Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-53/2020 16.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “01.01.2006-cı il tarixdən 31.07.2012-ci il tarixədək Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qəbələ rayonu ərazisində yerləşmiş N nömrəli hərbi hissəsində işlədiyi, habelə N72-ci il tarixdə daxil olduğu və N78-ci il tarixdə bitirdiyi X3 Texnikumunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 25.12.N92-ci il tarixdən 31.07.2012-ci ilə tarixədək Azərbaycan Respublikasının Qəbələ rayonu ərazisində yerləşən Rusiya Federasiyasına aid N nömrəli hərbi hissədə işləyib. İşlədiyi dövrün 25.12.N92-ci il tarixdən 01.01.2006-cı il tarixədək olan illəri Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07.07.2018-ci il tarixli, 2-1(084)-832/2018 nömrəli qərarı ilə sosial sığorta stajına daxil edilib. İddiaçı cavabdeh orqandan 01.01.2006cı il tarixdən 31.07.2012-ci il tarixədək işlədiyi illərin, həmçinin N72-ci ildə daxil olduğu və N78-ci ildə bitirdiyi X3 Texnikumunda təhsil aldığı illərin həmin dövrün qanunvericiliyə istinad edərək sosial sığorta stajına daxil edilməsini xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçının təhsil illərinin sosial sığorta stajına daxil edilməsi ilə bağlı müraciətinə cavabdeh orqan tərəfindən 04.04.20N-cu il tarixli **********1 saylı rəsmi imtina məktubu gəlmişdir. Odur ki, iddiaçı cavabdeh qarşısında qaldırdığı tələbə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Vətəndaş İddiaçı Rusiya Federasiyasına məxsus hərbi hissədə işlədiyi müvafiq illərin və əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi üçün ərizə ilə şöbəyə müraciət etmişdir. Vətəndaşın Rusiya Federasiyasına məxsus hərbi hissədə qeyd olunan iş dövrü iş stajı kimi qəbul edilsə belə, həmin dövrdə aldığı əməkhaqqı məbləğindən məcburi dövlət sosial sığorta haqqları ödənilmədiyindən pensiya kapitalı formalaşmadığı üçün pensiya məbləğinə təsir göstərə bilməz. Həmçinin,vətəndaşın “Əmək pensiyaları haqqıda” Azərbaycan Respublikası qanununda nəzərdə tutulan yaş həddi 16.02.2018-ci il tarixdə tamam olduğundan hüquq münasibətləri eyni tarixdə yaranmışdır ki, bu səbəbdən də N72-N78-ci illərdə qüvvədə olmuş qanunvericilik yeni yaranmış hüquq münasibətlərinə şamil edilə bilməz. Bu səbəbdən vətəndaşın iddiasını əsassız hesab edir və məhkəmədən təmin edilməməsini xahiş edirlər. Məlumat üçün bildirirlər ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının əyani təhsil illəri sosial sığorta stajına daxil ediləcəyi təqdirdə əmək pensiyasının məbləğində artım olacaqdır. İddiaçının əmək kitabçasına əsasən 01.01.2006cı il tarixədək 28 il 1 ay, 01.01.2006-cı il tarixdən sonrakı dövr üçün pensiya kapitalı 7342.90 manat (01.01.20N-cu il vəziyyətinə indeksləşmiş) müəyyən olunmuşdur. İddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, Cavabdeh 04.04.20N-cu il tarixli **********1 nömrəli imtina məktubu və 04.07.20N-cu il tarixli **********6 nömrəli məktubu, AT seriyalı 000153 nömrəli diplomun təsdiqlənmiş surəti, 24.03.N78-ci il tarixli əmək kitabçasının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında “Qəbələ radiolokasiya stansiyasının (RLS “Daryal”) statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanunu,” Azərbaycan Respublikası Höküməti ilə Rusiya Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanunu, N nömrəli hərbi hissə tərəfindən göndərilmiş təsdiq olunmuş arayışın surəti, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti, “xxxx” MMC-yə məxsus GJƏ/7 seriyalı, 676893 nömrəli ödəniş qəbzi və 24.09.20N-cu il tarixli 02-11-2-20/4765 nömrəli arayış, Rusiya Federasiyası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən göndərilmiş 29.11.20N-cu il tarixli, 2/6-10142 nömrəli arayışın tərcümə və təsdiq edilmiş surətləri aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin qismən əsaslıdır. İşdə olan AT seriyalı 000153 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, iddiaçı 01.09.N72-ci il tarixindən 06.03.N78-ci il tarixinədək X3 Texnikumunda təhsil almışdır. Təhsil müddəti ərzində, yəni 13.05.N73-cü il tarixdən 17.05.N75-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan Cavabdeh 04.06.20N-cu il tarixli **********6 nömrəli məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Təhsil illəri stajına daxil edilsə pensiyasında artım olacaq. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı təhsil müddətinin və 01.01.2006-cı il tarixdən 31.07.2012-ci il tarixədək Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qəbələ rayonu ərazisində yerləşmiş N nömrəli hərbi hissəsində işlədiyi sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, pensiyasının artmasından ibarətdir. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. N56-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. N92-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının N72-ci il tarixdə daxil olduğu və N78-ci il tarixdə bitirdiyi X3 Texnikumunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi qismən təmin edilməli, cavabdehin üzərinə iddiaçının 01.09.N72-ci il tarixindən 13.05.N73-cü il tarixinədək, həmçinin 26.05.N75-ci il tarixdən 06.03.N78-ci il tarixədək X3 Texnikumunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalıdır. İddiaçının 01.01.2006-cı il tarixdən 31.07.2012-ci il tarixədək Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qəbələ rayonu ərazisində yerləşmiş N nömrəli hərbi hissəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə qeyd olunan nəticəyə aşağəda qeyd olunanlara əsasən gəlmişdir. İşin həqiqi halları ilə müəyyən olunur ki, iddiaçı 25.12.N92-ci ildən 31.07.2012-ci ilədək Azərbaycan Respublikasının ərazisində (Qəbələ rayonunda) yerləşmiş Rusiya Federasiyasına məxsus N nömrəli hərbi hissədə işləmişdir. Məhkəmənin qənaətinə görə, iddiaçının 2006-cı ilin yanvarın 1-dən 2012-ci ilin iyul ayı da daxil olmaqla işlədiyi dövrdə əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının tutulması barədə məlumat olmadığından bu illərin iddiaçının sosial sığorta stajına daxil edilməsi qanuni sayıla bilməz. 01 yanvar 2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 23.1ci maddəsində isə göstərilir ki, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsi vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrünün müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildiyi halda sığorta stajına daxil edilməsini Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa halın nəzərdə tutulmaması ilə şərtləndirmişdir. Azərbaycan Respublikasının 03 aprel 2001-ci il tarixli 114-İİQ nömrəli Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Saziş təsdiq edilmişdir. Sazişə görə bundan sonra Tərəflər adlanan Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti pensiya təminatı sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyərək aşağıdakılar barədə razılığa gəldilər: Bu Sazişin məqsədləri üçün aşağıdakı terminlər bu mənaları ifadə edir: “vətəndaşlar”-Azərbaycan Respublikasının və ya Rusiya Federasiyasının ərazisində yaşayan və bu dövlətlərin pensiya təminatı sahəsində qanunvericiliyinin şamil olunduğu şəxslər; “daimi yaşayış yeri”-vətəndaşın müvafiq dövlətin qanunvericiliyi ilə müəyyən olunan və ya bu qəbildə tanınan daimi yaşadığı yer; “əmək (sığorta) stajı”-Tərəflərdən hər birinin dövlətinin qanunvericiliyinə müvafiq olaraq pensiya təminatını həyata keçirmək üçün nəzərə alınan və pensiya təminatı üçün sığorta ödənişləri aparılan əmək və digər fəaliyyət müddəti, həmçinin Tərəflərin hər birinin qanunvericiliyinə uyğun olaraq əmək(sığorta) stajına bərabər tutulan istənilən digər müddətlər; “səlahiyyətli orqanlar”: Azərbaycan Tərəfindən – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; Rusiya Tərəfindən-Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi. Bu Sazişdə işlədilən bütün digər anlayış və ya ifadələr müvafiq dövlətin qanunvericiliyi ilə onlara verilən mənanı daşıyır (maddə 1). Tərəflər, öz dövlətlərinin ərazilərində daimi yaşayan, o cümlədən digər Tərəfin dövlətinin ərazisindən köçüb gəlmiş (məskunlaşmış) bütün vətəndaşlara pensiya təminatı sahəsində öz dövlətinin vətəndaşları ilə eyni hüquqlar verirlər (maddə 4). Sazişin 1-ci maddəsinin məzmununa görə, “əmək (sığorta) stajı” dedikdə Tərəflərdən hər birinin dövlətinin qanunvericiliyinə müvafiq olaraq pensiya təminatını həyata keçirmək üçün nəzərə alınan və pensiya təminatı üçün sığorta ödənişləri aparılan əmək və digər fəaliyyət müddəti başa düşülür. Beləliklə, pensiya təyin edilməsi ilə bağlı qanunvericiliyin müddəalarına görə 1 yanvar 2006-cı ildən sonrakı iş dövrü o halda sığorta stajına daxil edilə bilər ki, həmin dövrdə işçinin əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulmuş olsun. Lakin işdə olan sənədlərdə iddiaçının adından pensiya fonduna sığorta ödəmələri haqqında 2006- 2012-ci illərə aid məlumatlar (iddiaçının fərdi şəxsi hesabının vəziyyəti haqqında bildiriş) mövcud deyildir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçının əmək haqqından məcburi dövlət sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı məlumatlar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İş üzrə prosessual xərclər olmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ şəhər şöbəsinin üzərinə İddiaçı 01.09.N72-ci il tarixindən 13.05.N73-cü il tarixədək, həmçinin 26.05.N75-ci il tarixdən 06.03.N78-ci il tarixədək X3 Texnikumunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-53/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-53/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver