025-ci il tarixli arxiv arayışı;

6. X7 Sistemindən çıxarışlar;

Əsaslandırma hissəsi:

İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia ərizəsindən və iddiaçının cavabdehə ilkin müraciətindən görünür ki,o, 55 yaşdan yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə müraciət etmişdir.Məhkəmə qeyd edir ki,iddiaçının tələb hüququ 52 yaşdan yarandığı halda iddia tələbinin dəqiqləşdirilməsi ilkin müraciətin məzmununu nəzərə almaqla mümkü deyildir.Həmçinin,iddia uğurlu olacağı halda belə müraciət tarixindən əvvəlki 3 il üçün ödənilməli olan pensiya məbləğinin ödənilməsi həyata keçiriləcəyindən iddiaçının maddi vəziyyəti baxımdan pensiyanın təyini tarixi əhəmiyyət daşımayacaqdır. Yuxarıda göstərilənləri və prosessual qənaət baxımdan məhkəmə iddiaya iddia tələbinin hazırkı vəziyyətdə baxılmasını məqsədə uyğun hesab edir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 55 yaşdan (əslində isə 52 yaşdan) güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajı mövcuddur. Cavabdeh orqan tərəfindən iddiaçının həm ümumi həm də xüsusi iş stajı mübahisələndirilir. Cavadeh orqan tərəfindən əməkhaqqı almağı ilə bağlı məlumat qeyd edilmədiyi üçün iddiaçının kolxozda işlədiyi xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövr həmin müddətə iddiaçının əmək fəaliyyəti ilə məşğul olub-olmadığını müəyyən etmək mümkün olmadığından mübahisələndirilmişdir. Beləliklə,cavabdeh orqan xx.xx.1977-xx.xx.1993-cü il tarixləri arasındakı dövrü nəzərə almaqla iddiaçının mübahisələndirilməyən iş stajı ümumilikdə 16 il 8 aydır. Cavabdeh orqan iddiaçının Şəki rayonu Dərəcənnət kolxozunda işlədiyi müddəti mübahisələndirsə də, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 1977-ci ildən 1998-ci ilədək olan müddətdə Şəki rayonu Dərəcənnət kolxozunda işlədiyi görünür. İddiaçının həmin kolxozda əmək fəaliyyəti tütün yığımı ilə bağlı olmuşdur. İddiaçının kolxozda işlədiyi dövr (adam günü norması ekvivalenti nəzərə alınmaqla) 20 ildən artıqdır. Məhkəmə cavabdeh orqanın iddiaçının xüsusi iş stajının olmasını qəbul etməməsinə münasibətdə isə qeyd edir ki, Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 2-1(102)-2629/2018 saylı 5 dekabr 2018-ci il tarixli, 2- 1(102)- 686/2019 saylı 26 fevral 2019-cu il tarixli, 2-1(102)-1107/2019 saylı 10 aprel 2019- cu il tarixli və 2-1(102)-499/2020 saylı 18 fevral 2020-ci il, 2-1(102)-871/2021 saylı 19 may 2021-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. X5 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İddiaçının penisya hüququ 52 yaşdan yaransa da, iş materiallarından görünür ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 55 yaşının tamam olduğu, xx.xx.2015-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin xx.xx.2012-ci il tarixdən ödənilməmiş sosial müavinətlə əmək pensiyası məbləğinin fərqinin ödənilməsindən ibarətdir. İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixindən ona pensiya təyin edilməsini arzu etdiyi üçün bu tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər. Göstərilən qaydada iddiaçıya ödəniləcək pensiyanın hesablanmasının əvvəli ilkin müraciət etdiyi 12 mart 2024-cü ildən 3 il əvvəl,yəni 12 mart 2021-ci ildən sayılmalıdır. İddiaçının pensiyanın “tam şəkildə ödənilməsi” ifadəsini tələbin aydın olmamasına münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006cı il tarixədək ümumi və xüsusi iş stajı tamamlandığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə,

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 12 mart 2021-ci il tarixindən (müraciətindən əvvəlki üç ilin) ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar