Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-52/2024 10.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının dayandırılması qərarının ləğv olunması, 01 avqust 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının ödənişinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “yaşa görə əmək pensiyasının dayandırılması qərarının ləğv olunması, 01 avqust 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının ödənişinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-725/2023 nömrəli qərardadı sübutların cəlb olunması qərardadı qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. (adıi cəlbetmə). İşin qısa mahiyyəti ondan ibarətdir ki,iddiaçı xx.xx.1955-ci ildə Ağdaş rayonunda Şordəhnə kəndində anadan olmuşdur. İddiaçıya xx.xx.2013-cü ildə 10 (on) manat sosial sığorta haqqı ödədiyi nəzərə alınaraq yaşa görə əmək pensiyası təyin edilmişdir.Təyin olunmuş yaşa görə pensiya ödənişi 2022-ci ilin avqust ayından dayandırılmışdır. İddiaçı yaşa görə əmək pensiyasının bərpa edilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Bununla bağlı cavabdeh tərəfindən ona xx.xx.2022-ci il tarixində məktub ünvanlanaraq tələbinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: Xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək 01 avqust 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının davam etdirilməsini xahiş etmişdir. Bildirilmişdir ki, X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı halda xx.xx.2006-cı il tarixədək siğorta stajı 25 il hesablanmaqla Qanunun 22- 1.1-ci maddəsinə əsasən ona 2020-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçının iddiasının mümkün olmaması bildirilmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş xx.xx.2013-cü il tarixli 8 nömrəli qəbzin surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin Ağdaş filialına 10 manat dövlət sosial sığorta haqqı ödənişi etmişdir.
3. A seriyalı 905543 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, iddiaçıya (4 nəfər ailə üzvü ilə birlikdə) kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2.86 ha torpaq sahəsi verilmişdir.
4. A seriyalı 905543 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, iddiaçıya (4 nəfər ailə üzvü ilə birlikdə) kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.55 ha torpaq sahəsi verilmişdir.
5. 2022017782 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, iddiaçıya (4 nəfər ailə üzvü ilə birlikdə) kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2.86 ha torpaq sahəsi verilmişdir.
6. 2022017784 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, iddiaçıya (4 nəfər ailə üzvü ilə birlikdə) kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.55 ha torpaq sahəsi verilmişdir.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: Maddə 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır;... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır:
1. iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı;
2. Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı;
3. fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ 1 yanvar 2019-cu il tarixdən sonra, yəni 64 yaşda – xx.xx.2019-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1955-ci ildə doğulub). İkinci şərt də iddiaçıya münasibətdə mövcud olmuş, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Cavabdeh iddiaçıya təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubda müxtəlif risk qrupları və parametrlər üzrə araşdırmalar nəticəsində sübhələr yarandıqda,əmək pensiyasının və əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar baş verdikdə “Əmək pensiyaları haqqında” Qanunun 38.8.3-cü maddəsinə əsasən pensiya ödənişinin dayandırıldığı bildirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasında tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur. Beləliklə, cavabdehin iddiaçının pensiyasının dayandırılması barədə hərəkətləri qanunsuzdur.( Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1403/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında əks olunan hüquqi mövqe) İş materiallarından görünür ki, iddiaçının təqdim etdiyi xx.xx.2013-cü il tarixli "xxxx" ASC-nin Ağdaş filialının təqdim etdiyi qəbzdə 10 manat məcburi dövlət sosial sığorta haqqının ödənilməsi barədə qeyd vardır. Müvafiq qəbz xx.xx.2006-cı il tarixdən sonra tərtib edildiyindən nəzərə alınmalıdır ki, ödənilmiş həmin pul məbləğini, iddiaçının fərdi hesabının sığorta hissəsində əks etdirmək cavabdeh orqanın vəzifəsi olmuşdur. İddiaçı həmin pul məbləğini buna səlahiyyəti olan müvafiq orqana təqdim etməklə, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı qanunvericiliyin onun üzərinə qoyduğu vəzifəni yerinə yetirmişdir. Cavabdeh orqan, təqdim edilmiş həmin qəbzin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim edə bilməmiş, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmamasını bildirmişdir. Cavabdeh orqan iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmamasına, iddiaçı tərəfindən ümumiyyətlə heç bir ödəniş edilmədiyi halda istinad edə bilərdi. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən müvafiq ödənişin edilməsi sözgedən qəbzlə sübut olunur və müvafiq qəbzin mövcudluğu iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması ilə bağlı cavabdehin dəlillərinin əsassızlığını birbaşa sübut edir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixli "xxxx" ASC-nin Ağdaş filialının təqdim etdiyi mədaxil qəbzində qeyd edilmiş pul məbləği iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmalı olan məbləğ kimi nəzərdən keçirilməlidir. Buna görə də cavabdeh tərəfindən xx.xx.2019-cu ildə iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının dayandırılmasına dair hərəkətləri qanunsuz olduğundan pensiyasının dayandırıldığı tarixdən bərpa etdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.