Məhkəmə qərarları › İş №2-1(116)-533/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-533/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-533/2024 24.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “03 may 2023-cü il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “03 may 2023-cü il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-11590/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. İddia ərizəsinə əsasən o, xx.xx.1983-cü ildəm xx.xx.1984-cü ilədək "xxxx" QSC-nin Biləcəri yol stansiyasında “yol montyoru”, xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2012-ci il tarixədək “kran-drezin maşinisti” peşəsində çalışmış, nəticədə həmin müəssisədə zərərli peşələr üzrə ümumi iş stajı 21 il 4 ay 2 gün təşkil edir. xx.xx.2012-ci il tarixdən etibarən əmək fəaliyyətini “X4” QSC-in araşdırmalar və təmir şöbəsində “lokomotiv maşiniti”peşəsinə işə qəbul edilməklə əmək fəaliyyətinə davam etmişdir. xx.xx.2015-ci il tarixdən etibarən mexaniklər xidmətində “lokomativ maşinisti” peşəsinə xx.xx.2016-cı il tarixdən etibarən isə Nəqliyyat şöbəsində “lokomativ maşinisti peşəsinə” keçirilməklə həmin peşə əmək fəaliyyətini hazırkı zamanadək davam etdirir. İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüquq əldə etdiyindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciət etmişdir, lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubla həmin pensiyanın təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqan məhkəyəmə təqdim olunmuş xx.xx.2023-cü il tarixli iddia tələbinə etirazında bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-in 25 noyabr 2021-ci il tarixli 120931 nömrəli arayışında onun xx.xx.1991-xx.xx.1996-cı il, xx.xx.1998xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən müəssisədə, kran-drezin maşinisti vəzifəsində, "xxxx" QSC-in xx.xx.2023-cü il tarixli X-Y-2535 nömrəli arayışında isə xx.xx.2012-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin Yükdaşımalar və təmir şöbəsində, xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərxzində Mexanikləri xidmətində, xx.xx.2016-cı il tarixində bugünədək Nəqliyyat şöbəsində lokomotiv maşinisti peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi kran-drezin maşinisti vəzifəsi və "xxxx" QSC-in fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (2 il 9 ay 28 gün (xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1986-cı il tarixləri arasındakı dövrləri) təşkil edir. Qeyd olunanlardan da aydən olduğu kimi iddiaçının iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. ИТ seriyalı ******* nömrəli Əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, iddiaçının ümumi iş stajı 25 ildən çoxdur. İddiaçı 1980-ci ildə əmək fəaliyyətinə başlamış, 1986-cı ilədək müxtəlif müəssisələrdə işləmişdir. Onun 1986-ci ildən sonrakı dövrdə işlədiyi müəssisələr aşağıdakı kimidir: a) xx.xx.1983-cü ildəm xx.xx.1984-cü ilədək Azərbaycan Dəmir Yolları” QSCnin Biləcəri yol stansiyasında “yol montyoru” vəzifəsində işləmişdir. b) xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2012-ci il tarixədək “kran-drezin maşinisti” vəzifəsində işləmişdir. c) xx.xx.2012-ci il tarixdən “X4” QSC-in araşdırmalar və təmir şöbəsində “lokomotiv maşinisti” vəzifəsində işləmişdir. d) xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövrdə Mexanikləri xidmətində işləmişdir. e) xx.xx.2016-cı il tarixində bugünədək Nəqliyyat şöbəsində lokomotiv maşinisti vəzifəsində işləyir.

2. "xxxx" QSC-in xx.xx.2023-cü il tarixli 151 nömrəli Arayışı;

3. "xxxx" QSC-in xx.xx.2021-ci il tarixli 120931 nömrəli Arayışı;

4. “X4”-in xx.xx.2023-cü il tarixli X-Y-2535 nömrəli Araşdırıcı Arayışı;

5. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin xx.xx.2021-ci il tarixli 1096 nömrəli Arayışı;

6. iddiaçıya məxsus ЖТ-014671 nömrəli diplom,

7. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu;

Əsaslandırma hissəsi:

İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. X3 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:

1. iddiaçı 60 yaşına çatmalıdır.

2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx xxxxxx 1963-cü il doğumludur.Həmçinin,o,tələb olunan 25 ildən ümumi iş stajına malikdir. Cavabdeh tərəfindən bu hal mübahisələndilməmişdir. Cavabdehin imtina əsası 12 il 6 aydan artıq güzəştli iş stajının olmaması ilə bağlıdır.Məhkəmə həmin dəlilə münasibətdə aşağıdakıları qeyd edir: İddiaçıya məxsus əmək kitabçasından görünür ki,o, xx.xx.1998-ci il tarixdən xx.xx.2012-ci il tarixinədək "xxxx" QSC-nin Şəki yol distansiyasında “kran-drezin maşinisti” vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda 2300200a—11448 drezinaların sürücüləri nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının çalışdığı aşağıdakı peşələr üzrə dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” na daxil olduğu müəyyən edilir. Belə ki, həmin Siyahının 21.4-cü Dəmiryol nəqliyyatı.Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bölməsində “motovozların və avtomotoristlərin maşinistləri”peşəsi göstərilmişdir. Cavabdeh orqan, iddiaçının işlədiyi “drezin maşinisti” peşəsinin motovozların və avtomotoristlərin maşinistləri peşəsinə aid olmadığını və həmin bənddə birbaşa nəzərdə tutulmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasında onun yerinə yetirdiyi peşənin adı “kran drezin maşinisti” qeyd edilmişdir. Məhkəmə tərəfindən oxşar işlə bağlı drezin maşinistinin vəzifə funksiyaları və iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə yerinə yetirdiyi işin xarakteri, o cümlədən drezin maşinisti peşəsinin Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güşətli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nda 21-ci bölmənin (4-cü yarım bəndində) göstərilən hansı vəzifəyə uyğun olması ilə bağlı "xxxx"QSC-yə sorğu ünvanlanmışdır. Sonuncunun təqdim etdiyi cavab məktubu ilə müəyyən edilmişdir ki, “AQV” özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotorisin markalarından biri hesab edilir. Eyni zamanda sözügedən qrupa drezinlər də daxildir. Drezin maşinisti peşəsi üzrə yerinə yetirilən işlərin əsas xüsusiyyətləri müvafiq olaraq avtomotorisi idarə etməkdən, dəmir yolu infrastrukturunda müvafiq təmir, quraşdırma və bərpa işlərinin aparılmasına texniki dəstək vermək üçün həmin texnikanın üzərində olan avadanlıqların, o cümlədən qaldırıcı qurğu, xüsusi mexanizmlərin idarə olunmasını təmin etməkdən, o cümlədən işçilərin, kiçik həcmli materialların, iş alətlərinin və ehtiyat hissələrinin iş yerlərinə operativ daşınmasının həyata keçirilməsindən ibarət olmaqla, müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.4-cü bəndinin 4-cü abzasında əks olunan motovozların və avtomotoristlərin maşinisti qrupuna aiddir. Həmçinin "xxxx" QSC-də iş yerlərinin attestasiyasının nəticələrinə əsasən hərəkət tərkibinin (avtomotoris) mühərrikinin işlək vəziyyətdə səs-küyünün yüksək olması, fiziki gərgin iş mühiti və işin monoton xüsusiyyətliliyi (əməyin yeknəsəkliyi) amillərinə görə drezin maşinisti peşəsi əmək şəraiti zərərli olan işlərdən hesab edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uyğunluğun müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İddiaçının iş yerindən verilmiş arayışla birmənalı olaraq müəyyən olunur ki, onun əmək fəaliyyəti ilə məşğul olduğu “ADM maşinisti” və ya “drezin maşinisti” peşəsi istinad olunan qərarda qeyd edilmiş avtomotoristlərin maşinisti qrupuna aid olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir. Belə ki, arayışda “AQV”nin özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotorisin markalarından biri olması, o cümlədən drezinlərin də sözügedən qrupa aid olması bildirir. Odur ki, məhkəmə hesab edir ki, “ADM maşinisti” və ya “drezin maşinisti” peşəsinin yerinə yetirdiyi işin xarakteri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.4-cü bəndinin 4-cü abzasında əks olunan motovozların və avtomotoristlərin maşinisti peşəsinə uyğun olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının üç iş yeri üzrə güzəştli iş stajına daxil edilməli olan dövr 21 il 4 ay 2 gün olduğundan və bu müddət qanunvericilikdə tələb olunan 12 il 06 ay müddətdən artıq olduğundan digər dövrlərə münasibət bildirilməsinə zərurət qalmamışdır. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2023-cü ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1963-cü ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2022-cü il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə,

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı ümumi və xüsusi stajını nəzərə alaraq 03 may 2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar