Məhkəmə qərarları › İş №2-1(116)-537/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-537/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-537/2024 24.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi İddiaçı, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “təyin olunmuş yaşa görə sosial müavinətin dəyişdirilərək yaşa görə əmək pensiyası ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “təyin olunmuş yaşa görə sosial müavinətin dəyişdirilərək yaşa görə əmək pensiyası ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçının xx.xx.2021-ci il tarixdə pensiya hüququ yaranmışdır. Buna əsasən DSMF-u tərəfindən ona yaşa görə sosial müavinət təyin edilmişdir. Lakin,iddiaçı hesab edir ki, həmin müavinətin təyin edilməsi əsassızdır. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş,cavabdeh tələbin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçının təqdim etdiyi sənədlərin surətinə əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə 21 il 6 ay 22 gün, X1 Sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1 il 6 ay nəzərə alınmaqla ümumilikdə 23 il 22 gün mübahisələndirilməsyən dövr kimi sığorta stajı müəyyən edilmişdir.. Bildirilik ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı Ş.X2 müraciət ərizəsindən də görünür ki, iddiaçı Mərkəzi Filiala hərbi biletini təqdim etməmişdir. Buna görə də iddiaçının hərbi xidmətdə olduğu dövr sığorta stajı kimi nəzərə alınmamışdır. Həmçinin iddiaçının iddia ərizəsinə qoşma əlavə etdiyi sənədlərin içərisində hərbi biletin ilk vərəqini təqdim etmişdir. Hərbi biletin surətindən görünür ki, o, 01 noyabr 1975-ci il həqiqi hərbi xidmətə getmişdir. Hərbi biletin surəti natamam olduğundan həqiqi hərbi xidmətdən qayıtmağı barədə qeyd yoxdur. Qeyd olununanları nəzərə alaraq iddiaçının ümum sığorta stajı qanunla nəzərdə tutululandan (25 il ) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir və xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixindən 220 manat müəyyən edilmişdir. Bütün bunları nəzərə alaraq iddiaçının iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş olunur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür.

2. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

3. İddiaçıya məxsus № ******* saylı Əmək kitabçası.

4. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi bilet.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İfadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı yaşa görə əmək pensiyasının təyin olunmasından ibarətdir.Məhkəmə araşdırması iddiaçının hüquqi marağına əsasən aparılmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1956-ci ildə doğulub). Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçının ümumi sosial sığorta stajı 25 il 08 ay 15 gündür.Bu aşağıdakı qaydada hesablanmışdır : İddiaçıya məxsus ИТ-İ №1723509 saylı Əmək kitabçasına əsasən : a) xx.xx.1973-cü ildən- xx.xx.1975-ci ilədək- 1 il 10 ay 2 gün gün; b) xx.xx.1978-ci ildən-xx.xx.1997-ci ilədək -19 il 9 ay 20 gün; c) 02.03.2020-ci ildən-xx.xx.2021-ci ilədək – 1 il; İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletə əsasən : a) xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək-iddiaçının hərbi xidmət dövrü, 2 il 23 gün; Cavabdehin iddia tələbinə etirazının dəlili – xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixinədək iddiaçının hərbi xidmətdə olduğu dövrün araşdırılmasına əsasən məhkəmə bildirir ki, iddiaçının xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğuna dair hərbi biletdə məlumat mövcuddur. Məhkəmə iclasında iddiaçı fiziki şəxs kimi bir neçə ay müddətində vergi ödəyici kimi qeydiyyatda olduğu bildirilmişdir. Yuxarıda qeyd olunan dövrlər nəzərə alınmaqla iddiaçının tələb olunan 25 il ümumi sosial sığorta stajı tamamlandığından vergi ödənişi ilə bağlı əlavə araşdırılmaya zərurət qalmamışdır. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. İddiaçıya xx.xx.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin olunduğundan və ödənildiyindən hazırkı qərara əsasən yaşa görə əmək pensiyası təyin olunduğu tarixdən müvafiq ödəmələr nəzərə alınmaqla hesablanmalıdır. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq sığorta stajı təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixindən ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar