Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-538/2021 13.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəyə göndərilmişdir. İddiaçı 2016-cı ilin aprel döyüşləri zamanı N nömrəli hərbi hissənin artilleriya divizionunun 2-ci taborunun ərazisində döyüş növbətçiliyində olarkən Talış kəndi uğrunda gedən döyüş əməliyyatlarında düşmən tərəfindən atılmış atəş nəticəsində sol bud-çanaq oynağından güllə yarası almışdır. N saylı hərbi hissədə ilk tibbi yardım aldıqdan sonra müalicə almaq üçün xx.xx.2016-cı il tarixdə N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.2017-ci il tarixdə xidmət müddəti başa çatdığı üçün iddiaçı ordu sıralarından tərxis edilmişdir. İddiaçı bildirir ki, o, döyüş əməliyyatlarında döyüş tapşırığını yerinə yetirən zaman yaralanmış və bu səbəblə cavabdeh orqana müraciət edərək, ona Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli, 11/1084 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini qəbul etmir, hesab edir ki, iddia tələbi əsassızdır və aşağıdakı səbəblərə görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, 2016-cı ilin məlum aprel döyüşləri zamanı N nömrəli hərbi hissənin artilleriya divizionun 2-ci taborunun ərazisində döyüş növbətçiliyində olarkən Talış kəndi uğrunda gedən döyüş əməliyyatlarında düşmən tərəfindən atılmış atəş nəticəsində sol-bud çanaq oynağından güllə yarası almışdır. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Müharibə veteranı adı müvafiq komissiyanın rəyi əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi AR Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” AR Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən; - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının verinə yetirilməsi ilə baälı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziva) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. İddiaçı iddia ərizəsində qeyd etdiyi ilə əlaqədar bildirilir ki, 2016-cı ilin aprel döyüşləri xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi baş vermişdir. İddiaçının adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli 1353 nömrəli Yaralanma alınma şəraiti haqqında Arayışda qeyd edilir ki, iddiaçı xx.xx.2016-cı il tarixdə 2-ci taborunun ərazisində döyüş növbətçiliyində olarkən düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət almışdır. N nömrəli hərbi hissədən verilən xx.xx.2021-ci il tarixli 887 nömrəli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixdə N nömrəli hərbi hissə düşmənlə təmas xəttində müdafiə tapşırığını yerinə yetirirdi, lakin həmin tarixdə döyüş əməliyyatları aparılmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan iddiaçının ******* nömrəli hərbi biletinin surətindən müəyyən edilir ki, o, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək isə N nömrəli hərbi hissədə xidmət keçmişdir. xx.xx.2016-cı il tarixdə Sol budun ön səthinin yuxarı 1/3 hissəsinin kor güllə yaralanması” xəsarətini almışdır. İş materiallarında olan 5747 nömrəli arayışın surətindən müəyyən edilir ki, SHXÇDX Şəki şəhər şöbəsinin xx.xx.2018-ci il tarixli, 886 nömrəli göndərişi ilə iddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə şəhadətləndirilmişdir. Hərbi həkim komissiyasının qərarı: “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İş materiallarında olan N nömrəli hərbi hissənin çıxarış epikrizinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı N saylı hərbi hissədən müalicə olunması üçün N nömrəli hərbi hissəyə göndərilmiş, xx.xx.2016-cı il tarixdə N nömrəli hərbi hissəyə daxil olmuşdur. İddiaçının diaqnozu “Sol budun ön səthinin yuxarı 1/3 hissəsinin kor güllə yaralanması, yumşaq toxumaların yad cismi (güllə) müəyyən edilmişdir. Epikrizdə qeyd edilir ki, iddiaçının dediyinə görə xx.xx.2016-cı il tarixdə təqribən 04:30 radələrində bölüyün ərazisində düşmən tərəfindən açılan atəş nəticəsində yaralanmışdır. N nömrəli hərbi hissədə ilkin yardım olunduqdan sonra xx.xx.2016-cı il tarixdə N nömrəli hərbi hissəyə göndərilmiş, Travmatologiya bölməsinə qəbul olunmuşdur. Müayinə zamanı sol bud-çanaq oynağının xx.xx.2016 tarixli 519 N-li RQ-da oturaq sümüyünün önündəki yumşaq toxumalarda 1 ədəd yad cism (güllə) qeyd edilmişdir. Xəstəyə xx.xx.2016-cı il tarixdə ümumi anesteziya altinda yad cismin xaric edilməsi” əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir, yara ikincili sağalmışdir. Aparılmış yerli və ümumi medikamentoz müalicə nəticəsində xəstənin ümumi vəziyyəti yaxşılaşmışdır. İş materiallarında olan N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli, 887 nömrəli məktubunda qeyd edilir ki, xx.xx.2016-cı il tarixdə N nömrəli hərbi hissə düşmənlə təmas xəttində müdafiə tapşırığını yerinə yetirmiş, lakin həmin tarixdə döyüş əməliyyatları aparılmamışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayənəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, 2016-cı ilin aprel döyüşləri xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi baş vermiş, xx.xx.2016-cı il tarixdə N nömrəli hərbi hissə düşmənlə təmas xəttində müdafiə tapşırığını yerinə yetirdiyi, həmin tarixdə döyüş əməliyyatları aparılmadığı üçün və iddiaçı bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-538/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-538/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver