Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-529/2024 24.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Vəkil İddiaçı2, iddiaçının nümayəndəsi İddiaçı1, cavabdehin nümayəndəsi Nümayəndə üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Maraqlı şəxs mülkiyyətində olan, Zaqatala rayon Yuxarı Tala kəndində yerləşən 0.3444 ha torpaq sahəsinə dair hazırlanmış AA 545572 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində və 1,3264 ha torpaq sahəsinə dair hazırlanmış A 680646 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində olan yanlışlıqların düzəldilməsi, TEKUİS məlumat bazasına uyğun olaraq düzəldilərək iddiaçıya verilmiş Dövlət Aktında qeyd olunan 1587B cizgisində olan 0.34 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Maraqlı şəxs mülkiyyətində olan, Zaqatala rayon Yuxarı Tala kəndində yerləşən 0.3444 ha torpaq sahəsinə dair hazırlanmış AA 545572 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində və 1,3264 ha torpaq sahəsinə dair hazırlanmış A 680646 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində olan yanlışlıqları düzəldərək Maraqlı şəxs istifadəsində olan, artıq 21 sot üçüncü şəxsin mülkiyyətinə işləyərək iddiaçının istafadəmdə olan torpaq sahəsinin Maraqlı şəxs sənədində işlənmiş hissəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Maraqlı şəxs mülkiyyətində olan, Zaqatala rayon Yuxarı Tala kəndində yerləşən 0.3444 ha torpaq sahəsinə dair hazırlanmış AA 545572 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində və 1,3264 ha torpaq sahəsinə dair hazırlanmış A 680646 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində olan yanlışlıqların düzəldilməsi, TEKUİS məlumat bazasına uyğun olaraq düzəldilərək iddiaçıya verilmiş Dövlət Aktında qeyd olunan 1587B cizgisində olan 0.34 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2-1(116)-2801/2023 nömrəli qərardadı ilə Maraqlı şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 24 sentyabr 2024-cü il tarixli, 2-1(116)-529/2024 saylı Qərardadına əsasən İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iddia tələbi “Maraqlı şəxs adına 1,3264 ha torpaq sahəsinə dair qeydə alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış, A 680646 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində olan yanlışlıqların düzəldilməsi, TEKUİS məlumat bazasına uyğun olaraq iddiaçıya verilmiş JN 1587 Torpağa mülkiyət hüququ haqqında Dövlət Aktının 1587B cizgisində göstərilən 0.34 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. İddia ərizəsinə əsasən Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə iddiaçı və mərhum valideynlərinin mülkiyyətinə Yuxarı Tala kənd ərazisindən 0,34 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin verilməsinə dair, JN1587 saylı KOD 40216018 Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanaraq verilmişdir. Dövlət Aktında göstərilən digər şəxslər vəfat etmişdir. 1996-cı ildən bu günədək həmin torpaq sahəsi Dövlət Aktında göstərilən plan və cizgisi ölçülərində iddiaçının istifadəsindədir. Torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsini Maraqlı şəxs 2018-ci ildə alqı-satqı müqaviləsi əsasında 0,34 ha olmaqla torpaq sahəsini əldə etmişdir. O, həmin torpaq sahəsini əldə edən zaman torpaq sahəsinin planı və ölçüsü işlənmədən Səyyar Asan xidmətin plan və cizgisi olmadan yalnız çıxarış əsasında verdiyi torpaq sahəsini alqı-satqı ilə əldə etdikdən sonra müraciət edərək çıxarış və torpaq sahəsinin plan və ölçüsünü 2020-ci ildə hazırlatdırmışdır. Həmin plan və ölçü faktiki vəziyyəti əks etdirmir, eyni zamanda elektron baza məlumatlarında olan vəziyyəti əks etdirmir, uçot məlumatları ilə ziddiyyət təşkil edir. Ona görə də Dövlət Aktları əsasında hazırlanmış çıxarış və torpaq sahəsinin plan və ölçüləri hazırki vəziyyətə uyğun olmayaraq torpaq sahəsinin qonşularına doğru sürüşmə vəziyyəti baş vermişdir. Bunun nəticəsi olaraq 1996-cı ildən bu günədək bütün ətrafı bağlı olan və istifadəsində olan 0,34 ha torpaq sahəsinin 10 sot hissəsi 2020-ci ildə yeni sənəd əldə etmiş Maraqlı şəxs mülkiyyətinə işlənmişdir. Buradan belə başa düşmək olur ki, reyestrin əməkdaşlarının səhlənkarlığı nəticəsində iddiaçının istifadəsində və mülkiyyətində olan 0,34 ha torpaq sahəsinin 10 sot hissəsi qanunsuz olaraq Maraqlı şəxs mülkiyyətinə verilmiş, eyni zamanda Maraqlı şəxs əlavə 21 sot sənədsiz və qanunsuz olaraq istifadəsinə verilmişdir. Bundan istifadə edən Maraqlı şəxs rayon məhkəməsində iddia qaldıraraq iddiaçını mülkiyyətində olan torpaq sahəsindən çıxarmağa çalışır. İddiaçı, cavabdeh təşkilata müraciət edərək Maraqlı şəxs mülkiyyətində olan 0,3444 ha torpaq sahəsinin AA 545572 saylı Torpaq sahəsinin Planı və ölçüsü sənədində və 1,3264 ha torpaq sahəsinin A 680646 saylı Torpaq sahəsinin Plan və ölçülərində olan yanlışlıqları düzəldərək onun istifadəsində olan artıq 21 sotu onun mülkiyyətinə işləyərək iddiaçının istifadəsində olan torpaq sahəsindən onun sənədini çıxarılmasını və ləğv olunmasını təmin etməsini xahiş etmişdir. Cavabdeh təşkilat xx.xx.2023-cü il tarixli 3-21-3- 47/2-Q-00xx-xx/2023 saylı imtina məktubu verərək, bildirmişdir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz və bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyi məqsədəuyğun bilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının ərizəsində qeyd olunan məsələnin həlli iddiaçının ərizəsinə əsasən ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından onun ərizəsinin icrası mümkün olmamış və bu barədə ona xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-Q-00xx-xx/2023 (**********44) nömrəli məktub göndərilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. JN1587 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 və ailə üzvlərinə verilmişdir.
3. ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.3444 ha torpaq sahəsi üzərində Maraqlı şəxs mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
4. ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 1.3264 ha torpaq sahəsi üzərində Maraqlı şəxs mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
5. AA seriyalı 680646 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi.
6. AA seriyalı 545572 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi.
7. AN-İ ******* seriyalı xx.xx.2018-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, X8, X4, X12, X14 özlərinə məxsus 0.3444 hektar torpaq sahəsini Maraqlı şəxs satmışdır.
8. AN-İ ******* seriyalı xx.xx.2021-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, X7 özünə məxsus 1.3264 hektar torpaq sahəsini Maraqlı şəxs satmışdır.
9. JN1527 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə 0.99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8 və ailə üzvlərinə verilmişdir. Sənəd dövlət aktı qeydiyyat kitabında xx.xx.2005-ci il tarixdə 1855 nömrə ilə qeydiyyata alınmışdır.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-2658/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, JN 1587 Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktına əsasən verilmiş 0.34 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisidir. Mübahisələndirilən JN 1587 Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktının 1587B cizgisində göstərilən 0.34 ha ərazi İddiaçı1 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənilmişdir. Həmin ərazinin naturada istifadə vəziyyəti və sənəd üzrə yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planı-2-də göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsinin hüdudları daxilinə JN-1587 Torpağa mülkiyyət hüququ haqqında Dövlət aktına əsasən verilmiş 0.34 ha torpaq sahəsinin 0.3158 ha hissəsi düşür. X2 adına qeydə alınmış 0.3444 ha və 1.3264 ha torpaq sahələrinə dair çıxarışlar TEKUİS-ə əsasən verilməmişdir. Məlumat üçün bildirik ki, 0.3444 ha və 1.3264 ha torpaq sahələrinin cizgiləri TEKUİS məiumat bazasında öz əksini tapmamışdır. Həmin çıxarışlar kompleks yerquruluşu layihəsinə əsasən tərtib edilmişdir. JN 1587 Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktına əsasən verilmiş 0.34 ha torpaq sahəsi və faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin, o cümlədən mübahisələndirilən çıxarışlara əsasən verilmiş torpaq sahələri ilə üst-üstə düşür, iddiaçının adına tərtib edilmiş JN 1587 Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktının 1587B cizgisində göstərilən 0.34 ha torpaq sahəsinin hüdudları daxilinə X5 və onun ailə üzvlərinin adına tərtib edilmiş reyestr nömrəsi **********31 olan çıxarışda göstərilən 0.4834 ha torpaq sahəsinin 0.16 ha hissəsi və X3 adına tərtib edilmiş reyestr nömrəsi **********65 olan çıxarışda göstərilən 0.3444 ha torpaq sahəsinin 0.0675 ha hissəsi düşür. İddiaçı tərəfindən üst-üstə düşdüyü qeyd olunan 0.10 ha torpaq sahəsinin 0.0675 ha hissəsi X2 adına qeydə alınmış 0.3444 ha torpaq sahələrinin hüdudları daxilində yerləşir. İddiaçıya məxsus Dövlət Aktı TEKUİS məlumat bazasına əsasən 1587B cizgisində göstərilən 0.34 ha torpaq sahəsi ilə üçüncü şəxsə məxsus Çıxarışlarda göstərilən torpaq sahələrinin müəyyən bir hissəsi üst-üstə düşür. TEKUİS məlumat bazasında üçünçü şəxsə məxsus çıxarış sənədlərində göstərilən 0.3444 ha və 1.3265 ha torpaq sahələrinin cizgiləri mövcud olmadığına görə iddiaçıya məxsus JN 1587 Torpağa mülkiyət hüququ haqqında Dövlət Aktının 1587B cizgisində göstərilən 0.34 ha torpaq sahəsi ilə üst-üstə düşdüyünü müəyyən etmək olmamışdır. Üçüncü şəxslərə məxsus 0.3444 ha və 1.3265 ha torpaq sahələrinin cizgiləri TEKUİS məlumat bazasında öz əksini tapmadığına görə Çıxarışlar həmin kəndin kompleks yerquruluşu layihəsinə əsasən tərtib edilmişdir. X2 adına qeydə alınmış 0.3444 ha və 1.3265 ha torpaq sahələrinə dair çıxarışların koordinatları ilkin hüquqmüəyyənedici sənədlərlə eynidir. X2 faktiki istifadə etdiyi torpaq sahəsi 0.3444 ha və 1.3264 ha torpaq sahələrinə dair texniki səndələrdə göstərilən koordinatlar qismən üstüstə düşür.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı üçüncü şəxs Maraqlı şəxs mülkiyyətində olan, Zaqatala rayon Yuxarı Tala kəndində yerləşən 0.3444 ha torpaq sahəsinə dair hazırlanmış AA 545572 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində və 1,3264 ha torpaq sahəsinə dair hazırlanmış A 680646 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində olan yanlışlıqların düzəldilməsi, TEKUİS məlumat bazasına uyğun olaraq düzəldilərək iddiaçıya verilmiş Dövlət Aktında qeyd olunan 1587B cizgisində olan 0.34 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsindən ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Faktiki istifadə olunan torpaq sahəsinin xüsusiyyətlərini müəyyən etmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala İdarəsinin mütəxəssis rəyi təqdim olunmuşdur.Rəyə əsasən iddiaçıya məxsus JN 1587 Torpağa mülkiyət hüququ haqqında Dövlət Aktının 1587B cizgisində göstərilən 0.34 ha torpaq sahəsinə dair aşağıdakı iki hal müəyyən edilmişdir 1.iddiaçıya məxsus JN 1587 Torpağa mülkiyət hüququ haqqında Dövlət Aktının 1587B cizgisində göstərilən 0.34 ha torpaq sahəsi üçüncü şəxs X2 adına qeydə alınmış 1.3265 ha torpaq sahəsinə dair çıxarışla üst-üstdə düşmür. 2.iddiaçıya məxsus həmin torpaq sahəsi üçüncü şəxsə məxsus Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.3444 ha torpaq sahəsinə dair verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışla qismən üst-üstdə düşür. Göründüyü kimi iddiaçının mülkiyyətinə aqrar islahat zamanı JN-1587 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən 0.34 ha torpaq sahəsi verilmişdir. Həmin topraq sahəsinin 1587B cizgisində göstərilən 0.34 ha torpaq sahəsinin 0.0675 ha hissəsi üzərində isə X2 mülkiyyət hüququ qeydə alınaraq **********65 reyestr nömrəli çıxarış və AA seriyalı 545572 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.Həmin çıxarış və texniki sənəd TEKUİS-ə əsasən tərtib edilmədiyindən faktiki istifadə vəziyyəti ilə uyğunsuzluqlar mövcuddur. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı mümkün hesab edilən hissədə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına əsasən torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən cavabdehin etirazının dəlillərini əsassız hesab edərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçıya verilmiş JN-1587 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın 1587B cizgisində göstərilən 0.34 ha torpaq sahəsi ilə üst-üstdə düşən 0.0675 ha hissədə X2 adına aparılmış qeydiyyat, **********65 reyestr nömrəli çıxarış və AA seriyalı 545572 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.3444 ha torpaq sahəsi üzərində X2 adına aparılmış xx.xx.2020-ci il tarixli qeydiyyatın, **********65 reyestr nömrəli çıxarışın və AA seriyalı 545572 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin İddiaçı2 verilmiş JN-1587 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın 1587B cizgisində göstərilən 0.34 ha torpaq sahəsi ilə üst-üstdə düşən 0.0675 ha hissədə ləğv edilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə