Məhkəmə qərarları › İş №2-1(116)-526/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-526/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-526/2023 30.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş 865,92 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Ülviyyə Musayeva cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, artıq ödənilmiş 865,92 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, X2 xx.xx.2001-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilərək xx.xx.2021-ci il tarixinədək ödənilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Məmməd Məmmədov 3 fevral 2021-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 2021-ci ilin mart ayından etibarən 30 sentyabr 2021-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. X4 məxsus kart hesabına köçürülmüş 865,92 manat artıq pul vəsaiti bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. İsmayıllı rayonu, K.Əhmədov küçəsi, ev 11 ünvanında yaşayan mərhum Məmməd Məmmədovun həyat yoldaşı Cavabdeh yaranmış 865,92 manat borcun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2022-ci il tarixində məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9866/2022 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş etirazında qeyd etmişdir ki, o, iddia tələbini qəbul etmir və əsassız hesab edir. Belə ki, o, 14 iyul 2017-ci il tarixdə İsmayıllı rayon sakini X3 ilə ailə qurmuşdur. Nikahı Qəbələ rayon Qeydiyyat şöbəsində akt qeydləri kitabında həmin tarixdə 01 nömrəsi ilə qeydə alınaraq AZ-U 161355 saylı “nikahın bağlanması haqqında şəhadətnamə” verilmişdir. Əri 18 dekabr 2020-ci il tarixdə koronovirus xəstəliyindən vəfat etmişdir. Bu barədə 23 dekabr 2020-ci il tarixdə verilən AZ- İİ 140631 saylı ölüm haqqında şəhadətnamədə də qeyd aparılmışdır. Ona qarşı qoyulmuş iddianın iddiaçı ilə arasında hər hansı hüquq münasibətlərinin olmaması səbəbindən onunla heç bir əlaqəsi yoxdur. Məmməd Məmmədovla aralarında olan nikah 26 avqust 2015-ci il tarixdə ləğv edilmiş və bu barədə ona həmin tarixdə nikahın pozulmasına dair şəhadətnamə verilmişdir. Buna görə də cavabdeh hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi üzrə cavabdeh düzgün müəyyən edilməmişdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin sərəncamı ilə iddiaçıdan məhz cavabdehin artıq ödənilmiş 865,92 manat məbləğdə əmək pensiyasının alınmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi tələb olunmuş, iddiaçı tərəfindən məhkəmənin sərəncamına cavab verilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə sərəncamda göstərilənlərin cavablandırılması iddiaçıdan təkrar tələb olunmuş, yalnız xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən ilkin müraciətin cavabdehə ünvanlanmasını təsdiq edən sənədlər və cavabdehin münasibəti elektron qaydada məhkəməyə təqdim edilmiş, ödənişin cavabdeh tərəfindən alınmasını təsdiq edən sübutlar təqdim olunmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktub ünvanlayaraq, mərhum Məmməd Məmmədovun müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 865,92 manat məbləğində pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılmasını xahiş etmişdir. Cavabdeh isə iddiaçıya ünvanladığı məktubunda qeyd etmişdir ki, ödənilmiş artıq pensiyanın ona heç bir aidiyyəti yoxdur. Həmin pul vəsaiti ondan əsassız və qanunsuz olaraq tələb edilir. Məhkəmə araşdırması ilə iş materiallarına əlavə olunmuş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.1950ci il təvəllüdlü X3 ilə nikahda olmuşdur. Müəyyən edilmişdir ki, M.Məmmədova vəfatından sonra 2021-ci ilin mart ayından sentyabr ayının 30-dək müddət ərzində əmək pensiyası köçürüldüyü vaxt cavabdehlə Məmməd Məmmədov arasındakı nikah artıq pozulmuşdu. Belə ki, Cavabdeh ilə mərhum Məmməd Məmmədov arasında bağlanmış nikah 2015-ci ildə pozulmuş və bundan sonra Cavabdeh 2017-ci ildə İsmayıllı rayon sakini Fazil Səmədovla ailə həyatı quraraq nikah bağlamışdır. Göründüyü kimi X4 2021-ci ilin fevral ayında vəfatından sonra əmək pensiyası ödənildiyi zaman Cavabdeh ilə aralarında nikah mövcud olmamışdır. İşin yuxarıda qeyd olunan halları məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ilə müzakirə edilmiş və hazırkı iddia üzrə cavabdehin niyə məhz Cavabdeh olması qənaətinə gəlindiyinə aydınlıq gətirilməsi xahiş olunmuşdur. İddiaçının nümayəndəsi izahatında X4 vəfatından sonrakı dövrdə ödənilmiş əmək pensiyasının həyat yoldaşı olmuş Cavabdeh tərəfindən alınması ehtimalının olduğunu və bu səbəblə Cavabdeh qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinə İPM-in 13-cü maddəsinə müvafiq olaraq, iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin tələbləri izah edilmiş, iddianın mümkün sayılması üçün zəruri şərltərdən birinin düzgün cavabdehə qarşı iddia tələbinin irəli sürülməli olması, məhkəmə tərəfindən cavabdehin həmi iddiaya cavab verməli olub-olmamasının aydınlaşdırılmalı olduğu bildirilmişdir. Cavabdehin nümayəndəsi öz növbəsində iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, Cavabdeh iddia tələbinə cavab verməli şəxs olmadığından iddiaçının hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. Belə ki, əvvəllər pozulmuş nikah üzrə keçmiş arvada qarşı cavabdeh tərəfindən hazırkı iddianın irəli sürülməsinin əsaslılığını, Cavabdeh həmin iddia üzrə cavabdeh qismində çıxış etməsinin zəruriliyini təsdiq edən dəlillər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş 865,92 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar