Məhkəmə qərarları › İş №2-1(116)-531/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-531/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-531/2023 18.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Yevlax rayon Aşağı Bucaq kənd İcra nümayəndəliyi tərəfindən iddiaçının adına tərtib edilmiş xx.xx.1961-ci il tarixli 15 nömrəli ölüm aktının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yevlax rayon Aşağı Bucaq kənd İcra nümayəndəliyi tərəfindən iddiaçının adına tərtib edilmiş xx.xx.1961-ci il tarixli 15 nömrəli ölüm aktının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, o, xx.xx.1959-cu il tarixdə Yevlax rayonu Ərəş kəndində anadan olmuşdur. M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun 1984-cü il məzunudur. 20 avqust 1985-ci ildə 30 mart 1960-cı il təvəllüdlü X2 adlı şəxslə ailə həyatı qurmuşdur. Həmin nikahdan 3 övladı vardır. O, xx.xx.1997-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. Əmək Müfəttişliyindən əldə etdiyi "Əmək müqaviləsində dəyişikik edilməsi ilə bağlı X1 göründüyü kimi hazırda Yevlax rayonu Ərəş kənd tam orta məktəbində rus dili müəlliməsi vəzifəsində işləyir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Ərəş kənd İƏD üzrə nümayəndəliyindən əldə etdiyi 04 oktyabr 2022-ci il tarixli 402 nömrəli Arayışdan göründüyü kimi o, hal-hazırda Yevlax rayonu Ərəş kəndində yaşayır. Bütün yuxarıda qeyd edilənlərə baxmayaraq, onun adına Yevlax rayon Aşağı Bucaq kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1961-ci il tarixli 15 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir. Və o, yuxarıda qeyd etdiyi statuslarda olmağına, aktiv həyat şəraiti keçirməyinə baxmayaraq ölmüş şəxs kimi qeydiyyatdan keçmişdir. Barəsində ölüm aktı tərtib edilməsi ilə bağlı onun heç bir məlumatı olmamışdır və o, heç bir problemlə üzləşməmişdir. Pensiyaya çıxmağı ilə bağlı ödənişlərin köçürülməsinə qədər. Həmin vaxt problemlərlə üzləşmişdir. Pensiya kartına pul köçürülməmişdir. Bu məsələ ilə izləmələr gedən zaman, onun barəsində Yevlax rayon Aşağı Bucaq kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1961-ci il tarixli 15 nömrəli ölüm haqqında akt qeydi tərtib edildiyi aşkarlanmışdır. Bununla bağlı, yəni barəsində olan ölüm aktının ləğv edilməsi xahişi ilə aidiyyəti üzrə Cavabdehnə müraciət etsə də xahişi təmin edilməmiş və 29 sentyabr 2022-ci il tarixli məktubla ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2022-ci il tarixdə Məhkəməyə müraciət edərək hazırkı inzibati işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, iddia tələbinə münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Yevlax RPŞ-i tərəfindən xx.xx.2010-cu ildə İddiaçı AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir.Vəsiqədən görünür ki,iddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. - ЛВ seriyalı 012522 nömrəli, xx.xx.1984-cü il tarixli diplomun təsdiqlənmiş surətindən görünür ki, iddiaçı 1979-1984-cü il tarixlərdə M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır. - İİİ-ЖГ seriyalı 467316 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 20 avqust 1985-ci ildə 30 mart 1960-cı il təvəllüdlü X2 adlı şəxslə nikaha daxil olmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reystri Xidmətinin xx.xx.2022-ci il tarixli 2-18/325 nömrəli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Əliyyə Nazirliyi Əhalinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, xx.xx.1961-ci il tarixdə vəfat etmişdir. - Yevlax rayon Aşağı Bucaq kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1961-ci il tarixli 15 nömrəli Ölüm haqqında Akt qeydindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə “Boğaz xəstəliyi” səbəbindən vəfat etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 195-27369-1222 nömrəli məktubuna əlavə edilmiş fərdi uçot kartoçkasının təsdiqlənmiş surətindən görünür ki, Fərqiyyə Məhəmmədəli qızına şəxsiyyət vəsiqəsi verilmişdir. - Azərbaycan Respublikası Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Ərəş kənd İƏD üzrə nümayəndəliyinin 04 oktyabr 2022-ci il tarixli 402 nömrəli arayışdan görünür ki, iddiaçı hal-hazırda Yevlax rayonu Ərəş kəndində yaşayır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Həmçinin, iddia əsaslıdır. Beləliklə, məhkəmə işin göstərilən faktiki hallarına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir... 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər... 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir... 193-cü maddəyə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.1. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.3. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. 195.2. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasına əsasən: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 1.5. İcra hakimiyyətinin nümayəndəliyi doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir. 1.10. Doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. 8.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır... 8.3. Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzilistismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. 8.4. Ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir... 8.6. Ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. 8.14. Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. Göründüyü kimi iddiaçı 1979-1984-cü il tarixlərdə M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil almış, xx.xx.2010-cu ildə AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi almışdır. Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 195-27369-1222 nömrəli məktubuna əlavə edilmiş fərdi uçot kartoçkasının təsdiqlənmiş surətindən və Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Ərəş kənd İƏD üzrə nümayəndəliyinin 04 oktyabr 2022-ci il tarixli 402 nömrəli arayışdan görünür ki, iddiaçı hal-hazırda Yevlax rayonu Ərəş kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Şəhadətnamələrin surətindən görünür ki,iddiaçı 20 avqust 1985-ci ildə nikaha daxil olmuş,həmin nikahdan üç övladı doğulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan, iddiaçının ölüm haqqında akt qeydinin ləğv edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə Yevlax rayon Aşağı Bucaq kənd İcra nümayəndəliyi tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.1961-ci il tarixli 15 nömrəli Ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar