Məhkəmə qərarları › İş №2-1(116)-524/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-524/2022

28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-524/2022 28.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı və nümayəndəsi X7, cavabdeh nümayəndəsi X5, üçüncü şəxslər X12, X24 və X13 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 09 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X19 və ailə üzvlərinin adına hazırlanmış JN-066A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.09 ha həyətyanı torpaq sahəsinə mərhum atası X9 adına vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X19 və ailə üzvlərinin adına hazırlanmış JN-066A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.09 ha həyətyanı torpaq sahəsinə mərhum atası X9 adına vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-524/2022 nömrəli qərardadı ilə X12, X20 və X21 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, xx.xx.2004-cü il tarixli 216902 №-li müqavilə əsasında ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 48.0 kv.m olan 2 otaqlı yaşayış evinin mərhum X19 tərəfindən mərhum X2, lakin buna baxmayaraq, “Torpağın mülkiyyətə verilməsinə dair” X1 və ailə üzvlərinin adına hazırlanmasını bildirərək həmin şəhadətnamənin ləğv edilməsini, iddia olunan torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı mərhum atasının adına vahid daşınmaz əmlak kimi çıxarışın və texniki pasportun hazırlanması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu - xx.xx.2004-cü il tarixli 216902 №-li müqavilə əsasında iddia olunan daşınmaz əmlakın onun atasına satılması ilə əsaslandırmış və alqı-satqı müqaviləsinin olmasına baxmayaraq, şəhadətnamənin əvvəlki mülkiyyətçinin adına tərtib edilməsinin düzgün olmadığını bildirmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını - şəhadətnamənin ləğv edilməsinin onun səlahiyyətində olmaması, iddia olunan torpaq sahəsi və fərdi yaşayış evinə vahid daşınmaz əmlak olaraq çıxarışın və texniki pasportun verilməsinin mümkünsüzlüyünü isə həmin torpaq sahəsi üzərində Ramiz Əzizov və ailə üzvlərinin adına müvafiq şəhadətnamənin tərtib edilməsi ilə əsaslandımışdır. İddiaçı və onun nümayəndəsi, məhkəmə iclasında, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxslər məhkəmə iclasında izahat verərək iddianın təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, iddia olunan torpaq sahəsi ataları tərəfindən iddiaçının mərhum atasına satılmamış, əmlakın dəyəri onlara tam həcmdə ödənilməmişdir. X37 fərdi yaşayış evini və torpaq sahəsində özünə məxsus olan payını satsa da, torpaq sahəsinin qalan hissəsi özlərinin və mərhum Qərənfil Əzizovanın mülkiyyətində olmuşdur. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2004-cü il tarixli 216902 №-li müqavilədən görünür ki, X6 şəhəri Gənclik küçəsi ev 2 ünvanında yerləşən, ümumi sahəsi 48.0 kv.m olan 2 otaqlı yaşayış evini X3. - 2047 №-li Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış evi X9 adına mülkiyyət hüququ əsasında 01 iyun 2004-cü ildə qeydə alınmışdır. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Oğuz rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli 1213 №-li DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə ünvanladığı məktubunda qeyd edilmişdir ki, qanun üzrə vərəsə İddiaçı ərizəsi əsasında xx.xx.2008-ci ildə vəfat etmiş mərhum atası X14 vərəsəlik işi açılmış və elektron notariat informasiya sisteminə daxil edilmişdir. Qanunvericiliyə uyğun olaraq vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edildikdən sonra verilə bilər. Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyetsri haqqında” Qanunun 5.1-1-ci maddəsinin tələbinə uyğun X14 məxsus olan əmlaklar barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və yaxud məhdudiyyət və yüklülük arayışının sorğunu təqdim etmiş şəxs vasitəsi ilə Oğuz rayon notariat ofisinə göndərilməsi xahiş olunur. - AZ-İ 310957 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.2008ci ildə vəfat etmişdir. - JN-066 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə X19, X10, X23, X24 və X18 həyətyanı məqsədilə 0.09 ha torpaq sahəsi verilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş Oğuz şəhəri üzrə torpaq payı almış subyektlər siyahısından X19 və ailə üzvlərinə aid çıxarışdan görünür ki, Ramiz Əzizovun (4 nəfər ailə üzvü ilə birlikdə) adının qarşısında 0.06, 0.40 qeydləri icra edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, JN-066 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş0.09 ha torpaq sahəsinin koordinatları Oğuz şəhəri Gənclik küçəsində yerləşən, iddia olunan 0.09 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. İddiaçı X8 nümayəndəsi tərəfindən göstərilən, faktiki naturada ölçülmüş 0.0948 ha torpaq sahəsi Oğuz rayonu Oğuz şəhəri Ərazi vahidinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası çoxillik əkmələr olan ərazidə yerləşir, JN-66A kod 40501004 №-li şəhadətnaməyə əsasən X11 xüsusi mülkiyyətindədir. Sözügedən 0.0948 ha torpaq sahəsi İddiaçı istifadəsindədir. - “AZEMİS”-dən çıxarışdan görünür ki, X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin tələbinə əsasən (Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi) vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İddia tələbindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı - ünvan 3 ünvanında yerləşən yaşayış evi və 0.09 ha həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi mərhum atası X9 adına çıxarış və texniki pasportun hazırlanmasına nail olmaqdır. Belə ki, iddiaçı bildirir ki, torpaq islahatı zamanı mərhum atası Hidayət Kərimovun adına həmin evin yerləşdiyi 0.09 ha torpaq sahəsinə şəhadətnamə hazırlanmamışdır. İddiaçı, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarını yox, cavabdeh orqanın, müvafiq şəhadətnamənin hazırlanmasında ifadə olunan faktiki xarakterli hərəkətlərini mübahisələndirir. Yəni iddiaçı, həmin fərdi yaşayış evi və torpaq sahəsinin mərhum atasına xx.xx.2004-cü il tarixli 216902 №-li alqı-satqı müqaviləsi ilə satılmasını, buna görə də həmin əmlak üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olmasını iddia edir. İddiaçı hesab edir ki, müvafiq alqı-satqı müqaviləsi olduğundan həmin evin yerləşdiyi 0.09 ha torpaq sahəsinə şəhadətnamə mərhum atası X9 adına hazırlanmalı idi. İş materialları ilə müəyyən edilir ki, iddia tələbində ləğvi tələb edilən JN-066 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi X15 ailə üzvləri ilə birlikdə Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə verilmişdir. Müvafiq şəhadətnamənin hansı tarixdə tərtib edilməsindən asılı olmayaraq, müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı qərar 1998-ci ildə verilmişdir. xx.xx.2004-cü il tarixdə X19 ilə, X22 arasında 216902 №-li alqı-satqı müqaviləsi bağlanarkən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 48.0 kv.m olan 2 otaqlı yaşayış evi - satıcı: X11 mülkiyyətində olmuş və o, mülkiyyətində olan həmin əmlakla bağlı sərəncam verərək, yaşayış sahəsini X3. Nəzərə alınmalıdır ki, Ramiz Əzizov həmin fərdi yaşayış evinə aid olan həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən biri olmuşdur. Buna görə də o, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə digər ailə üzvləri ilə birlikdə ona verilmiş torpaq sahəsi üzərində bütövlükdə sərəncam verə bilməzdi. İşin hallarından da göründüyü kimi Ramiz Əzizov yalnız fərdi yaşayış evini, iddiaçının atasına satmışdır. İddia olunan torpaq sahəsinin 1/5 hissəsi Ramiz Əzizovun mülkiyyətində olduğundan onun yalnız həmin hissədə torpaq sahəsi üzərində sərəncam vermək hüququ olmuşdur. İddiaçı, torpaq islahatı aparılan zamanı atasının adına şəhadətnamə hazırlanmadığını bildirsə də, məhkəmə qeyd edir ki, belə bir şəhadətnamə iddiaçının atasının adına ümumiyyətlə hazırlana da bilməzdi. Belə ki, Oğuz rayonunda torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi Ramiz Əzizov və ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmiş, torpaq sahəsində yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsi isə islahatdan 6 il sonra həyata keçirilmişdir. Başqa sözlə şəhadətnamənin hansı tarixdə hazırlanmasından asılı olmayaraq, müvafiq torpaq sahəsinin hansı subyektlərin mülkiyyətinə veriləcəyi məsələsi artıq 1998-ci ildə öz həllini tapmışdır. İstinad olunan xx.xx.2004-cü il tarixli müqavilədən göründüyü kimi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı müqavilədə hər hansı qeyd yoxdur. Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2004-cü il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri)

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ... Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb). ... Sadalan normaların hazırkı işə tətbiqi onu deməyə əsas verir ki, iddia olunan 0.09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun X4 üçün, X19, həmin torpaq sahəsinin tam mülkiyyətçisi olmalı idi. Yəni, həmin torpaq sahəsi üzərində bütün hüquqlar Ramiz Əzizova məxsus olmalı idi ki, sonrakı alqı-satqı müqaviləsi ilə həmin hüquqlar Hidayət Kərimova keçsin. Yuxarıda qeyd edilmiş işin hallarından göründüyü kimi, Ramiz Əzizovun torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ 1/5 hissə paydan ibarət olduğundan və müqavilədə ayrı qayda nəzərdə tutulmadığından, torpaq sahəsinə münasibətdə Hidayət Kərimova keçmiş mülkiyyət hüququ da 1/5 hissədən ibarət olmuşdur. Bununla belə həmin torpaq sahəsinin naturada yeri, o cümlədən evin yerləşdiyi və ondan istifadə üçün zəruri olan hissə müəyyən edilməmişdir. Həmçinin, iddiaçı, evin yerləşdiyi və ondan istifadə üçün zəruri olan hissə üzərində yox, bütövlükdə 0.09 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olması ilə bağlı qeydiyyatın aparılmasında maraqlıdır. Müvafiq fərdi yaşayış evi Ramiz Əzizov tərəfindən özgəninkiləşdirilərkən torpaq sahəsi ilə bağlı müqavilədə hər hansı qeyd göstərilməmiş, müqavilənin bağlandığı vaxt yetkinlik yaşına çatmış X12 (xx.xx.1977), X24 (xx.xx.1980), X13 (xx.xx.1983), o cümlədən mərhum Qərənfil Əzizovanın torpaq sahəsi ilə bağlı hər hansı iradə ifadəsi mövcud olmamışdır. Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 315- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir:

3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Torpaq Məcəlləsinin 88-ci maddəsin 3-cü bəndinin yeni redaksiyada verilmiş birinci abzasının tələbləri baxımından da, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun Hidayət Kərimova keçməsi üçün, həmin torpaq sahəsinin mülkiyyətçisinin (yəni tam həcmdə) Ramiz Əzizov olması tələb olunurdu. Bu isə onu deməyə əsas verir ki, Ramiz Əzizovun mülkiyyətçisi sayıldığı torpaq sahəsindən başqa (1/5 hissə), onun ailə üzvlərinə məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüququ Hidayət Kərimova keçməmişdir. Mülki Məcəllənin 245-ci maddəsində də (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi MM-nin 245-ci və Torpaq Məcəlləsinin 88-ci maddəsində mülkiyyət hüququ ilə bağlı “əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə” və ”torpaq sahəsinin mülkiyyətçisi” ifadələrinin işlədilməsi onu deməyə əsas verir ki, qanunverici, özgəninkiləşdirilən tikiliyə (fərdi yaşayış evinə) mülkiyyət hüququnun əldə edənə keçməsini, həmin torpaq sahəsini özgəninkiləşdirən şəxsin mülkiyyətində olması şərtindən və hüquqların ona məxsus olan həcmindən asılı edir və xüsusi olaraq qeyd edir ki, “bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir”. Əks yanaşma tikili üzərində mülkiyyət hüququ olan şəxslərin, torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ olan digər şəxslərin mülkiyyət hüquqlarına müdaxiləsinə və onların hüquqlarının pozulmasına səbəb ola bilər. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xx.xx.2004cü il tarixli alqı-satqı müqaviləsi iddia olunan torpaq sahəsi üzərində bütövlükdə Hidayət Kərimovun mülkiyyət hüququnun yaranmasına əsas olmadığından, cavabdeh orqan, JN- 066A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsindən, həmçinin fərdi yaşayış evi və 0.09 ha həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi mərhum X9 mülkiyyət hüququnun dövlət qeydiyatına alınmasından imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 09 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X19 və ailə üzvlərinin adına hazırlanmış JN- 066A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.09 ha həyətyanı torpaq sahəsinə mərhum atası X9 adına vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar