Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-529/2020 20.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “tutulma müddəti bitmiş 257666,53 manat məbləğində vergi borclarının ümidsiz borc hesab edilərək silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Tutulma müddəti bitmiş 257.666.53 (iki yüz əlli yeddi min altı yüz altmış altı) manat 53 qəpik məbləğində vergi borclarının ümidsiz borc hesab edilərək silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Mənzil Kommunal Təsərrüfatı Kombinatının Nizamnaməsi 25 dekabr 2000-ci il tarixdə 10/92 saylı şəhadətnamə əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bərdə bölgə şöbəsində dövlət qeydiyyatına alınmışdır. Nizamnamənin 1.1-ci bəndinə əsasən Mənzil Kommunal Təsərrüfatı müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.09.1999-cu il tarixli, 149 saylı qərarına əsasən “Azərenerji” Səhmdar Cəmiyyətinin tabeliyindən Respublika Mənzil Kommunal Təsərrüfatı Komitəsinin tabeliyinə verilməklə, Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 13.10.2000-ci il tarixli 48 saylı əmri ilə əvvəllər AZ.DRES-in nəzdində fəaliyyət göstərən Mənzil İstismarı İdarəsinin bazasında yenidən təsis edilmiş və onun hüquqi varisi olan dövlət müəssisəsidir. Kombinatın əsas fəaliyyət növləri “xidmət etdiyi ərazidə fasiləsiz olaraq sakinlərin, habelə sosial, məişət, tikinti və digər obyektlərin içməli su və isti su ilə təchizatını təmin etmək, onlara kanalizasiya xidmətlərini göstərmək, habelə nizamnamə ilə yol verilən və mövcud qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növləri” göstərməkdən ibarətdir.Kombinat vergi orqanından aldığı ********** saylı vergi ödəyicilərinin yeniləşdirilmə nömrəsi əsasında fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi dövrlər üzrə idarənin fəaliyyəti vergi orqanı tərəfindən müntəzəm olaraq yoxlanılmış və nəticəsi üzrə aktlar tərtib edilmişdir.Fəaliyyət göstərdiyi dövrlərin bəyannamə məlumatları əsasında şəxsi hesab vərəqəsində hesablanmış vergilər üzrə kombinatın 03 oktyabr 2014cü il tarixə 360.110.03 (üç yüz altmış min yüz on) manat məbləğində borcu olmuş və həmin borc məbləğlərindən 03 oktyabr 2019-cu il tarixə qalıq qrafasında 286.534.94 (iki yüz səksən altı min beş yüz otuz dörd) manat vergilərin tutulması mümkün olmamış və həmin məbləğ qalıq kimi qalmışdır. Cinayət işinin xitamı ilə tutulma müddəti bitmiş 257.666.53 manat məbləğində vergilərin ümidsiz borc kimi silinməsi ilə aqədar olaraq 28 noyabr 2019- cu il tarixdə 309 saylı məktubla rəsmi qaydada 11 saylı Ərazi Vergilər Baş idarəsinə müraciət etmişdir. 11 saylı Ərazi Vergilər Baş idarəsinin rəisi, kiçik vergi xidməti müşaviri cənab Vüsal Məmmədovun müraciətə baxılması barədə 16 dekabr 2019-cu il tarixli cavab məktubu ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, Mənzil-Kommunal Təsərrüfatı Kombinatının (VÖEN: **********) şəxsi hesab vərəqəsi üzrə 03.10.2019-cu il tarixə iddia ərizəsində də göstərildiyi kimi dövlət büdcəsinə ödənilməmiş ümumilikdə 286.534,94 manat borcu mövcuddur. Həmin borcun da, 278320,64 manatı əsas vergi borcundan, 8214,30 manatı isə maliyyə sanksiyası üzrə borcdan ibarətdir. Qeyd olunan 03.10.2019-cu il tarixə mövcud olan borcun tədiyyələr üzrə yaranma tarixləri və məbləğlərinə görə hazırlanamış cədvəl etiraza əlavə edilir. Həmçinin qeyd edirik ki, iddiaçının ümidsiz borc hesab edilərək silinməsini iddia etdiyi 37.666,53 manat borc məbləği vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən və 15.05.2015-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan göründüyü kimi həmin vaxta dövlət büdcəsinə ödənməmiş qalan əsas vergi borcu olan 316.072,05 manatın tərkibində əlavə dəyər vergisi üzrə borc məbləğindən ibarət olmuşdur. Hal-hazırda iddiaçının 03.10.2019-cu il tarixə olan borcun tərkibində olan 257.666,53 manat hissəsinin ümidsiz borc hesab edilərək silinməli olduğunu güman edərək qaldırdığı iddia tələbi əsassızdır. Belə ki, ilk növbədə iddiaçının iddia ərizəsində göstərdiyi 03.10.2019-cu il tarixə olan 286.534.94 manat borcun tərkibində ən əvvəl tarixə yaranmış borc məbləği 2017-ci ilin mart”ı üzrə kameral vergi yoxlaması ilə 05.06.2017-ci il tarixdə hesablanmış ƏDV məbləğidir ki, həmin məbləğin də yaranma tarixindən 5 illik tələb etmə müddətinin keçmədiyi açıq aydın görünür. Həmçinin iddiaçının və məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edirik ki, iddiaçının şəxsi hesab vərəqəsində 03.10.2014cu il tarixə mövcüd olmuş 359.810,03 manat borc məbləğinin yaranmasından 03.10.2019cu il tarixədək iddiaçı tərəfindən dövlət büdcəsinə ümumilikdə 631.918,29 manat məbləğində vəsait ödənmişdir. Bu da Vergi Məcəlləsinin tələbinə əsasən o deməkdir ki, nəinki 03.10.2014-cu il tarixə mövcud olmuş borc məbləğini tam ödənilmiş, hətta həmin məbləğdən 272.108,26 manat məbləğində dövlət büdcəsinə əlavə vəsait ödəniş edilmişdir (631.918,29 - 359.810,03 = 272.108,26). Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Tutulma müddəti bitmiş 257.666.53 (iki yüz əlli yeddi min altı yüz altmış altı) manat 53 qəpik məbləğində vergi borclarının ümidsiz borc hesab edilərək silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, 18 sentyabr 2017-ci il tarixli 2-1(84)-1157/2017 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Qərardan verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 17 avqust 2018-ci il tarixli 2- 1(107)-382/2018 nömrəli qərarı ilə təmin edilmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının qərarından verilmiş kassasiya şikayəti Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 12.03.2019-cu il tarixli 2-1(102)-68/2019 nömrəli qərarı ilə təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə işin faktiki hallarını, yuxarıda qeyd olunan prosessual normaları nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Tutulma müddəti bitmiş 257.666.53 (iki yüz əlli yeddi min altı yüz altmış altı) manat 53 qəpik məbləğində vergi borclarının ümidsiz borc hesab edilərək silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-529/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-529/2020
20.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver