Məhkəmə qərarları › İş №2-1(116)-534/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-534/2021

03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-534/2021 03.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, Məmmədova Aynur Əhəd qızının katibliyi, Üçüncü şəxs X2 iştirakı ilə İddiaçı cavabdeh Zaqatala rayonu X7rşı (üçüncü şəxslər: X3, X8) “ona məxsus olan 25 il bundan əvvəl əkdiyi fındıq ağaclarının olduğu, 0.72 ha (reyestrdə ********** və ********** nömrə ilə qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmiş) torpaq sahəsini, həmin ərazidə başqa şəxslərə verilmiş torpaqların icarə haqlarına uyğun qiymətə hərrac keçirmədən uzun müddətli icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Zaqatala rayonu, X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan 25 il bundan əvvəl əkdiyi fındıq ağaclarının olduğu, 0.72 ha (reyestrdə ********** və ********** nömrə ilə qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmiş) torpaq sahəsini, həmin ərazidə başqa şəxslərə verilmiş torpaqların icarə haqlarına uyğun qiymətə hərrac keçirmədən uzun müddətli icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 25.01.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Zaqatala rayonu, Aşağı Tala kənd ərazisində yerləşən “Kilsəaxu” adlanan sahədən iddiaçının atası X1 və onun ailə üzvlərinə torpaq islahatı zamanı yerli islahat komissiyasının qərarı ilə 1996-cı ildə 0.72 ha boş torpaq sahəsi verilmişdir. İddiaçının atası 1996-cı ildə həmin torpaq sahəsində fındıq ağacları əkmişdir. İddiaçının atası mülkiyyətində olan torpaq sahələrini övladları arasında bölüşdürmüşdür. Beləliklə iddiaçının atası Aşağı Tala kəndi ərazisində yerləşən “Kilsəaxu” adlanan sahədə əkdiyi fındıq ağaclarını iddiaçıya vermişdir. İddiaçı torpaq sahələrini sənədləşdirmək və bağışlanma müqaviləsi yazmaq üçün sənədləri hazırlayarkən ona məlum olmuşdur ki, atasının 25 il bundan əvvəl fındıq ağacları əkdiyi torpaq sahəsi islahat zamanı bələdiyyə mülkiyyətində saxlanılmışdır. Bələdiyyə də öz adına çıxarış almadığı üçün sənədləşdirmə işlərinin aparılması mümkün olmamışdır. İddiaçının müraciəti əsasında bələdiyyə torpaq sahələrinə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıraraq çıxarışlar almışdır. Bundan sonra iddiaçı Aşağı Tala bələdiyyəsinə müraciət edərək, torpaq sahələrini hərrac vasitəsilə icarəyə götürmək istəmişdir. İddiaçı ilə aralarına məhkəmə mübahisələri olan X4 oğlu X6 hərracda qiymətləri qəsdən qaldırmış və beləcə torpaq sahəsini heç kim icarəyə götürməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 08.02.2021-ci il tarixli, 58 nömrəli məktubunda qeyd etmişdir ki, iddiaçı bələdiyyə mülkiyyətində olan 0.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini hərrac və ya müsabiqə yolu ilə deyil, birbaşa icarəsinə verilməsi üçün Aşağı Tala bələdiyyəsinə müraciət etmişdir. Cavabdeh orqan bildirir ki, iddiaçıya bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin yalnız hərrac və ya müsabiqə yolu ilə icarəyə verilməsinin mümkün olduğu izah olunmuş, həmin torpaq sahəsinin başqa yollarla icarəyə verilməsinin qanunda öz əksini tapmadığı bildirilmişdir. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Zaqatala rayonu, Aşağı Tala bələdiyyəsi 12.07.2017-ci il tarixli, 10 saylı iclasında bələdiyyə mülkiyyətinə aid olan sənəd üzrə 0.80 ha, faktiki 0.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair müvafiq rəyin alınması məqsədilə 17 saylı Ərazi şöbəsinə müraciət edilməsini qərara almışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı Ərazi şöbəsi 24.10.2017-ci il tarixdə rəy tərtib etmişdir. Rəydə sözügedən torpaq sahəsinin müsabiqə və ya hərrac yolu ilə icarəyə verilməsinin mümkünlüyü qeyd edilmişdir. Bundan sonra 0.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair RX seriyalı, ******* nömrəli 24.11.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və A seriyalı 210328 nömrəli Plan və ölçü sənədi Aşağı Tala bələdiyyəsinin adına tərtib edilmişdir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Aşağı Tala bələdiyyəsinin mülkiyyətində olan 0.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi müsabiqəyə çıxarılmış, 13.09.2018-ci il tarixdə müsabiqə keçirilmiş və müsabiqənin qalibi 1700 manat ən yüksək təklif vermiş iş üzrə cəlb edilmiş üçüncü şəxs X3 olmuşdur. Bununla bağlı AM seriyalı, 006423 nömrəli şəhadətnamə tərtib edilmişdir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Aşağı Tala bələdiyyəsi 01.02.2019-cu il tarixli 03 saylı iclasında qərara almışdır ki, icarə predmeti olan 0.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən daha çox insanların istifadə etməsi və Aşağı Tala bələdiyyəsi ərazisində hər bir vətəndaşa düşən orta torpaq pay norması (0.33 ha) nəzərə alınaraq ərazi iki hissəyə 0.36 ha və 0.36 ha olmaqla ayrılması üçün bölgü planı aparılsın. Bundan sonra Dövlət Reyestri Xidməti tərəfindən 30.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və 30.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar, A seriyalı 404170 nömrəli və A seriyalı 404171 nömrəli plan və ölçü sənədləri tərtib edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının hazırkı tələbi “ona məxsus olan 25 il bundan əvvəl əkdiyi fındıq ağaclarının olduğu, 0.72 ha (reyestrdə ********** və ********** nömrə ilə qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmiş) torpaq sahəsini, həmin ərazidə başqa şəxslərə verilmiş torpaqların icarə haqlarına uyğun qiymətə hərrac keçirmədən uzun müddətli icarəyə verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması”ndan ibarədir ki, tələb mülki xarakterlidir. Belə ki, hazırkı iddia tələbi üzrə cavabdeh Zaqatala rayonu, Aşağı Tala bələdiyyəsi inzibati orqan olsa da, tərəflər arasındakı mübahisə inzibati hüquq münasibətlərinə aid deyil. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 4-cü bəndində qeyd edilir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquq münasibəti olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Qərarın 5.2-ci bəndində qeyd edilir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Qərarın 15.3-cü bəndinə görə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Hazırkı işdə cavabdeh xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyindən, hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyətini həyata keçirmədiyindən, habelə xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi üçün onunla iddiaçı arasındakı icarə müqaviləsinin bağlanması ilə bağlı yaranacaq münasibətlərdən irəli gələn mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması istisna olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı və cavabdeh arasında olan münasibətlər mülki xarakter daşıyır. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, hazırkı tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) və ya kommersiya məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Zaqatala rayonu, X7rşı (üçüncü şəxslər: X3, X8) “ona məxsus olan 25 il bundan əvvəl əkdiyi fındıq ağaclarının olduğu, 0.72 ha (reyestrdə ********** və ********** nömrə ilə qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmiş) torpaq sahəsini, həmin ərazidə başqa şəxslərə verilmiş torpaqların icarə haqlarına uyğun qiymətə hərrac keçirmədən uzun müddətli icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. İddiaçıya hazırkı tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) və ya kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunur. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar