Məhkəmə qərarları › İş №2-1(116)-525/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-525/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-525/2022 27.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdeh nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X7 adına verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, seriya RX, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxs X7 adına verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, seriya RX, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X17 və X20 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər, Mingəçevir “Asan xidmət” Mərkəzinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı vəsatət təmin edilməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X25 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı, tələbində qeyd etmişdir ki, mərhum qayınatası X3 şəhəri, M.Əliyev prospekti 1/7 (keçmiş Ağdaş şəhəri, Lenin küçəsi, ev 1/7) ünvanında yerləşən yaşayış sahəsi 62.4 kv.metr olan yaşayış evini 21 sentyabr 1990-cı ildə notariat kontorunda reyestr kitabında 53 nömrə ilə qeydiyyata alınmış Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mərhum əri X2. Mərhum X12 10 yanvar 2009-cu il tarixdə Ağdaş rayon notariat ofisində reystr kitabında 2V-01-01 nömrə ilə qeydiyyata alınmış vəsiyyətnamə ilə özünə məxsus olan Ağdaş şəhəri, H.Əliyev prospekti, 1/7 ünvanında (keçmiş ünvan 3 1/7) yerləşən fərdi yaşayış evini, evin yerləşdiyi həyətyanı torpaq sahəsini və bütün əmlakını ona, yəni arvadı İddiaçı vəsiyyət etmişdir. X12 2009-cu ildə Ağdaş şəhərində vəfat etmişdir. Müəyyən səbəblərdən ərinin ölümündən sonra ondan miras qalmış həmin əmlakla əlaqədar vərəsəlik işi açdırmamışdır. Bundan istifadə edən qaynı olan cavabdeh X17 həmin yaşayış evini və onun yerləşdiyi 0.08 hektar torpaq sahəsini saxta sənədlər, yəni Ağdaş rayon XDS İK- nin xx.xx.1990-cı il tarixli 12 saylı iclas protokolundan çıxarışa, Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 99 nömrəli arxiv arayışına və Ağdaş RİHBA-nın Memarlıq və tikinti şöbəsinin eskiz layihəsinə əsasən tam mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsində qeydiyyata aldırmış və bu barədə cavabdeh tərəfindən onun adına həmin qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X17 həmin çıxarışa əsasən həmin həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən yaşayış evini Mingəçevir “ASAN Xidmət” mərkəzində notariat kontorunun xx.xx.2019-cu il tarixli. 4Ə-1476 reystr nömrəli alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs X1. Həmin müqavilə əsasında həyətyanı torpaq sahəsi və yaşayış evi xx.xx.2019-cu il tarixdə cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində X7 admına qeydə alınmış və bu barədə onun adına həmin tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bildirir ki, mərhum əri tərəfindən adına verilmiş vəsiyyətnamə ləğv edilməmiş və dəyişdirilməmişdir. Həmin evin və həyətyanı torpaq sahəsinin cavabdeh X8 adına qeydə alınmasına razılıq verməmiş və ondan cavabdeh X8 xeyrinə imtina etməmişdir. Belə ki, qanunvericiliyin tələblərinə görə şəxs xüsusi mülkiyyətində olan əmlakını başqasının xeyrinə özgəninkiləşdirilməsi bağışlama, alqı-satqı, dəyişdirmə və s. rəsmi qaydada rəsmiləşdirilmiş müqavilələr əsasında həyata keçirilir. Ona görə də hesab edir ki, cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən cavabdeh X8 adına verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və onun nəticələri ləğv edilməlidir. Bundan başqa mərhum ərinin ölümündən sonra qanun üzrə birinci növbə vərəsə kimi vəsiyyətnamə üzrə vərəsəlik işinin açılması ilə əlaqədar Ağdaş rayon Notariat ofisinə müraciət etmişdir. Ağdaş rayon Notariat ofisi məktubla cavabdeh orqan DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət edərək onun notariat ofisinə təqdim etdiyi sənədlərə əsasən X14 ölümünədək daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyata alınması üçün əsas olmasına baxmayaraq hər hansı səbəbdən qeydiyyata alınmamış torpaq sahəsi və fərdi yaşayış evinə dair qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış verilməsi xahiş olunmuşdur. Cavabdeh orqan cavabdeh X7 adına verilmiş sənədlərin qanunsuz yollarla əldə edilməklə onlara təqdim olunmasını bildikləri halda, özləri tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsinin onların səlahiyyətlərində olmamasını əsas göstərməklə əsassız olaraq bundan imtina etməklə onun qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Ağdaş rayon Məhkəməsinin 2(014)-151/2021 saylı xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Ağdaş rayon Məhkəməsinin 2(014)-151/2021 saylı xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsində narazı qalan iddiaçı Əhmədova X16 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermişdir. Mülki iş üzrə mübahisəyə dair apellyasiya məhkəməsində məhkəmə baxış iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Azərbaycan Respublikasının İnzibati və Mülki Prosessual Məcəlləsinin mövcud tələblərinə əsasən İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-1708/2021 saylı inzibati iş üzrə icraat eyni tələblə bağlı Şəki Apellyasiya Məhkəməsinin icraatında olan mülki mübahisə üzrə məhkəmə qərarı çıxarılanadək dayandırılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Üçüncü şəxs Mirzahir Şirinov iddia tələbinə münasibətində iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Ağdaş Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 41 nömrəli məktubundan görünür ki, Ağdaş rayon X28 İcraiyyə Komitəsinin 03 sentyabr 1990-ci il tarixli 12 saylı iclas protokol kitabını tapılmadığı üçün məlumat verilmir. - ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 1-ci dalan, 7 ünvanında yerləşən fərdi yaşayış evi X7 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. - AN-İ ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X4 Əliyev prospekti, 1-ci dalan, 7 ünvanında yerləşən fərdi yaşayış evini alıcı X1. - ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 1-ci dalan, 7 ünvanında yerləşən fərdi yaşayış evi X10 xüsusi mülkiyyətindədir. - 371073 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.2009-cu il tarixdə Ağdaş rayonunda vəfat etmişdir. - xx.xx.2019-cu il tarixli vəsiyyətnamədən görünür ki, Ağdaş şəhəri H.Əliyev prospekti 1/7-də yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını Ağdaş şəhəri H.Əliyev prospekti 31-də yaşayan arvadı İddiaçı vəsiyyət etmişdir. - Ağdaş Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 30 nömrəli məktubundan görünür ki, Ağdaş rayon X28 İcariyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 saylı iclas protokolu tapılmadığı üçün məlumat verilmir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında qeyd edilmişdir. Hazırkı işin hallarından göründüyü kimi mübahisələndirilən çıxarışın X7 adına tərtib edilməsi və həmin daşınmaz əmlak üzərində sonuncunun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hər hansı hüquqi əsas mövcud olmamışdır. Cavabdeh orqan, müvafiq qeydiyyatın aparılması əsasını Ağdaş rayon X28 İcraiyyə Komitəsinin 03 sentyabr 1990-ci il tarixli 12 saylı iclas qərarı ilə izah etsə də, nəzərə alınmalıdır ki, həmin qərarın özünün belə faktiki olaraq mövcudluğu müəyyən edilmir. Digər tərəfdən təqdim edilən həmin sənəddə “Ağdaş şəhər sakini X11 0.09 ha torpaq sahəsi verilsin” qeyd edilmişdir ki, belə olan halda cavabdeh orqan 0.09 ha torpaq sahəsinin hazırda mübahisələndirilən çıxarışla eyni ünvanda yerləşən torpaq sahəsi olmasını əsaslandıra bilməmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli **********81 nömrəli məktubunda idarənin arxiv materiallarına istinadən Lenin küçəsi, ev 1/7 ünvanı ilə ünvan 5ası barədə heç bir məlumatın aşkarlanmadığını bildirsə də, iş materiallarında olan notariat işindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi X6 məxsus olmuş və sonuncu tərəfindən həmin fərdi yaşayış evi X18 bağışlamışdır. Faiq Əhmədov tərəfindən həmin daşınmaz əmlak iddiaçıya vəsiyyət edilmişdir. Beləliklə, cavabdeh orqan Ağdaş şəhəri H.Əliyev prospekti 1-ci dalan ev 7 ünvanına dair yuxarıda qeyd edilmiş sənədlər olduğu halda Ağdaş rayon X28 İcraiyyə Komitəsinin 03 sentyabr 1990-ci il tarixli 12 saylı iclas qərarından çıxarışa istinad etməklə sözügedən daşınmaz əmlak üzərində üçüncü şəxsin mülkiyyət hüququnu əsassız olaraq dövlət qeydiyyatına almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə üçüncü şəxs X7 adına verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, seriya RX, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar