Məhkəmə qərarları › İş №2-1(116)-535/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-535/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-535/2020 19.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X13 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək 90 nömrəli, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək 961 nömrəli aptekdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 90 və 961 saylı apteklərdə işlədiyi müddətin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. O, cavabdeh orqana ona əlilliyə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının 90 və 941 saylı apteklərdə işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir. Belə ki, həmin apteklərdə iddiaçının iş stajının qarşılıqlı yoxlanması tələb edilmiş, lakin apteklərin mühasibat sənədləri saxlanılmadığından və arxivə təhvil verilmədiyindən bu mümkün olmamışdır. Məhz bu səbəblə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə xx.xx.2020-ci il tarixli ərizə təqdim edərək, “xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək 90 nömrəli, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək 961 nömrəli aptekdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli məhkəmən iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iddiaçının əlilliyə görə pensiya hüququ xx.xx.2019-cu il tarixdə yaranmışdır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin olunması üçün 11 il 8 ay sosial sığorta stajı və 21000 manat sığorta kapitalı tələb olunur. Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixədək 15 il 4 ay sosial sığorta stajı (həmin sığorta stajı 11070 manat sığorta kapitalına bərabərdir) toplanılır. İddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 3 il (həmin staj 2166 manat sığorta kapitalına bərabərdir), mübahisələndirilən sosial sığorta stajı 12 il 4 ay 25 gün (həmin staj 8905 manat sığorta kapitalına bərabərdir) təşkil edir. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 90 saylı aptekin məcburi dövlət sosial sığorta haqlarının toplanması və uçotuna dair 1993, 1994, 1995, 2000-ci illərdə aparılmış yoxlama aktlarında İddiaçı həmin aptekin mühasibi kimi adı qeyd edilməmişdir. Bundan başqa, "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" xx xxxxxx 1991-ci il Qərarına əsasən, Azərbaycan dilində latın qrafikasına keçid 1992-ci ildən başlamış, xx xxxxxxxx 2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununun 17-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasında 1993-2000-ci illər barədə qeydlər kiril əlifbası ilə aparılmasına baxmayaraq, möhür latın qrafikalı Azərbaycan əlifbası ilə tərtib edilmişdir. Yuxarıda qeyd olunanlardan belə bir nəticəyə gəlirlər ki, 1993-2000-ci illərdə fəaliyyət göstərən müəssisələrdə latın qrafikalı möhürlərin istifadəsi mümkünsüz idi. Buna əlavə olaraq bildirilir ki, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 90 saylı aptekdə mühasib işləməsinə dair qeydləri təsdiq edən möhürün əksi həmin dövrdə 90 saylı aptekdə istifadə olunan möhürün əksi ilə uyğun gəlmir. Göstərilənlərə əsasən, iddiaçının 90 saylı aptekdə 1993-2000-ci illərin onun sosial sığorta stajına daxil edilməsi qanunsuz və əsassızdır. Digər müəssisəyə gəldikdə isə Mərkəzləşdirilmiş informasiya sistemindən əldə olunan məlumata əsasən, Zaqatala rayonu 961 saylı aptek sığortaedən kimi xx.xx.2008-ci il tarixdə qeydiyyatdan keçmiş, İddiaçı isə həmin aptekdə işlədiyini təsdiq edən əmək müqaviləsinin bağlanma tarixi xx.xx.2014-cü il göstərilmişdir. Odur ki, iddiaçının 961 saylı aptekdə işlədiyini iddia etdiyi xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək olan dövr onun sosial sığorta stajına daxil edilə bilməz. Nəhayət, iddiaçının təpdim etdiyi əmək kitabçasında müvafiq iş yerləri ilə bağlı qeydlər öz təsdiqini tapmadığından, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalı ödənilmədiyindən iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi qanuna müvafiq deyil. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, 50 yaşı tamam olmuş əlillərə 11 il 8 ay sığorta stajı və 21000 manat sığorta kapitalı tələb olunur. İddiaçının xx.xx.2006-cı il tarixə 15 il 4 ay sığorta stajı toplanıb və həmin sığorta stajı 11070 manat sığorta kapitalına bərabərdir. İddiaçının xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 3 il təşkil edir və həmin sığorta stajı 2166 manat sığorta kapitalına bərabərdir. İddiaçının mübahisələndirilən sığorta stajı 12 il 4 ay 25 gün təşkil edir və həmin sığorta stajı 8905 manat sığorta kapitalına bərabərdir. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək topladığı sığorta kapitalı 14599 manat təşkil edir. İş materiallarında olan Zaqatala rayon 90 nömrəli mərkəzi aptekin müvafiq illərdə DSMF vəsaitləri üzrə “Haqq-hesab cədvəli”nin təsdiq edilmiş surətindən müəyyən olunur ki, sənəddə istifadə edilmiş 90 nömrəli aptekə məxsus möhürün əksi ilə iddiaçının АЗЕ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətində sözügedən aptekə işə qəbul və azad olunma zamanı istifadə edilən möhürün əksi tamamilə fərqlidir. Həmçinin, 90 nömrəli aptekin xx.xx.1993-cü il tarixli DSMF-nin apardığı yoxlama aktında baş mühasib olaraq X3 və mühasib X8, 1994 və 1995-ci illlərdə aparılan yoxlama aktlarında isə baş mühasib İsrafil Şabanov göstərilmişdir. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq edilmiş surətində nöqsanlar aşkar edilmişdir. Belə ki, müvafiq əmək kitabçasında qeyd olunur ki, iddiaçı 90 nömrəli aptekdən xx.xx.2000-ci il tarixdə işdən azad olunmuşdur. Növbəti iş yeri olaraq 961 nömrəli aptekdə əmək fəaliyyətinə isə xx.xx.2000-ci il tarixdən başlamışdır. Eləcə də, qeyd olunur ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2014-cü il tarixədək 961 nömrəli aptekdə baş mühasib vəzifəsində işləmiş və eyni zamanda xx.xx.2005-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “Azəri-M” firmasında baş mühasib işləmişdir. İş materiallarında olan Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 40 nömrəli məktubundan müəyyən edilir ki, 90 və 961 saylı apteklərin arxiv sənədləri arxivə təhvil verilməmişdir. İş materiallarında olan 13 saylı X16 xx.xx.2020-ci il tarixli **********031600 nömrəli məktubunda qeyd edilir ki, qeyd edilən Zaqatala 90 nömrəli Mərkəzi rayon Apteki (VÖEN **********) xx.xx.2004-cü il tarixdə vergi orqanında qeydiyyata alınmış, aptekin fəaliyyət növü “X1 X12” (kod 47730) kimi qeyd edilmiş, rəhbəri X14r. Aptekin sahibkarlıq fəaliyyətinin müvəqqəti olaraq xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixə və xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılması üçün vergi orqanına rəsmi müraciət edilmişdir. Zaqatala rayonu 961 nömrəli Aptek (VÖEN **********) xx.xx.2004-cü il tarixdə vergi orqanında qeydiyyata alınmış, aptekin fəaliyyət növü “X1 X12” (kod 47730) kimi qeyd edilmiş, rəhbəri X6r. Aptekin sahibkarlıq fəaliyyətinin müvəqqəti olaraq xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılması üçün vergi orqanına rəsmi müraciət edilmişdir. Qeyd olunanlardan əlavə vergi orqanında olan baza məlumatlarına əsasən İddiaçı (AZE 0553746) əmək müqaviləsi əsasında xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Zaqatala rayonu 961 nömrəli Aptekdə (VÖEN **********) çalışmışdır. Həmçinin bildirilir ki, vergi orqanında olan baza məlumatlarına əsasən İddiaçı barəsində hesablanmış əmək haqqı, əmək haqqından tutulan gəlir vergisi və sosial sığorta haqları üzrə ödənişlər barədə heç bir məlumat yoxdur. İş materiallarında olan X2 məxsus ******* nömrəli “Əmək kitabçası”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, o, xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Zaqatala rayon 90 saylı aptekdə mühasib işləmişdir. İş materiallarında olan X5 məxsus ******* nömrəli “Əmək kitabçası”nın surətindən müəyyən edilir ki, o, xx.xx.1978-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Zaqatala rayon 90 saylı aptekdə mühasib işləmişdir. İş materiallarında olan X4 məxsus xx.xx.1972-ci il tarixli “Əmək kitabçası”nın surətindən müəyyən edilir ki, o, 90 nömrəli aptekdə xx.xx.1972-ci il tarixdən xx.xx.1982-ci il tarixədək mühasib, xx.xx.1983-cü il tarixdən xx.xx.2000-ci il tarixədək isə kassir vəzifəsində işləmişdir. İş materiallarında olan X9 məxsus olan ******* nömrəli “Əmək kitabçası”nın surətindən müəyyən edilir ki, o, xx.xx.1996-cı il tarixdən xx.xx.2011-ci il tarixədək Zaqatala rayon 90 saylı aptekdə baş mühasib işləmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AA seriyalı ******* nömrəli iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********8 nömrəli imtina məktubu, АЗЕ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surəti, DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli, xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubu və ona əlavə olunmuş yoxlama aktlarının təsdiq edilmiş surətləri, Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 40 nömrəli məktubu, 13 saylı X16 xx.xx.2020-ci il tarixli **********031600 nömrəli məktubu, X2 məxsus ******* nömrəli “Əmək kitabçası”nın təsdiq edilmiş surəti, X5 məxsus ******* nömrəli “Əmək kitabçası”nın surəti, X4 məxsus xx.xx.1972-ci il tarixli “Əmək kitabçası”nın surəti, X9 məxsus olan ******* nömrəli “Əmək kitabçası”nın surəti, X3, X10, X7, X15 tərəfindən yazılan ərizələr, cavabdehin xx.xx.2020-ci il tarixli etirazı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. İddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün 11 il 8 ay sığorta stajı və 21000 manat sığorta kapitalı tələb olunur. Cavabdehin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubuna əsasən iddiaçının xx.xx.2006-cı il tarixə əmək kitabçasının surətinə əsasən 15 il 4 ay sığorta stajı (həmin sığorta stajı 11070 manat sığorta kapitalına bərabərdir) vardır ki, onun da 3 ili mübahisələndirilmir. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək topladığı sığorta kapitalı 14599 manat təşkil edir. İddiaçının tələbində qeyd etdiyi 90 və 961 saylı apteklərdəki iş müddətləri cavabdeh tərəfindən mübahisələndirilir ki, bu da 12 il 4 ay 25 gün təşkil edir (bu staj 8905 manat sığorta kapitalına bərabərdir). Əgər iddiaçının 90 və 961 saylı apteklərdəki iş illəri onun sığorta stajına əlavə edilərsə, tələb olunan 11 il 8 ay sığorta stajı və 21000 manat sığorta kapitalı tamamlanmış olacaqdır. Belə ki, iddiaçının iş stajı 15 il 4 ay, sığorta kapitalı isə 25669 manat (xx.xx.2006-cı il tarixədək 11070 manat + xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 14599 manat = 25669 manat) təşkil edəcəkdir. Göründüyü kimi iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmaqda məqsədi iş illərinin sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İş materiallarına əlavə edilən X3, X10, X7, X15 tərəfindən yazılan ərizələrdə həmin şəxslər qeyd etmişlər ki, İddiaçı 90 nömrəli aptekdə onlarla birgə mühasib vəzifəsində işləmişdir. Belə ki, yuxarıda adları qeyd olunan şəxslərin özləri həmin aptekdə müxtəlif vaxtlarda baş mühasib vəzifəsində işləmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Cavabdeh tərəfin etirazının əsas dəlili ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında olan möhür latın qrafikası ilə yazıldığı halda həmin dövrdə şöbəyə təqdim olunan hesabatlarda möhürdəki yazıların kiril əlifbası ilə olması müəyyən olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, həqiqətən iddiaçının əmək kitabçasında müxtəlif iş yerlərində işləməsi qeyd olunmuş, onların bəzilərinin üst-üstə düşməsi aşkar olunmuşdur. Qeyd olunan hallar nəzərə alınaraq iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilmiş və hazırki tələb irəli sürülmüşdür. Məhkəmə iddiaçı ilə həmin dövrdə işləyən şəxslərin ərizələrini, onların məhkəməyə təqdim olunmuş əmək kitabçalarının surətlərini araşdıraraq hesab edir ki, iddiaçı həqiqətən iddia tələbində qeyd olunan müddətdə 90 və 961 saylı apteklərdə işləmişdir. Əmək kitabçasında olan möhürdəki yazıların latın qrafikası ilə olması (hazırki halda onların sonradan vurulması baxımından) iddiaçının qeyd olunan apteklərdə işləməməsi anlamına gəlmir. Ona görə ki, əmək kitabçasında aparılan qeydlərin ardıcıllığından da onların sonradan aparılmadığı qənaətinə gəlmək olur. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan apteklərdə işləmiş, onun əmək kitabçasında olan qeydlər sonradan möhürlə təsdiq olunmuşdur ki, bu da həmin yazıların saxta olmasına dəlalət etmir. X5 məxsus olan ******* nömrəli “Əmək kitabçası”nın surətindən də görünür ki, onun da kitabçasında 1999-cu ildə işdən çıxmasına dair qeyddə 90 nömrəli aptekin möhür əksində olan yazılar latın qarafikası ilə olmuşdur. İddiaçı əvvəlki məhkəmə iclaslarında da veriyi izahatlarında ərizələri və əmək kitabçalarının surətləri məhkəmə təqdim olunmuş səxslərlə işdəyini qeyd etmiş, onunla birlikdə işləyən şəxslər barədə ətraflı məlumat verə bilmişdir ki, bu da onun həmin apteklərdə işləməsinin inandırıcı olması nəticəsinə gəlməyə əsas vermişdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək 90 nömrəli, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək 961 nömrəli aptekdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının üzərinə İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək 90 nömrəli, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək 961 nömrəli aptekdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar