Məhkəmə qərarları › İş №2-1(116)-521/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-521/2022

28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-521/2022 28.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “ünvan 1-də yerləşən, anasından ona vərəsəlik yolu ilə keçən 87.1 kv.m torpaq sahəsində yerləşən 71.98 kv.m olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsinin onun xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1-də yerləşən, anasından ona vərəsəlik yolu ilə keçən 87.1 kv.m torpaq sahəsində yerləşən 71.98 kv.m olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsinin onun xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 12.10.2000-ci il tarixli 238 №-li sərəncamı ilə şəhərin Xətai adına küçəsi ilə Ç.Atalov adına küçələrin kəsişdiyi ərazidən “Tikinti materialları” mağazasının tikintisi üçün “Qaynaq” kiçik müəssisəsinə 78 kv.m torpaq sahəsinin alqı-satqı qaydasında mülkiyyətinə verilməsinə ilkin razılığın verilməsi qərara alınmış, daha sonra həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi X3 və torpaq sahəsi üzərində mağaza binasının tikintisinə icazə verilmişdir. Bundan sonra həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası “Qaynaq” kiçik müəssisəsi tərəfindən iddiaçıya satılmış, iddiaçı isə həmin qeyri-yaşayış binasını anası X5 bağışlamışdır. İddiaçının anasının adına tərtib edilmiş 14.07.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli DƏDR-dən çıxarışda 0.00871 ha torpaq sahəsi üzrə mülkiyyət növü “Dövlət”, torpaq sahəsinin hüququn növü isə “istifadədə” qeyd edilmişdir. İddiaçı “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında sözügedən qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı tələb hüququnu, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 12.10.2000-ci il tarixli 238 №-li sərəncamı və 14.03.2000-ci ildə tərtib edilmiş “Torpaqların alqı-satqısına” dair akt əsasında ilə iddia etdiyi torpaq sahəsinin “Qaynaq” kiçik müəssisəsinə satılması, daha sonra isə həmin torpaq sahəsinin X6 tərəfindən ona satılması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, özəlləşdirmə ilə cavabdehin mövqeyini düzgün hesab etmir, həmin torpaq sahəsi artıq bir dəfə dövlətdən alqı-satqı yolu ilə alınıb və Qazi Hacıkərimov tərəfindən də üzərində yerləşən qeyriyaşayış sahəsi ilə birgə ona satılıb. Ona görə də hesab edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmalıdır Cavabdeh iddia tələbinə etirazını iddia olunan torpaq sahəsinin Dövlət mülkiyyətində olması ilə əsaslandırmış və dövlət mülkiyyətində olan torpaq sahəsinin satışı ilə bağlı iddiaçıya Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 11.11.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının anoloji müraciətinin təmin edilməsindən imtina etmişdir. - Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 12.10.2000-ci il tarixli 238 №-li sərəncamından görünür ki, şəhərin Xətai adına küçəsi ilə Ç.Atalov adına küçələrin kəsişdiyi ərazidən “Tikinti materialları” mağazasının tikintisi üçün 78 kv.m torpaq sahəsinin “Qaynaq” kiçik müəssisəsinə alqı-satqı qaydasında mülkiyyətinə verilməsinə ilkin razılıq verilmiş və 14.03.2000-ci il tarixli “Torpaqların alqı-satqısına” dair akt tərtib edilmişdir. - Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 12.10.2000-ci il tarixli 238 №-li sərəncamından görünür ki, “Qaynaq” kiçik müəssisəsinə şəhərin V.İsmayılov küçəsində mülkiyyətində olan torpaq sahəsində mağaza binasının tikintisinə icazə verilməsi qeyd edilmişdir. - 14.03.2004-cü il tarixli 209374 №-li müqavilədən görünür ki, “Qaynaq” kiçik müəssisəsinin təsisçisi X2 şəhəri V.İsmayılov küçəsi ilə Ç.Atalov küçəsinin kəsişdiyi yerdə yerləşən tikintialtı sahəsi 76.8 kv.m olan mağaza binasının yarımçıq tikilisini İddiaçı satmışdır. - 05.06.2010-cu il tarixli “qeyri-yaşayış binasının bəxşişi” müqaviləsindən görünür ki, Məmmədov X11 şəhəri V.İsmayılov küçəsində yerləşən, 2001-ci ildə tikilmiş, ümumi sahəsi 71.98 kv.m olan qeyri-yaşayış binasını anası X5 bağışlamışdır. - 14.07.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası X4 tam xüsusi mülkiyyətində olmuş, 0.00871 ha torpaq sahəsi üzrə mülkiyyət növü “Dövlət”, torpaq sahəsinin hüququn növü isə “istifadədə” qeyd edilmişdir. - 13.06.2021-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, X4 vərəsəsi İddiaçıdur. - İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şəki ərazi şöbəsinin 11.11.2021-ci il tarixdə cavabdehə ünvanladığı sorğunun cavablandırılması ilə bağlı məktubdan görünür ki, iddia olunan torpaq sahəsi elektron kadastr uçot informasiya sistemində və kadastr baza məlumatlarında dövlət mülkiyyəti kimi əks olunmuşdur. - iddia olunan torpaq sahəsinin ortofoto məlumatlarından çıxarışdan görünür ki, torpaq sahəsinin koordinatları X – 636297.250, 636300.670, 636289.476, 636286.052, Y- 4609649.756, 4609644.014, 4609637.403, 4609643.162, kateqoriyası “sənaye, nəqliyat, rabitə, müdafiə və digər”, üzərində mülkiyyət növü isə “Dövlət” olaraq qeyd edilmişdir. Əsaslandırma hissəsi : İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növünə aiddir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Bununla belə qaldırılmış iddia iddiaçının hüquqi marağına uyğun deyildir. Belə ki, iş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ünvan 1-də yerləşən, 87.1 kv.m torpaq sahəsində yerləşən 71.98 kv.m olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsinin onun xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdır. İşdə olan ********** nömrəli DƏDR-dən çıxarışla və digər sənədlərlə müəyyən edilir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi üzrə mülkiyyət növü “Dövlət”, hüququn növü olaraq isə “istifadədə” qeyd edilmişdir. Belə olan halda iddiaçı arzuladığı məqsədə çatmaq üçün müvafiq torpaq sahəsinin özəlləşdirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli, müraciəti təmin olunmadığı və ya cavabsız saxlanıldığı halda isə “qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, həmin torpaq sahəsinə mülkiyyət hüququnun əldə edilməsi yalnız, qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi yolu ilə mümkündür. Tələbdə qeyd olunan torpaq sahəsi özəlləşdirilmədən qaldırılmış iddia uğurlu ola bilməz. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı arzuladığı məqsədə başqa cavabdehə qarşı, başqa predmetli iddia qaldırmaqla, daha tez, daha münasib və daha sadə yolla nail ola bilər. Odur ki, hazırki iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə Təsdiq edilmiş, Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramının 9.1-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 9.2. Əmlak Məsələləri Dövlət Komitəsi fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.47-ci bəndinə özəlləşdirilən dövlətə məxsus olan hüquqi şəxslərin və obyektlərin, fiziki və hüquqi şəxslərin inşa etdikləri müəssisələrin və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qiymətləndirilməsini və satışını həyata keçirmək xidmətin vəzifələrindən biri kimi qeyd edilmişdir. Məhkəmə iddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 05.02.2000-ci il tarixli 33 №-li sərəncamına münasibətdə qeyd edir ki, müvafiq sərəncamla “Tikinti materialları” mağazasının tikintisi üçün 78 kv.m torpaq sahəsinin “Qaynaq” KM-nin alqı-satqı qaydasında mülkiyyətin verilməsinə ilkin razılıq verilmiş, daha sonra isə 14.03.2000-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, müvafiq torpaq sahəsi Zaqatala bələdiyyəsinə aid torpaq sahəsi kimi X1. Lakin, həmin torpaq sahəsi dövlət mülkiyyətində olduğundan 14.07.2010-cu ildə ********** qeydiyyat nömrəsi ilə verilmiş çıxarışda torpaq sahəsi üzərində hüququn növü “istifadədə” olaraq qeyd edilmişdir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 05.02.2000-ci il tarixli 33 №-li sərəncamının qəbul edildiyi vaxt (05.02.2000-ci il) qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş, “Yerli icra hakimiyyəti orqanları haqqında” Əsasnamənin 28-ci maddəsinin 1-ci bəndində - müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək kənd təsərrüfatı, torpaqdan istifadə və təbiəti mühafizə sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyəti kimi qeyd edilmişdir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyasının 4-cü maddəsində Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqlarının torpaq bazarının obyekti ola bilməsi qeyd edilmişdir. “Torpaq Məcəlləsinin” mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyasının 86-cı maddəsində (Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri) qeyd edilmişdir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları alqı-satqı obyekti ola bilər. Yuxarıda sadalanan normalardan göründüyü kimi, qanunverici dövlət mülkiyyətində olan torpaq sahələri üzərində yalnız istifadə və icarə hüquqlarını alqı-satqı obyekti kimi tanımış və yerli icra hakimiyyəti orqanlarının torpaq sahəsini istifadəyə vermək səlahiyyətini birmənalı olaraq təsbit etmişdir. Buna baxmayaraq, Zaqatala rayon İcra Hakimiyyəti həmin torpaq sahəsini bələdiyyə mülkiyyəti kimi qeyd edərək alqı-satqı predmetinə çevrimişdir. Odur ki, müvafiq sərəncam iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması əsası kimi nəzərdən keçirilə bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirməhaqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 6.1, 6.2 və 7-ci maddələrinin tələblərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddiaçının dinlənilmə hüququnu təmin etmək məqsədilə hazırki iddia tələbinin mümkünsüzlüyü iş üzrə keçirilən şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı ilə müzakirə edilmiş və məhkəmənin hüquqi mövqeyi izah edilmişdir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “ünvan 1-də yerləşən, anasından ona vərəsəlik yolu ilə keçən 87.1 kv.m torpaq sahəsində yerləşən 71.98 kv.m olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsinin onun xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar