Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-535/2025 01.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1999- cu il tarixədək 4 nömrəli Təmir-Tikinti Trestində və “Azərsənayexüsusitikinti quraşdırma” Trestində 5- ci dərəcəli bənna vəzifəsində işləyi dövrlərin pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1999- cu il tarixədək 4 nömrəli Təmir-Tikinti Trestində və “Azərsənayexüsusitikinti quraşdırma” Trestində 5- ci dərəcəli bənna vəzifəsində işləyi dövrlərin pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx xxx 1958-ci il tarixində Qəbələ rayonu Ovcullu kəndində anadan olmuş, orta təhsillidir. 17 noyabr 1976-cı il tarixindən 27 noyabr 1978-ci il tarixinədək sovet ordusunda müddətli hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətinə xx.xx.1981-ci il tarixində Bakı şəhərində 4 №-li Təmir Tikinti Trestinə işə qəbul olunmuş, xx.xx.1991-ci il tarixində öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1991-ci il tarixində Bakı şəhərində 7№-li fəmir Tikinti İdarəsinə tolçu vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1992-ci il tarixində öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1992-ci il tarixindən “Zamin" Kooperativinə fəhlə işinə qəbul edilmiş. xx.xx.1992-ci il tarixində öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixində İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsinə işə qəbul olunmuş, xx.xx.1993-cü il tarixində həmin İdarədə anbardar vəzifəsinə, xx.xx.1994-cü il tarixində 5-ci dərəcəli bənna vəzifəsinə keçirilmiş və xx.xx.1994-cü il tarixində başqa işə keçdiyinə görə işdən azad olunmuşdur. xx.xx.1994-cü il tarixində 4 №-li Təmir Tikinti Trestinə və “Azərsənayexüsusitikinti quraşdırma" Trestində 5-ci dərəcəli bənna işinə qəbul edilmiş, xx.xx.1999-cu il tarixində ərizəyə əsasən vəzifəsindən azad edilmişdir. xx.xx.2000-ci il tarixində “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 5 saylı müəssisəsində 5-ci dərəcəli bənna vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2005-ci il tarixində öz xahişi ilə işdən azad olunmuşdur. 2006-cı il tarixindən 2014-cü il tarixinədək Bakı şəhərində Ədliyyə Nazirliyinin Təmir-Tikinti İdarəsində işləməyinə baxmayaraq əmək kitabçasında qeydiyyatı aprılmamışdır. Onu da qeyd edir ki, iddiaçıya xx.xx.2023-cü il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi və pensiyanın verilməsi üçün sənədlərini ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etmişdir. Lakin cavabdeh tərəfindən imtina məktubu gəlmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçı N.Şirinovanın iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-K-195131/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının sosial sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 20 il 7 ay 25 gün təşkil edir. Sözügedən məktuba əsasən, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək “Azərsənayexüsusitikintiquraşdırma” trestində işlədiyi dövrlər əmək kitabçasının doldurulma qaydaları pozulduğundan mübahisələndirilərək sosial sığorta stajına daxil edilməmişdir.İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994cü il tarixdən xx.xx.1999-cu il tarixədək “Azərsənayexüsusitikintiquraşdırma” trestində işlədiyi dövrün doldurulma qaydasının pozulduğu müəyyən edilmişdir.Belə ki, iddiaçının sözügedən müəssisədə işdən azadolma əmrinə vurulan möhürdə kiril qrafikalı əlifbadan istifadə edilməsi həmin qeydlərin mötəbərliyinə əsaslı şübhə yaratmışdır. Qeyd olunanlardan məlum olduğu kimi, sözügedən qeydin mötəbərliyinə əsaslı şübhələr olduğundan iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək “Azərsənayexüsusitikintiquraşdırma" trestində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və həmin dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi ganunvericiliyin tələblərinə ziddir. Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarının 4.1.2-ci bəndinə əsasən, xx.xx.2006-cı ildən sonrakı dövr üzrə işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti əmək pensiyası təyin edilərkən sığorta stajı kimi nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyqun deyildir. Belə ki, iddiaçının əmək kitabçasında xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək “Şahin - B” kiçik müəssisəsində işlədiyi qeyd olunsa da, həmin dövr ərzində iddiaçının xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən, iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan onayaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. İddiaçıya məxsus НЗ 334646 nömrəli hərbi bi
3. letin surəti.
4. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.
5. İddiaçıya məxsus ИT-İ № ******* saylı Əmək kitabçası.
6. Cavabdehin 06 iyun 2024-cü il tarixli etirazı və ona əlavə olunan sənədlər.
7. Qəbələ rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli məktubu.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının 65 yaşı xx.xx.2023-cü il tarixində tamam olmuş, ona həmin tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təqdim edilən imtina məktubunda və məhkəmə icraatı gedişində təqdim edilən etiraza əsasən iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 20 il 7 ay 25 gün təşkil edir. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçası əsasında bütövlükdə sosial sığorta stajı,o cümlədən mübahisələndilənxx.xx.1994-cü il tarixdən xx.xx.1999- cu il tarixədək 4 nömrəli Təmir-Tikinti Trestində və “Azərsənayexüsusitikinti quraşdırma” Trestində 5-ci dərəcəli bənna vəzifəsində işləyi dövr və xx.xx.2006-ci ildən xx.xx.2018- il tarixinədək olan dövr araşdırılmışdır. İddiaçıya məxsus ИT-İ № ******* saylı Əmək kitabçasının 13-cü səhifəsində aparılmış qeyddən görünür ki, o, xx.xx.1994-cü il tarixli əmrə əsasən“Azərsənayexüsusitikinti quraşdırma” Trestində bənna işinə qəbul edilmiş, xx.xx.1999-cu il 38K nömrəli Əmrlə işdən azad edilmişdir. Cavabdehin imtinasının dəlilini iddiaçının sözügedən müəssisədə işdən azadolma əmrinə vurulan möhürdə kiril qrafikalı əlifbadan istifadə edilməsi ilə bağlıdır. Məhkəmə cavabdehin dəlilinə və iş materiallarına qiymət verərək hesab edir ki,cavabdehin imtinası əsassızdır.Belə ki,iddiaçı xx.xx.1999-cu il 38K nömrəli Əmrlə işdən azad edildikdən sonra da əmək fəaliyyətini davam etdirmişdir.Həmin Əmək kitabçası iddiaçının digər işlədiyi müəssisəyə təqdim edilmişdir.Digər tərəfdən 1999-cu ildə Əmək kitabçalarının kiril qrafikası ilə doldurulması və ya həmin möhürlərdən istifadə edilmiş olması iddiaçının orada əmək fəaliyyətini davam etdirməsini istisna etmir.Mövcud məhkəmə praktikasına əsasən də həmin dövrlərə aid sənədlərdə oxşar halların mövcudluğu iddiaçının ziyanına şərh edilməməlidir. Yuxarıda göstərilən dövr 5 il 7 ay 7 gün təşkil edir ki,həmin müddət mötəbərliyi təsdiq olunan 20 il 7 ay 25 günlə toplandıqda iddiaçının cəmi 26 il 3 ay 2 gün sosial sığorta stajının olduğu müəyyən edilir,bu da tələb olunan minimum dövrdən artıqdır. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixinədək olan sosial sığorta satjı 25 ildən çox olduğundan sonrakı dövr ərzində məcburi sosial sığorta stajının ödənilməməsindən həmin dövrə münasibət bildirilməsinə zərurət qalmamışdır. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 65 yaşının tamam olduğu 26 may 2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.