Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-53/2024 16.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “DVX-nin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********167600 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “ona hesablanmış dövlət büdcəsinə ödənilməli olan 20325.59 manat məbləğində (o cümlədən, vergilər üzrə 6125.79 manat, faizlər üzrə 14059.8 manat, maliyyə sanksiyası üzrə 140 manat) borcun şəxsi hesab vərəqindən silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “DVX-nin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********167600 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin verdiyi məlumata əsasən xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan iddiaçı (VÖEN: **********) dövlət büdcəsinə 20325,59 manat məbləğində (o cümlədən, vergilər üzrə 6125,79 manat, faizlər üzrə 14059,8 manat, maliyyə sanksiyası üzrə 140 manat) borcu vardır. O, vergi idarəsinin həmin borcla bağlı mövqeyi ilə razılaşmır. Belə ki, onun hesabına yığılmış vergi borcu 2020-ci ilin aprel ayında əlavə dəyər vergisindən azad olan malların texniki olaraq səhvən vergi tutulan dövriyyə kimi fiskalizasiya edilməsi nəticəsində yaranmışdır. Bununla bağlı müvafiq sənədlərlə birlikdə Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə məlumat verilmiş və həmin artıq hesablanmış vergi borcunun silinməsi xahiş edilmişdir. Lakin, onun müraciətinə Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsindən müsbət cavab verilməmişdir. Bundan sonra Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək “vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 20325,59 manat, İşsizlikdən sığorta fonduna olan 3,16 manat, İcbari Tibbi Sığorta Fonduna olan, 13 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün İddiaçı barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, onun 17 avqust 2022-ci il tarixə olan 20325,59 manat məbləğində (o cümlədən, vergilər üzrə 6125,79 manat, faizlər üzrə 14059,8 manat, maliyyə sanksiyası üzrə 140 manat) borcu alqı-satqı olunan malların düzgün fiskalizasiya edilməməsi nəticəsində yaranmışdır ki, həmin nöqsan barədə də, dərhal müvafiq olaraq Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə məlumat verilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı iddia tələbi üzrə iddia müddəti keçdiyindən iddia mümkünsüz sayılmalıdır. Belə ki, 4 saylı Ərazi Vergilər İdarəsində uçotda olan İddiaçı (VÖEN: **********) xx.xx.2022-ci il tarixdə 2020-ci ilin mart ayı üçün vergi orqanına təqdim etdiyi sonuncu dəqiqləşdirilmiş ƏDV bəyannaməsində ƏDV-yə 18 faizlə cəlb olunan dövriyyəsinin 121586,24 (ƏDV-siz) manat ƏDV-dən azad olunan dövriyyəsinin 90160,14 manat, cəmi əməliyyatlarının 211 746,38 manat olmasını, əvəzləşdirilən dövriyyə hissəsində əvəzləşdirilən dövriyyə məbləğinin isə 106 669,99 (ƏDV-siz) manat olmasını bəyan etdiyi halda, 2020-ci ilin mart ayı üzrə təqdim edilmiş e-qaimə fakturaların dəyəri 2 483,04 manat (ƏDV-siz) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin 204 496,44 manat (ƏDV-siz) olmaqla, ümumilikdə 206 979,48 manat olması, həmçinin əvəzləşmə üçün DELTA QRUP C.O." MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş İJ seriyalı 015986 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə 191,83 manat (ƏDV-siz) əvəzləşmə etdiyi halda 15,61 manat (ƏDV-Siz) qaimə üzrə ödəniş etdiyi üçün qeyd olunan qaimə üzrə əvəzləşmə məbləği azaldılaraq, 15,61 (ƏDV-siz) manat əvəzləşməsinə yol verilmiş, "xxxx" MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş İC seriyalı 937468 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə 3 270,33 manat (ƏDV-siz) əvəzləşmə etdiyi halda 2118,66 manat (ƏDV-siz) e-qaimə faktura üzrə ödəniş etdiyi üçün qeyd olunan qaimə üzrə əvəzləşmə məbləği azaldılaraq, 2 118,66 manat (ƏDV-siz) əvəzləşməsinə yol verilmiş, “BOLLUQ LTD" MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş İE seriyalı 865704 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə 428,39 manat (ƏDV-siz) əvəzləşmə etdiyi halda 314,17 manat (ƏDV-siz) qaimə üzrə ödəniş etdiyi üçün qeyd olunan qaimə üzrə əvəzləşmə məbləği azaldılaraq 314,17 manat (ƏDV-siz) məbləğin əvəzləşməsinə yol verilmişdir. Qeyd olunan uyğunsuzluqlarla bağlı xx.xx.2022-ci il tarixdə **********948400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu vergi ödəyicisinə göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş ƏDV bəyannaməsi və ya təsdiqedici sənədlər əlavə olunaraq müvafiq izahat məktubu vergi orqanına təqdim edilmədiyi üçün, 2020-ci ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilməklə 15.630,38 manat (kameral qaydada hesablanmış 18.315,29 - bəyan edilmiş 2.684,91 = 15.630,38) əlavə vergi məbləği hesablanmış və xx.xx.2022-ci il tarixdə **********167600 nömrəli Qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir. Sözügedən qərar xx.xx.2022-ci il tarixdə elektron qutuda oxunmuşdur. Hazırki iddia İnzibati Prosessual Məcəlləyə uyğun olaraq mübahisələdirmə haqqında iddiadır və iddiaçı iddia ərizəsini məhkəməyə iddia müddətini ötürməklə təqdim etmişdir. İnzibati Prosessul Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Eyni məzmunlu norma Vergi Məcəlləsində də təspit olunmuşdur. Belə ki, Vergi Məcəlləsinin 70.2-1 -ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə - şəxsən verildiyi gün, poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra, elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Bununla yanaşı, iddiaçı və vergi orqanı arasında “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2013-cu il tarixli, 1164 nömrəli müqavilə bağlanmış, həmin Müqavilənin 2.5-ci bəndinə əsasən tərəflər müəyyən edilmiş formatda tərtib edilən və göndərilən elektron sənədin kağız (və ya yazılı şəkildə digər məlumat daşıyıcısı) üzərindəki sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul edirlər. Müqavilənin 2.7-ci bəndinə əsasən, vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır. Göründüyü kimi hazırki iş üzrə vergi orqanının qərarı iddiaçıya elektron üsulla elektron kabinetinə xx.xx.2022-ci il tarixdə göndərilmiş və 3 iş günü keçdirkdən sonra, yəni xx.xx.2022-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Həmin qərardan şikayət verilmə müddətinin axımı isə xx.xx.2022-ci il tarixdə başlamış, müddətin axımı xx.xx.2022-ci il tarixdə bitmişdir. Beləliklə, iddiaçı inzibati qərar ona rəsmi təqdim edildiyi vaxtdan təxminən 6 ay 24 gün keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli Plenum qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Plenum qərarının 2.3.-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı vahid məhkəmə təcrübəsinə əsasən məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Qeyd olunanları nəzərə alaraq iddianın mümkün hesab olunmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********167600 nömrəli qərar, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş 9/1299 nömrəli rəyi. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-743/2023 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş 9/1299 nömrəli rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, vergi ödəyicisi tərəfindən 90160,14 manat məbləğində malların satışı ƏDV-yə cəlb edilməyən satış dövriyyəsinə aid edildiyi halda İddiaçı tərəfindən 2019 və 2020-ci İllər üzrə aparılan əməliyyatlara görə vergidən yayınma halının olmadığı müəyyən edilir. Məhkəmə-mühasibat ekspertizası mühasibat sənədlərinin məlumatları əsasında aparılan tədqiqatdır. Həmçinin qeyd edilir ki, təqdim edilmiş İş materiallarında ödəyicisi tərəfindən alış-satış əməliyyatlarını özündə əks etditən EVHF, E-qaimə-lə bağlı cədvəl məlumatlarının olmasına baxmayaraq, həmin məlumatlarda malın adı, növü və s. göstərilməmişdir. Yəni belə olan halda ümumi satış dövriyyəsindən ƏDV-dən azad olunan və olunmayan dövriyyəni konkret olaraq müəyyən etmək mümkün deyil. Lakin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında un satışına dair məlumatlar mövcud olmuşdur. Əsaslandırma hissəsi: İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində ... qaldırıla bilər. Mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, iddia ərizəsi isə məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh orqan mübahisələndirilən qərarın elektron üsulla iddiaçının elektron kabinetinə xx.xx.2022-ci il tarixdə göndərilməsini və 3 iş günü keçdirkdən sonra, yəni xx.xx.2022-ci il tarixdə rəsmi qaydada çatdırılmasını, qərardan şikayət verilmə müddətinin axımının xx.xx.2022-ci il tarixdə bitməsini, iddia ərizəsinin 6 ay 24 gün keçdikdən sonra məhkəməyə təqdim edilməsini bildirərək iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. “Elektron imza və elektron sənəd haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.1 Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilmişdir: ... 1.1.5.Gücləndirilmiş elektron imza (bundan sonra - gücləndirilmiş imza) - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; Maddə 6 . Elektron imzanın dövlət idarəçiliyi sahəsində istifadəsi 6.1. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. M a d d ə 21. Elektron sənədə dair tələblər. 21.1. Elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 21.1.1.texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 21.1.2. bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 21.1.3. identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; Məhkəmə qeyd edir ki, qərarların elektron üsulla çatdırılması “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri çərçivəsində həyata keçirilməlidir. Hazırkı işdə isə mübahisələndirilən qərarın istinad olunan Qanunun tələblərinə uyğun şəkildə çatdırılmasına dair müvafiq sübut yoxdur. Həmçinin, mübahisələndirilən qərarda elektron sənədin həqiqiliyinin yoxlanması üçün rəqəmsal məlumat (QR Code) yoxdur. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 27.3-cü maddəsinə əsasən elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə elektron sənəd göndərilməmiş hesab edilir Buna görə də, məhkəmə hesab edir ki, İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən hüquq. Vegi Məcəlləsi: Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi ... 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37. Kameral vergi yoxlaması 37.2. kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 164.1. Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: 164.1.27. buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 10 il müddətinə; İş materiallarından görünür ki, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********167600 saylı qərarı ilə iddiaçıya 2020-ci ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilməklə 15.630,38 manat əlavə vergi hesablanmışdır. İddiaçı bildirir ki, sözügedən vergi borcu 2020-ci ilin aprel ayında əlavə dəyər vergisindən azad olan malların texniki səhv nəticəsində vergi tutulan dövriyyə kimi fiskalizasiya edilməsi nəticəsində yaranmışdır. Cavabdeh orqan mövqeyinə görə xx.xx.2022-ci il tarixdə 2020-ci ilin mart ayı üçün vergi orqanına təqdim etdiyi sonuncu dəqiqləşdirilmiş ƏDV bəyannaməsində iddiaçı, ƏDVyə 18 faizlə cəlb olunan dövriyyəsinin 121586,24 (ƏDV-siz) manat ƏDV-dən azad olunan dövriyyəsinin 90160,14 manat, cəmi əməliyyatlarının 211 746,38 manat olmasını qeyd etmiş, əvəzləşdirilən dövriyyə hissəsində əvəzləşdirilən dövriyyə məbləğinin isə 106 669,99 (ƏDV-siz) manat olmasını bəyan etdiyi halda, 2020-ci ilin mart ayı üzrə təqdim edilmiş e-qaimə fakturaların dəyəri 2 483,04 manat (ƏDV-siz) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin 204 496,44 manat (ƏDVsiz) olmaqla, ümumilikdə 206 979,48 manat göstərmişdir. Göründüyü kimi mübahisənin həlli baxımından əhəmiyyətli olan hal iddiaçının ƏDVdən azad olunan dövriyyəsinin (90160,14 manat) müəyyən edilib-edilməməsidir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş 9/1299 nömrəli rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, vergi ödəyicisi tərəfindən 90160,14 manat məbləğində malların satışı ƏDV-yə cəlb edilməyən satış dövriyyəsinə aid edildiyi halda İddiaçı tərəfindən 2019 və 2020-ci İllər üzrə aparılan əməliyyatlara görə vergidən yayınma halının olmadığı müəyyən edilir. Həmçinin ekspert rəyində göstərilmişdir ki, iş materiallarında ödəyicisi tərəfindən alış-satış əməliyyatlarını özündə əks etditən EVHF, E-qaimə-lə bağlı cədvəl məlumatlarının olmasına baxmayaraq, həmin məlumatlarda malın adı, növü və s. göstərilməmişdir. Yəni, belə olan halda ümumi satış dövriyyəsindən ƏDV-dən azad olunan və olunmayan dövriyyəni konkret olaraq müəyyən etmək mümkün deyil. Lakin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında un satışına dair məlumatlar mövcud olmuşdur. Cavabdeh orqan təqdim edilmiş ekspert rəyi ilə razılaşmamış və məhkəməmühasibat ekspertizasının yenidən keçirilməsini xahiş etmişdir. Cavabdeh orqanın təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatətinə münasibətdə məhkəmə qeyd edir ki, ilkin ekspertiza tədqiqatının keçirilməsi ilə bağlı zəruri sənədlərin təqdim edilməsi tərəflərə təklif edilmiş və ötən müddət ərzində ekspertiza tədqiqatına tələb olunan sənədlər təqdim edilməmişdir. Müvafiq ekspert rəyi alındıqdan sonra cavabdeh orqan tərəfindən əlavə məlumatların verilməsini və təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatətin irəli sürülməsini məhkəmə icraatın yubandırılması kimi qiymətləndirir. Qeyd olunan hal ilkin inzibati icraatın natamam və səthi aparılmasını, əlavə dəyər vergisindən azad olan malların texniki səhv nəticəsində vergi tutulan dövriyyə kimi fiskalizasiya edilməsi ilə bağlı iddiaçının dəlillərinə münasibətdə inzibati orqanın hər hansı araşdırma aparmamasını sübut edir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı, cavabdehin xx.xx.2022-ci il tarixli **********167600 saylı qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********167600 saylı qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-53/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-53/2024
16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver