Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-527/2021 12.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı veteranlığının təsdiq edilməsi barədə ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı veteranlığının təsdiq edilməsi barədə xx.xx.2021-ci il tarixli ərizəsi Şəki İnzibati Məhkəməsinə daxil olmuşdur. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə görə, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. İşdən görünür ki, iddiaçının məhkəməyə göndərdiyi müraciət ərizə deyil, iddia ərizəsi formasında yazılmalı, həmin iddia ərizəsində onun soyadı, adı, atasının adı və ünvanı, tələbin yönəldiyi inzibati orqanın (cavabdehin) adı, ünvanı və iddiaçının tələbi (müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması) göstərilməlidir. Lakin hazırkı ərizə bu formal tələblərə cavab vermir. Belə ki, İddiaçı müraciəti iddia ərizəsi deyil, ərizə formasında yazılmış, iddiaçının ünvanı, cavabdehin adı və ünvanı göstərilməmiş, tələbi isə qeyri-müəyyən şəkildə (veteranlığının təsdiq edilməsi) ifadə edilmişdir. Bundan başqa, öhdəliyin icrası haqqında iddiaların mümkünlük şərtlərindən biri iddiaçının məhkəməyə iddia verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməsi və cavabdehin bundan imtina etməsidir. Lakin məhkəməyə təqdim edilmiş sənədlərdə İddiaçı ona müharibə veteranı adı verilməsi üçün əvvəlcədən hər hansı inzibati orqana müraciət etməsini və həmin orqanın bundan imtina etməsini təsdiq edən heç bir məlumat yoxdur. İşdə yalnız İddiaçı ərizəsinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubu vardır ki, həmin məktubun məzmunu N nömrəli hərbi hissə komandirinin iyun-sentyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində ərizəçinin xidməti barədə məlumatın olmaması, həmçinin N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmaması barədə məlumatdan ibarətdir. Həmin məktubda İddiaçı ona müharibə veteranı adının verilməsi üçün müraciət etməsi göstərilməmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubu ilə həmin hallar iddiaçının diqqətinə çatdırılmış, onların aradan qaldırılması üçün 10 gün müddət təyin edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə iddiaçıya göndərilmiş və xx.xx.2021-ci ildə imza etdirilməklə ona çatdırılmışdır. Lakin ötən müddət ərzində iddiaçı qeyd olunan çatışmazlıqları aradan qaldırmamış və məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə cavab verən iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Eyni zamanda, məhkəmə izah edir ki, iddiaçı yuxarıda göstərilən formal xətaları aradan qaldıraraq yenidən məhkəməyə iddia ilə müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı veteranlığının təsdiq edilməsi barədə ərizəsi üzrə iddia mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-527/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-527/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver