Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-53/2025 06.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Oğuz rayon X3nin xx.xx.2023-cü il tarixli 04 nömrəli və xx.xx.2023-cü il tarixli, 05 saylı iclas protokolunun qərarlarının torpaq vergisinə münasibətdə 494,05 manat və həmin məbləğ hesablanmış faiz borcuna aid hissədə, əmlak vergisinə münasibətdə isə tamamilə ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdehn xx.xx.2023-cü il tarixli, 05 saylı qərarının özünə aid hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək cavabdehin xx.xx.2023-cü il tarixli 4 nömrəli qərarının, həmin qərarın qəbul edilməsinə əsas olan aktların və onlar əsasında hesablanmış vergi və faizlərin ona aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2320/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı, tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Oğuz rayon X3nin xx.xx.2023-cü il tarixli 04 nömrəli və xx.xx.2023-cü il tarixli, 05 saylı iclas protokolunun qərarlarının torpaq vergisinə münasibətdə 494,05 manat və həmin məbləğ hesablanmış faiz borcuna aid hissədə, əmlak vergisinə münasibətdə isə tamamilə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, cavabdeh orqan xx.xx.2023-cü il tarixli, 4 nömrəli qərar qəbul edərək iddiaçıya 1550,42 manat vergi borcu hesablamış, həmin borcun 349,59 manat hissəsinin əmlak vergisi, 1200,83 manat hissəsinin torpaq vergisinə görə yarandığını bildirmişdir. Daha sonra həmin borcun ödənilməsini təmin etmək üçün və xx.xx.2023-cü il tarixli, 05 saylı qərar qəbul etmişdir. İddiaçı, sözügedən vergi borcunun əsassız hesablandığını bildirərək hazırkı tələblə məhkəmə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqan onun vergi öhdəliklərini düzgün müəyyən etmədən qanunsuz inzibati akt qəbul etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi əsas vergi və faiz məbləği respublikada bələdiyyələrin toplamalı olduğu əmlak vergisini müəyyən edən elektron informasiya sistemindən verilmiş tədiyyə bildirişi ilə müəyyən olunub. İddiaçı, özündə olan həmin torpaq sahəsinə aid yeni və əvvəlki sənədləri təqdim edərsə həmin vergi məbləğinin (əsas və faiz məbləği daxil olmaqla) düzgün hesablanıb-hesablanmadığına təkrar baxıla bilər. Odur ki, məsələnin təkrar araşdırılması üçün 3 ay müddət verilməsini xahiş etmişdir. Daha sonra cavabdeh orqan bildirmişdir ki, iddiaçıdan müvafiq sənədlərin təqdim edilməsi tələb edilməsinə baxmayaraq, ötən müddət ərzində həmin sənədlər təqdim edilməmişdir. İddiaçının mülkiyyətində 3,48 hektar və 1,39 hektar cəmi, 4,61 hektarlıq iki fərqli torpaq sahəsi və 0,25 həyətyanı torpaq sahəsi vardır. Həmçinin iddiaçının mülkiyyətində 88,4 kv.m yaşayış evi, 72 kv.m tövlə binası, cəmi 160 kv.m əmlak var. İddiaçının faktiki istifadəsində olan əmlakının cəmi sahəsi 335 kv.m-dir. Cavabdeh orqan Vergi Məcəlləsinin 4.4, 8.1, 8.2, 198.1 və 206.1-1-ci maddələrinə istinad edərək Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Qəbələ Ərazi İdarəsindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin və əmlakın sənəd üzrə müəyyən edilməsini, iş üzrə ekspertizanın təyin edilərək iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin və əmlak sahəsinin müəyyən edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Oğuz rayon X3nin xx.xx.2023-cü il tarixli 04 nömrəli və xx.xx.2023-cü il tarixli, 05 saylı iclas protokolundan çıxarış, xx.xx.2022-ci il tarixli, iddiaçının mülkiyyətində olan 1,3920 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, iddiaçının 5 nəfər ailə üzvü ilə birlikdə ümumibirgə mülkiyyətində olan 3,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tərtib edilmiş JN-195 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, iddiaçının mülkiyyətində olan 0,25 həyətyanı torpaq sahəsinə tərtib edilmiş JN-074F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə, X1 üzrə X3 tərəfindən iddiaçı barəsində qeydə alınmış məlumatlar, X3nin xx.xx.2025-ci il tarixli, 04 saylı məktubu, Şəki rayonu Qoxmuq bələdiyyəsin xx.xx.2022-ci il tarixli iclas protokolu və xx.xx.2023-cü il tarixli qərarı, xx.xx.2003-cü il qeydiyyat tarixli, 16 №-li Qeydiyyat vəsiqəsi, qeyri-yaşayış binasının texniki pasportu, DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçının tələbi xx.xx.2023-cü il tarixli 04 nömrəli və xx.xx.2023-cü il tarixli, 05 saylı iclas protokolunun qərarlarının torpaq vergisinə münasibətdə 494,05 manat və həmin məbləğ hesablanmış faiz borcuna aid hissədə, əmlak vergisinə münasibətdə isə tamamilə ləğv edilməsi ilə bağlıdır. Mübahisələndirilən qərarlarda hüquq müdafiə vasitələri barədə məlumat göstərilməmiş, həmçinin cavabdeh orqan tərəfindən həmin qərarların qəbulu zamanı iddiaçının inzibati icraatda iştirakının təmin edilməsi, o cümlədən qəbul edilmiş yekun qərarın hansı tarixdə çatdırılmasına dair sübutlar təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Odur ki, hazırki iddianın qaldırılması üçün iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərti ödənilmişdir. Tətbiq edilən hüquq; Vergi Məcəlləsi Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri) 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; Maddə 56. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Maddə 59. Ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faizlər 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 59.2. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir... Xİİİ fəsil. Əmlak vergisi Maddə 197. Vergitutma obyektləri 197.1. Aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), ... Maddə 198. Vergi dərəcələri 198.1. Fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): - Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) - 0,1 manat XİV fəsil. Torpaq vergisi Maddə 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Maddə 205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Maddə 206. Vergi dərəcələri 206.1-1. Müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. 206.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, şərti balları müəyyənləşdirilir. 206.3. Bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur: - Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər - Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla) 10000 m²- dək olduqda 0,1 manat. Maddə 208. Torpaq vergisinin hesablanması və ödənilməsi qaydaları 208.3. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. 208.5-2. Vergi ödəyicisinin hesabat dövründə torpaq sahəsinə mülkiyyət hüququ, habelə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan icarə və ya digər əsaslarla istifadə hüququ yarandıqda və ya bu hüquqa xitam verildikdə, həmin torpaq sahəsinə münasibətdə vergi məbləğinin hesablanması bu torpaq sahəsinin vergi ödəyicisinin mülkiyyətinə (icarə və ya digər əsaslarla istifadəsinə) keçdiyi aydan sonrakı aydan etibarən mülkiyyətində (icarə və ya digər əsaslarla istifadəsində) olduğu ayların sayına mütənasib olaraq aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Təqdim edilmiş icraat materialları ilə müəyyən olunur ki, cavabdeh orqan iddiaçı barəsində xx.xx.2023-cü il tarixli, 4 nömrəli qərar qəbul edərək iddiaçıya 1550,42 manat vergi borcu hesablayarkən ümumiyyətlə “İnzibati icraat haqqında” Qanunun normalarını nəzərə almamış, inzibati icraatda iddiaçının iştirakını, dinlənilmə hüququnu, o cümlədən işin hallarının obyektiv araşdırılmasını təmin etməmişdir. “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir. Hazırkı iş üzrə məhkəmə tərəfindən cavabdeh orqana sorğular göndərilərək iddiaçıya hesablanmış vergi borcunun məzmununa aydınlıq gətirilməsi tələb edilmişdir. Bununla belə ötən 1 il 6 aylıq müddətdə cavabdeh orqan hesabladığı vergi borcunu izah edə bilməmiş, vergi borcunun bələdiyyələrin toplamalı olduğu əmlak vergisini müəyyən edən elektron informasiya sistemindən verilmiş tədiyyə bildirişi ilə müəyyən olunduğunu, iddiaçı, özündə olan həmin torpaq sahəsinə aid yeni və əvvəlki sənədləri təqdim edərsə həmin vergi məbləğinin əsas və faiz məbləğinin düzgün hesablanıb-hesablanmadığına təkrar baxıla biləcəyini bildirmiş, bunun üçün 3 ay müddət verilməsini xahiş etmişdir. Həmçinin iddiaçının ötən müddət ərzində həmin sənədləri təqdim etməməsini bildiərərək iddiaçının mülkiyyətində olan torpaq sahəsinin və əmlakın sənəd üzrə və faktik sahəsinin müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh orqan iddiya vergi borcunun hesablanması ilə bağlı inzibati akt qəbul etdikdən sonra deyil, həmin inzibati aktı qəbul etmək üçün inzbati icraat başlayarkən müvafiq araşdırmanın aparılmasını təmin etməli idi. İddiaçıdan müvafiq sənədlərin inzibati aktın qəbulundan sonra tələb edilməsi, eyni zamanda həmin sənədlərin alınması ilə bağlı məhkəməyə vəsatətin verilməsi cavabdeh orqanın mübahisələndirilən inzibati aktı fiksiya əsasında qəbul etdiyini açıq-aşkar sübut edir. Cavabdeh orqan tərəfindən qəbul edilmiş inzibati akt hər hansı inzibati araşdırmanın nəticəsinə əsaslanmamış, aparılmış formal inzibati icraatın hüquqi və faktiki əsasları iddiaçıya açıqlanmamışdır. İnzibati orqan özü belə qəbul etdiyi inzibati aktın əsaslı olub-olmadığını müəyyən edə bilməmiş, mübahisələndirilən inzibati akt qəbul edilərkən iddiaçının hansı daşınmaz əmlak obyekti üzərində əmlak hüququnun hansı tarixdən və hansı həcmdə yaranması cavabdeh orqana məlum olmamışdır. Üstəlik, cavabdeh orqan hesablanmış vergi borcunun konkret olaraq hansı əmlaka aid edildiyini müəyyənləşdirmək üçün müvafiq sənədlərin əldə edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda, cavabdeh orqanın iddiaçının ödəməli olduğu vergi borcunu hansı qaydada, necə müəyyən etməsi sual doğurur. İş materiallarında mövcud olan və cavabdeh orqanın özü tərəfindən təqdim edilmiş, müvafiq qaydada möhürlənmiş və səlahiyyətli şəxsinin imzası ilə təsdiqlənmiş **********1422 seriya nömrəli tədiyyə bildirişində ötən dövr üzrə ödənilməli olan vergi borcu məbləği olaraq iddiaçıdan 695,15 manat əsas borc və 795,00 manat faiz olmaqla cəmi 1.556,75 manat məbləğində vəsaitin ödənilməsi tələb olunmuşdur. Həmçinin, **********8462 seriya nömrəli digər tədiyyə bildirişində də ötən dövr üzrə ödənilməli olan vergi borcu kimi iddiaçıdan 455,15 manat faiz məbləği və 813,85 manat əsas borc olmaqla cəmi 1.335,60 manat məbləğində vəsaitin ödənilməsi tələb edilmişdir. Lakin təqdim olunan bu tədiyyə bildirişlərində göstərilən borcun hansı vergi növünə (əmlak və ya torpaq vergisi) aid edildiyi, hansı dövr üzrə hesablandığı, faiz borcunun hansı müddətə və hansı dərəcə ilə müəyyən edildiyi barədə heç bir məlumat əks olunmamışdır. Vergi öhdəliklərinin dəqiq hüquqi və faktiki əsaslara söykənmədən, sadəcə yekun məbləğ göstərilməklə tərtib olunmuş bu sənədlər hüquqi cəhətdən etibarlı olmamaqla, şəffaf inzibati icraatın tələblərinə cavab verir. Məhz bu səbəbdən, cavabdeh orqana xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində sorğular ünvanlanaraq, tədiyyə bildirişlərində əks olunan məbləğlərin mənbəyi, aid olduğu vergi dövrləri, faiz hesablamalarının hüquqi əsasları və texniki təhlili barədə məlumatların təqdim edilməsi tələb olunmuşdur. Cavabdeh orqanın xx.xx.2025-ci il tarixli cavab məktubunda isə açıq şəkildə qeyd edilmişdir ki, sözügedən məbləğlərin haradan götürüldüyü, yəni özlərinin imzalayıb göndərdiyi bildirişlərdəki rəqəmlərin mənşəyi bələdiyyəyə məlum deyil. Bu cavab təkcə inzibati icraatın formal və əsassız aparıldığını sübut etmir – bu, həm də cavabdeh orqanın, konkret olaraq bələdiyyənin, öz hüquqi aktlarının və inzibati sənədlərinin məzmunu üzərində heç bir nəzarətə malik olmadığını, qəbul etdiyi inzibati qərarların məqsədli inzibati icraatın deyil, kortəbii və düşünülməmiş hərəkətlərin nəticəsi olmasını, bələdiyyə sədrinin imzaladığı və fiziki şəxslərə göndərdiyi sənədlərdən, bütövlükdə orqanın fəaliyyətindən məlumatsız olmasını və onun bələdiyyə idarəçiliyini həyata keçirməsində səriştəsizliyini birbaşa sübut edir. Faktiki olaraq cavabdeh orqan iddiaçıya vergi borcu hesablayarkən konkret hansı əmlaka, hansı vergi dövrünə və hansı vergi növünə əsaslandığını müəyyən etmədən, heç bir normativ-hüquqi əsas göstərmədən, hüquqi nəticələr doğuran inzibati qərar qəbul etmiş və bu qərar nəticəsində iddiaçıya konkret pul öhdəliyi yüklənmişdir. Qəbul edilmiş inzibati akt rəsmi sənəd formasında olsa da, onun maddi hüquqi baxımdan legitimliyi və əsaslandırılması mövcud deyil. Bütövlükdə, cavabdeh orqanın açıq şəkildə özbaşnalıqla müşayiət olunan fəaliyyəti inzibati icraatın mahiyyətinə zidd olmuşdur. Cavabdeh orqan xx.xx.2025-ci il tarixli məktubunda hesabladığı vergi borcunun məzmununa aydınlıq gətirməyə çalışmış və qeyd etmişdir ki, iddiaçıya X3nin xx.xx.2023cü il tarixli 04 nömrəli iclas qərarında 349,59 manat əmlak vergisi, 1200,83 manat torpaq vergisi olmaqla cəmi, 1550,42 manat vergi borcu olduğu qeyd olunmuşdur. Yuxarıda qeyd olunan 349,59 manat əmlak vergisindən 244 manat ötən dövrlər üzrə vergi borcu, 105,59 manat faiz borcu, 1200,83 manat torpaq vergisindən 517,55 manat ötən dövrlər üzrə vergi borcu, 683,28 manat faiz borcu hesablanmışdır. Mülkiyyətində və istifadəsində olan əmlak və torpaq sahəsinə torpaq vergisi xx.xx.2008-ci ildən, əmlak vergisi isə xx.xx.2015-ci il tarixindən hesablanmışdır. Yığılan faiz borcu vergi müəyyən edilmiş müddətdə ödənilmədikdə, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödəniş müddətindən sonrakı hər bir ötən gün üçün ödənilməmiş vergi məbləğinin 0,1 % məbləğində faiz borcu hesablanır. Bələdiyyələrdə vergi hesablanması elektron qaydada X2 Sistemi (BAMS) vasitəsilə hesablanır. İddiaçı, ötən dövr üzrə borcundan xx.xx.2023-cü il tarixində 120 manat, xx.xx.2023cü il tarixində 120 manat olmaqla cəmi 240 manat məhkəmə qərarları əsasında, xx.xx.2023-cü il tarixində 66,60 manat şəxsin özü tərəfindən poçt vasitəsilə ödənilmişdir. Ödənilmiş həmin vəsait vətəndaşın ötən dövrlər üzrə vergi borcundan sistem vasitəsilə çıxılmışdır. Hal-hazırda İddiaçı Bəhəddin oğlunun X3nə 1424,04 manat torpaq və əmlak vergi borcu qalmışdır. Beləliklə, cavabdeh orqanın qərarı ilə iddiaçıya xx.xx.2015-ci il tarixindən 349,59 manat əmlak vergisi hesablanmışdır. Həmin məbləğin 244 manat hissəsi əsas borc, 105,59 manat hissəsi faiz borcu olmuşdur. Həmçinin xx.xx.2008-ci ildən 1200,83 manat torpaq vergisi hesablanmışdır. 517,55 manat hissəsi əsas borc, 683,28 manat hissəsi faiz borcu olmuşdur. Məhkəmə tərəfindən iddiaçıya məxsus daşınmaz əmlak obyektlərinə dair sənədlər daşınmaz əmlakın ərazi idarəsindən götürülmüş və müəyyən edilmişdir ki, iddiaçının xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı tikili mövcud deyil. İddiaçının tam xüsusi mülkiyyətində 1,392 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,25 ha həyətyanı torpaq sahəsi, ümumi birgə mülkiyyətində 3,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (iddiaçının 1/5 hissə payı 0,696 hektardır) vardır. Əmlak vergisinə münasibətdə məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən, əmlak vergisinin vergitutma obyekti "xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər"dir. Burada "xüsusi mülkiyyət" anlayışı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını ehtiva edir, çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanuna əsasən, daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüququ yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi qüvvəyə malik olur. Əgər fiziki şəxsin daşınmaz əmlaka dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmayıbsa, həmin əmlak hüquqi baxımdan onun mülkiyyətində hesab edilmir. Bu halda, həmin daşınmaz əmlak Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən vergitutma obyekti ola bilməz. Bu isə o deməkdir ki, faktiki istifadə mülkiyyət hüququ yaratmır və bələdiyyənin faktiki istifadədə olan tikiliyə münasibətdə əmlak vergisi hesablamaq səlahiyyəti yoxdur. Vergi Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən, fiziki şəxslərin əmlak vergisi yerli vergi hesab olunur və bələdiyyələr tərəfindən yığılır. Lakin bu, yalnız Vergi Məcəlləsində müəyyən edilmiş vergitutma obyektlərinə və vergi ödəyicilərinə şamil edilir. Mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış əmlak bələdiyyə tərəfindən vergiyə cəlb edilə bilməz. Odur ki, xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış daşınmaz əmlaka görə əmlak vergisinin hesablanması Vergi Məcəlləsinə uyğun olmadığından mübahisələndirilən qərar əmlak vergisinin hesablanması hissəsində qanunsuzdur. Torpaq vergisinə münasibətdə isə məhkəmə qeyd edir ki, 1,3920 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının tam xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin Maddə 203.1-ci maddəsinə əsasən torpaq vergisi hər il sabit tədiyə şəklində hesablanır. Həmin Məcəllənin 208.5-2-ci maddəsinə əsasən həmin torpaq sahəsinə münasibətdə vergi məbləğinin hesablanması bu torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçdiyi aydan sonrakı aydan etibarən mülkiyyətində olduğu ayların sayına mütənasib olaraq aparılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 29 dekabr tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmiş “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinat, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları”ında Qanıx-Türyançay (Balakən, Qax, Zaqatala, Şəki, Oğuz və Qəbələ rayonlarının düzən torpaqları) kadastr qiymət rayonu və ora daxil olan inzibati rayonlarda İİ keyfiyyət qrupunun bonitet şkalası 80-61 olmaqla torpaq vergisinin hesablanması üçün əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqların 1 hektarının şərti balı 115 müəyyən edilmişdir. Cavabdeh orqan iddiaçının mülkiyyətində olan 1.39 ha k/t tətyinatlı torpaq sahəsini İİ keyfiyyət qrupu kimi nəzərə almaqla 115 şərti bal əsasında, 1 şərti bal üçün 0,06 manat olmaqla cəmi 4,87 ha torpaq sahəsi ilə birgə vergiyə cəlb etmiş, lakin həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranma anının xx.xx.2022-ci il olmasını nəzərə almamışdır. Belə olan halda sözügedən torpaq sahəsinə münasibətdə torpaq vergisinin hesablanmalı olduğu müddət 2022-ci il üzrə noyabr və dekabr aylarını əhatə etməli və vergi borcu aşağıdakı qaydada hesablanmalı idi: - 1,39*115*0,06=9.6/12*2=1.60 manat İddiaçının ümumi birgə mülkiyyətində olan 3,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Belə olan halda sözügedən torpaq sahəsinə münaisbətdə iddiaçının 1/5 hissə payı - 0,696 ha torpaq sahəsi olduğundan cavabdeh orqan məhz həmin ölçüdə torpaq sahəsinə münasibətdə iddiaçıya torpaq vergisi hesablaya bilərdi. Cavabdeh orqan sözügedən torpaq sahəsini də, İİ keyfiyyət qrupu kimi nəzərə almaqla 115 şərti bal əsasında, 1 şərti bal üçün 0,06 manat olmaqla cəmi 4,87 ha torpaq sahəsi ilə birgə vergiyə cəlb etmiş, lakin həmin torpaq sahəsi üzərində iddiaçının tam yox, ümumi birgə mülkiyyət hüququnun mövcud olmasını nəzərə almamışdır. Belə olan halda sözügedən torpaq sahəsinə münasibətdə torpaq vergisinin hesablanması zamanı nəzərə alınmalı olan sahə 0,696 ha olmaqla, əvvəlki 3 ili (2020, 2021 və 2022-ci illəri) əhatə etməli və vergi borcu aşağıdakı qaydada hesablanmalı idi: - 0,696*115*0,06=4.8*3=14,4 manat İddiaçının tam xüsusi mülkiyyətində olan 0,25 ha həyətyanı torpaq sahəsinə münasibətdə məhkəmə qeyd edir ki, VM-nin 206.3-cü maddəsinin tələbinə görə kənd ərazisində yerləşən yaşayış fondu torpaqları üçün torpaq vergisinin hesablanmasında 10000 kv.m-ə qədər torpaq sahələri üçün hər 100 kv.m-ə görə 0,1 manat vergi məbləğinin hesablanması müəyyən edilmişdir. İddiaçıya məxsus torpaq sahəsi 2500 kv.m olduğu üçün, bu sahəyə hər 100 kv.m üçün 0,1 manat vergi dərəcəsi tətbiq edilməklə vergi borcu aşağıdakı qaydada əvvəlki 3 il müddət nəzərə alınmaqla hesablanmalı idi: - 2500/100 * 0,1 = 2,5*3=7,5 manat Beləliklə iddiaçının əmlak vergisi üzrə bələdiyyəyə vergi öhdəliyi yoxdur, torpaq sahəsinə münasibətdə isə cəmi ödəməli olduğu vergi borcu kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahəsinə münasibətdə cəmi, 23,5 manat (1,60+14,4+7,5 m) olmuşdur. Bələdiyyə tərəfindən iddiaçıya hesablanmış 1200,83 manat torpaq vergisinin 517,55 manat hissəsi əsas borc olduğundan həmin məbləğin 494,05 manat hissəsi faktiki olaraq qanunsuz hesablanmışdır. Nəzərə alınmalıdır ki, cavabdeh orqan 517,55 manat əsas borca 683,28 manat faiz borcu hesablamışdır ki, faiz borcunun hesablanmasının özü də, VM-nin 59-cu maddəsinin tələblərinə zidd olmuşdur. Belə ki, istinad olunan maddi hüquq normasına əsasən faiz borcu ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Hətta cavabdeh orqan tərəfindən əsas borcun düzgün hesablanması müəyyən edilsə belə, 517.55 manat əsas borcun 0,1 faizi 0,51755 manat olacaqdır ki, qanunvericilik həmin hesablamanın ancaq 1 il müddətinə tətbiq edilməsini müəyyən edildiyindən həmin məbləğ 189 manatdan artıq ola bilməzdi. Cavabdeh orqan isə faiz borcunu 683,28 manat müəyyən etməklə növbəti dəfə qanunvericiliyin tələbini kobud şəkildə pozmuşdur. Cavabdeh orqan iddiaçıya münasibətdə yalnız 21,9 manat (14,4+7,5 m) vergi borcuna münasibətdə faiz borcu hesablaya bilər ki, həmin məbləğ də, 8 manat olacaqdır (21,9*0,1/100*365). Cavabdeh orqan tərəfindən təqdim edilmiş məlumatda iddiaçının ötən dövr üzrə borcundan xx.xx.2023-cü il tarixində 120 manat, xx.xx.2023-cü il tarixində 120 manat olmaqla cəmi 240 manat məhkəmə qərarları əsasında, xx.xx.2023-cü il tarixində 66,60 manat şəxsin özü tərəfindən poçt vasitəsilə ödənildiyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıdan müvafiq pul məbləğinin tutulması ilə bağlı məhkəmə qərarı olmamışdır. Eyni zamanda, iddiaçının müəyyən edilən 23,5 manat vergi borcu ilə ödənilmiş 306,6 manat arasındakı fərqə münasibətdə məhkəmə bildirir ki, iddiaçı artıq ödənilmiş məbləğin cavabdeh tərəfindən ona qaytarılmasını tələb etmək və ya növbəti illər üzrə ödənilməli olan vergi öhdəliyi ilə əvəzləşdirmək hüququna malikdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdeh orqan tərəfindən aşkar şəkildə İİHQ-nun tələblərinin kobud şəkildə pozulması ilə qanunsuz əlverişsiz inzibati aktın qəbul edilməsi müəyyən edildiyindən iddiaçı, torpaq vergisinə münasibətdə hesablanmış 494,05 manat əsas borcun və həmin borca hesablanmış faiz borcunun və əmlak vergisinə münasibətdə vergi borcunun hesablanmasına dair cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 04 nömrəli inzibati aktın, eləcə də vergi borcunun hesablanması barədə inzibati aktın hüquqi nəticəsi olaraq qəbul edilmiş, həmin qərarın məcburi icrasını nəzərdə tutan cavabdehin xx.xx.2023-cü il tarixli, 05 saylı qərarının ləğvini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Oğuz rayon X3nin xx.xx.2023-cü il tarixli 04 nömrəli və xx.xx.2023-cü il tarixli, 05 saylı iclas protokolunun qərarları İddiaçı 349,59 manat əmlak vergisinin hesablanması hissəsində tamamilə, torpaq vergisinə münasibətdə 494,05 manat və həmin məbləğ hesablanmış faiz borcuna aid hissədə ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-53/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-53/2025
06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver