Məhkəmə qərarları › İş №2-1(116)-527/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-527/2024

20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-527/2024 20.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “14 fevral 2013-cü il tarixli 47 saylı, 04 fevral 2014-cü il tarixli 05 saylı, 28 yanvar 2015-ci il tarixli 01 saylı ödəniş qəbzləri əsasında ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabına işlənilməsi və sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “14 fevral 2013-cü il tarixli 47 saylı, 04 fevral 2014-cü il tarixli 05 saylı, 28 yanvar 2015-ci il tarixli 01 saylı ödəniş qəbzləri əsasında ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabına işlənilməsi və sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçının Balakən rayonunun Hənifə kəndində 0.48 ha sahəsi olan kənd təsərrüfatlı təyinatlı fındıq bağı sahəsi var. İddiaçı iddia ərizəsinə əlavə etdiyi 14 fevral 2013-cü il tarixli 47 saylı, 04 fevral 2014-cü il tarixli 05 saylı, 28 yanvar 2015-ci il tarixli 01 saylı ödəniş qəbzləri əsasında ödədiyi vəsaitin məcburi dövlət sosial sığorta haqqı kimi fərdi şəxsi hesabına işlənilməsi və sosial sığorta stajına daxil edilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Bununla bağlı cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixində məktub ünvanlanaraq tələbinin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: Xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçı 2013-cü il, 2014-cü il və 2015-ci tarixlərində müvafiq olaraq 22 manat, 23 manat və 24 manat "kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə” məcburi dövlət sosial sığorta haqları barədə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat’lar (Forma B2) və ona uyqun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) təqdim etmədiyi üçün iddiaçının ödədiyini iddia etdiyi məbləğ fərdi şəxsi hesabında olmadığından həmin məbləğ pensiyanın alt sistemində öz əksini tapmamış və nəticədə həmin məbləği pensiya kapitalı kimi nəzərə almaq mümkün olmamışdır. Bütün bunları nəzəzrə alaraq iddiaçının iddiasınln icrası mümkün hesab edilmir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunması tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin, müraciəti təmin edilməmişdir.

2. İddiaçıya məxsus ИТ-İ №0458051 saylı Əmək kitabçası.

3. A seriyalı 000098 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, iddiaçıya kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.48 ha torpaq sahəsi verilmişdir.

4. 360700915 qeydiyyat nömrəli xx.xx.2007-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, iddiaçıya kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.48 ha torpaq sahəsi verilmişdir.

5. xx.xx.2013-cü, xx.xx.2014-cü və xx.xx.2015-ci il tarixli qəbzlərin surətindən görünür ki, iddiaçı "xxxx" ASC Balakən rayon filialının hesabına 23 manat, 22 manat, 24 manat məcburi dövlət sosial sığorta haqqı kimi ödəniş etmişdir.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı xx.xx.2013-cü, xx.xx.2014cü və xx.xx.2015-ci il tarixli qəbzlərin əsasən ödədiyi vəsaitin dövlət sosial sığorta haqqı kimi iddiaçının şəxsi fərdi hesabında qeydə alınmasından ibarətdir. Azərbaycan Respublikası “Sosial sığorta haqqında" Qanunun 8-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Maddə 9. Sığortaedənin hüquq və vəzifələri 9.1. Sığortaedən aşağıdakı hüquqlara malikdir: 9.1.1. sığortaolunandan bu Qanunun 5.2.2 – 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatların təqdim edilməsini tələb etmək, sığortaolunanın təqdim etdiyi məlumatları dəqiqləşdirmək; 9.1.2. sığortaolunanlara dair təqdim edilmiş fərdi uçot məlumatlarında aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dürüstləşmiş məlumatları elektron, habelə yazılı formada təqdim etmək. 9.2. Sığortaedənin aşağıdakı vəzifələri vardır: 9.2.1. sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu Qanuna və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək; 9.2.2. sığortaolunan haqqında bu Qanunun 5.2.2 – 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatları aşağıdakı müddətdə sığortaçıya təqdim etmək: 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan şəxslərə dair məlumatlar əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanıldığı gündən bir ay müddətində, digər sığortaolunanlar barədə məlumatlar isə sığortaolunanın əmək müqaviləsi bildirişinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınması zamanı; 2. sığortaçıda uçotda olmayan şəxslə mülki hüquqi müqavilə bağlanıldıqdan sonra bir ay müddətində; 3. sığortaolunan haqqında məlumatlar dəyişildikdə 14 gün müddətində. Həmin Qanunun 14.1 və 14.2-ci maddələrinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir və məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 26 fevral 2021-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu” Qaydasına əsasən Sığortaedənin sığortaçıda uçotu dedikdə, sığortaedənin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulur. Məhkəmə hesab edir ki, iddiaçı, sözügedən vəsaitin fərdi hesabında əks etdirilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. İş materiallarından görünür ki, iddiaçının təqdim etdiyi xx.xx.2013-cü, xx.xx.2014-cü və xx.xx.2015-ci il tarixli "xxxx" ASC-nin Balakən filialına ödəmiş olduğu qəbzlərə əsasən 22 manat, 23 manat, 24 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Müvafiq qəbz 2013, 2014, 2015-cı il tarixilərində tərtib edildiyindən nəzərə alınmalıdır ki, ödənilmiş həmin pul məbləğini, iddiaçının fərdi hesabının sığorta hissəsində əks etdirmək cavabdeh orqanın vəzifəsi olmuşdur. İddiaçı həmin pul məbləğini buna səlahiyyəti olan müvafiq orqana təqdim etməklə, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı qanunvericiliyin onun üzərinə qoyduğu vəzifəni yerinə yetirmişdir. Cavabdeh orqan, təqdim edilmiş həmin qəbzin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim edə bilməmiş, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmamasını bildirmişdir. Cavabdeh orqan iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmamasına, iddiaçı tərəfindən ümumiyyətlə heç bir ödəniş edilmədiyi halda istinad edə bilərdi. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən müvafiq ödənişin edilməsi sözgedən qəbzlə sübut olunur və müvafiq qəbzin mövcudluğu iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması ilə bağlı cavabdehin dəlillərinin əsassızlığını sübut edir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2013-cü, xx.xx.2014-cü, xx.xx.2015-ci tarixli "xxxx" ASC-nin Balakən filialının təqdim etdiyi mədaxil qəbzlərində qeyd edilmiş pul məbləğləri iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qədər qeydə alınmalıdır. Qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələbləri baxımından qeyd etmək lazımdır ki, sığortaedəndən və sığortaolunandan bu Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək sığortaçının hüququ, sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək sığortaçının vəzifəsidir.Oxşar işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-871/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə 14 fevral 2013-cü il tarixli 47 saylı, 04 fevral 2014-cü il tarixli 05 saylı və 28 yanvar 2015-ci il tarixli 01 saylı ödəniş qəbzlərinə əsasən ödədiyi məcburi dövlət sosial sığorta haqqının iddiaçının şəxsi fərdi hesabında qeydə alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar