Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-536/2022 20.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "mərhum əri Hətəmov Zeynəddin Məhəməli oğlunun xx.xx.1980-ci ildən xx.xx.1989-cu ilədək X5 və Bərpası Müəssisəsində, 1990-1991ci illərdə Balakən rayonu Hənifə kəndi keçmiş "Azad" ("Lenin") kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi, xx.xx.2021-ci ildən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1959-cu ildə Balakən rayon Tülü kəndində anadan olmuş və hazırda Balakən rayon Hənifə kəndində yaşayır. İddiaçının soyadı əvvəllər "Padarova" olmuş, o, xx.xx.1981-ci ildə Hətəmov Zeynəddin Məhəməli oğlu ilə ailə qurmuş və həmin vaxt "Hətəmova" soyadını götürmüşdür. İddiaçının əri Hətəmov Zeynəddin Məhəməli oğlu xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Bundan başqa, Hətəmov Zeynəddin Məhəməli oğlu xx.xx.1980-ci ildən xx.xx.1989-cu ilədək X5 və Bərpası Müəssisəsində sürücü işləmişdir. Bundan başqa, o, 1990-1991-ci illərdə Balakən rayonu Hənifə kəndi keçmiş "Azad" ("Lenin") kolxozunda işləmişdir. Hətəmov Zeynəddin Məhəməli oğlu xx.xx.2005-ci ildə vəfat etmişdir. İddiaçı yaşa görə əmək pensiyası yaşına (62 yaş) xx.xx.2021-ci ildə çatmışdır. O, cavabdehə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının mərhum əri Hətəmov Zeynəddin Məhəməli oğlunun sığorta stajını təsdiq edəcək zəruri sənədlər təqdim edilmədiyinə görə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 saylı regional ərazi filialına qarşı "Hətəmov Zeynəddin Məhəməli oğlunun xx.xx.1980-ci ildən xx.xx.1989-cu ilədək X5 və Bərpası Müəssisəsində, 1990-1991-ci illərdə Balakən rayonu Hənifə kəndi keçmiş "Azad" ("Lenin") kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, öz tələbini belə əsaslandırmışdır ki, mərhum əri Hətəmov Zeynəddin Məhəməli oğlu xx.xx.1980-ci ildən xx.xx.1989-cu ilədək X5 və Bərpası Müəssisəsində sürücü, 1990-1991-ci illərdə Balakən rayonu Hənifə kəndi keçmiş "Azad" ("Lenin") kolxozunda işləmişdir. O, hazırda ərinin işlədiyi illərin qeyd edildiyi əmək kitabçasını tapa bilmədiyinə görə iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bundan sonra o, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 16 saylı regional ərazi filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edilməsini xahiş etmişdir. Daha sonra o, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə başqa bir ərizə də göndərərək, iddia tələbini "mərhum əri Hətəmov Zeynəddin Məhəməli oğlunun xx.xx.1980-ci ildən xx.xx.1989-cu ilədək X5 və Bərpası Müəssisəsində, 1990-1991-ci illərdə Balakən rayonu Hənifə kəndi keçmiş "Azad" ("Lenin") kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi, xx.xx.2021-ci ildən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulması" kimi ifadə etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli məktubda iddiaçının yaşa görə əmək pensiyası hüququnun xx.xx.2021-ci ildə yarandığını, lakin o, mərhum ərinin sığorta stajını təsdiq edəcək zəruri sənədləri təqdim etmədiyi üçün ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər məhkəmə tərəfindən cavabdehə göndərilmiş və həmin sənədlər əsasında iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi məsələsinə baxılması təklif olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, İddiaçı mərhum əri Hətəmov Zeynəddin Məhəməli oğlunun xx.xx.1975-ci ildən xx.xx.1977ci ilədək hərbi xidmətdə olduğu, xx.xx.1980-ci ildən xx.xx.1989-cu ilədək X5 və Bərpası Müəssisəsində işlədiyi cəmi 11 il 2 ay müddət onun sığorta stajına daxil edilir, lakin bu müddət iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 11 il 4 ay müddətdən azdır. X4 Məhəməli oğlunun kolxozda işlədiyi müddətlər isə, kolxozda minimum adam/gün norması qeyd edilmədiyinə görə sığorta stajına daxil edilə bilməz. Bundan başqa, cavabdeh iddiaya qarşı xx.xx.2022-ci il tarixli etirazında iddianı qəbul etməyərək bildirmişdir ki, X4 Məhəməli oğlunun yalnız xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək hərbi xidmətdə olduğu 2 il 13 gün müddət onun sığorta stajına daxil edilir. Mərhumun kolxozda işlədiyi müddət, kolxozda minimum adam/gün norması qeyd edilmədiyinə görə sığorta stajına daxil edilə bilməz. Mərhumun xx.xx.1980-ci ildən xx.xx.1989-cu ilədək X5 və Bərpası Müəssisəsində işlədiyi müddət isə yoxlandıqdan sonra sığorta stajına daxil edilə bilər. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, xx.xx.1981-ci il tarixli İİ-ЖГ seriyalı 396386 nömrəli "Nikahın bağlanması haqqında şəhadətnamə"dən görünür ki, X3 xx.xx.1981-ci ildə Hətəmov Zeynəddin Məhəməli oğlu ilə ailə qurmuş və həmin vaxt "Hətəmova" soyadını götürmüşdür. - İşdə olan AZ-İ seriyalı 136120 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, Hətəmov Zeynəddin Məhəməli oğlu xx.xx.2005-ci ildə vəfat etmişdir. - İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 107 nömrəli arayışından görünür ki, Hətəmov Zeynəddin Məhəməli oğlu xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan, X7 Təsərrüfatı Mərkəzinin xx.xx.2021-ci il tarixli 67 nömrəli arayışından və əmrlərin surətlərindən görünür ki, Hətəmov Zeynəddin Məhəməli oğlu xx.xx.1980-ci ildən xx.xx.1989-cu ilədək X5 və Bərpası Müəssisəsində sürücü işləmişdir. - İşdə olan Balakən Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 05 nömrəli arxiv arayışından görünür ki, X4 Məhəməli oğlu 1985, 1986, 1990, 1991-ci illərdə Balakən rayonu Hənifə kəndi keçmiş "Azad" ("Lenin") kolxozunda işləmişdir. - İşdə olan Balakən Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 05 nömrəli məktubundan görünür ki, Balakən rayonu Hənifə kəndi keçmiş "Azad" ("Lenin") kolxozunun şəxsi hesab kitablarında müəyyən edilmiş minimum adam/gün (adam/saat) norması qeyd edilməmişdir. Həmin kolxozun protokollar kitabı Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialında mühafizə olunur. - İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialının xx.xx.2022-ci il tarixli 242 nömrəli məktubundan görünür ki, Balakən rayonu Hənifə kəndi Lenin adına kolxozunun 1990-1991-ci illərin iclas protokollarına əsasən, müəyyən edilmiş minimum adam/gün və ya adam/saat norması barədə qeydiyyat tapılmamışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Cavabdeh məhkəməyə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək iddianın mümkün sayılmamasını xahiş etmiş və bunu belə əsaslandırmışdır ki, iddiaçı mərhum ərinin sosial sığorta stajını təsdiq edən sənədləri cavabdehə təqdim etmədiyinə görə onun müraciəti üzrə inzibati icraatın aparılması mümkün olmamışdır. Lakin işdən göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasının səbəbi iddiaçı tərəfindən zəruri sənədlərin təqdim edilməməsi deyil, iddiaçının təqdim etdiyi sənədlərdə göstərilmiş müddətlərin cavabdeh tərəfindən sosial sığorta stajı kimi qəbul edilməməsi olmuşdur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsindən görünür ki, vəfat etmiş ailə başçısının arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsinə görə isə, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Belə olan halda, X4 Məhəməli oğlunun arvadı olan İddiaçı pensiya yaşına (62 yaş) xx.xx.2021-ci ildə çatmışdır. Ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün digər şərt mərhum ərinin kifayət qədər sosial sığorta stajının olmasıdır. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinin iddiaçı pensiya yaşına çatdığı zaman qüvvədə olmuş redaksiyasında isə deyilirdi ki, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Deməli, hazırkı işdə tələb olunan sosial sığorta stajının müddəti X4 Məhəməli oğlunun əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay təşkil edir. Müəyyən edildi ki, X4 Məhəməli oğlu xx.xx.1956-cı ildə doğulmuş, xx.xx.2005-ci ildə 49 yaşında vəfat etmiş və onun əmək qabiliyyətli yaş dövrü (49-15=34) 34 il olmuşdur. Həmin 34 ilin hər ili üçün 4 ay olmaqla (34 il x 4 ay = 136 ay = 11 il 4 ay) onun sığorta stajının cəmi 11 il 4 ay olması tələb olunur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3cü maddəsinə görə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Ona görə də iddiaçının mərhum əri Hətəmov Zeynəddin Məhəməli oğlunun xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olduğu 2 il 13 gün müddət onun sığorta stajına daxil edilməlidir. X4 Məhəməli oğlunun X5 və Bərpası Müəssisəsində işlədiyi müddətlə bağlı məhkəmə qeyd edir ki, X7 Təsərrüfatı Mərkəzi xx.xx.2021-ci il tarixli 67 nömrəli arayışında Hətəmov Zeynəddin Məhəməli oğlunun xx.xx.1980-ci il tarixli 55 nömrəli əmrlə X5 və Bərpası Müəssisəsində sürücü təyin edildiyini və xx.xx.1989-cu il tarixli 73 nömrəli əmrlə işdən azad edildiyini bildirmişdir. Məhkəmə tərəfindən X7 Təsərrüfatı Mərkəzinə sorğu edilərək X5 və Bərpası Müəssisəsinin sözügedən xx.xx.1980-ci il tarixli 55 nömrəli və xx.xx.1989-cu il tarixli 73 nömrəli əmrlərinin surətləri alınaraq tədqiq edildi və işə əlavə olundu. Həmin əmrlərin mötəbərliyinə şübhə etmək üçün hər hansı səbəb müəyyən edilmədi. Aərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1-ci bəndinin 4.1.1-ci yarımbəndinin 1-ci abzasına görə, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Cavabdeh öz etirazında X4 Məhəməli oğlunun X5 və Bərpası Müəssisəsində işlədiyi müddətin yoxlandıqdan sonra sığorta stajına daxil edilə biləcəyini bildirsə də, məhkəmə qeyd edir ki, "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın tələbinə görə, sənədlərin üzləşdirilməsi o hallarda aparılır ki, əmək fəaliyyəti barədə təqdim olunmuş sənədlərin mötəbərliyinə əsaslı şübhələr olsun. Təbii ki, cavabdeh sənədlərin mötəbərliyinə istədiyi qədər şübhə ilə yanaşmaqda sərbəstdir, lakin yuxarıda istinad olunan Qaydaya görə, üzləşdirilməni zəruri edən şübhə mütləq əsaslı olmalıdır. Hətəmov Zeynəddin Məhəməli oğlunun X5 və Bərpası Müəssisəsində 9 il 1 ay 18 gün müddətində işləməsini təsdiq edən sənədlərin mötəbərliyinə şübhə etmək üçün isə hər hansı əsas müəyyən edilmir. Hətəmov Zeynəddin Məhəməli oğlunun X5 və Bərpası Müəssisəsində işlədiyi zaman qüvvədə olmuş "Dövlət pensiyaları haqqında" xx.xx.1956-cı il tarixli SSRİ Qanunundan göründüyü kimi, həmin Qanunda "sosial sığorta stajı" anlayışı mövcud olmamış, pensiya təyin olunması üçün tələb olunan şərtlər şəxsin müəyyən yaşa çatmasından və müəyyən əmək stajına malik olmasından ibarət olmuşdur. Başqa sözlə, həmin dövrdə şəxsin işlədiyi müddət bütövlükdə onun əmək stajı sayılır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, həmin müddət də mərhumun sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, onun hərbi xidmətdə olduğu və X5 və Bərpası Müəssisəsində işlədiyi müddətlərin cəmi (2 il 13 gün + 9 il 1 ay 18 gün) 11 il 2 ay 01 gün təşkil edir. Hətəmov Zeynəddin Məhəməli oğlunun kolxozda işlədiyi müddətlərlə bağlı məhkəmə aşağıdakıları qeyd edir. "SSRİ vətəndaşlarının pensiya təminatı haqqında" xx.xx.1990-cı il tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Həmin maddədə deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Balakən Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 05 nömrəli arxiv arayışında göstərilmişdir ki, X4 Məhəməli oğlu 1985, 1986, 1990, 1991-ci illərdə Balakən rayonu Hənifə kəndi keçmiş "Azad" ("Lenin") kolxozunda işləmiş, işlənmiş adam/saatların miqdarı 1990-cı ildə 1149 adam/saat, 1991-ci ildə 1007 adam/saat olmuş, ona 1990-cı ildə 1652,22 rubl, 1991-ci ildə 11385,25 rubl pul hesablanmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində deyilir ki, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Arxiv arayışında göstərilmiş 1985-ci və 1986-cı illər X4 Məhəməli oğlunun X5 və Bərpası Müəssisəsində işlədiyi müddətlə üst-üstə düşdüyünə görə onun sosial sığorta stajına daxil edilməməlidir. Arxiv arayışında göstərilən 1990-cı və 1991-ci illərlə bağlı isə məhkəmə bildirir ki, məhkəmə tərəfindən Balakən Rayon Dövlət Arxivinə sorğu edilərək alınmış xx.xx.2022-ci il tarixli 05 nömrəli məktubda göstərilmişdir ki, Balakən rayonu Hənifə kəndi keçmiş "Azad" ("Lenin") kolxozunun şəxsi hesab kitablarında müəyyən edilmiş minimum adam/gün (adam/saat) norması qeyd edilməmişdir; həmin kolxozun protokollar kitabı Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialında mühafizə olunur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialına sorğu edilərək alınmış xx.xx.2022-ci il tarixli 242 nömrəli məktubunda isə göstərilmişdir ki, Balakən rayonu Hənifə kəndi Lenin adına kolxozunun 1990-1991ci illərin iclas protokollarına əsasən, müəyyən edilmiş minimum adam/gün və ya adam/saat norması barədə qeydiyyat tapılmamışdır. Göründüyü kimi, məhkəmə tərəfindən Hətəmov Zeynəddin Məhəməli oğlunun işlədiyi kolxozda 1990-1991-ci illər üzrə minimum adam/gün normasının müəyyən edilməsi istiqamətində araşdırma aparılmış, bu məqsədlə Balakən Rayon Dövlət Arxivinə və Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialına sorğular verilmiş, lakin yekunda müəyyən edilmişdir ki, arxivlərdə həmin illər üzrə Balakən rayonu Hənifə kəndi keçmiş "Azad" ("Lenin") kolxozunda müəyyən edilmiş minimum adam/gün norması barədə məlumat mövcud deyil. Eyni zamanda, cavabdeh də məhkəməyə kolxozda müəyyən edilmiş əmək iştirakı minimumu barədə, eləcə də iddiaçının mərhum ərinin həmin əmək iştirakı minimumunu məhz üzürlü səbəb olmadan yerinə yetirmədiyini təsdiq etmək üçün heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda, kolxozda müəyyən edilmiş əmək iştirakı minimumu barədə məlumatın mövcud olmaması iddiaçının ziyanına şərh oluna bilməz və Hətəmov Zeynəddin Məhəməli oğlunun kolxozda işləyərək əmək haqqı aldığı 1990-1991-ci illər tam iş stajı kimi onun sosial sığorta stajına daxil edilməlidir. Analoji hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-979/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)-574/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarlarında da ifadə edilmişdir. Beləliklə, müəyyən edildi ki, Hətəmov Zeynəddin Məhəməli oğlunun sığorta stajının cəmi (2 il 13 gün + 9 il 1 ay 18 gün + 2 il) 13 il 2 ay 01 gündür. Bu müddət isə tələb olunan 11 il 4 ay müddətdən artıqdır və iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün kifayətdir. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mərhum əri Hətəmov Zeynəddin Məhəməli oğlunun xx.xx.1980-ci ildən xx.xx.1989-cu ilədək X5 və Bərpası Müəssisəsində işlədiyi 9 il 1 ay 18 gün müddətin, 1990-1991-ci illərdə Balakən rayonu Hənifə kəndi keçmiş "Azad" ("Lenin") kolxozunda işlədiyi 2 il müddətin onun sosial sığorta stajına daxil edilməsi, xx.xx.2021-ci ildən İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-536/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-536/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver