Məhkəmə qərarları › İş №2-1(116)-531/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-531/2020

20.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-531/2020 20.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçu kimi müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1978-ci ildə anadan olmuş və Balakən şəhəri M.Müşfiq küçəsi ev 3 mənzil 11-də yaşayır. O, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuş və xx.xx.2019-cu ildə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq vəzifəsindən azad olunmaqla şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılaraq DSX-da həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək, həyətyanı torpaq sahəsi və yaşayış evi olmadığı üçün mərhum atasına məxsus evdə müvəqqəti yaşadığını bildirmiş və RİH-də mənzil növbəsinə alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçının mərhum atasına məxsus evdə yaşaması və həmin evdə yaşayan ailə üzvlərinə 9 kv.m-dən az yaşayış sahəsinin düşməsi nəzərə alınaraq onun RİH-də mənzil növbəsinə alınması məqsədə uyğun hesab edilmişdir. İddiaçı xx.xx.2019-cu ildə X2 məxsus olan, Balakən şəhəri M.Müşfiq küçəsində 3 nömrəli evin 11 nömrəli mənzili ilə bağlı sonuncu ilə xx.xx.2034-cü ilədək müddətə kirayə müqaviləsi bağlamışdır. Bundan sonra İddiaçı ona müvəqqəti mənzil kirayəsi pulunun ödənilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmişdir. Həmin Nazirlik tərəfindən ona ünvanlanmış xx.xx.2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin bəndlə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi mövcud qanunvericilik aktlarında nəzərdə tutulmamışdır. İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək, mənzil kirayəsi xərclərinin ödənilməsini xahiş etmiş, lakin cavabdeh bundan imtina etmiş və xx.xx.2019-cu il tarixli 03-1796 nömrəli cavab məktubu ilə bildirmişdir ki, iddiaçının sənədləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi üçün hazırlanarkən müəyyən olunmuşdur ki, o, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" xx.xx.2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Həmin bənddə qeyd edilən kateqoriyaların heç birinin iddiaçıya şamil edilməsi mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, o, hərbi xidmətdən öz arzusu ilə azad edilsə də, ona müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməlidir. Cavabdeh xx.xx.2020-ci il tarixli etirazında iddianı qəbul etməmiş və xx.xx.2019-cu il tarixli imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, EZ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuş və xx.xx.2019-cu ildə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq vəzifəsindən azad olunmaqla şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılaraq DSX-da həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. - İşdə olan, Cavabdeh xx.xx.2019-cu il tarixli məktubunda deyilir ki, iddiaçının mərhum atasına məxsus evdə yaşaması və həmin evdə yaşayan ailə üzvlərinə 9 kv.m-dən az yaşayış sahəsinin düşməsi nəzərə alınaraq onun RİH-də mənzil növbəsinə alınması məqsədə uyğun hesab edilmişdir. - İşdə olan, xx.xx.2019-cu il tarixli kirayə müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ilə X5 arasında sonuncuya məxsus olan, Balakən şəhəri M.Müşfiq küçəsi 3 nömrəli evin 11 nömrəli mənzili ilə xx.xx.2034-cü ilədək müddətə bağlanmışdır. - İşdə olan, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubunda deyilir ki, "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin bəndlə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi mövcud qanunvericilik aktlarında nəzərdə tutulmamışdır. - İşdə olan, Cavabdeh xx.xx.2019-cu il tarixli 03-1796 nömrəli məktubunda deyilir ki, iddiaçının sənədləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi üçün hazırlanarkən müəyyən olunmuşdur ki, o, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad olumuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" xx.xx.2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Həmin bənddə qeyd edilən kateqoriyaların heç birinin iddiaçıya şamil edilməsi mümkün deyil. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-cü maddəsinin 2-ci hissəsinin üçüncü və dördüncü abzaslarında deyilir ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin normalardan göründüyü kimi, müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi ehtiyata və ya istefaya buraxılmış bütün şəxslər üçün deyil, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslər üçün nəzərdə tutulmuşdur. İddiaçı isə yaşa, xəstəliyə, ştatların ixtisarına və ailə vəziyyətinə görə yox, öz arzusu ilə ehtiyata buraxılmışdır. Belə olan halda, məhkəmə bu qənaətə gəldi ki, Cavabdeh ona müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsindən imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı "həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçu kimi müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar