Məhkəmə qərarları › İş №2-1(116)-522/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-522/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-522/2023 29.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında ona məxsus doğum haqqında akt qeydində “Mahmudlu” kimi qeyd edilmiş soyadına “Həmidov” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında ona məxsus doğum haqqında akt qeydində soyadının “Mahmudlu” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Həmidov” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx xxx 1995-ci ildə Qəbələ rayonu, Şamlı kəndində anadan olmuşdur. Valideynləri Qəbələ rayon Hacallı kənd İcra Nümayəndəliyinə gedərək onun doğumu barədə məlumat vermiş və doğumu rəsmiləşdirilmişdir. İddiaçı bir neçə gün bundan öncə sənədləşmə işinə görə Qəbələ regional “ASAN xidmət” mərkəzinə müraciət etmiş və onun vaxtilə Hacallı kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.1995-ci ildə tərtib edilmiş 45 nömrəli doğum haqqında akt qeydini nəzərdən keçirərkən soyadının “Həmidov” əvəzinə səhvən “Mahmudlu” kimi qeyd olunduğu aşkar olunmuşdur. Hamı isə iddiaçını İddiaçı kimi tanımışdır. Həmçinin, şəxsiyyət vəsiqəsində, ümumvətəndaş pasportunda, ali təhsil almağı barədə diplomunda, hərbi biletində, torpaq sənədlərində və s. digər sənədlərdə İddiaçı kimi yazılmışdır. Hal-hazırda adına olan torpaq sahəsini alqı-satqı etmək üçün notariat ofisinə müraciət istəsə də, soyadı Cavabdeh Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında və elektron mübadilə sistemində “Mahmudlu” kimi qeyd olunduğundan bu mümkün olmamışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/Q-271/15 nömrəli imtina məktubunda qeyd etmişdir ki, sənədlər araşdırılarkən iddiaçıda mövcud olan doğum haqqında XİX-JQ №285522 saylı xx.xx.1995-ci il tarixli şəhadətnamədə göstərilən "Həmidov” soyadı ilə doğum haqqında akt qeydində yazılan soyadı arasında ziddiyyətlər olduğu müəyyən edilmişdir. Belə ki, Qəbələ rayon Hacallı kənd İcra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.1995-ci il tarixli, 45 nömrəli doğum haqqında akt qeydinin məlumatları yoxlanılmış və uşaq haqqında məlumat qrafasında soyad “Mahmudlu" yazıldığı aşkar edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün məhkəmənin qərarı əsas hesab edilir. Bildirilir ki, soyadla bağlı olan mövcud ziddiyyətin doğum haqqında şəhadətnamədə qaralama olduğu üçün aradan qaldırılması mümkün deyildir. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Cavabdeh Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında ona məxsus doğum haqqında akt qeydində “Mahmudlu” kimi qeyd edilmiş soyadına “Həmidov” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət etibarı ilə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İddia ərizəsinə əlavə olunmuş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1995-ci ildə doğulmuş və vəsiqədə onun soyadı “Həmidov” olaraq qeyd edilmişdir. C02055786 nömrəli ümumvətəndaş pasportunun notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, pasportda iddiaçının soyadı “Həmidov” olaraq qeyd olunmuşdur. A seriyalı 096375 nömrəli diplomun notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, diplomda iddiaçının soyadı “Həmidov” olaraq göstərilmişdir. SX seriyalı ******* nömrəli hərbi biletin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, sənəddə iddiaçının soyadı “Həmidov” olaraq qeyd edilmişdir. Qəbələ RPŞ-nin xx.xx.2022-ci il tarixli, 17/144-33681-1222 nömrəli məktubuna əlavə olunmuş iddiaçının fərdi uçot kartoçkasının təsdiq olunmuş surətindən görünür ki, sənəddə iddiaçının soyadı “Həmidov” olaraq göstərilmişdir. Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 160 nömrəli məktubuna əlavə olunmuş 1991-1995 və 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitablarından çıxarışların təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, həmin təsərrüfatda X6 ailə başçısı olmaqla göstərilmiş, 1991-1995-ci illərə dair kitabda iddiaçının soyadı “Mahmudlu”, 1996-2000-ci illərə dair kitabda isə “Mahmudlu” soyadının üzərindən xətt çəkilmiş və “Həmidov” qeyd olunmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli, 05/Q-1429/13 nömrəli məktubuna əlavə olunmuş: 1956-cı ildə tərtib olunmuş 25 nömrəli doğum akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, Rauf Həmidov xx.xx.1956-cı ildə anadan olmuş, atası X5, anası X2r. xx.xx.1980-ci il tarixli, 4 nömrəli nikahın bağlanması haqqında qeydin təsdiq olunmuş surətindən görünür ki, X6 ilə Abbasova (Həmidova) Məlahət Yaqub qızı arasında nikah bağlanmışdır. xx.xx.1995-ci il tarixli, 45 nömrəli doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, sənəddə iddiaçının soyadı “Mahmudlu” olaraq göstərilmişdir. X3, anası X4r. Beləliklə, məhkəmə işin yuxarıda göstərilən faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir... 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər... 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının: 4.1-ci bəndinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2-ci bəndinə görə uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 4.3-cü dəndinə əsasən Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 5.1-ci bəndinə görə Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Qaydaların 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Əsasnamənin 2.2-ci bəndinə görə vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının soyadı doğum akt qeydində fərqli olaraq qeyd edilsə də, doğum haqqında şəhadətnaməsində Həmidov olaraq qeyd olunmuşdur. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixli 05/Q-271/15 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçıda olan doğum haqqında XİX-JQ seriyalı 285522 saylı xx.xx.1995-ci il tarixli şəhadətnamədə göstərilən “Həmidov” soyadı ilə doğum haqqında akt qeydində yazılan soyadı arasında ziddiyyətlər olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı doğum haqqında şəhadətnaməsini təqdim etməmiş, inzibati orqana müraciət etdikdən sonra şəhadətnaməni itirdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, şəxsiyyət vəsiqəsi və digər sənədlər doğum haqqında şəhadətnamə əsasında tərtib edilməli olduğu halda, iddiaçıya məxsus olan doğum akt qeydində soyadı “Mahmudlu” olaraq qeyd olunmuşdur. İddiaçıya məlum olan ilkin sənəd qismində məhz doğum haqqında şəhadətnamə çıxış etdiyindən və iddiaçıya məxsus digər sənədlərdə soyadı “Həmidov” olduğundan məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri baxımından iddiaçıya aid doğum akt qeydində onun soyadında yol verilmiş yalnışlıq düzəldilməlidir. Belə ki, iddiaçının soyadı Həmidov olduğu halda doğum akt qeydində “Mahmudlu” kimi qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, cavabdehin imtinası əsassız olmaqla inzibati praktikaya zidd olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM 58.7 və 68.2). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə Cavabdeh Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında iddiaçıya məxsus doğum haqqında akt qeydində “Mahmudlu” kimi qeyd edilmiş soyadının “Həmidov” kimi yazılaraq düzəliş olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar