Məhkəmə qərarları › İş №2-1(116)-53/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-53/2023

23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-53/2023 23.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “10 iyun 2020-ci il tarixli **********644100 nömrəli və 29 iyun 2021-ci il tarixli **********391800 nömrəli qərarların ləğv edilməsi, həmin qərarlar əsasında hesablanmış 4051,46 manat məbləğində əsas, 1478,78 manat məbləğində faiz borcu olmaqla cəmi 5530,24 manat məbləğində borcunu silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 10 iyun 2020-ci il tarixli **********644100 nömrəli və 20 may 2021-ci il tarixli **********608500 nömrəli qərarların ləğv edilməsi, həmin qərarlar əsasında hesablanmış 4051,46 manat məbləğində əsas, 1478,78 manat məbləğində faiz borcu olmaqla cəmi 5530,24 manat məbləğində borcunu silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək cavabdehin “10 iyun 2020-ci il tarixli **********644100 nömrəli və 29 iyun 2021-ci il tarixli **********391800 nömrəli qərarlarının ləğv edilməsi, həmin qərarlar əsasında hesablanmış 4051,46 manat məbləğində əsas, 1478,78 manat məbləğində faiz borcu olmaqla cəmi 5530,24 manat məbləğində borcunu silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 10 iyun 2020-ci il tarixli 20Tl**********00 №-li qərarı ilə iddiaçı 4051.46 manat məbləğində cərimə edilmişdir. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 20 may 2021-ci il tarixli **********608500 №-li qərarı ilə o, əsas vergi üzrə 4051,46 manat, faiz üzrə 1478,78 manat olmaqla, ümumilikdə 5530,24 manat məbləğində borc ödənilmədiyinə görə tələbkar 11 saylı Ərazi Vergilər Baş İdarəsinin qərarının 20 may 2021-ci il tarixdən icraya yönəldilməsi, 5530,24 manat vergi borcu məbləğinin İddiaçı məcburi qaydada tutulması və dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Lakin o, həmin qərarlarla razılaşmır. Belə ki, o, bankdan 10.000 və 7.000 olmaqla, cəmi 17.000 ABŞ dolları məbləğində pul almışdır. Lakin həmin məbləği almaq üçün banka ödədiyi 28939 manat məbləğində pul ona və ailə üzvlərinə məxsus olmuşdur. İddiaçı 17 ildir ki, yəni 01 noyabr 2004-cü il tarixdən indiyə kimi X1 abunə şöbəsində aparıcı mühəndis vəzifəsində işləyir və hər ay 380 manat əmək haqqı alır. Həmçinin onun həyat yoldaşı X6 25 ildir ki, yəni 02 sentyabr 1996-cı ildən indiyə kimi Yevlax şəhər 5 №-li tam orta məktəbdə müəllim işləyir və hər ay 380 manat əmək haqqı alır. Həmçinin ata və anası da iddiaçı ilə birlikdə (onun himayəsində) yaşayırlar. X2 yaşa görə hər ay 259,78 manat, atası X7 isə yaşa görə hər ay 279,99 manat pensiya alırlar. Göründüyü kimi, elə təkcə iddiaçının ailəsinin aylıq gəliri 1300 manat edir. Bu isə bir ildə 15600 manat təşkil edir. Lakin həmin banka ödədiyi pul onların 1-2 ilə deyil, illərlə işləyib yığdıqları pul idi. Bundan başqa o, bankdan dollar almamışdan bir neçə ay əvvəl həm özü, həm də yoldaşının adına bankdan kreditlər almışdır. Belə ki, iddia ərizəsinə əlavə edilən 01 avqust 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, «Azərbaycan Beynəlxalq Bankı» tərəfindən həyat yoldaşı Rəqsanə Musayevaya 4000 AZN məbləğində kredit verilmişdir. Həmçinin ərizəyə əlavə edilən 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsi və ödəniş cədvəlindən görünür ki, "xxxx" KB ASC tərəfindən ona 4800 AZN məbləğində kredit verilmişdir. Yəni elə cəmi 8800 manat pulu o, bankdan kreditə almışdır. Qalanlarını isə yuxarıda qeyd etdiyi kimi illərlə toplamışlar. Ailəsinin gəliri həmin məbləği toplamağa imkan vermişdir. Həmçinin o bankdan dollar almamışdan bir müddət əvvəl, yəni 27 noyabr 2018-ci ildə özümə məxsus olan «Mersedes Benz» markalı, buraxılış ili 1998-ci il olan, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili də satmışdır. Həmin pul da aldığı dollar üçün verdiyi pulun içərisində idi. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın təmin edilməməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazını aşağıdakı kimi əsaslandırmışdır: Uçot-baza məlumatına əsasən fiziki şəxs xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “digər pul vasitəçiliyi” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən fiziki şəxs tərəfindən 28939,0 manat məbləğində valyuta mübadiləsi əməliyyatının aparılması və pul vəsaitinin mənbəyi barədə sənədlərin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********508300 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37- ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2019-cu il üçün gəlir vergisi bəyannaməsi üzrə 4051,46 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********644100 nömrəli Qərar qəbul olunmuşdur. Daha sonra iddiaçı vergi orqanına hesablanmış vergilərlə bağlı müraciət etmiş və araşdırmaya təqdim edilmiş sənədlərə əsasən özünün Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 işlədiyi, orta aylıq əmək haqqısının 498,4 manat olduğu, həyat yoldaşı X4 Azərbaycan Respublikası Təhsil Nazirliyinin Yevlax Şəhər 5 nömrəli tam orta məktəbində musiqi müəllimi vəzifəsində işlədiyi və orta aylıq əmək haqqısının 319,2 manat olduğu müəyyən edilmiş və əlavə gəlirləri barədə təsdiqedici sənədlər təqdim edilmədiyindən müraciəti nəzərə alımamışdır. Göründüyü kimi fiziki şəxs gəlirin mənbəyi barədə əlavə təsdiqedici sənədləri inzibati araşdırmaya tam təqdim edilə bilməmiş, ailə üzvlərinin orta aylıq gəlirlərinin təqdim olunmuş izahat və təsdiqedici sənədlərə əsasən ümumilikdə 817,7 manat olduğu, bu məbləğin ay ərzində yaşayış minimumun təmin edilməsinə və həyat səviyyəsi göstəriciləri üzrə mövcud xidmətlərin əldə edilməsinə uyğun olduğu, bu vəsaitin bir hissəsinin əlavə ehtiyatlara (yığıma) yönəldilməsi real olmaması və mənbəyi bəlli olan faktiki gəlirlərinin xarici valyutaya konvertasiya edilən 28939,0 manat məbləğdən artıq olması təsdiqlənməmişdir. Aparılan araşdırma zamanı konvertasiya olunmuş vəsaitin mənbəyinin (muzdlu işdən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım miras və s.) müəyyən edilmədiyini, sahibkarlıq fəaliyyətindən əldə edilməsinin təsdiqlənmədiyini, işin faktiki və hüquqi halları ilə bağlı araşdırmaya təsdiqedici sənədlərin tam təqdim edilmədiyini, bununla da konvertasiya olunmuş vəsaitinin mənbəyi və onun vergiyə cəlb edilmiş gəlir olduğu sübuta yetirilmədiyini nəzərə alaraq iddiaçının şikayət təmin edilməməmişdir. Hal-hazırda isə iddiaçı məhkəməyə özünün və həyat yoldaşının əmək haqqına, atasının və anasının isə yaşa görə əmək pensiyası almasına dair arayışlar, həmçinin 2019-cü ildə özünün və həyat yoldaşının kredit götürməsi ilə bağlı kredit müavilələrini əlavə etmişdir. İddiaçının iddia ərizəsində qeyd etdikləri və iddia ərizəsinə əlavə etdiyi sənədlərlə bağlı bildiririk ki, İddiaçı orta aylıq əmək haqqısının 380 manat, X4 orta aylıq əmək haqqısının 380 manat olduğuna dair arayışlarda göstərilən rəqəmlər həmin şəxslərin əmək haqqından sosial sığorta, işsizlikdən sığorta və digər tutulmalar çıxılmadan olan rəqəmlərdir. Həmçinin qeyd etmək lazımdır ki, X6 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən aylıq olaraq 106 manat məbləğində, İddiaçı isə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən aylıq olaraq 165 manat məbləğində kredit ödənişi etməlidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, ailənin himayəsində iki övladı var və övladlarının aylıq olaraq yaşayışını təmin etmək məqsədi ilə xərclər tələb olunur. Bundan başqa, qeyd olunmalıdır ki, arayışlarda göstərilən rəqəmlər 2021-ci il tarixə olan rəqəmlərdir və hər birimizə məlum olduğu kimi əmək haqqı məbləğləri və pensiyalar artdıqdan sonra 6 (altı) nəfərdən ibarət olan ailənin bu günə aylıq gəlirləri 1299,77 manat məbləğ təşkil etmişdir. (İddiaçı - 380 manat + Rəqsanə Musayeva - 380 manat + Qalib Musayev - 279,99 manat + Gülbəniz Musayeva - 259,78 manat = 1299,77 manat) Qeyd olunanların hər birini iddiaçının xeyirinə götürsək, əmək haqqı məbləğlərini xalis gəlir kimi, götürdükləri kredit məbləğlərini xərcləmədikləri kimi, gəlirlərini 2021-ci il üçün, lakin xərclərini 2019-cü il üçün nəzərdə tutulmuş yaşayış minimumu kimi nəzərə alsaq, ailənin 2021-ci il üçün bir aylıq gəliri 1299,77 manat - Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2 nəfər pensiyaçı üçün 149 manatdan cəmi 298 manat - 2 nəfər uşaqlar üçün 160 manat cəmi 320 manat - iddiaçı və həyat yoldaşı üçün 191 manatdan cəmi 382 manat ödədikləri kredit məbləği cəmi 271 manat = ümumilikdə 1271 manat məbləğində xərcləri olmuş və ailənin cəmi gəlirlərindən kənara qoya biləcəyi məbləğ ən yaxşı halda 28,77 manat məbləğ təşkil etmiş olardı. Konvertasiya olunmuş vəsaitin (28939,0 manat məbləğ) tərkibində götürülmüş kredit məbləğlərinin (8800 manat) də olduğunu qəbul etsək, 28939,0 - 8800 = 20139 manat məbləği alilənin hər ay kənara qoya biləcəyi (28,77 manat) məbləğlə 58 il müddətinə toplamaq mümkündür. Digər tərəfdən iddiaçının hazırda iddia ərizəsini əsaslandırmağa çalışaraq konvertasiya olunmuş vəsaitin bir hissəsinin kredit məbləği olmasını bildirməsi heç də ağılabatan deyildir. Belə ki, iddiaçının üzün illər topladığını bildirdiyi (kredit məbləğləri nəzərə alınmadan) 20139 manat məbləğində ehtiyyat pulu olduğu halda 20% dərəcə ilə kredit təşkilatından götürdüyü kreditin qarşılığında faiz olaraq ümumilikdə 5451,49 manat məbləğində əlavə vəsait itirməsi göstərdiyi faktların tam əksini sübuta yetirir. Qeyd olunanları nəzərə alaraq iddiaçının iddia tələbi rədd edilərək 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş qərar dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi (vəkili), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2020-ci il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********644100 nömrəli qərardan görünür ki, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 4051,46 manatdır. - aprel 2021-ci il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında qərardan görünür ki, iddiaçının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********644100 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. - xx.xx.2021-ci il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********391800 nömrəli qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı (əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği) 4051,46 manatdır. - Fiziki şəxsin onlayn fəaliyyət dayandırma ərizəsindən görünür ki, iddiaçının fəaliyyətinin və əməliyyatlarının dayandırıldığı tarix xx.xx.2021-ci il, fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi tarix isə xx.xx.2026-cı il tarix qeyd edilmişdir. - Fiziki şəxs haqqında məlumatdan görünür ki, iddiaçı, vergi ödəyicisi kimi xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış (**********), əsas fəaliyyət növü isə digər pul vasitəçiliyi qeyd edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən iddiaçı xx.xx.2020-ci il tarixdə valyuta mübadiləsi əməliyyatı aparmışdır. Əsaslandırma hissəsi: İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərarlar 10 iyun 2020 və 29 iyun 2021-ci il tarixlərdə qəbul edilmişdir. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində...qaldırıla bilər. İddiaçı, cavabdeh orqanın xx.xx.2020-ci il tarixli qərarını mübahisələndirmiş və şikayət instansiyası iddiaçının şikayətini təmin etməyərək aprel 2021-ci il tarixli qərar qəbul etmişdir. Odur ki, iddiaçı, ilkin qərarı şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində mübahisələndirməli idi. İş materialları ilə müəyyən edilir ki, iddiaçı müddətlə bağlı tələbə əməl edərək xx.xx.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsində iddia qaldırmış və sözügedən qərarı mübahisələndirmiş, lakin, məhkəmə araşdırmasının gedişində tərəflər arasında mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı şifahi razılaşma yarandığından, iddiaçı, ərizənin geri qaytarılmasını xahiş etmiş Şəki İnzibati Məhkəməsinin 2-1(116)-922/2021 xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbi geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Bundan sonra cavabdeh orqan mübahisələndirilən qərarla bağlı borc məbləğinin icraya yönəldilməsi ilə bağlı 20 may 2021-ci il tarixli qərar qəbul edərək borc məbləğini icraya yönəltmişdir. Odur ki, iddiaçı, icra sənədi üzrə əmək haqqından tutulmalar icra edildiyi barədə məlumat aldıqdan sonra cavabdehin xx.xx.2020-ci il tarixli qərarını xx.xx.2021-ci il tarixdə yenidən mübahisələndirmişdir. Yeni iddia ərizəsi məhkəməyə təqdim edilərkən şikayət instansiyasının aprel 2021ci il tarixli qərarın qəbul edilməsindən 1 ildən artıq müddət keçmədiyindən iddiaçı, buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-53/2023 nömrəli qərardadı ilə xx.xx.2020-ci il tarixli **********644100 nömrəli qərarın mübahisələndirilməsi üçün buraxılmış müddət üzürlü hesab edilərək bərpa edilmişdir. İddiaçının mübahisələndirdiyi 29 iyun 2021-ci il tarixli **********391800 nömrəli qərarın isə ümumiyyətlə ona Vergi Məcəlləsini 49.4-cü maddəsinin tələbinə uyğun olaraq təqdim edilməsi müəyyən edilmir. Belə ki, həmin Məcəllənin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. İşin təkzibolunmaz faktıdır ki, adıçəkilən sənədlər iddiaçıya sifarişli məktubla göndərilməmişdir Odur ki, cavabdehin xx.xx.2020-ci il tarixli qərarının mübahisələndirilməsi üçün buraxılmış müddət bərpa edildiyindən və 29 iyun 2021-ci il tarixli qərarın mübahisələndirilməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət ötürülmədiyindən məhkəmə hər iki inzibati aktın mübahisələndirilməsi ilə bağlı iddia tələbinin müddətlə bağlı mümkünlük şərtlərinə cavab verməsi qənaətinə gəlir. Digər tərəfdən cavabdeh orqanın nümayəndəsi 29 iyun 2021-ci il tarixli **********391800 nömrəli qərar qəbul edilərkən faktiki olaraq əvvəlki, yəni xx.xx.2020-ci il tarixli **********644100 nömrəli qərarın ləğv edildiyini bildirsə də, sonuncu qərarın məzmununda əvvəlki qərarın ləğvi ilə bağlı hər hansı qeyd olmadığından, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq hər iki qərarı mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən hüquq. Vergi Məcəlləsi: Maddə 33. Vergi ödəyicilərinin uçotu (-). 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır... (-). 33.5. Bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. (-). Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. (-). 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 66. Qeyri-qanuni gəlir Qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. (-). Maddə 99. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir 99.1. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. 99.2. Sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: 99.2.1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; 99.2.2. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; 99.2.3. əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər; 99.2.4. bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir. 99.3. qeyrisahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir: 99.3.1. faiz gəliri; 99.3.2. dividend; 99.3.3. əmlakın icarəyə verilməsindən gəlir; 99.3.4. royalti; 99.3.5. vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4 -cü maddəsində göstərilənlər istisna olmaqla; 99.3.6. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir; 99.3.7. təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği, bu Məcəllənin 98.2.2- ci maddəsində göstərilənlər istisna olmaqla; 99.3.8. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir təqdirdə) - əmək haqqından başqa; 99.3.9. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq; 99.3.10. xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar; 99.3.11. vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq; 99.3.12. idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından əldə edilən uduşlar. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən əldə olunmuş məlumata əsasən iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-də ümumi məbləği 28939.00 manat olan məbləğində valyuta mübadiləsi əməliyyatı nəticəsində 17, 000 ABŞ dolları məbləğində xarici valyutanın əldə edilməsi müəyyən olunmuşdur. Bununla bağlı cavabdeh kameral qaydada Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına istinad edərək xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçıya 2019cu il üçün 4051.46 manat gəlir vergisi hesablamışdır. Cavabdehin etirazının dəlillərinə görə iddiaçı gəlirin əldə edilməsi mənbələri barədə təsdiqedici sənədlər təqdim etməmiş, bu səbəbdən Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin tələblərinə əsasən vergi məsuliyyətinə cəlb olunmuşdur. Cavabdeh konvertasiya olunmuş vəsaitin vergiyə cəlb edilməli olduğunu bildirib iddiaçının belə gəlirini onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirmiş, Vergi Məcəlləsinin 16 və 33-cü maddələrinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınmış, həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə gəlir vergisi hesablanmaqla 4051.46 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 16-cı maddəsində vergi ödəyicilərinin vəzifələrindən, 33-cü maddəsində isə vergi ödəyicilərinin uçotundan bəhs olunur. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin, yəni fərdi sahibkarın bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Qanunvericiliyin tələbinə görə sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. İddiaçı 2020-ci ilin mart ayında valyuta mübadiləsi əməliyyatı aparan zaman vergi ödəyicisi kimi qeydiyyatda olmamışdır. İddiaçı valyuta mübadiləsi əməliyyatı aparan vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Həmçinin cavabdeh orqan tərəfindən 2020-ci ilin mart ayında iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, iddiaçı, vergi ödəyicisi kimi xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır (**********). Məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi izahatında bildirmişdir ki, məhz sözügedən valyuta dəyişmə əməliyyatı aparıldıqdan sonra cavabdeh orqanın öz təşəbbüsü ilə iddiaçını vergi ödəyicisi kimi qeydə alaraq, əsas fəaliyyət növünü digər pul vasitəçiliyi qeyd etmişdir. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti-şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. 2020-ci ilin mart ayında valyuta mübadiləsi əməliyyatı aparan iddiaçının gəlir götürməsi hər hansı sübutla təsdiq olunmur. İddiaçı valyuta mübadiləsi əməliyyatı aparmaqla qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə etməmişdir. Belə ki, Vergi Məcəlləsinin 97.3-cü maddəsinə əsasən fiziki şəxsin gəlirlərinə muzdlu işlə əlaqədar əldə edilən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir və vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər aiddir. Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir Vergi Məcəlləsinin 99-cu maddəsinə əsasən sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Valyuta mübadiləsi əməliyyatının fiziki şəxsin qeyrisahibkarlıq fəaliyyətindən gəliri hesab edilməsi üçün Vergi Məcəlləsinin 99.3-cü maddəsində hər hansı norma mövcud deyil. Fiziki şəxs istehlak məqsədi ilə ərzaq, nəqliyyat vasitəsi və ya daşınmaz əmlak əldə etdikdə və yaxud yığım vasitəsi kimi qiymətli metal aldıqda gəlir əldə etmədiyi kimi valyuta mübadiləsi əməliyyatı apardıqda da hər hansı gəlir əldə etmir. Həmçinin daşınar və danışmaz əmlak əldə etdikdə fiziki şəxsin vergi orqanlarında uçota durmaq (VÖEN almaq) və ya vergi bəyannaməsi vermək öhdəliyi olmadığı kimi valyuta mübadiləsi əməliyyatı apardıqda da vergi orqanlarında uçota durmaq (VÖEN almaq), vergi bəyannaməsi vermək və digər bu kimi hərəkətlərin edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 4-cü bəndində “Valyuta sərvətləri” anlayışı verilmişdir ki, xarici valyuta, xarici valyutada qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar valyuta sərvətləri hesab olunur. Həmin qanunun 4-cü maddəsinə əsasən valyuta sərvətləri həm rezidentlərin, həm də qeyri-rezidentlərin mülkiyyətində ola bilər və valyuta sərvətləri üzərində mülkiyyət hüququ digər mülkiyyət obyektləri üzərində mülkiyyət hüququ ilə yanaşı dövlət tərəfindən müdafiə olunur. Bu səbəbdən iddiaçının "xxxx" ASC-də valyuta mübadiləsi əməliyyatının aparması qeyri-qanuni gəlir kimi şərh edilə bilməz. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 10 iyun 2020-ci il tarixli **********644100 nömrəli və 29 iyun 2021-ci il tarixli **********391800 nömrəli qərarları ləğv edilir və cavabdehin üzərinə həmin qərarlar əsasında İddiaçı hesablanmış 4051,46 manat məbləğində əsas, 1478,78 manat məbləğində faiz borcu olmaqla cəmi, 5530,24 manat məbləğində borcun silinməsi öhdəliyi qoyulur. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar