Məhkəmə qərarları › İş №2-1(116)-539/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-539/2025

27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-539/2025 27.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, mütəxəssis X1, üçüncü şəxsin nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “X2 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, həmin çıxarış əsasında verilmiş plan-ölçü sənədinin koordinatlarının 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 istifadəsində olan 0.67 ha hissəsində ləğv edilməsi, cavabdehin üzərinə Balakən rayonu Qazma kəndində yerləşən reyestr nömrəsi **********78 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və olçüsü sənədinin, reyestr nömrəsi **********58 olan daşınmaz əmlakın dövlət reyestrindən çxarışa əsasən torpaq sahəsinin planı və olçüsü sənədinin koordinatlarının iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinə uyğunlaşdiraraq 1.40 ha və 0.3350 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və torpaq sahəsinin plan və olçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, həmin çıxarış əsasında verilmiş plan-ölçü sənədinin koordinatlarının 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 istifadəsində olan 0.67 ha hissəsində ləğv edilməsi, cavabdehin üzərinə Balakən rayonu Qazma kəndində yerləşən reyestr nömrəsi **********78 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və olçüsü sənədinin, reyestr nömrəsi **********58 olan daşınmaz əmlakın dövlət reyestrindən çxarışa əsasən torpaq sahəsinin planı və olçüsü sənədinin koordinatlarının iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinə uyğunlaşdiraraq 1.40 ha və 0.3350 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrində çıxarışın və torpaq sahəsinin plan və olçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(116)-2234/2024 saylı qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsinə əsasən, iddiaçılar ata oğul olmaqla Balakən rayonu Qazma kəndində yaşayırlar. xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.3350 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsiİddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçılara məxsus olan torpaq sahələri əvvəllər də onların istifadəsində olmuş və həmin ərazidə fındıq ağacları əkmişlər.Lakin həmin sənədlərdə onların faktiki istifadələrində olan ərazinin koordinatları işlənməmişdir. Bildirilir ki, tərəflərin mülkiyyətinə Balakən rayonu, Qazma kəndi ərazisindən verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri həmin ərazidə vətəndaşların ümumilikdə istifadə etdikləri torpaq sahələri ilə hüquqmüəyyənedicı sənədlərdə göstərilən cizgilərə uyğun olmayan ölçülərlə istifadə olunur. Həmin ərazidə vətəndaşların naturada istifadə etdikləri torpaq sahələri ilə hüquqmüəyyənedici sənədlər arasında kəskin konfiqurasiya fərqləri mövcuddur. Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqlarm aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında aparılan uçot işləri ilə bağlı həmin ərazidə dürüstləşmə işləri aparılaraq yeni uçot xəritələri hazırlanmış vətəndaşların torpaq sahələri pay normalarına uyğun olaraq elektron baza məlumatlarında öz əksini tapmış və həmin ərazidə olan mübahisələr aradan qaldırılmışdır. İddiaçı1 və İddiaçı2 xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində X2 adma qeydiyyata alınmış 1,2685 ha torpaq sahəsinin etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı1 və İddiaçı2 faktiki istifadəsində olan 0,67 ha hissəsində ləğv edilməsini, **********78, **********58 reyestr nömrəli çıxarışlara əsasən torpaq sahəsinin planı və ölçüsü sənədlərinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq 1,40 ha və 0,33 ha torpaq sahələrinə çıxarışın və plan-ölçü sənədinin verilməsinə köməklik göstərilməsi barədə ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar məhəkəmə iclasında iştirak etməmişdir. Tərəflər işdə iştirak etmədiyi halda işə baxılmasının mümkünlüyü baradə xəbardar edildiyindən məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə iclasında iştirak edən mütəxəssis cavabdeh orqan tərəfindən hazırlanmış mütəxəssis rəyi ilə bağlı izahat verdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarış;

3. xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi;

4. ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarış; ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış;

5. A 283917 nömrəli, xx.xx.2018-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi;

6. xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi;

7. 3618003733 qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarış;

8. AA 619383 nömrəli, xx.xx.2021-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi;

9. ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış;

10. xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi;

11. 3615002497 qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarış;

12. JN-149 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surəti;

13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

Hazırkı iddia öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.İddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı X2 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, həmin çıxarış əsasında verilmiş plan-ölçü sənədinin koordinatlarının 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 istifadəsində olan 0.67 ha hissəsində ləğv edilməsi, Balakən rayonu Qazma kəndində yerləşən reyestr nömrəsi **********78 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və olçüsü sənədinin, reyestr nömrəsi **********58 olan daşınmaz əmlakın dövlət reyestrindən çxarışa əsasən torpaq sahəsinin planı və olçüsü sənədinin koordinatlarının iddia olunan torpaq sahələrinə uyğunlaşdiraraq 1.40 ha və 0.3350 ha torpaq sahələrinin koodinatlarına uyğun yeni çıxarışın və torpaq sahəsinin plan və ölçüsü sənədlərinin verilməsindən ibarətdir. Hazırkı iddia tələbi cavabdehin faktiki hərəkətləri ilə əlaqədar olduğundan mübahisəyə inzibati məhkəmə qaydasında baxılmalıdır. İddia ərizəsinə əsasən iddia tələbi iki hissədən ibarətdir :

1. X2 mülkiyyətində olan 1.2685 ha torpaq sahəsinə dair qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və verilmiş plan-ölçü sənədinin koordinatlarının qismən, İddiaçı2 mülkiyyətində olan 0,3350 ha torpaq sahəsi və İddiaçı1 mülkiyyətində olan 1,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstdə düşən 0.67 ha hissəsində ləğv edilməsi;

2. İddiaçı2 mülkiyyətində olan 0,3350 ha torpaq sahəsi və İddiaçı1 mülkiyyətində olan 1,40 ha torpaq sahəsinin koordinatlarının üçüncü şəxsə məxsus ləğv edilməli olan çıxarışın koordinatlarının yerinə uyğunlaşdırmaqla iddiaçılara yeni çıxarış və Torpaq sahəsinin Planı və ölçüsü sənədinin verilməsi. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən mübahisələndirilən çıxarışa münasibətdə cavabdeh inzibati orqanın faktiki hərəkəti araşdırılmışdır. İlkin olaraq iddiaçıların və üçüncü şəxsin qeydə alınmış hüquqlarına dair çıxarış,ilkin hüquqmüəyyənedici sənədlər tələb edilmişdir.Müəyyən edilir ki, İddiaçı1 1,40 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli Çıxarışı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasında əldə etmişdir.Alqı-satqı predmeti olan 1,40 ha torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənəd satıcı X4 və ailə üzvlərinə verilmiş JN 149 saylı Dövlət Aktıdır.Torpaq sahəsinin yeri Dövlət Aktının 149 nömrəli planşetində qeyd edilmişdir. Həmçinin,müəyyən edilmişdir ki, İddiaçı2 0,335 ha torpaq sahəsinə dair xx.xx.2018ci il tarixli Çıxarışı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasında əldə etmişdir.Alqı-satqı predmeti olan 0,335 ha torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənəd satıcı X10 və ailə üzvlərinə verilmiş JN 152 saylı Dövlət Aktıdır. Torpaq sahəsinin yeri Dövlət Aktının 152 nömrəli planşetində qeyd edilmişdir. Üçüncü şəxs X5 1,2685 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli Çıxarışı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasında əldə etmişdir.Alqı-satqı predmeti olan 1,2685 ha torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənəd satıcı X3 və ailə üzvlərinə verilmiş JN 151 saylı Dövlət Aktıdır. Torpaq sahəsinin yeri Dövlət Aktının 151 nömrəli planşetində qeyd edilmişdir. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur :

1. İddiaçı1 adına tərtib olunmuş xx.xx.2021-ci il tarixli Çıxarış TEKUİS-ə uyğun tərtib edilməmişdir.

2. İddiaçı2 adına tərtib olumuş xx.xx.2018-ci il tarixli Çıxarış TEKUlS-ə uyğun tərtib edilməmişdir.

3. Yuxarıda qeyd olunan çıxarışlar ilkin hüquqmüəyyənedici sənədlərin koordinatlarına uyğun tərtib edilmişdir.

4. X2 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış TEKUİS-ə uyğun tərtib edilməmişdir. Həmin çxarış ilkin hüquqmüəyyənedici sənədlərin koordinatlarına uyğun tərtib edilmişdir.

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 adına tərtib edilmiş Çıxarışlar və X2 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış TEKUİS-ə əsasən tərtib edilməmişdir. Həmin Çıxarışlar Kompleks yerquruluşu Layihəsinə (DWG) əsasən tərtib edilmişdir və həmin çıxarışlar üst-üstə düşmür. Hazırkı mübahisəyə əsasən iddiaçıların istinad etdiyi dəlilər üçüncü şəxsin istifadəsində olan torpaq sahəsinin faktiki olaraq onların istifadəsində olan torpaq sahəsinə verilməsindən ibarətdir. Məhkəmə iddiaçıların tələbini əsassız hesab edərək qeyd edir ki,iddiaçıların alqısatqı qaydasında əldə etdiyi torpaq sahəsi ilə faktiki istifadə etdikləri,əslində isə zəbt etdikləri torpaq sahələri eyni deyildir.Üçüncü şəxsə məxsus torpaq sahəsinin zəbt edilməsi,torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə istifadə edilməməsi koordinatların TEKUİS-ə uyğunlaşdırılması, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının məqsədi baxımından tamamilə fərqlidir. İlkin hüquqmüəyyənedici sənədləri və mütəxəssis rəyindən də görünür ki, üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədinin yerini göstərən JN 151 saylı Dövlət Aktı iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin arasında yerləşir.Hazırkı vəziyyətdə isə iddiaçılar tərəfindən üçüncü şəxsin torpaq sahəsinin bir hissəsinin zəbti nəticəsində torpaq sahələri birləşdirilmişdir. TEKUİS faktiki istifadə vəziyyətini tənzimlədiyi halda cavabdeh inzibati orqan faktiki istifadənin mübahisəsiz və qanuni olmasını,o cümlədən sahənin azalmaya səbəb olmamasını nəzərə almalıdır. Odur ki,iddiaçıların alqı-satqı əsasında əldə etdikləri torpaq sahəsini deyil,qanunsuz faktiki istifadəsinə (zəbtinə) əsaslanan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etməsi əsassızdır.Yəni,iddianın rədd olunmasının əsası iddia olunan torpaq sahəsinin əldə edilmiş torpaq sahəsi ilə eyni olmaması ilə bağlıdır. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə vurğulayır ki,üçüncü şəxsin torpaq sahəsi üzərində qeydə alınmış hüququnun ləğv edilməsindən cavabdehin imtinası əsaslıdır. Məhkəmə aşağıdakı normaları işin faktiki hallarına tətbiq edərək iddianı əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək etməkdən ibarətdir. Fərmanın 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki .... torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməlidir. Fərmanın 2.3.1 və 2.3.2-ci bəndlərinə əsasən torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.3cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Həmin Qaydaların: 1.4. Sistemin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işləri aşağıdakı ardıcıllıqla həyata keçirilir: 1.4.1. hazırlıq işləri; .... 1.4.4. torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi; 4.1. Sərhəd xətlərində, onların həndəsi ölçülərində, topologiyasında, döngə nöqtələrində və onların koordinatlarında baş verə biləcək xətaların qarşısını almaq məqsədi ilə rəqəmsal kadastr xəritəsi tərtibi və bu xəritəyə məlumatların daxil edilməsi xüsusi proqram təminatı vasitəsilə yerinə yetirilən nəzarət işləri aparılmaqla həyata keçirilir. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsi

1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.

2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.

3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq, torpaqların səmərəli istifadəsinin və mühafizəsinin planlaşdırılmasının təşkili; ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması; torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi;[39] kompleks və təsərrüfatdaxili yerquruluşu layihələrinin hazırlanması; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin rəsmiləşdirilməsi; xüsusi təbiəti mühafizə, istirahət və qoruq rejimləri olan ərazilərin ayrılmasının və sərhədlərinin müəyyən edilməsinin əsaslandırılması; şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudlarının müəyyən edilməsi və dəyşdirilməsinə dair sənədlərin rəsmiləşdirilməsi; xüsusi təyinatlı geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin, torpaq, geobotanika, digər tədqiqatların və axtarışların aparılması; torpaqların inventarlaşdırılmasının aparılması, istifadəsiz, habelə səmərəli və ya məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi müvafiq iqtisadi və texniki tədbirlərin aparılması; torpaqların qiymətləndirilməsi üzrə müvafiq iqtisadi və texniki tədbirlərin aparılması; təbii və antropogen proseslər nəticəsində korlanmış torpaqların rekultivasiyasına dair işçi layihə-smeta sənədlərinin hazırlanması; torpaq münasibətlərinin nizama salınması və torpaqların səmərəli istifadəsi və mühafizəsi üzrə digər tədbirlər.

4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır.

5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə torpaq mülkiyyətçiləri tərəfindən təsdiq edilir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı :

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “X2 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, həmin çıxarış əsasında verilmiş 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan-ölçü sənədinin koordinatlarının İddiaçı1 və İddiaçı2 istifadəsində olan 0.67 ha hissəsində ləğv edilməsi, cavabdehin üzərinə Balakən rayonu Qazma kəndində yerləşən reyestr nömrəsi **********78 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin, reyestr nömrəsi **********58 olan daşınmaz əmlakın dövlət reyestrindən çxarışa əsasən torpaq sahəsinin planı və olçüsü sənədinin koordinatlarının iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinə uyğunlaşdiraraq 1.40 ha və 0.3350 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və torpaq sahəsinin plan və olçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar