Məhkəmə qərarları › İş №2-1(116)-531/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-531/2022

18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-531/2022 18.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi Hacı-X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “12.10.2018-ci il tarixli ******* nömrəli və 19.03.2011-ci il tarixli ******* nömrəli çıxarışların ləğv edilməsi, ******* nömrəli 01.05.2007-ci il tarixli çıxarışda istinad nöqtələri dəyişdirilərək torpaq sahəsinin əvvəlki yerinə qaytarılmaqla əvvəlki koordinatların bərpa olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X4 adına verilmiş 12.10.2018-ci il tarixli ******* nömrəli çıxarış, X5 adına verilmiş 19.03.2011-ci il tarixli ******* nömrəli çıxarışın ləğv edilməsi, ******* nömrəli 01.05.2007-ci il tarixli çıxarışda istinad nöqtələri dəyişdirilərək torpaq sahəsinin əvvəlki yerinə qaytarılmaqla əvvəlki koordinatların bərpa olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 18.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, MH seriyalı ******* №-li (300701831 qeydiyyat №-li) DƏDR-dən çıxarışa əsasən Qax rayonu Çinarlı kəndində yerləşən 0.10 ha torpaq sahəsi iddiaçının tam xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsini X8 05.04.2007-ci il tarixdə iddiaçıya satmışdır. İddiaçı bildirir ki, 0.10 ha torpaq sahəsini, üzərində yerləşən qeyri-yaşayış binası ilə birlikdə satın almışdır. Lakin, sonradan ona məlum olmuşdur ki, onun aldığı 0.1 ha torpaq sahəsi sürüşdürülərək, üzərində olan qeyri-yaşayış binası onun satın aldığı torpaq sahəsinin üzərindən kənarlaşdırılmışdır. Buna görə də iddiaçı, qeyriyaşayış binasına dair cavabdeh tərəfindən tərtib edilmiş çıxarışların ləğvi və mülkiyyətində olan torpaq sahəsinə dair çıxarışda qeyd edilmiş torpaq sahəsinin istinad nöqtələrinin ləğvini tələb etdiyi çıxarışdakı istinad nöqtələrinə dəyişdirilməsi tələbi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı, tələb hüququnu ləğvini tələb etdiyi çıxarışlarda qeyd edilmiş 277 kv.m qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinin əslində 05.04.2007-ci il tarixdə özünə satılması, lakin, sonradan cavabdeh tərəfindən həmin torpaq sahəsinin koordinatlarının sürüşdürülməsi ilə əsaslandırmış, cavabdeh, iddia tələbinə etirazını “Ballı Bulaq” kimi tanınan istirahət mərkəzinin 01.05.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışda göstərilmiş 0.10 ha torpaq sahəsində yerləşməməsi ilə əsaslandırmışdır. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - RX seriyalı ******* №-li (********** qeydiyyat №-li) DƏDR-dən çıxarışdan və AN-İ ******* №-li alqı-satqı müqaviləsindən görünür ki, Qax rayonu Çinarlı kəndində yerləşən 277 kv.m sahəsi olan qeyri-yaşayış binası X4 tam xüsusi mülkiyyətindədir və müvafiq çıxarışın verilməsinə əsas – 08.10.2018-ci il tarixli AN-İ ******* №-li alqı-satqı müqaviləsi olmuşdur. - MA seriyalı ******* №-li (********** qeydiyyat №-li) DƏDR-dən çıxarışdan və AN-İ ******* №-li alqı-satqı müqaviləsindən görünür ki, Qax rayonu Çinarlı kəndində yerləşən 277 kv.m sahəsi olan qeyri-yaşayış binası X6 tam xüsusi mülkiyyətində olmuş və müvafiq çıxarışın verilməsinə əsas 27.02.2011-ci il tarixli AN-İ ******* №-li alqı-satqı müqaviləsi olmuşdur. - JN-0720 kod 40312028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, X3 Qax rayon Çinarlı bələdiyyəsinin 30.10.2004-cü il tarixli 10 №-li qərarı ilə 0.10 ha torpaq sahəsi satılmışdır. - AN-İ ******* №-li alqı-satqı müqaviləsindən görünür ki, X1 rayon Çinarlı kəndində yerləşən 0.10 ha torpaq sahəsini 05.04.2007-ci il tarixdə İddiaçı satmışdır. - MH seriyalı ******* №-li (300701831 qeydiyyat №-li) DƏDR-dən çıxarışdan görünür ki, Qax rayonu Çinarlı kəndində yerləşən 0.10 ha torpaq sahəsi sahəsi İddiaçı mülkiyyətindədir. Əsaslandırma hissəsi : Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsində qanunda istifadə olunmuş inzibati aktın tam və müfəssəl anlayışı verilmişdir. Həmin maddənin məzmununa müvafiq olaraq inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Xüsusi şəkildə qeyd edilməlidir ki, reyestrdən çıxarış inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt deyil, belə ki, reyestrdən çıxarış hazırkı iş üzrə mülki-hüquqi əqd əsasında verilən törəmə sənəddir. İddia ərizəsinin məzmunundan göründüyü iddiaçının cavabdehə qarşı yönəldiyi tələbləri aşağıdakılardır:

1. X4 adına verilmiş 12.10.2018-ci il tarixli ******* nömrəli çıxarışın ləğvi,

2. X5 adına verilmiş 19.03.2011-ci il tarixli ******* nömrəli çıxarışın ləğvi,

3. ******* nömrəli 01.05.2007-ci il tarixli çıxarışda istinad nöqtələri dəyişdirilərək torpaq sahəsinin əvvəlki yerinə qaytarılmaqla əvvəlki koordinatların bərpa olunması. İddia tələbinin “X4 adına verilmiş 12.10.2018-ci il tarixli ******* nömrəli çıxarış, X5 adına verilmiş 19.03.2011-ci il tarixli ******* nömrəli çıxarışın ləğv edilməsi” hissəsi ilə bağlı iddiada ləğv olunması xahiş edilən çıxarışlar tərəflər arasında bağlanmış mülki hüquqi əqdlər, yəni hazırkı halda alqı-satqı müqavilələrinin əsasında tərtib edilmişdir. Belə ki, MA seriyalı ******* nömrəli çıxarış 27.02.2011-ci il tarixli, ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında, RX seriyalı ******* nömrəli çıxarış isə ******* nömrəli 08.10.2018-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında tərtib edilmişdir. Belə olan halda iddia tələbinin yuxarıda qeyd edilən hissəsi ilə bağlı mübahisənin yaranma səbəbi və tələbin faktiki əsası tərəflər arasında notarial qaydada bağlanmış müqavilələrdən irəli gəldiyindən iddia tələbinin həmin hissəsi ilə bağlı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddia tələbinin “0002313 nömrəli 01.05.2007-ci il tarixli çıxarışda istinad nöqtələri dəyişdirilərək torpaq sahəsinin əvvəlki yerinə qaytarılmaqla əvvəlki koordinatların bərpa olunması” hissəsinə münasibətdə isə müəyyən edilir ki, iddiaçının istinad nöqtələrinin dəyişdirilərək əvvəlki koordinatların bərpa olunmasını tələb etdiyi torpaq sahəsi - 12.10.2018-ci il tarixli ******* nömrəli və 19.03.2011-ci il tarixli ******* nömrəli çıxarışda qeyd olunan 277 kv.m qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsidir. Yəni, iddiaçının hüquqi marağı yuxarıda qeyd edilmiş çıxarışların ləğvinə nail olmaq, daha sonra isə ******* nömrəli 01.05.2007-ci il tarixli çıxarışda qeyd olunan torpaq sahəsinin istinad nöqtələrinin dəyişdirələrək, mübahisələndirdiyi çıxarışlarda qeyd olunan torpaq sahəsinin koordinatlarının mülkiyyətində olan torpaq sahəsində qeyd edilməsinə nail olmaqdır. Belə olan halda iddiaçı, ilk öncə mülki məhkəmə icraatı qaydasında yuxarıda qeyd olunan çıxarışların verilməsinə əsas olan sənədləri mübahisələndirməlidir. Yəni, iddiaçının “0002313 nömrəli çıxarışda istinad nöqtələrinin dəyişdirilərək əvvəlki koordinatların bərpa olunması” tələbi ilkin tələblərdən asılı tələbdir. Hazırkı halda iddia tələbinin ilk hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən tələbin sonuncu hissəsinə baxılması da mümkün sayıla bilməz. İddiaçının 12.10.2018-ci il tarixli ******* nömrəli və 19.03.2011-ci il tarixli ******* nömrəli çıxarışların ləğvi ilə bağlı mülki məhkəmə icraatı qaydasında qaldıracağı iddia uğurlu olarsa o, “0002313 nömrəli çıxarışda istinad nöqtələrinin dəyişdirilərək əvvəlki koordinatların bərpa olunması” tələbini irəli sürə və həmin mübahisəyə mahiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2, 3.1 və 6.2-ci bəndlərinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün birinci növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il 4 №-li Qərarının 17-ci bəndində qeyd edilir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmə tərəfindən 26.01.2022-ci il tarixdə iddiaçıya göndərilmiş hüquqi yardım məktubunda izah edilmiş, həmçinin iş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı ilə hüquqi müzakirə aparılmışdır.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsini 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “X4 adına verilmiş 12.10.2018-ci il tarixli ******* nömrəli çıxarış, X5 adına verilmiş 19.03.2011-ci il tarixli ******* nömrəli çıxarışın ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli 01.05.2007-ci il tarixli çıxarışda istinad nöqtələri dəyişdirilərək torpaq sahəsinin əvvəlki yerinə qaytarılmaqla əvvəlki koordinatların bərpa olunması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar