Məhkəmə qərarları › İş №2-1(116)-525/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-525/2020

13.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-525/2020 13.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı "01.01.2008-ci ildən 08.09.2011-ci ilədək atasına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi və 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 16 il 7 ay sığorta stajının olmasını Dövlət Sosial X5 şəhər Şöbəsi özü bildirmişdir. Amma atası Nuru Məmmədova qulluq etdiyi müddəti iş stajı kimi hesablamadığını bildirmişdir. İddiaçı atasına 01.01.2008-ci ildən 08.09.2011-ci il tarixədək vəfat edənə qədər baxmışdır. O, həmin illərin onun sosial sığorta stajına daxil edilməsi üçün cavabdeh inzibati orqana məktubla müraciət etmiş, lakin cavabdeh 23.01.2019-cu il tarixli **********7 nömrəli məktubla bundan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı 01.01.2008-ci ildən 08.09.2011-ci ilədək atasına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi və 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçının atasında qulluq etdiyi 01.01.2008-ci il tarixindən 08.09.2011-ci il tarixinə qədərki müddət iddiaçının iş stajına daxil edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaların 3.2.5-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt əsasında müəyyən edilməlidir. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyala keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Aktın forması Qaydalara 10 nömrəli əlavədə öz əksini tapmışdır. İddiaçı tərəfindən isə Qaydalara uyğun akt məhkəməyə təqdim edilməmişdir. İkincisi iddiaçı tərəfindən məhkəməyə təqdim edilən aktda iddiaçının ümumilikdə 2008-ci ildən etibarən atasında baxdığı bildirilmiş, lakin iddiaçının iddia etdiyi kimi məhz 01.01.2008-ci il tarixindən etibarən baxdığı öz təsdiqini tapmamışdır. Üçüncüsü və ən əsası, hətta iddiaçının qeyd etdiyi tarixlərdə atasında baxması faktı öz təsdiqini tapsa belə, həmin müddət iş stajına daxil edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin d bəndinə əsasən, İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti iş stajına daxil edilirdi. Lakin həmin bəndin ona tətbiq edilə bilməsi üçün İddiaçı ümumi və xüsusi iş stajını qeyd olunan qanunun qüvvədə olduğu dövrdə əldə etməli idi. Belə ki, 01.01.2006-cı il tarixindən etibarən artıq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu qüvvədədir və həmin qanunla qocalara qulluq edilməsi müddətinin sığorta stajına daxil edilməsi nəzərdə tutulmur. İddiaçı isə atasında 01.01.2006-cı il tarixindən, yəni yeni qanun qüvvəyə mindikdən sonra qulluq etmişdir, ona görə də iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi tətbiq edilə bilməz. Beləliklə, həm hazırki qanunvericiliyə, həm də qüvvədən düşmüş qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 20 il ümumi stajı olmalı idi. İddiaçının isə qeyd olunan stajı mövcud deyil. Bundan əlavə, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq siyahıda yalnız yeyinti sənayesində fəaliyyət göstərən tütün istehsalı üzrə fəhlə vəzifəsi özünə yer almışdır. İddiaçı isə kolxozda-kənd təsərrüfatında tütünün becərdilməsində yığımında, qurudulması və təhvil verilməsində işləmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-283/2019 saylı qərarında da bu kimi işlərə baxılarkən yalnız iddiaçının vəzifəsinin adının deyil, həm də işlədiyi sahənin əhəmiyyət kəsb etdiyi vurğulanmış və deyilmişdir: “Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə qısa müddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və ya zərərsiz hesab oluna bilər". Yuxarıda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2.4-cü maddəsinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilən fəaliyyət müddəti hesab edilir və qulluğu faktiki olaraq yerinə yetirənlərə buna görə əmək stajı hesablanır. Qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiya təyin edilməsi tələbinə dair iddiasının təmin olunmaması haqqında qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Dövlət Sosial X5 şəhər Şöbəsinin 23.01.2019-cu il tarixli **********7 nömrəli, 11.11.2018-ci il tarixli **********5 nömrəli və 29.04.2019-cu il tarixli **********4 nömrəli məktubları, X3 AZ 467822 nömrəli ölüm haqqında şəhadətnaməsi, 17.12.2018-ci il tarixli akt, 10 iyun 2019-cu il tarixli 715 nömrəli X6 Filialının arxiv arayışı, X2 AZ-T 097714 nömrəli doğum haqqında şəhadətnaməsi aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının cəmi 16 il 07 ay sosial sığorta stajı var və atasına qulluq etdiyi müddət sığorta stajına daxil ediləcəyi təqdirdə onun stajı 20 il təşkil edəcəkdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilən fəaliyyət müddəti hesab edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaların 3.2.5-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt əsasında müəyyən edilməlidir. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyala keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Göründüyü kimi iddiaçının atasına qulluq etməsinə dair yuxarıda göstərilən normaların tələblərinə cavab verən formada akt tərtib edilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edilsə də, iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən məhkəmə xərci iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı "01.01.2008-ci ildən 08.09.2011-ci ilədək atasına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi və 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar